“Nə zamansa bu nişanda bir atam vardı”

 

(Əvvəli ötən şənbə sayımızda)

 

“Nə xoşbəxt imişəm

bir zaman Allah

Xəbərim olmayıb bu səadətdən”

 

Əli Kərim

 

KİÇİK BİR HAŞİYƏ

 

Universitetin birinci kursunda oxuyurdum. Mənim təhsil aldığım bina ilə atamın dərs dediyi bina bir-birlərinə yaxın məsafədə idi. Hər iki bina keçmiş Kommunist, indiki İstiqlal küçəsində yerləşirdi. Bir dəfə bilmirəm nə işləsə bağlı atamın dərs dediyi filoloji fakültəyə getmişdim. Tənəffüs vaxtı idi. Atam dəhlizdə pəncərənin önündə dayanıb siqaret çəkirdi. Yaxınlaşdım. Elə sözümü deyib geri dönmək istəyirdim ki, atam birdən siqaretini cəld arxasında gizlətdi.

– Ay ata nə oldu? Niyə belə etdin – deyə soruşub atam baxan tərəfə baxdım.

Atamın ən sevimli müəllimi professor Mir Cəlal müəllim dəhlizin o biri başından gəlirdi. Atam onu görüb siqaretini arxasında gizlətdi ki, müəllimi onu siqaret çəkən görməsin. Mir Cəlal müəllim də atamı siqaret çəkən görüb üzünü yana tutub özünü elə göstərdi ki, guya atamı, sevimli tələbəsini görməyib.

Mir Cəlal müəllim, görünür atama nəsə söz demək istəyirdi. Amma vaxtilə tələbəsi olan, indi isə eyni kafedrada dərs deyən atamın onu görüb siqaretini arxasında gizlətməsini başa düşüb keçmiş tələbəsinin narahat olmayıb rahat siqaretini çəksin deyə, ona yaxınlaşmadı elə bircə kəlmə:

– Bəxtiyar, sonra kafedraya gələrsən, sənə deyiləsi sözüm var – dedi.

İndi fikir verin bundan böyük mədəniyyət, bundan böyük demokratiya, bundan böyük böyüyə hörmət, bundan böyük böyüyün müdrikliyi varmı? Şəxsən mən görmürəm.

Bu adi və kiçik bir epizodda böyüyə olunan hörmət, böyüyün də kiçiyə qarşı qayğısı ehtiramla göstərilir.

Atam özündən böyüyə olan bu hörməti, bu ehtiram əlamətini, bu qaydanı heç bir kitabda, heç bir yazıda oxumamışdır. Və mən yüz faiz əminəm ki, bunu ona heç kim deməmişdir. Bu xüsusiyyət, bu adət ona kökdən, zatdan gələn qan yaddaşında olub. Nəsildən-nəslə keçib.

 

Çəkəndir bəlkə də

bayaqdan bəri

Yanır, siqar üçün yanır ciyəri

Çəkməyir, yanımda

çəkməyir ancaq

Bizim qoca Şərqin adətinə bax

Pismidir?

Bir pislik görməyirəm mən

Əgər pis deyilsə

bəs onda nədən

Bu gözəl adətlər

tez unudulsun?

Böyüyə ehtiram belə

pis olsun?...

 

B.Vahabzadə

“Yollar və oğullar” poemasından

 

Demək bu adət, bu mədəniyyət, bu ənənə kökdən gəlir, daxildən gəlir. Heç kim bunu heç bir yerdə yazmır, heç kim heç nəyi heç kimə demir, öyrətmir. Mənə də heç kim bu adətləri bu qaydaları öyrətməyib, deməyib. Bütün bunların hamısı mənə qan yaddaşı ilə atamdan keçib. Bütün bunların hamısını mən atamdan əxz eləmişəm.

Mən də atamın yanında heç bir vaxt siqaret çəkməmişəm. Heç atam ömrünün sonuna qədər də bilmədi ki, mən siqaret çəkirəm ya yox. Heç bir vaxt həyat yoldaşımın adını atamın yanında çəkməmişəm. Uşaqlar körpə ikən heç bir zaman atamın yanında onları qucağıma alıb əzizləməmişəm. Heç bir zaman atamın yanında uzanmamışam. Gəldiyi zaman dik qalxmışam. Heç bir zaman atamın yanında alt köynəyində oturmamışam. Heç bir zaman atamın yanında üz qırxmamışam. Heç bir zaman, heç bir zaman, heç bir zaman...

