Ağa Laçınlının 70 illiyi qeyd olunub

 

Dünən Bakının yerləşən Şəhid Pənah Məmmədov adına 46 saylı Laçın rayon orta məktəbində mərhum şair, filoloq alim Ağa Laçınlının 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Müəllim və şagirdlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 46 saylı Laçın rayon orta məktəbinin direktoru Bəxşeyiş Ağayev, məktəbin müəllimləri Müzəffər Salahov, Xasay İbrahimov, Məhəmməd İbrahimov, Qərənfil Həsənova, şair Ağa Laçınlının əmisi Hidayət İlyasov, şairin qardaşı Əli Əliyev, şairin oğlu Fəxri Uğurlu, bacısı oğlu Seyid Malik, şairin həmkəndlisi Əfqan Həsənov, şairlər Tofiq Abdin, İlham Qəhrəman, Qiymət Məhərrəmli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqoji elmlər namizədi Museyib İlyasov, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqoji elmlər namizədi Hidayət Tağıyev və digərləri çıxış edərək Ağa Laçınlının həyat və yaradıcılığından danışıblar.

“Media forum” saytının məlumatına görə, tədbirdə 46 saylı Laçın rayon orta məktəbinin şagirdləri, məzunları Ağa Laçınlının şeirlərini söyləyib, şair haqda mətbuatda dərc edilmiş bəzi məqalələrdən hissələri təqdim ediblər. Laçın rayon 1 saylı musiqi məktəbinin tar müəllimi Vahid Xıdırovun və həmin məktəbin məzunu, şəhid övladı Elmira Zeynalovanın ifasında musiqi parçaları səsləndirilib.

Şəhid Pənah Məmmədov adına 46 saylı Laçın rayon orta məktəbinin müəlliməsi Elnurə Tağıyevanın aparıcılığı ilə açıq səma altında keçirilən tədbirdə Ağa Laçınlının xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər də irəli sürülüb.

Xatırladaq ki, şair Ağa Laçınlı 2007-ci il noyabrın 25-də vəfat edib.

 

 

525-ci qəzet.- 2010.- 21 may.- S.7.