Bəkir Nəbiyevin yubileyi Ağdaşda silsilə tədbirlərlə qeyd edilib

 

Ağdaş rayonunda Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Bəkir Nəbiyevin 80 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilib. AMEA-dan verilən məlumata görə, B. Nəbiyev təhsil aldığı şəhər 3 nömrəli Müşfiq İsayev adına orta məktəblərə baş çəkib, müəllim şagirdlərlə görüşüb. Yubileyi ilə bağlı təşkil edilmiş ədəbi-bədii kompozisiyaya tamaşa edib. Sonra Ağdaş Dövlət Humanitar Kollecində akademikin tələbə və müəllimlərlə görüşü reallaşıb. Tədbirdə kollecin direktoru Tənzilə Şıxıyeva çıxış edərək görkəmli həmyerlilərinin həyat və fəaliyyəti, yaradıcılığı barədə ətraflı məlumat verib. Növbəti yubiley tədbiri isə H. Əliyev adına Ağdaş Musiqi Məktəbində keçirilib. Mərasimdə B. Nəbiyevin elmi yaradıcılığından və ictimai fəaliyyətindən geniş bəhs olunub. Rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev, xalq şairi Fikrət Qoca, professorlar Teymur Kərimov, Qəzənfər Paşayev, Vaqif Arzumanlı, Telman Ağdamski çıxış edərək yubilyarı təbrik ediblər, onunla bağlı xatirələrini bölüşüblər. Tədbirdə AzTV-nin akademikə həsr etdiyi sənədli film nümayiş etdirilib. Yığıncaqda Ağdaş şəhər 3 nömrəli orta məktəbə akademikin adının verilməsi təklifi irəli sürülüb. Sonda çıxış edən B.Nəbiyev ona göstərilən diqqət və qayğıya görə ağdaşlılara təşəkkür edib: Sizin ünvanıma səsləndirdiyiniz bu xoş sözləri müsbət enerjiyə çevirərək yaradıcılığımı daha da genişləndirəcəyəm. Sonra B. Nəbiyev onun 80 illik yubleyi ilə bağlı məktəblilər arasında keçirilmiş inşa və rəsm müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edib. Musiqi məktəbinin foyesində həmin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 7 may.- S.7.