Bütün bunların heç birini atam mənə qadağan etməmişdi. Əlbəttə, yox. Atam mənə deməmişdi ki, ay oğul, filan işi filan cür eləmə icazə vermirəm. Əksinə... Atam mənə hədsiz dərəcədə sərbəstlik, müstəqillik verib. Amma onun gözlə görünməyən, dillə deyilməyən hərəkətləri ilə yaratdığı sərhəddən də kənara çıxmaq olmazdı. Arada çox qalın bir pərdə var idi. Bu pərdəni isə nə mən, nə də o əbədi ayrılığa qədər aradan götürmədik.

İndi bütün bunları xatırladıqca bu sətirləri yaza-yaza fikirləşirəm ki, İlahi... bütün bu adi, adidən də adi, amma gözəl və müqəddəs adət-ənənəyə riayət etməkdən mən necə də zövq almışam. Hədsiz dərəcədə ləzzət duymuşam. Atama qarşı belə itaətkar olmağımdan həzz almışam.

Sözsüz ki, bu yazılmamış, amma əməl olunan adətləri hər hansı bir amerikalı, avropalı, rus lap elə deyək ki, bugünkü türk haradasa oxusa, kimdənsə eşitsə və yaxud da kənardan durub bizi müşahidə etsə elə başa düşər ki, atam despot bir adam olub, övladına zülm verib. Amma xeyr. Qətiyyən yox. Atamın mənə qarşı olan məhəbbətinin, sevgisinin həddi-hüdudu olmayıb.

Amma onu da hiss edirdim ki, atam bildirməsə də mənim belə hərəkətlərim (yalnız mənim, təkcə mənim) ona xüsusi ləzzət verir. Qürrələnir. Amma bildirmirdi. Hərdən gizli-gizli mənə baxıb gülümsəyərdi. Sanki bu gülümsəməsi ilə onun belə hörmətini saxlamağıma görə öz təşəkkürünü bildirirdi.

 

Gizli-gizli süzüb məni

durardı bəzən,

Durub-durub güc gələrdi

əyri qəlyana.

Sərt üzünə bircə anlıq

səhər doğardı

Bilməz idim hansı nurlu

düşüncələrdən.

 

Əli Kərim

 

Bəzən də özünü elə göstərirdi ki, guya mənim onun yanında belə çəkingəliyimdən rahatsızdır, guya mənim belə hərəkətlərimdən xoşlanmır. Hərdən də deyərdi:

– Ay oğul bəsdir də, saçın-saqqalın ağarıb, yekə kişisən, bu gün-sabah özün baba olacaqsan, amma mənim yanımda yenə də özünü uşaq kimi aparırsan. Yenə də deyirəm bütün bu sözlərə baxmayaraq hiss edirdim ki, yaşa dolmağıma baxmayaraq, hətta yaşımın əllini belə keçməsinə baxmayaraq ata qarşısında olan övlad itaətkarlığım onun xoşuna gəlir. Elə mənim də.

Bu yazılarımı başqa səmtə yönəltməyin. Xeyr. Məni düzgün başa düşün. Mən atama qarşı həmişə belə itaətkar olmuşam, müti olmuşam. Amma bütün bununla belə mübahisələrimiz də çox olub. Həddən artıq çox olub. Atamın hər dediyinə də gözüyumulu ləbbeyk deməmişəm. İndi fikirləşirəm ki, ilahi mən nə qədər mənasız işlərə, mənasız məsələlərə görə atamla axırı görünməyən mübahisələr etmişəm. Axı niyə görə? Nəyin xatirinə? Bəzən də mənasız işlərə görə atamdan inciyirdim də... Ay Allah, mən necə də səfeh olmuşam.

