Yazıçılar Birliyində gənclərin poeziya saatı olub

 

Yazıçılar Birliyində (AYB) qurumun Ədəbiyyat Təbliği Bürosunun təşəbbüsü təşkilatçılığı ilə Gənc Ədiblər Məktəbinin (GƏM) poeziya saatı keçirilib. Tədbiri AYB-nin katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq, belə şeir axşamlarının təşkilini müsbət addım kimi dəyərləndirib. AYB katibi gənclərin ədəbi proseslərdə fəal iştirakını təmin etmək məqsədi daşıyan belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən AYB-nin Ədəbiyyat Təbliği Bürosunun direktoru, şair Nazim Əhmədli gənclərin poeziya saatının keçirilməsində əsas məqsədin gənc yazarların ədəbi proseslərdə aktiv iştirakını təmin etmək, imzalarını təsdiqləməkdə onlara kömək göstərmək olduğunu bildirib. N. Əhmədli dövlətin gənclərlə bağlı apardığı məqsədyönlü siyasətin davamı kimi həyata keçirilən poeziya saatının gələcəkdə də mütəmadi təşkil olunacağını bildirib: “Biz istəyirik ki, gənclərin şeir axşamı davamlı olsun. Bunun üçün hər ayın ilk həftəsinin ikinci günü gənclərin poeziya saatını keçirməyi nəzərdə tuturuq”. Büro direktoru həmçinin gələcəkdə gənc yazarların əsərlərinin yerli və xarici mətbuatda dövri çapını həyata keçirmək üçün bəzi layihələr planlaşdırıldığını deyib.

Tədbirdə GƏM üzvlərindən Anar Amin, II Qismət, Vüsal Nazimoğlu, Zərdüşt Şəfizadə, Qılman İmanlı, Vüsal Nuru, Elvin Bakiroğlu, Günel Rüstəmova, Xalid Mahmud, Sabir Alim, Rəna Nizami, Afaq Vəliyeva, Günay Quliyeva, Aysel Kərimova, Günel Şamilqızı, Kərəm, Taleh yeni şeirlərini oxuyublar.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 6 may.- S.7.