“Ozan-Aşıq dünyası” təqdim olunub

 

Ötən gün M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyi tərəfindən hazırlananOzan-Aşıq Dünyasıadlı foto albomun Ozan dünyasıkitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr olunub və dünyasını dəyişmiş aşıqlarımıza həsr olunub. Mərasimdə həmçinin, Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkil etdiyi I Beynəlxalq Aşıq Festivalının yekunları müzakirə edilib. Giriş sözü ilə çıxış edən kitabxananın direktoru Kərim Tahirov qonaqları salamlayaraq tədbirin keçirilmə məqsədlərini dilə gətirib: “Bugünkü tədbir yaxın günlərdə Azərbaycanda keçirilən Beynəlxalq Aşıq-Ozan Festivalının təntənələrinin davamıdır. Hələ də festivalın xoş təəssüratları insanlarda qalmaqdadır. Oktyabr ayının 22-dən 26-dək olan qısa zaman kəsiyində aşıq sənətinin mükəmməl təcəssümü özünü bir daha təsdiqlədi. Təqdimatı keçirilən kitabda haqqa qovuşan aşıqlarımız haqqında, onların tərcümeyi-halları, yaradıcılıqları geniş şəkildə göstərilib. Məqsəd isə ictimaiyyəti bu aşıqların yaradıcılıqları ilə daha yaxından tanış etməkdir”. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək ölkəmizdə həmişə saz-söz sənətinə böyük diqqət və qayğı ilə yanaşıldığını bildirib: “Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın diqqəti nəticəsində aşıq sənətinin YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsi, aşıqlarımızın Londonda və Avropanın digər paytaxt şəhərlərində uğurla çıxış etməsi bu sahəyə olan xüsusi qayğıdan xəbər verir. Əminəm ki, qədim tarixə malik saz sənətimiz dünya durduqca yaşayacaq”. “Əsrlərin imtahanından uğurla çıxan Azərbaycan aşıq sənəti çox zəngin və mükəmməl saz-söz xəzinəsidir. Yüzilliklərdən bəri dildən-dilə, ağızdan-ağıza keçərək günümüzə çatan bu sənət növü dövrün ictimai-siyasi həyatını özündə əks etdirməklə daha geniş miqyas alıb. Qədim tarixi olan Azərbaycan aşıq şeiri təkcə məzmun yox, həm də məna, şəkil baxımdan zəngin və rəngarəngdir. Aşıq sənətinin kökləri şifahi xalq ədəbiyyatının qiymətli nümunələrinə dayanaraq bu zəngin növlərdən şirələnib. Qurbani, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Alı, Molla Cümə, Aşıq Ələsgər kimi aşıqlar bu sənətin öndə gedən ustadları olublar”. Bu fikirləri mərasimdə Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub səsləndirib. Aşıq sənətini Azərbaycan xalqının sadiq yarı adlandıran Z.Yaqub bu sahənin inkişafı və təbliğində ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əvəzsiz xidmətləri olduğunu qeyd edərək keçirilən Aşıq Festivalının paytaxtla yanaşı, bölgələrdə də böyük coşqu ilə qarşılandığını vurğulayıb. Z.Yaqub həmçinin, təkcə Bakıda yox, bütün bölgələrdə saz dükanlarının şəhərin mərkəzi küçələrində açılması istəyini dilə gətirib. Professor Həsən Mirzə aşıq sənətinin bugunkü durumunu, ona olan qayğını yüksək qiymətləndirib. Kitabın müəllifi Musa Nəbioğlu kitabın yaranma zərurətlərini açıqlayıb.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 6 noyabr.- S.17.