 

KİÇİK BİR HAŞİYƏ

 

Bir dəfə çoxdan bəri fikrimdə tutduğum arzumu özümdə cəsarət tapıb nəhayət ki, atama açdım. Çoxdandır buna cəsarət etmirdim. Atama deyə bilmirdim. Hətta yazılarımın birində bu barədə yazmışdım da. Demişdim ki, atama qarşı həmişə ərksiz olmuşam. Heç bir vaxt ona qarşı ərkim olmayıb. Hə... Atamgilə gəlib dedim ki, istəyirəm sənədlərimi Akademiyanın müxbir üzvlüyünə təqdim edim. Sən bu işə necə baxırsan? Mənə necə kömək edə bilərsən? Hələ dəqiq bilmirəm deyəsən bizim sahəyə cəmi bir yer veriblər. Amma biz bir neçə nəfərik. Əsas rəqibim də o filankəsdir. (Mən qəsdən o filankəsin adını çəkmirəm) O birilərini isə rəqib saymıram. Onlar heç.

Atam əvvəlcə təəccüblə mənə baxdı. İndiyə kimi də bilmirəm ki, atam nəyə görə təəccüb etmişdi. Sonra söhbəti dəyilşmək istədi. Bir az ordan-burdan, dünyada baş verən hadisələrdən, siyasətdən, indi nə bilim daha nədən və nələrdən. Söhbətimiz alınmadı. Gördü ki, yox. Çox israrlıyam. Elə dediyimi deyirəm. Söhbəti hərləyib-fırlayıb yenə də Akademiyanın müxbir üzvlüyünün üstünə gətirib çıxarıram.

Birdən dedi ki, oğul, o yerə sənin dediyin o filankəs daha çox layiqdir. Yox, mən demirəm ki, sən layiq deyilsən. Əlbəttə, yox. Maşallah, ağlın da var, savadın da. Akademik olanların da heç birindən əskik deyilsən. Amma o yerə o filankəs layiq olmaqdan başqa, səndən yaşda da böyükdür axı. Böyüyün isə yolunu həmişə gözləmək lazımdır, həm də... filan iş filan cürdür. Sən isə ondan cavansan. Gələn seçkilərdə iştirak edərsən. Heç nə olmaz. Heç nə itirməzsən. Tələsmək lazım deyil.

– Axı, ay ata, nə olsun ki, o yaşda məndən böyükdür. Yaşın bura nə dəxli var ki. Mən heç bir vaxt özümdən yaşda böyüklərə hörmətsizlik etməmişəm. Həmişə hörmətlərini saxlamışam. Həm də nə olsun ki, filan şey filan cürdür. Mən indi səndən kömək istəyirəm. Sənin səsin isə həlledicidir. Sən mənə səs verəcəksən?

– Yox, əlbəttə yox. Sən də Akademiyanın müxbir üzvü olasan, dostluq etdiyin Əziz Mirəhmədov da... Nə olsun ki, onun namizədlik dissertasiyası Məhəmməd Hadidən olub, sənin isə doktorluq dissertasiyan. Dostluq etdiyin Əziz Mirəhmədov kimi bir alim 1980-ci ildə 60 yaşında Elmlər Akademiyasının müxbir üzvü olub. Sən isə... nə qaçhaqaçdır.

(Mərhum alimimiz, gözəl insan Əziz Mirəhmədovla biz qonşu idik. Vaxtilə Hökumət evinin üzbəüzündə yaşayırdıq. Aramızda yaş fərqi çox idi. Özü də lap çox idi. Əziz müəllim mənim atamdan da yaşda böyük idi. Hətta Əziz müəllim 1950-ci il oktyabr ayının 5-də atamın toyunda tamada da olmuşdu. Əziz Mirəhmədov, Məmmədcəfər Cəfərov bu dünyadan vaxtsız köçmüş Məsud Əlioğlu və atam vaxtilə möhkəm dostluq edirdilər. Amma sonra... Eh sonralar çox şeylər oldu. Və... daha sonralar bu dostluğu özümdən asılı olmayaraq mən davam etdirməli oldum. Məmmədcəfər müəllimlə də yaxınlığım oldu. Əziz müəllimlə də. Hətta Məmmədcəfər müəllim mənim doktorluq dissertasiyamın elmi konsultantı, Əziz müəllim isə rəsmi opponentim olmuşdu. Ax... deyirəm necə də gözəl insanlar idilər. Darıxmışam elə insanların söhbətləri üçün, darıxmışam elə insanlar üçün. Onların mərdlikləri üçün.

