Əli ƏmirlininAğqoyunlular Qaraqoyunlularəsəri yeni təqdimatda

 

Mayın 15-də Şamaxı şəhər mədəniyyət evində tanınmış dramaturq Əli ƏmirlininAğqoyunlular Qaraqoyunlularəsərinin premyerası olub. Pyesi Qafqaz Universitetinin həvəskar aktyorları səhnələşdiriblər. Müəllifin bildirdiyinə görə, siyasət fonunda məhəbbət dramı kimi təqdim etdiyi bu pyes ilk dəfə 1995-ci ildə Akademik Milli Dram Teatrında Həsənağa Turabovun xeyir-duası ilə Bəhram Osmanovun quruluşunda uğurla tamaşaya qoyulub. Dramaturq əsərin adında tarixiliyə işarə olsa da, pyesin çağdaş dövrümüzdən bəhs etdiyini vurğulayıb: “Ağqoyunlular Qaraqoyunlularmüasir dövrümüzün insanlarından, çağdaş zamanımızın etik-əxlaqi, sosial-siyasi problemlərindən bəhs edən, ilk baxışda məhəbbət dramı kimi görünən mürəkkəb arxitektonikal pyesdir”.

Tamaşanın yeni quruluşunun müəllifi universitetin dram dərnəyinin bədii rəhbəri, sənətşünaslıq namizədi Zəminə Axundova, prodüseri adıçəkilən ali təhsil ocağının mədəniyyət şöbəsinin müdiri Nəcəf Ələsgərovdur. Səhnə əsərində əsas rolları tələbə aktyorlar Miryusif Mirzəzadə, Xəyalə İldırımova, Əfrail Cahangir, Rəşad Zeynallı, Jalə Məmmədzadə, Arzu Həsənli başqaları ifa ediblər.

Mayın 18-də isə tamaşa növbəti dəfə müəllifin iştirakı ilə Xırdalan şəhərinin mədəniyyət sarayında nümayiş etdirilib. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb. Qafqaz Universitetinin rektoru Ahmet Sanic həvəskar aktyorları, rejissor müəllif təbrik edib. Sonda çıxış edən Ə.Əmirli bütün yaradıcı heyətə minnətdarlığını bildirib. Müəllif bu tamaşaya dəvət alarkən xeyli tərəddüd etdiyini deyib, lakin əsər təqdim olunandan sonra narahatlığının əbəs olduğu qənaətinə gəlib: “Doğrusu, tamaşaya tərəddüdlə gəlmişdim. Çünki bu əsəri bir vaxt Kamal Xudaverdiyev, Yaşar Nuri, Ramiz Novruzov, Ramiz Məlikov, Səidə Quliyeva kimi böyük aktyorların ifasında görmüşdüm. Ancaq tamaşa edəndən sonra çox sevindim, narahatlığım əbəs imiş. Gənc aktyorlar bir müəllif kimi məni məyus etmədilər, həqiqətən yaxşı oyun nümayiş etdirməyi bacardılar. Gələcəyin iqtisadçıları, menecerləri əsl aktyor məharəti göstərdilər, məni yaxşı mənada təəccübləndirdilər”. Qeyd edək ki, tamaşanın növbəti nümayişi ötən gün Sumqayıt Dövlət Dram Teatrının binasında olub.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 21 may.- S.7.