Namiq Hacıheydərlinin yeni şeirlərinin ünvanı – “Söz sənindir”

 

“Vektor” Nəşrlər Evində şair Namiq Hacıheydərlinin “Söz sənindir” şeirlər kitabı işıq üzü görüb. Kitab “Vektor” Beynəlxalq Elm Mərkəzinin prezidenti, professor Elçin İsgəndərzadənin “Poeziyamızın əfəndilik səhifəsi” ön sözü ilə açılır. E. İsgəndərzadə yazısında Namiq Hacıheydərli poeziyasını “çağdaş poeziyamızın əfəndilik səhifəsi” kimi qiymətləndirib: “Əslində mənim bu qənaətim Namiq Hacıheydərli şəxsiyyətinin kəndisindən süzülüb gələn bir gerçəklikdir. bu gerçəklik ondan ibarətdir ki, bu kitab Şahmar Əkbərzadə adına mükafata layiq görülmüş əziz bir qələm dostumun kitabıdır. Bu baxımdan da demək ki, mənə bir kitab zirvəsi olaraq ucadan ucadır. Bir sözlə, Namiq Hacıheydərli şəxsiyyəti yaradıcılığına hansı bucaq altında baxsam, məni yalnız yalnız əfəndilik təbəssümü qarşılayacaq”.

Nəşrdə yazıçı-filosof Eluca Atalının şairin yaradıcılığına həsr olunan “Dərdi ilə həmdərd olanım” yazısı da yer alıb. E.Atalı məqaləsində N.Hacıheydərlinin yaradıcılığını müxtəlif aspektdən təhlil edib bu qənaətə gəlib ki: “Namiq Hacıheydərli qələmində bir əsas xətt var: Təbiilik! O, bunu oxucunu özünə cəlb etmək, kimliyini çatdırmaq üçün etmir. Sadəcə kimliyi özü bu sətirlərdən oxunur. O, öz dünyasını şeirlərində yaradıb, amma gerçək dünyanı yaratmaqdan da vaz keçmir. Çünki xudbin deyil, tək özünü düşünmür. Elə ona görə hamını təmiz dünya yaratmağa orada yaşamağa çağırır. Əslində onun demək istədiyi budur ki, İnsan, sən başqa cür yaşaya bilərsən. Buna sənin daxili gücün imkanın çatar!...”

İndiyədək 5 kitab 50-dən artıq məqalə müəllifi olan N.Hacıheydərlinin “Söz sənindir” kitabındakı şeirlər ən müxtəlif mövzulara işıq tutur. Ümumilikdə isə kitabın əsas ruhunu vətənpərvər bir türkün ürək çırpıntıları təşkil edir. Bunu şairin bir çox şeirlərində aydın hiss etmək mümkündür:

 

Hər gün yeni-yeni dərdi , əzabı,

Tanrının payı tək nuş etdim cana.

Əzablı, göynəkli taleyim ilə

Yaman bənzəyirəm Azərbaycana...

 

Vətən parçalanmış, xalqı pərən-pərən salınmış, müxtəlif faciələrə məruz qalan bir türk oğlunun dərdi Namiq Hacıheydərli şeirinin ana xəttidir:

 

Bu gecə yuxumda Arazı gördüm,

Yamanca şad idim, qəm, dərd yox idi...

Gəzdim Savalanı, gəzdim doyunca,

Gəzdim Ərdəbili ta sübh olunca...

Marağa, Urmiya, Zəncan boyunca

Məni durduracaq bir həd yox idi.

 

Kitabdakı şeirlərin əksəriyyətində Tanrıya yönələn, onun böyüklüyünü, ucalığını müqəddəsliyiin tərənnüm edən irfani duyğular vətənpərvərlik hissləri ilə vəhdətdə təqdim olunur:

Babalardan, ulu keçmişimizdən utanıram,

 

Bağlar yadlara qalıb,

Dağlar yadlara qalıb.

Yaşayırıq utanmaz-utanmaz,

Yaşayırıq şərəfsiz-şərəfsiz,

Bizi şərəfsizlikdən ötür Allah,

Ölmüşük, yerdən götür Allah...

 

Şairin şeirlərinin qəhrəmanı insalara bəxş olunan hər şeyin, o cümlədən bəşərin ən qiymətli neməti olan SÖZün məhz Tanrıya məxsus olduğunu bildirir.

Kitabda yer alan “Ədəbi psixoterapiyalar”, “Baba ilə nəvənin söhbəti” “Ölümsonrası düşüncələr” silsiləsi mövzu seçimi baxımından xüsusilə maraq doğurur. Bu silsilədəki şeirlərin mayasında “İnsan kimi yaşamalı, insan kimi ölməli” həqiqəti durur. Şair həcmcə elə böyük olmayan kitabındakı şeirlərilə bu uca amalı əks etdirən həqiqətin böyüklüyünə oxucunu inandıra bilir.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 21 may.- S.7.