Hə... bu yaş fərqinə baxmayaraq hərdən Əziz müəllimgilə gedib söhbətləşirik. Əziz müəllim deyərdi ki, a kişi, sən bir Allahın işinə bax e... Toyunda tamada olduğum bir adamın oğlu ilə dostluq edirəm. Ə...bu qədər də yaşamaq olar?...

– Sənin adını ilk pozan da elə mən özüm olacağam. Yox oğul yox, mən filankəsə səs verəcəyəm. Həm də mən bu məsələni səndən çoxdan gözləyirdim. Bilirdim ki, əvvəl-axır bu barədə mənə müraciət edəcəksən. Ola bilsin ki, mənim familiyama görə bir çoxları sənə kömək eləsin və sən seçiləsən, amma yadında saxla mən o filankəs üçün çalışacağam, bacardığımı edəcəyəm. Vəssalam. Sən gələn seçkilərdə iştirak edərsən.

– Yox... ay ata əgər indi sən mənə kömək etməsən, mən nə növbəti, nə də ki, ondan sonrakı gələn seçkilərdə iştirak etməyəcəyəm. Mən elə məhz bu seçkidə iştirak etmək istəyirəm. Çünki mən əsas rəqibim olan o filankəsin üzərində mütləq qələbə qazanmalıyam. Həm də sən bilməyən məsələlər çoxdur. Çünki elə işlər var ki, sən bilmirsən. Mən o filankəsi... (həmin adını çəkmək istəmədiyim o filankəs vaxtilə mənim namizədlik dissertasiyamın müdafiəsinə səbəbsiz yerə mane olub. Nə az, nə çox, düz iki il ləngitmişdi. Bu iki ildə mənim nələr çəkdiyimi bir olan Allah bilir.)

Atam heç qoymadı ki, sözümü axıra qədər bitirim – sözümü ağzımda kəsərək:

– Kəs səsini. Mən heç bilməzdim ki, mənim oğlum belə cılız hisslərlə yaşayır. Ay məndən olub, mənə oxşamayan. (Bu söz atamın zarafatla ən çox işlətdiyi söz idi). Axı sən mənim oğlumsan. Hər bir şeyin fövqündə durmağı bacarmalısan. Oğul bir az qəlbi geniş ol. Heç nə olmaz, dünya dağılmaz ki... Sən gələn seçkilərdə iştirak edərsən.

– Yox, ay ata, yox. Dünya, əlbəttə, Akademiyaya müxbir üzvlüyünün seçkilərinə görə dağılmır. Bunu sən də bilirsən ki, belə məsələlərə görə dünya dağılıb eləmir. Amma yadında saxla ki, əgər sən mənə indi köməklik etməsən mən seçilə bilməyəcəyəm. Ona görə də indidən sənədlərimi təqdim edib seçilməyib pərt də olmaq istəmirəm. Özün də bilirsən ki, həyatda indiyə kimi nəyə nail olmuşamsa da, altmış faizi sənə görə olubsa, qırx faizi də elə özümə görə olub. Bu familiyanın əgər mənə haradasa köməyi dəyibsə, inan ki, zərbəsi də az olmayıb. Niyə özün həmişə deyirsən ki, bu zəhmətkeşliyin, bu çalışqanlığın müqabilində belə dərin mütaliənin qarşısında həyatda çox şeyə nail ola bilərdin. Çox uzaqlara gedib çıxa bilərdin. Harada işləmişəmsə eyni vaxtda üç-dörd ali məktəbdə də gedib dərs demişəm. İşlərin hamısına vaxtlı-vaxtında çatım deyə çox vaxt naharımı da elə maşında yemişəm. Nə bilim tələbə hazırlaşdırmışam, onun-bunun kitablarını, yazılarını redaktə etmişəm, evə əlavə işlər də götürmüşəm. İndi sənə demək istəmirəm, başqa işlər də görmüşəm. İşdən, zəhmətdən qaçmamışam. Bəs onda sən dediyin o uzaqlara niyə gedib çıxa bilməmişəm? Arzularıma niyə çata bilməmişəm? Əgər bilmirsənsə onda qoy mən deyim. İş zəhmətdə, çalışmaqda deyil. Vallah yox. İş cəhd göstərməkdədir. Ata, inan mənə, çox vaxt haqqımı əlimdən alıblar. Sənə deməmişəm,boynumu büküb yana-yana qalmışam. Heç nəyi də heç kimə sübut edə bilməmişəm. İçimdə boğulmuşam. Dalaşmışam, vuruşmuşam. Sonra da kiriyib oturmuşam. Adım da çətin adam, sərt adam, dalaşqan adam kimi çıxıb. Heç nəyi də mənə podnosda, boşqabda hazır gətirib verməyiblər. İran inqilabının qorxusu, Əfqanıstan müharibəsinin dəhşətləri indi də canımdan çıxmayıb. Mən başqaları kimi heç bir vaxt hazıra nazir olmuşam. Əşşi bütün bunları indi mən sənə niyə görə deyirəm e... Guya ki, özün bilmirsən. Nə isə... İndi isə yadında saxla, əgər indi mənə köməklik etməsən, mən bir də heç bir zaman, lap belə ömrümün sonuna qədər sənədlərimi Akademiyanın müxbir üzvlüyünə təqdim etməyəcəyəm. Heç bu barədə düşünməyəcəyəm də. Çünki burada prinsipiallıq məsələsi var. Bu adi uşaq şıltaqlığı deyil. Çünki yol üstəyəm yenə də xaricə gedirəm. Allah bilir bir də nə zaman qayıdacağam.

