Hər ürəkdə bir Aydın

 

Mayın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair-publisist, tarixçi- alim Aydın Səlimzadənin həyat yaradıcılığını əks etdirən Hər ürəkdə bir Aydın kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan əməkdar incəsənət xadimi Baba Vəziroğlu dünyadan vaxtsız gedən Aydın Səlimzadə ilə uşaqlıq dostu olduğunu söylədi, onunla bağlı xatirələrini dilə gətirdi. O, A.Səlimzadənin çoxşaxəli yaradıcılığından söz açdı, onun qısa ömründə etnoqrafiyamız milli-mənəvi dəyərlərimizlə bağlı iki kitab çap etdirdiyini, dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını aldığını bildirdi. Natiq, Rəna Mirzəliyeva Allahyar Muradovun müəllifləri olduğu bu kitabı A. Səlimzadənin xatirəsinə gözəl bir töhfə kimi qiymətləndirdi.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı A.Səlimzadə ilə dostluğunun tarixçəsindən danışdı. O bildirdi ki, ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanda alovlanan milli-azadlıq hərəkatı bu dostluğu daha da möhkəmləndirdi. Millət vəkili, A.Səlimzadənin baş redaktoru olduğu Elm qəzetinin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri olduğunu vurğuladı.

Şair Hikmət Mahmud, Aydın Səlimzadə ilə bağlı xatirələrindən, onun poeziyasından danışdı.

Yazıçı-publisist İntiqam Mehdizadə, A.Səlimzadənin ensklopedik bilik sahibi, yorulmaz alim, istedadlı şair olduğunu qeyd etdi. O bildirdi ki, əgər yaşasaydı A.Səlimzadə, istər elm, istərsə poeziyada daha böyük uğurlara imza atacaqdı.

Daha sonra çıxış edən qonaqlar da Aydın Səlimzadənin alimliyini, şairliyini onun yüksək alicənablığının tamamladığını söylədilər.

Sonda çıxış edən A.Səlimzadənin oğlu Ayaz Səlimzadə tədbir iştirakçılarına, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

 

Ayxan Şıxalıyev

525-ci qəzet.- 2010.- 18 may.- S.7.