Poeziya vurğunlarına Vaqif Bəhmənli töhfəsi

 

Əgər şeiri oxumaq insana sözü öz anladığı dildə qəbul etmək imkanı verirsə, müəllifin səsində dinləmək şeirə əlavə rəng qatır və onun daha dərin çalarlarını üzə çıxarır. Şübhəsiz ki, şairin ruhunu, endiyi dərinliyi, qalxdığı yüksəkliyi, daxili aləmini təkcə sözü deyil, həm səsi, intonasiyası pauzaları ilə duymaq insana qeyri-adi zövq verir. Müəllifin ifasında şeiri dinləmək poeziya ilə xüsusi bir görüşdür. Azərbaycan poeziyası ilə bu cür görüşlər imkanı isə oxucunun əlinə gec-gec düşürdü. Rəsul Rza, Səməd Vurğun, Şəhriyar, Bəxtiyar Vahabzadə bəzi başqa şairlərimizin az-az dinləyə bildiyimiz öz şeirlərini deyən səsləri şeir haqqında daha təsirli informasiya verir. Çünki, şairin səsi ilə şeiri dinləyərkən onun hansı mənaları qabartması daha aydın hiss olunur.

Bu günlərdə, 55 illik yubileyi ərəfəsində dəyərli şair, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin şeirləri öz səsi ilə Səndən özgə adlı diskində oxuculara təqdim olundu. Diskdə şair eyni adlı kitabından seçilmiş orijinal şeirlərini səsləndirir. Səyyad Əlizadənin Bəyaz gecələr Yaradıcılıq Mərkəzində lentə alınmış bu disk nəfis tərtibatı ilə üzərində peşəkar bir komandanın çalışdığını bir daha təsdiq edir. Şeirlərin mətninə uyğun seçilmiş musiqilər sözün təsir gücünü artırır. Həmçinin, diskdə müəllifin sözlərinə yazılmış, müğənni Səyyad Əlizadənin ifa etdiyi mahnılar da yer alıb. Tahir Əkbər tərəfindən bəstələnmiş bu mahnılar da dinləyiciyə xüsusi zövq bəxş edir.

Şairin yubileyi ərəfəsində Vaqif Bəhmənli yaradıcılığını sevənlər üçün bu disk böyük həddiyə oldu. Şeirlərini oxumazdan əvvəl şair artıq dinləyicisinə çevriləcək oxucusuna müraciət edərək deyir: Səsimi eşitdiyiniz zamanda bilmirəm, yoldasınızmı, evdəsinizmi, təksinizmi, istəkli insanlarla bir yerdəsinizmi, gecədimi, gündüzdümü? Bilmirəm! Bir onu bilirəm ki, bu çağa qədər ürəyimi yalnız bəyaz varaqlara açdım. Ömrümdə ilk dəfə qəlbim, sözüm səsimlə doğma yurddaşlarıma tərəf yol başladım. Bilirəm ki, saydıqlarımdan biri könlünüzə yatacaq. Ya qəlbim, ya səsim, ya da sözüm. Əgər uğur qazanacağıqsa, o da bizim olacaq Sizin Mənim. Yolçu yolda gərək.

Diskdə yer almış şeirləri dinlədikdə, həqiqətən insan harda, hansı şəraitdə, kimlərlə birgə olmasına baxmadan, bu misralarla, onların ifadə etdiyi duyğularla baş-başa qalır, şairin qəlbi, sözü səsinin vəhdəti onu uzaqlara aparır . . .

Bu disk ilə Vaqif Bəhmənli gözəl bir ənənənin başlanğıcını qoymuş oldu. Gələcəkdə başqa şairlərimiz tərəfindən bu ənənənin davam etdirilməsi poeziyasevərlər üçün qiymətli maraqlı töhfə olardı.

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2010.- 28 may.- S.17.