Atam da əsəbiləşdi:

– Sən mənim qarşımda şərt-zad qoyub eləmə. Sən özün bilərsən, bundan sonra seçkilərdə iştirak edərsən ya yox. Bu sənin öz işindir. Akademiyaya seçilənlərin heç birinin Bəxtiyar kimi dədəsi yoxdur.

Mən də dilimi dinc qoymadım:

– Atası yoxdursa, dayısı var, dayısı yoxdursa, yerlisi var. İndi heç kim kimsəsiz deyil. Arxayın ol. Hamının kimisə var.

– Sən indi məndən nə istəyirsən? Özünə belə arxayınsansa, get seçkilərdə iştirak elə. Mən sənə heç nədə kömək etməyəcəyəm. Əgər iştirak etməzsənsə yenə də deyirəm bu sənin öz işindir. Amma indi bu söz əgər sənin ağzından çıxıbsa sözündə də möhkəm ol, kişi kimi də hərəkət elə, bundan sonra heç bir zaman seçkilərdə iştirak etmə.

Təəccübdən gözlərim böyümüşdü, dediklərimə peşman olmuşdum. Amma artıq gec idi. Söz ağzımdan çıxmışdı.

– Baş üstə, ata... oldu. Mən bunu sənə kişi kimi söz verirəm. Heç bir zaman özümü müxbir üzvlüyə təqdim etməyəcəyəm – deyib qapıdan çıxdım.

Eh... (Bu mənasız mübahisə kimə lazım idi? Nəyə lazım idi? İndiyə kimi də bunu anlaya bilmirəm. Əlbəttə günahkar mən idim.)

Mən geri durdum. O filankəs dediyim isə seçkilərdə iştirak etdi. Başqa bir nəfər üçün də əlavə yer alındı. Bunu biləndə isə lap belə cızdağım yandı. Amma daha çox gec idi. Atam da bacardığını o filankəsdən əsirgəmədi. Nəticədə o Milli Elmlər Akademiyasının müxbir üzvü seçildi. Mən isə... bir müddətdən sonra atamgilə getdim. Heç nə olmayıbmış kimi yenidən bir yerdə danışır, deyir, söhbətləşirdik. Amma bu inciklik mənim ürəyimdə qaldı. Yox atamdan inciməmişdim. Qətiyyən yox. Əstağfürullah. Özüm-özümdən incimişdim ki, mənasız bir məsələyə görə atamla mübahisə etmişdim.

İndi bütün bunları düşündükcə özüm öz nəzərlərimdən düşürəm. İlahi bu nə mənasız bir məsələ idi ki, biz mübahisə etdik. Mən indi bu olmuş əhvalatı tam təfərrüatı ilə yazmıram. Buna heç ehtiyac da yoxdur. O adama görə isə heç mübahisə etməyə də dəyməzdi... Amma mən etdim.

