Laçın hey...

 

QİSAS GÜNÜ YAXINLAŞIR

 

(Əvvəli ötən sayımızda)

 

İkinci məktub

 

Salam, Sənəm xala. Mən hələ ki,sağ və salamatam. Ona görə də sənə ikinci məktubumu yazıram. İlk öncə nəvələrinə kəndimizin çoğrafiyası və tarixi haqqında məlumat verməyi özümə borc bilirəm. Qoy onlar dədə – babalarının necə gözəl yerlərdə yaşadıqlarını bilsinlər və öyrənsinlər. Nə bilmək olar, bir də gördün yığışıb erməniləri buralardan qovdular və ata- baba yurdlarına, təbiətin bu cənnət guşəsinə döndülər.

Sonra isə Ədil kişinin başına gələn hadisələrdən bəhs edəcəm. Yazdıqlarımı onun ailəsinə və yaxınlarına çatdırmağı unutma. Mayıs kəndi hündür, eyni zamanda sıx meşəli Laçın dağlarının ətəyində yerləşir. Şimal tərəfdən Hoçaz kəndi və Əli bulağı ilə, sərqdən Sonasar kəndi,qərbdən Qarqışdağ və Soyuq bulaq kəndləri,cənubdan isə Mişni kəndiylə həmsərhəddir. Mayıs bu kəndlərin tən ortasındadır. Kənddəki evlərin Mişniyə tərəf arxa hissəsi fındıq meşələriylə əhatə olunub. Evlərlə meşənin arasındakı yamaclarda kəklik otu, zirinc və adını bilmədiyim saysız, hesabsız dağ otları bitir. İyun – iyul aylarında isə həmən yamacda, yaşıllıqların içərisində al –qırmızı dağ çiyələkləri kənardan baxanda göz oxşayır. Elə bil ki onları yaşıllığın içərisinə kimsə bir – bir əliylə düzüb. Evlərin qarşı tərəfində həyətyanı meyvə bağları, çökəklikdə, Sonasar kəndi istiqamətində isə əkin sahələri yerləşir. Əkin sahələrindən sonra gələn Qara kavı dərəsi böyük bir ərazini əhatə edir. Həkəri çayı bu dərəni iki hissəyə bölür. Mayıs sərin sulu bulaqları ilə də tanınırdı. Rəhmətlik Ənvər və Mürşüdün birlikdə qazıb ərsəyə gətirdiyi Qırmızı bulaq və Çınqıl bulaqı çox məşhur idi. Qırmızı bulağı sərin sulu şəlalə adlandırmaqsa daha düzgün olar. Eşitdiyimə görə hələ kolxoz dönəmində Mayıslılarla Sonasarlılar əkin sahəsinin hər bir qarışı və mübahisəli bulaqlar üstündə əməlli – başlı dava edərmişlər. Xəsarət alanlar da olurmuş. Ədavəti isə ancaq toyda və yasda unudarmışlar. İndi isə bu torpaqları Suren əkib – becərir və ona gözün üstündə qaşın var deyən yoxdur. Bir qədər də kəndin tarixi haqqında çox qısaca məlumat verim. Mayıs və Mişni də daxil olmaqla burada yeddi kəndin camaatına Gəloxçular deyirlər. Rəvayətə görə bu Oxçular tayfasının adından götürülüb. Mayıs meşələrində ov ovlayan oxçulardan biri Sonasardan su sonası kimi bir qızla evləndikdən sonra bizim kənddə yurd salıb və burada Gəloxçular tayfasının əsasını qoyub. Kənddin yerli adamlarının gözləri göy, saçları isə sarıya çalırdı. Ləhcələri də nisbətən fərqliydi. Eniş,yoxuş,güney, quzey,Mayıs və sair sözlərdən daha çox istifadə edirdilər. Deyilənlərə görə Əmir Teymur özü ilə uzaqlardan gətirdiyi Qızxanımla bu kənddə, may ayında evlənmişdi. Onun bu kənddə özünə toy etməsinin əsas səbəbi kimi isə kəndin çox gözəl təbiətə malik olması göstərilirdi. Əmir Teymuru xatırlamaq üçün bu kəndə çox vaxt Qızxanıma toy olan kənd də deyirdilər . Onu da əlavə edim ki, Mayısdan bir az aralıda yerləşən Minkənd Əmir Teymurun Azərbaycan ərazisində zəbt etdiyi mininci kənd olub. Bizim kəndin Azərbaycanın xəritəsində, sənədlə əsl adı isə elə Mayısdir. Bu isə türkcə ilin aylarından birinin adıdı və kəndin təbiəti bu ayda daha da gözəl olur. Yəqin ki, elə buna görə də kəndi Mayıs adlandırmışlar. Nə isə başınızı çox ağrıtmayım. Ədilin kişinin başına gələnləri danışacağıma söz vermişdim və sözümə də əməl edirəm.

