Akademik Bəkir Nəbiyev: “Ailənin qorunması və ömür boyu davam etməsi üçün göz-könül toxluğu çox mühüm şərtdir”

 

Layihə çərçivəsindəki bu rubrikada növbəti yazı görkəmli ədəbiyyatşünas, fikir adamı, bu yaxınlarda 80 illik yubileyi qeyd olunan akademik Bəkir Nəbiyevin ailə həyatına, həmçinin zəngin, maraqlı ömür və fəaliyyət yoluna həsr edilib. Akademik Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. 1947-ci ildə Ağdaş şəhər 1 nömrəli orta məktəbi bitirib. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olub. 1954-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1957-59-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub. 1958-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. 1960-cı ildə isə Jurnalistlər İttifaqına üzv qəbul edilib. 1960-cı ildə “F.Köçərlinin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1970-ci ildə “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri doktoru olub. 1978-79-cu illərdə Azərbaycan SSR EA Partiya Komitəsinin katibi olub. 1982-86-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun, 1987-1991-ci illərdə Azərbaycan Ədəbiyyat Fondunun sədri vəzifələrini tutub. 1982-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adına layiq görülüb. 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. 1987-ci ildən Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik katibi olub. 1992-ci ildən Təhsil Nazirliyi nəzdində “Ədəbiyyat” Elmi-Metodiki Şurasının sədri, 1996-cı ildən isə Qafqaz Müsəlmanları İdarəsi nəzdindəki Elmi-Dini Şuranın üzvüdür. 2000-ci ildə, 70 illiyində “Şöhrət” ordeni ilə təltif edilib. 2003-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur. 2005-ci ildə – 75 illiyində “İstiqlal” ordeni ilə təltif olunub. Hazırda iş fəaliyyətini və elmi yaradıcılığını uğurla davam etdirir.

Qəzetimizdə həyata keçirilən layihə çərçivəsində Bəkir müəllimlə görüşüb, ailə həyatı barədə söhbətləşmək istəyimi ona çatdıranda, akademik əvvəlcə razı olmadı. Bunu çox həssas mövzu saydığını əsas gətirərək, özünəməxsus nəzakətlə söhbətdən yayınmağa çalışdı. Ancaq ertəsi gün də davam edən israrlarımızdan sonra, axır ki, söhbətə razılıq verdi. Onunla AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda görüşdük və Bəkir müəllim öz nəslinin keçmişindən, repressiya illərində ailəsinin başına gətirilən faciələrdən, tələbəlik və gənclik illərində üzləşdiyi çətinliklərdən, xüsusilə də ailə həyatından maraqlı bir söhbət açdı.

Akademik əvvəlcə ulu babası Molla Nəbi barədə məlumat verərək, onun Qəbələnin Mıxlıqovaq kəndindən olduğunu, XIX əsrin əvvəllərində Ağdaşın Üçqovaq kəndinə köçdüyünü söylədi: “Ulu babamın Teyyub, Ataş və Məhəmməd adlı üç oğlu olub. Onların törəmələri eldə-obada

 

“MOLLA NƏBİ OCAĞININ ÖVLADLARI”

 

“Molla Nəbi uşağı” kimi tanınıb. İmperiyanın dəftərxanasında isə “Nəbiyev” familiyası ilə qeydə alınıblar. Yüksək dini savadı, gözəl tələffüzü olan babam Molla Məhəmməd məscidlərdə və evlərdə keçirilən xeyir-şər məclislərinə xüsusi ehtiramla dəvət olunub. Onun möminliyi, zəngin həyat təcrübəsi, dini-mübarəkimiz sahəsində dərin biliyi, xeyirxahlığı, yetimlərə qayğısı, kəndə əlavə su arxı çəkdirməsi, körpü saldırması, yoxsulların, kimsəsizlərin dəfn xərclərini ödəməsi və sair haqqında söhbətlər el arasında bu gün də danışılmaqdadır. Sonbeşik nəvəsi kimi məni çox istəyən, əzizləyən babamın ona yaxşı yaraşan, ipək kimi yumşaq ağ saqqallı nurani çöhrəsini məmnun-məmnun xatırlayıram. 1930-cu illərdə ölkənin digər nüfuzlu ruhaniləri kimi rəsmi qurumlar tərəfindən sıxışdırılan babam 1935-ci ildə dünyasını dəyişib”.

Akademik Azərbaycanda sovet hökuməti qurulandan sonra atası Əhməd Nəbiyevin antisovet əhval-ruhiyyəli bir adam kimi təqib olunduğunu bildirdi: “Atam Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babamdan öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda “Darülürfan” məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880-1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib. Qeyd etmək yerinə düşər ki, Muxtar Əfəndizadə sonralar görkəmli alim kimi tanınaraq, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb dili dərsi deyib, Respublika Elmlər Akademiyasının o zamankı Əlyazmalar Fondunda elmi işçi olub və bəzi ərəbdilli məxəzləri ana dilinə tərcümə edərək, ali məktəblər üçün “Ərəb dilinin açarı” (1947) adlı dərslik də nəşr etdirib. İş elə gətirib ki, o, 1940-cı illərdə Universitetin Şərq fakültəsində oxuyan mərhum qardaşım Mahmud Nəbiyevə ərəb dili dərsi deyib. 1957-1958-ci illərdə aspiranturada oxuyanda evində mənimlə də, lütfən, məşğul olub, Firudin bəy Köçərlinin əsərlərində rast gəldiyim bəzi mürəkkəb ərəb söz və ifadələrini açmaqda məsləhətçi kimi köməyini əsirgəməyib. Hesab-kitab işini yaxşı bilən atam 20 yaşlarında ikən ticarətə başlayıb. Mərhum əmim Nəbi Nəbiyevlə müştərək bir parça dükanı açıb. Atam əvvəlcə Gəncədən, Bakıdan, sonra isə Moskvadan, Sankt-Peterburqdan, Varşavadan, Lodzdan mal gətirib, əmim də satıb. Azərbaycanda Xalq Cümhuriyyətinin bərqərar olması sayəsində onların ticarət işi daha da rəvac tapıb. Lakin bolşevik-daşnak rejiminin qələbəsindən sonra, 1920-ci illərin ikinci yarısında fərdi ticarət sıxışdırılmağa başlayanda