Bu hadisənin üstündən bir xeyli vaxt ötdü. İllər keçdi. Elmlər Akademiyasının müxbir üzvlüyünə seçkilər bir neçə dəfə oldu. Lakin mən isə iştirak etmədim. İndiyə kimi də bilmirəm düz iş görmüşəm yoxsa yox. Axı mən kimə nəyi sübut etmək istəyirdim? Atama? Eh... nə isə... Atamla görüşdüyümüz zaman isə atam qəsdən söhbəti hərləyib-fırlayıb Akademiyaya seçkilərdən salanda isə mən qəsdən söhbəti dəyişdirirdim. İstəmirdim ki, bu söhbət bir də təkrarlansın. Nə mən tüpürdüyümü yalayım, nə də ki, atam öz sözünü geri götürsün.

 

lll

 

Axırıncı dəfə yenə də işlədiyim xarici ölkədən Bakıya növbəti məzuniyyətə gəlmişdim. Nə fərli-başlı istirahət edir, nə də ki, atamla görüşməyə vaxt tapa bilirdim. Elə hey qaçhaqaçda idim. O dostlarımla,bu dostlarımla görüşməkdən, yeyib-içməkdən heç başım ayılmırdı. Atam isə gecə yarıya qədər yatmayıb məni gözləyirdi. Başım ayılan kimi elə beş-on dəqiqəliyə atamgilə gəlib ona baş çəkib tez də evə dönürdüm.

Məzuniyyətimin axırıncı günü idi. Günorta atamla xudahafizləşməyə getmişdim. Yaşadığı evin həyətindəki skamyada oturub söhbət edirdik. Gecə geri dönməli idim. Bir də bir ildən sonra məzuniyyətə gələ bilərdim. Amma mən bilmirdim ki...

Birdən dedi ki, ay oğul, səninlə çoxdandır ki, bir yerdə oturub çörək yemirik. Könlümə yaman kabab düşüb. Gedək bir yerdə oturub çörək yeyək. Həm də dedi ki, heç kim yanımızda olmasın. Elə ikimiz olaq. Dərdləşək.

Hansısa bağda, açıq havada kababxanada oturmuşduq. Əla da hava var idi. Kababdan yeyir, ordan-burdan söhbət edirdik. Birdən başımı qaldıranda gördüm ki, atam diqqətlə mənə baxır. Gözləri dolub. Narahat oldum. Çünki atamın heç bir vaxt mənə belə diqqətlə, belə zənnlə baxan görməmişdim. Sanki məni birinci dəfə idi ki, görürdü. Heç nə başa düşməyərək:

– Nə olub sənə, ay ata?

Dərindən köks ötürdü.

– Heç, ay oğul...

Birdən özünü saxlaya bilməyib:

– Ay aman, sən nə yaman dəyişmisən, ay oğul, sən nə yaman yaşlaşmısan? Mən heç indiyə kimi fkir verməmişəm ki...

Birdən çənəsi əsdi. Gözləri doldu. Hiss etdim ki, qəhər onu boğur. Söhbəti dəyişmək istədim. Gülə-gülə:

– Ay ata, nə olsun ki, belə yaşlaşmışam. Mən ki, özümü gümrah hiss edirəm.

– Mən heç indiyə kimi fikir verməmişəm ki... başın nə yaman ağarıb. Ay aman... üzündə qırışlar da əmələ gəlib ki... Ay oğul, axı sən nə yatdın ki, nə də yuxu görəsən. Ay Allah, mənim balam nə tez qocaldı. İyirmi gündür ki, gəlmisən, mən isə indi fikir verirəm. Elə bil ki, səni indi görürəm. Ay aman...