Ədil hələ körpə olanda atası Heydər Şəlvə dərəsində Sultan bəyin adamlarından birini, Salmanı mübahisə edərək öldürmüş və qaçaq düşmüşdü. Mübahisəyə səbəb isə Salmanın zarafatyana onun papağına toxunması olmuşdu. Sonra hər ikisi xəncərə əl atmış nəticədə Heydər onu öldürmüşdü. Olub keçənləri Sultan bəyə danışmışdılar. Salmanın yaxınları isə Heydərin ailəsindən qisas almaq niyyətindəydilər . Bunu eşidən Sultan bəy Salmanın qohum – əqrabasını bir yerə toplayaraq sözünü iki cümlə ilə onlara çatdırmışdı. Kişi arvad – uşaqdan yox, kişidən qisas alar. Heydərin ailəsinə toxunan qarşısında məni görəcək. Bəyin sözü qanunuydu. Sultan bəy kimi bir şəxsiyyətin sözündən çıxmağa isə heç kim cürət edə bilməzdi. Arada qan düşmənçiliyi olsa belə. Bəyin bu sözlərindən sonra nəinki Heydərin ailəsinə,heç onun özünə də toxunmadılar. Ədavətə müvəqqəti son qoyuldu. Bəyin Heydərin ailəsinə hörmətlə yanaşması el arasında birmənalı qarşılanmış,onun igidliyi, mərdliyi,səxavəti barəsində şişirdilmiş çoxlu şayiələr yayılmışdı. Heydər bu şayiələrə biganə qala bilmirdi və özü haqqında deyilənlərdən ləzzət alırdı. O, həyatını şayiələrə uyğun qurmağa çalışırdı. Elə bil ki,kəndin camaatının da mifik bir qəhrəmana ehtiyacı varıydı. Bu tərəflərdə mal – heyvan oğurluğu adi bir haldır. Deyilənə görə keçmiş zamanlarda mal–heyvan oğurlamaq igidlik sayılırmış və bu oğurluğu etməyənlərə bizim dağlarda heç qız da vermirmişlər. Onu da deyim ki, Qurd Heydərin qorxusundan çox igidlər subay qalmışdı və onlar bizim kəndə girməyə cürət etmirdilər. Deyəsən yenə mətləbdən uzaqlaşdım. Yerlilərdən kimsə şayiə yaymışdı ki,bəs Heydər yalın əlləri ilə meşədə qurd boğub. Heydər bu olayı xatılamasa da az qala özü də deyilənlərə inanırdı. Niyə də inanmasın,əslində onun kimi canlı, cüssəli adam üçün qurd boğmaqdan asan heç nə ola bilməzdi. Heydərin ən böyk arzusu, səmimi istəyi isə ürəyində qalmışdı. Belə ki, o hər gün meşədə gəzib dolansa da, qarşısına qurd çıxmırdı. Qurd Heydər ləqəbinin qısa tarixcəsi belə idi. Bunu isə Heydərdən başqa bilən yox idi.