Atam heyrətə gəlmişdi. Kişi özünə yer tapa bilmirdi. Mənim belə yaşlaşmağım ona yaman pis təsir etmişdi. Vəziyyətlə barışmaq istəmirdi. Bayaqdan şirin-şirin söhbət edir, mən gəzdiyim ölkələrdən, başıma qəribə hadisələrdən ona danışırdım. O da diqqətlə mənə qulaq asır hərdən də öz fikirlərini deyərdi. Amma indi sanki birdən-birə bir-birimizə deyiləsi sözümüz də qurtarmışdı. Mən onun fikrini dağıtmağa çalışırdım. Alınmırdı. Atam fikrə getmişdi. Bəlkə də xəyalən mənim ilk uşaqlıq, körpəlik illərimə qayıtmışdı, mənim iməklədiyim, dil açdığım günlərimə qayıtmışdı.

 

Elə bil dünyanı mənə verirlər,

Hanı əvəzinə “ani” deyəndə.

 

B.Vahabzadə

 

Atam bu şeiri 1956-cı ildə, mənim yenicə dil açdığım günlərdə yazmışdı.

Gözlərini bir nöqtəyə dikib durmuşdu, gözləri yol çəkirdi.

Birdən dedim ki:

– Ay ata, nə olsun axı... A kişi, qocalan vaxtımdır da...

– ...Yox, ay oğul! ...Bu illər uzunu heç səninlə əməlli-başlı oturub söhbətləşə bilməmişəm. Eh... yaxşı gedək evə.

Evə gəldik. Yuxarı qalxmadıq, elə həyətdəki skamyada oturduq. Atam hələ də fikirli idi. Birdən yavaş səslə qayıtdı ki...

– Bu dünyada ən çox səni istəmişəm. Sənin dəlin olmuşam. Sən mənim üçün bu dünyada hər şey olmusan, oğul. İndiyə kimi heç sənin arxanca ürəklə də baxa bilməmişəm.

 

“Gözüm dəyər” deyə,

ata çox zaman

Oğlunun dalınca

baxa bilməzdi.

 

B.Vahabzadə

 

– Səninlə çox mübahisələrimiz olub. Eh... Nə qədər desən... Çünki mən səndən çox şeylər gözləmişəm. Sənə çox böyük ümidlərim olub. Mən elə bilirdim ki, sən... Eh... nə deyim. Əslində sən bu istedadla dağı-dağ üstünə qoymalıydın. Çox uzaqlara gedib çıxmalıydın. Amma ümidlərinin heç birini doğrultmadın.

– Yox, ay ata. Vallah yox. Sən səhv edirsən. Mənim heç bir istedadım-filanım olmayıb. Bu sənə belə gəlirdi ki, mən nə isə qeyri-adi bir adamam. Vallah yox. Orta məktəbi qurtarana qədər sən bəlkə də mənə ən azı on beş–iyirmi müəllim tutmuşdun. Mən adi bir adam olmuşam. İstedad-filan hamısı boş bir söz idi. Sən isə bununla barışmaq istəməmisən. Elə mübahisələrimizin çoxu da çox vaxt bunun üstündə olurdu.

– Ay oğul, bəsdi sən Allah, mən heç bir vaxt öz zənnimdə yanılmamışam. Həyatı da mənə öyrətməyə çalışma. Kimin qabında da nə var, nə yox mən səndən yaxşı bilirəm. Sən sadəcə olaraq heç vaxt mənə qulaq asmamısan, qulaq asmaq istəməmisən. Başqa yolla getmisən. Sənin getdiyin o yol isə istedadsızların, bezdarnıların (elə belə də demişdi – bezdarnı) yolu idi. Sən də o yolla getməyə üstünlük verdin. Atana qulaq asmadın. Allah səndən heç nəyi əsirgəməmişdi. Nə isə indi bunu araşdırmağın heç bir mənası yoxdur. Hər şey arxada qalıb və hər şey çox gecdir.

– Yaxşı, ay ata, niyə bəs soruşmursan ki, mən sənə niyə qulaq asmaq istəmədim? Niyə başqa bir yolla getdim? Çünki yaşamaq istəmişəm. Həyat görmək istəmişəm. Sənin gördüyün o çətinlikləri yaşamaq istəməmişəm. Amma... yaşaya da bilmədim. Hə... Çünki sənin mənə verdiyin o tərbiyə, o həyat dərsləri mənə rahatlıq verməmişdi. Mən də iki yolun arasında qalmışdım.

– Yox, ay oğul, sən bir yol seçməliydin.

Sonra yenə də öz sözünə davam edərək dedi:

– Bu dünyada ən çox səni istəmişəm. Mən səninlə nəfəs almışam, oğul. Sən bir az xəstələnən kimi özümə yer tapa bilməmişəm. Sən mənim üçün, əstəğfürullah... Sən mənim üçün hər şey olmusan. Atam da sən olmusan, qardaşım da. Birdən yenə çənəsi əsdi, gözləri doldu nə isə... – Amma bütün bununla bərabər sənə qarşı bəzən... Yox bəzən yox, çox vaxt... Sonra nə düşündüsə, – Nə bilim vallah həyatdır da... – dedi.

– Ay ata bəsdir də... yaxşı da... Mən bu gecə yola çıxıram. Sən isə məni kövrəldirsən.

Atam sözlərinə davam edərək:

– Səni görməyəndə darıxmışam. Özümə yer tapa bilməmişəm. Nə isə... Yaxşı ay oğul, di gəl xudahafizləşək.

Atamı pillələrə qədər ötürüb geri qayıtdım. Hava artıq qaralmışdı. Daha yuxarı çıxmadım. Evə qayıdırdım. Elə bir qədər aralanmışdım ki, biixtiyar geri baxdım. Gördüm ki, atam dayanıb diqqətlə arxamca baxır. Birinci dəfə idi ki, atam mənim arxamca baxırdı.

İlahi pərvərdigara, bu qəribə baxışlarda, bu işığı sönməkdə olan, dünyanın hər üzünü görmüş və gördüklərindən pərişan, yorğun olan gözlərdə nələr yox idi. Bir həsrət, bu məzəmmət, kədər, hüzn həmişə mənim üçün çəkdiyi nigarançılığın sanki sonuncu atdıqları, sükutlu bir fəryad, ağrılı bir çığırtı, bir yanğı və bir də... bir də əbədi ayrılığını çalarları. Həmişə hər bir yerdə hökmlü olan atam, ötkəm olan atam elə bil ki, bu qəribə baxışları ilə məndən xahiş edirdi. Yalvarmırdı yox. Yalvarmaq onun xislətinə ömrü boyu yad olub. Heç kimə yalvarmayıb. Heç ölümə də yalvarmadı. Uzaq yolda olduğum üçün, məni görmək üçün heç ölümdən bir neçə saat möhlət də istəmədi. Yox... Amma bu dəfə bu baxışları ilə sanki dil deyirdi.

– Amanın günüdür, ay oğul getmə. Yetər ayrı qaldığımız bəsdir daha.

Əstəğfrüllah.

– Nə olub, ay ata? – deyib geri qayıtmaq istədim.

– Qayıtma, qayıtma, ay oğul, get, sənə yaxşı yol. Özündən muğayat ol – dedi. Amma ürəyində tutduqlarının heç birini mənə demədi.

O zaman mən bilmirdim ki, bu mənim atamla axırıncı görüşüm, axırıncı naharım, axırıncı söhbətimdir. Bunu isə atam yəqin ki, bilirdi. Bilirdi ki, bir də heç zaman görüşməyəcəyik. Onun üçün də ürəyini boşaltmaq qərarına gəlmişdi. Amma bilmirəm atam ürəyini tam boşalda bildimi?..

 

Ah o niyə belə etdi

bu nə qubardı...

Nə zamansa bu nişanda

bir atam vardı.

 

Əli Kərim

 

Mənim atama olan məhəbbətim, dəli kimi sevgim, bağlılığım bir övladın öz atasına olan adi məhəbbəti deyildi. Bu bir səcdə idi. Bu bir sitayiş idi. Daha bilmirəm nə idi. Elə atamın da mənə qarşı olan münasibəti eyni idi.

İndi isə bu sətirləri yaza-yaza xatirələrimlə baş-başa qalıb düşünürəm ki, görəsən mən atama necə oğul olmuşam? Atamın dediyi, mənim üçün arzuladığı o uzaqlar hara idi? Mən o uzaqlara niyə gedib çıxa bilmədim? Atam məni necə görmək istərdi? Və bir də, görəsən...

 

Kişinyov, 2010-cu il

 

 

İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2010.- 28 may.- S.22-23.