... 1900 – cü illərdə Sultan bəy Laçın dağlarını azğınlaşmış ermənilərdən qoruyurdu . Belə bir vaxtda o Kərimi yanina çağıraraq ermənilərin mövqeyini öyrənmək üçün Gorusa, kəşfiyyata göndərmişdi. Kərim iki gün müşahidə apardıqdan sonra lazımi məlumatları toplayıb geri qayıdırdı. Qorxu nə olduğunu bilməyən, Gorus meşələrində ov edərək dağlardan enən Heydər də qədim bir xalq mahnısını züm – zümə edərək atla kəndə qayıdırdı. Hə,onu da deyim ki, Kərim rəhmətlik Salmanın qardaşı idi. Yolda onlar rastlaşdılar. Yəqin ki, bu, təsadüf deyildi, taleyin işiydi. Bilmirəm havasındandı, ya suyundandı bu dağların sakinlərinin qəribə adətləri var. Onlardan birincisi elə qan davasıdır. İnsanlar qan davasını heç vaxt unuda bilmirlər. Qisas mütləq alınmalıdır. Adətləri yaxşı bilən qan düşmənləri fikirləşmədən eyni vaxtda silaha əl atdılar. Yenə də tale öz sözünü dedi. Elə bu məqamda Gorus tərəfdən beş atlı çaparaq onlara yaxınlaşırdı. Papaqlarından ernəni olduqları aydın görünürdü. Yəqin ki,onlar Kərimin izi ilə gəlirdilər. Bizim qan düşmənləri bir kəlmə kəsmədən baxışdılar. Milli kimlik özünü göstərdi. Artıq gözlərdə nifrət hissi yoxuydu. Onlar baxışları ilə bir – birinə güvəndilər. İkisi də atlarını yaxınlıqdakı meşəyə tərəf ötürdükdən sonra qayanın arxasına keçdilər. Çiyin – çiyinə dayanaraq ermənilərin yaxınlaşmasını gözlədilər... Bir neçə gündən sonra bəyin adamları hadisə yerindən yeddi cəsəd tapdılar. Sultan bəyin tapşırığı ilə onların hər ikisini yanaşı dəfn etdilər. Bir qədər aralıda isə erməniləri basdırdılar. İndi deyə bilmərəm,amma yaxın vaxtlara qədər məzarların yeddisi də qalırdı. Ədil artıq böyümüşdü. Düz deyirlər ki,ot kökü üstə bitər. On altı yaşında boylu –buxunlu, yaraşıqlı bir oğlan olmuşdu. Qaməti ilə nəinki rəhmətlik atasını üstələmişdi, heç kənddə onun kimi cüssəli adam yoxuydu. Ağılına da söz ola bilməzdi. Kəndin sevimlisi, hər evin istəkli oğluydu Ədil. Atası öləndən sonra camaat Ədili üfürə –üfürə, əzizləyərək böyütmüşdü. Deyəsən onların yeni bir qəhrəmana ehtiyacı varıydı. Ədil də onların ehtimadını doğruldur, kəndin xeyirinə – şərinə yarayırdı. Avqust ayı idi. Havalar isti keçirdi. Rusiyadakı inqilabdan sonra ermənilər yenidən fəallaşmışdılar. Ona görə də kənddə əlavə tədbirlər görülmüş, Mayısı gözlənilməz hücumdan qorumaq üçün növbətçilik təşkil edilmişdi. Kəndin kişiləri Sonasar tərəfdə ot çalırdılar. Ədil isə əlindəki çomağını biçaqla hamarlayaraq kəndin girəcəyindəki ən hündür qayanın üstündə oturub belə demək olarsa keşik çəkirdi. O bədənini yığaraq qayada elə oturmuşdu ki,kənardan baxan onun cılız bir uşaq olduğu qənaətinə gələ bilərdi. Çünki Ədilin üzündə hələ də məsum uşaq cizgiləri qalmaqdaydı. Bu məqamda üç atlı kəndə yaxınlaşırdı. Ədil onları görərək özünü bir qədər yığışdırdı. Atasından qalma beşaçılanı hazır vəziyyətə gətirdi. Gələnlərin Sultan bəyin adamları olduğunu görəndə bir qədər sakitləşdi və tüfəngini qayanın üstünə qoyaraq heç nə olmamış kimi işinə dəvam etdi. Atlılar yaxınlaşdılar. Salam vermədən Fətəlı kişinin evinin yerini soruşdular. Ədil məsələni anladı. Bu dağlarda qız qaçırmaq danılmaz adətlərdən biri,belə demək olarsa adi halıydı. Ədil isə Fətəlının qızı Həcəri dəli kimi sevirdi. Düzünə qalsa qız da baxışlarıyla ona meydan oxuyurdu . Ədil Fətəli kişinin evdə olmadığını, ümumiyyətlə,kişilərin o tayda ot çalmağa getdiklərini söylədi. Üç atlıdan nisbətən cavanı atını Ədilin oturduğu qayaya tərəf sürərək dedi:

– Ə.. kişi – kişi salmısan. Kişi olsaydın səni də özləri ilə ot çalmağa aparardılar. Təhqirə dözməyən Ədil qəfildən ayağa durdu,qalxması ilə onun gözəl, eyni zamanda əzəmətli qaməti atlıları heyrətə saldı. Cavan atlı dediyinə peşiman olmağa macal tapmamış Ədilin qaydan aşağı tullanmağı ilə onu atdan salmağı bir oldu. Zərbənin təsirindən o, ölü kimi yerə sərildi. Digər atlılar isə xənçərə əl atdılar. Ədil yanaşı dayanmış hər iki atlının yaxasından yapışaraq onları da atdan endirdi. Sonra yumuruqla başlarına üstdən aşağı zərbələr vuraraq hər ikisini yerə yıxdı. Hadisə bir göz qırpımında baş vermişdi. Onlar tərpənmirdilər. Atlıların ölmədiyinə əmin olduqdan sonra Ədil onlara məxsus silahları götürdü. Cürdəkdəki sərin bulaq suyunu atlıların üzünə səpərək onları ayıltdı. Sonra atlarını qaytararaq üçünü də kənddən qovdu. Bulaq başından qayıdan qızlar, gəlinlər olub – keçənləri maraqla izləyirdilər. Tez bir zamanda kəndin kişiləri hadisədən xəbər tutdular. Onlar artıq kənddəydilər, mübahisə edir, vəziyyətdən çıxış yolu axtarırdılar. Mübahisəyə Ədil özü son qoydu.

– Nə qədər ki,mən sağam heç kim cürət edib pis niyyətlə bu kəndə girə bilməz. Ağsaqqallar arxayınlaşdılar. Çünki bu sözləri Qurd Heydərin oğlu Ədil demişdi. O, söz xatirinə söz deyənlərdən deyildi. Camaat dağılışdı. Ədilsə öz mövqeyinə qayıtdı. Hadisədən beş – altı saat ötmüşdü, Sultan bəy süvariləri ilə kəndə yaxınlaşırdı. O, kəndin girəcəyində Ədilə salam verərək dedi:

A uşaq, camaatı topla,onlara sözüm var. De ki, mənim adamlarımı təhqir edib silahlarını alan o gədələri də özləriylə gətirsinlər. Əslində camaat qorxa –qorxa kəndin girəcəyində toplaşırdı. Ədil Sultan bəyi görməmişdi, heç tanımırdı da. Ötkəm danışığından onun Sultan bəy olduğunu anladı və çəkinmədən dedi: – Bəy, sənin adamlarının kəndə pis niyyətlə gəlmişdilər, onların silahlarını mən almışam, bizim camaatın bundan xəbəri yoxdur. Bu da onların silahları. Ədil silahları ehmalca yaxındakı qayanın üstünə qoydu. Sonra bəyə müraciətlə yenidən dilləndi:

– Sənə yalan söyləmişlər bəy!. Əgər məsləhət bilirsənsə silahlarını, qaytar, mən... Sultan bəy aldanıldığını dərk etdi və başını aşağı dikmiş o üç nəfərə diqqətlə baxdı. Bu baxışların arxasında çox şeylər gizlənmişdi. Sonra Ədilin sözünü yarımçıq kəsərək mülayim səslə soruşdu:

– A bala kimin oğlusan. Ədil də eyni mülayimliklə,bir qədər də fəxirlə:

– Qurd Heydərin, – dedi. Hiss olunurdu ki, Sultan bəy tələsir və məsələni tezliklə yoluna qoymaq istəyir. O, Ədilə müraciətlə:

– Oğul yanında çörəyin var? – deyə soruşdu. Bir şey anlamayan Ədil onu və atlılarını kəndə dəvət etdi. Bəy Ədilin boynundan asdığı balaca xurcuna baxaraq sözünü bir də təkrar etdi: – Oğul, xurcunda çörəyin var? Ədil xurcundan çörək çıxararaq Sultan bəyə verdi. Bəy çörəkdən bir tikə kəsdi, qalanını Ədilə qaytararaq, sən də kəs deyə səsləndi. Sonra sözünə davam edərək dedi: – Heydərlə çörək kəsmək mənə qismət olmamışdi, şükürlər olsun ki, onun oğluyla çörək kəsdim, bu çörəyin qədrini bil! Sonra kəmərindən gümüş xəncərini, naqan tipli tapançasını açaraq Ədilə verdi və atlanaraq süvariləri ilə birlikdə kəndi tərk etdi. - Bu olaydan təxminən beş –altı ay ötmüşdü. Kənddə belə bir xəbər yayıldı ki, bəs Gorusdakı silahlılardan birinin komandiri Qurgen Sultan bəyin yaxın dostu Həmzəni qətlə yetirib. Hadisəni eşidən Ədil üç gün kənddə görsənmədi. Dörd gündən sonra o, yenidən kəndə qayıtdı. Ertəsi gün isə Qurgenin Gorusda Ədil tərəfindən öldürülməsi barədə xəbərlər yayıldı. Onu da deyim ki,Qurgen Surenin doğma babası idi. Bir neçə ildən sonra Ədil Həcərlə evləndi. Deyilənlərə görə onların toyunda Sultan bəy və onun yaxınları da iştirak etmişdi... Artıq Mayısda Şura hökuməti qurulmuşdu, Ədil kimi qəhrəmanlara isə indi camaatın ehtiyacı qalmamışdı. Bunu yaxşı dərk edən Ədil kişi bu dövrlərdə kolxozda işləyir, kasıbçılığını edirdi... Sənəm xala,xahiş edirəm bir məsələyə aydınlıq gətirəsən. Yaşım çox olsa da bu suala hələ də cavab tapa bilməmişəm. Ədil kişi ilə Məhi dayı uşaqlıq dostuydular. Dayım kənddə yeganə adamıydı ki, həmişə Ədil kişiyə qurd oğlu qurd deyərdi. Ədil kişi isə onun bu sözündən şellənər, ləzzət alardı. Sevincindən gözləri də gülərdi.

Dayımın kolxozda briqadir işlədiyi vaxtlarıydı. Qılıncının dalı da kəsirdi,qabağı da. Yaxşı yadımdadı, Aşura günüydü. Heç kim işə çıxmamışdı. Dayım hirsindən cilov gəmirirdi. Onun qarşısına ilk çıxan Ədil kişi oldu. Dayım ən yaxın dostunun keçmişini unudaraq hamının hayfını ondan çıxmaq istədi və “it oğlu it işə niyə çıxmamısan” deyə bağırdı?

Ədil kişi dayımın hulqumundan necə yapışdısa dedim ki, bəs kişi öldü. O, bu sozü dayımın özünə yedirtdikdən sonra, kişidən əl çəkdi və əsəbi halda, həddini bil Məhi dedi. Xala,indi söylə mən də bilim, insanların itdən sadiq dostu varmı? Əgər yoxdursa, onda Ədil kişiyə qurd oğlu qurd deyəndə niyə şellənirdi, it oğlu it deyəndə isə az qalırdı ki, uşaqlıq dostunu da boğub öldürsün. Deyəsən mətləbdən çox uzaqlaşdım. Siz qaçanda Ədil kişi getmədi. Çox təsirlər olsa da heç nə eşitmək istəmir, kəndi tərk etməyəcəyini söyləyirdi. “Mənim atamın da, oğlum Ənvərin də qəbirləri Mayısdadır, mən də bu dağlarda qalıb,elə burada da öləcəyəm” deyirdi... Ədil kişi kənddə baş verən olayları yaxından izləyirdi. O, tək qaldığını anlamışdı. Döyüşmək üçün çox yaşlı olduğunu dərk edir və özünə yoldaş axtarırdı. Bu ümidlə əvvəlcə Minkəndə getdi,İsti suda oldu, oralarda da heç kim qalmamışdı,hamı qaçmışdı. Ümidləri puç oldu,ruhdan düşdü, taleyindən şikayətləndi. Yalnız özünün eşidə biləcəyi səslə, “Qurd Heydərin yalqız oğlu, döyüşmək üçün qoca olsan da bu dağların qisasını yerdə qoyma” deyərək kövrəldi. Hər şeydən əli üzülən Ədil kişi ələ keçməmək üçün bir müddət Abı Xeyir dərəsində, kahada gizlənirdi. Kahadan ancaq gecələr çıxır, həsrətlə dağlara, meşələrə, Həkəri çayına baxırdı. Bir həftə ancaq dözə bildi. Həftənin tamamında birtəhər özünü kəndə çatdırdı. Günortaya az qalırdı. O, evlərin arxasındakı fındıq meşəsində gizlənmişdi. Xırman tərəfdən ermənilərin səsləri aydın eşidilirdi. Öz dillərində bizim mahnıları oxuyur və şənlənirdilər. Görə bilməsə də qab – qacaq səslərindən və qarışıq yemək iylərindən onların nahara hazırlaşdıqlarını hiss edirdi. Ədil kişi ac idi. Xurcundan qovurma cıxaradı və çörəksiz yeməyə başladı. Çörəyi qalmamışdı. Samovarın iyi kişini yaman vururdu. Maraq güc gəldi,fındıqlıqda xeyli irəli süründü, indi xırmanı da,orada olan erməniləri də aydın görürdü. Kaş ki,heç görməyəydi. Kənddə kimsəsiz, kor, on üç,on dörd yaşlarında, Yediyar adında bir oğlan uşağı var idi. Yaşını dəqiq bilən də yoxuydu. Körpə ikən ovçu Sadıq onu Gorus yaxınlığındakı yamaclıqdan tapmışdı. Çox axtardılar. Valideyinləri üzə çıxmadı. Bir müddət sonra onu özü kimi kimsəsiz Tamam xalaya övladlığa verdilər. Adını Tamam xala qoymuşdu. Kəndin bütün uşaqları kimi ona da kiçik toy etdilər. Sünnət olunması ilə Yediyarın milli kimliyinə aid dedi-qodulara da birdəfəlik son qoyuldu. Tamam xala öləndən sonra isə Yediyar artıq ikinci iliydi ki, korluq çəkmədən məsciddə yaşayırdı.Görünür qaçhaqaçda Yediyarı unutmuşdular. İndi o ermənilərin əlinə keçmişdi. Xırmanda otuzdan çox erməni qazan qaynadır,deyib gülür, bayram edirdi. Bir az aralıda, palıd ağacının altında isə qurşağa qədər soyundurulmuş Yediyarın çılpaq kürəyinə samovar bağlamışdılar. Samovar tüstüləyirdi. Qızdıqca İstinin təsirindən Yediyar bütün gücüylə, tükürpədici səslə qışqırırdı. Onu bir neçə yerdən kəndirlə elə bağlamışdılar ki, əgər istəsə belə nə tərpənə, nə də yıxıla bilərdi. Bu vəziyyətdə Yediyar var gücü ilə nənəsi Tamamı köməyə çağırırdı. Demək olar ki,ermənilərin hamısı bu olayı böyük maraqla izləyirdi. Elə bu vaxt Suren əlində tutduğu bıçaqı nümayişkəranə şəkildə ermənilərə göstərərək Yediyara yaxınlaşdı. Uşağın kor olmasına əvvəllər acısam da,indi onun bu olayı görə bilməməsinə sevinirdim. Ötən hər bir dəqiqə onun uşaq ömrünə yazılırdı . Suren şən uğultuların müşayiətiylə Yediyara yaxınlaşdı və bıçaqla onun sinəsində xaç şəkili çəkməyə başladi. Yediyarın insana xas olmayan bağırtısı bu günədək qulaqlarımdadı, onu hələ də unuda bilmirəm... Ədil kişi hönkürtü ilə ağlayır,eyni sözü dəfələrlə təkrar edirdi . Bu torpaq davası deyil Ədil, bu din savaşıdır... Mən isə fikirləşirdim. Görəsən Surenidəmi ana doğub?. Məgər Gorusla Laçın dağlarının havası,suyu o qədərmi fərqlidir?. Əgər fərq böyük deyilsə onda Surenin qozbel bədəninə insanlara qarşı bu qədər kin – küdurət görəsən necə sığışır?.. Ədil kişi ürəyini boşaltdıqdan sonra meşənin dərinliyinə çəkildi. Mən də onun ardınca gedirdim . O, təhlükəsiz bir yerdə oturaraq xurcundan köhnə parçaya bükülmüş bağlama çıxartdı. Səliqəylə bağlamanı açdı. Sultan bəyin ona verdiyi gümüş xəncər və tapança idi. O, yerə uzanaraq Sultan bəyin hədiyyələrinə baxa – baxa yuxuya getdi. Gecə saat dörd radələrində oğlu Ənvərin qəbrini ziyarət etdi. Fatihə verdi, salavat çevirdi. Kəlmeyi şəhadətini söylədi. Sonra Surenin yaşadığı Məhi dayının evinə tərəf yollandı. Aynabənddə üç erməni başını masaya qoyaraq ölü kimi yatmışdı. Masada dörd ədəd boş araq şüşəsi qalmışdı. Ədil kişi onları yatmış vəziyyətdə öldürmək istəmədi. Deyəsən onlar Surenin cangüdənləriydi.

Otağın qapısı içəridən bağlanmışdı. O, xəncərlə qapının rəzəsini qaldırdı və otağa daxil oldu. Surenlə Rima yatmışdılar. Ədil kişi Sureni oyatdı. Onun astadan və təəccüblə Ədil deyə səslənməsinə Rima da yuxudan ayıldı. Suren alt paltarında Ədil kişinin qarşısında diz çökərək yalvarırdı. Bir şey anlamayan Rima da ayaq üstə quruyub qalmışdı və nə edəcəyini bilmirdi. Gecə paltarında onun hamilə olduğu aydın seçilirdi. Ədil kişi ani olaraq Rimaya baxdı və üzünü Surenə tutaraq ötkəm səslə, “qıza paltar ver, özün də geyin çıx bayıra,səninlə işim var” dedi. Suren isə onun çirkli qaloşlarını öpərək yalvarırdı. Ədil kişi dözmədi.

– Ə, kişi ol ! Kişi arvadının yanında alçalmaz – dedi. O, Sureni otaqdan güclə çıxartdı. Aynabənddəki sərxoş ermənilər də oyanmışdılar. Onlar nə baş verdiyini anlayanadək Ədil kişi atəş açaraq onların üçünü də öldürdü. Sonra Sureni alt paltarında aynabənddən bayıra çıxartdı. Hər şeydən əli üzülən Suren Rimanı səslədi.

– Rima, o, məni öldürəcək, tez ol yaylığı ayağının altına at”,deyərək hönkürdü. Əgər yaylıq ortaya atılsaydı bu çətin anda belə Ədil kişi elin adətini pozmağa cürət edə bilməyəcəyini yaxşı anlayırdı. Ona görə də təmiz erməni dilində səsləndi: .

– Qız, əgər bayıra çıxsan fikirləşmədən səni də öldürəcəyəm – dedi. Palıd ağacına yaxınlaşanda Suren sonuncu hiyləyə əl atdı və “Ədil dayı sən Ənvərin goru məni öldürmə, bir qələtdi eləmişəm”,deyərək ucadan hönkürdü. Yediyarın eybəcər hala salınmış cansız,çılpaq cəsədi yerdə atılıb qalmışdı. Üzündəki cizgilər verilmiş işgəncələrdən elə gərilmişdi ki,onu tanımaq çox çətin idi. Səhər yenicə açılsa da sinəsində çəkilmiş xaç aydın görünürdü və xaçdan axan qan laxtalanmışdı. Ona diqqətlə baxan Ədil kişi Surenin sifətinə tüpürdü. O, Yediyarın üzünü qibləyə çevirərək dua etməyə başladı. Bu vaxt atəş səsi eşidildi. Güllə arxadan atılmışdı. Ədil kişini öldürən isə Rima idi. O, büdrüyərək Yediyarın üstünə yıxıldı. Elə yıxıldı ki, uşağn sinəsinə çəkilmış qanlı xaçı cüssəli bədəni ilə örtdü. Xala,Ədil kişi Surendən qisasını ala bilmədi. Əslində istəsəydi o, bunu çox asanlıqla edərdı. Yəqin ki, o, qisas gününü sənin nəvələrinə saxladı. Ürəyimə damıb ki, QİSAS GÜNÜ YAXINLAŞIR. Kaş ki, mən də ölməyib o günü görəydim.

Sənə deyiləsi sözlərim çoxdur. Daha yorulmuşam. Məktub da yaza bilmirəm. Nəvələrinə onu da çatdır ki,mən qələm əhli deyiləm, qüsura baxmasınlar. Sizləri Mayısda görmək ümidi ilə... Səni öpüb bağrıma basıram.

HÖRMƏTLƏ: QURD BASAN Laçın rayonu,

Mayıs kəndi MAY (Mayıs ) 2010 – cu il

 

 

İlham FƏTƏLİYEV

 

525-ci qəzet.- 2010.- 19 may.- S.4.