 

ATAM ANTİSOVET ƏHVAL-RUHİYYƏLİ BİR ADAM KİMİ TƏQİB OLUNUB.

 

Onun bütün mülkü, dükanı, olan-olmazı müsadirə edilib, müxtəlif səviyyəli şura seçkilərində “səsi alınıb”. Yaxın qohumlarımız olan bir neçə ailənin Sibirə və Orta Asiyaya sürgün edildiyini, ailə başçılarının həbs olunduğunu görən atam bizi də götürərək, 1933-cü ildə Bakıya köçüb. Nənəm, bibim, bir qardaşım isə kənddə qalıb. Atam o zaman “Volodarski” adlandırılan tikiş fabrikində fəhləlik edərək ailəni saxlayıb. Şəhərin “Həmşəri palanı” deyilən məhəlləsində birotaqlı yarımzirzəmi mənzildə bizi, kənddə isə nənəmgili, yəni iki ailəni saxlamaq olduqca çətin idi. Olub-qalanını xərcləyib əlacsız qalan atam təkrar Ağdaşa köçərək, Pambıq Birliyində fəhləlik etməklə külfətimizin güzaranını təmin etmək zorunda qalıb”.

Bunları danışdıqca xəyalən keçmiş illərə qayıdaraq təsirlənən akademik o zaman üzləşdikləri bütün çətinliklərə birtəhər dözdükləri halda, nankor ermənilərin onlara qarşı etdiklərinə heç cür tab gətirə bilmədiklərini xüsusilə qeyd etdi: “Bütün bunlara birtəhər dözürdük. Dözülməsi çox çətin olan isə bu idi ki, ailəmizin on illər boyu becərdiyi əla növ meyvə ağaclarından ibarət bağımızı, babamın öz əlləri ilə saldığı güllük də oraya daxil olmaqla, geniş həyətimizi, mənzilimizin altı otağını müsadirə edib, bizim doqquz nəfərlik ailəmizə bir otaq vermişdilər. Qalan otaqlarımızın yeni sakini olan erməni ailələrinin elə ilk günlərdən haradansa tapıb gətirib həyətə buraxdıqları donuzlar bir neçə gün ərzində bütün həyətin altını üstünə çevirdilər. Başçıları Ağdaşın daxili işlər orqanlarında rəhbər vəzifədə işləyən təzə həmxanalara qorxudan heç kəs heç nə deyə bilmirdi. 1937-ci ildə atamı və əmimi həbs etdilər. Atamın mənə təzəcə öyrətməyə başladığı Qurani-Kərim təlimləri də beləcə yarımçıq qaldı. Arxangelskdə, Komidə “cəzasını” çəkən atam taleyinə düşən işgəncələrə dözməyib, 1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub. Repressiya qurbanı olmuş əmim də 10 il Uzaq Şərqdə “cəzasını” çəkəndən sonra 1947-ci ildə əldən düşmüş halda Vətənə qayıdaraq, bir müddət sonra burada vəfat edib. “Ən böyük hünər-düzlükdür” sözlərini tez-tez təkrar etməyi xoşlayan atam yalnız sözü ilə deyil, gündəlik işi, qohum və dostları ilə davranışı, qonşulara münasibəti ilə də bu yüksək əxlaqi tələbə həmişə sadiq qalıb. O, eldə-obada babamdan aldığı xeyirxahlıq estafetini vüqarla daşıyan, halallıq sevən, təmiz əxlaqlı bir kişi kimi tanınıb. Orucluq, Qurban, Novruz bayramlarına bir neçə gün qalmış zənbil dolusu parça alar, paltar tikməkdə xüsusi səriştəsi olan anama biçdirər, sonra da onu başçılarını itirmiş ailələrə paylayardı. Bu qəbildən olan, 1936-1937-ci illərdə keçirilən son tədbirlər indi baş verirmiş kimi, gözlərimin önündə canlanır”.

Bəkir müəllim anası Seyid Zəhra barədə də söhbət açaraq, atası dünyasını dəyişəndən sonra ailənin bütün ağırlığının onun çiyinləri üzərinə düşdüyünü vurğuladı: “Anam Seyid Zəhra 1898-ci ildə kəndimizin “Yuxarı başında”, gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyim Mir Sadıq babamın ailəsində doğulub. Namaz qılar, Quran oxuyar, oruc tutardı. Sinəsi Quran qissələri, el deyimləri ilə dolu idi.

 

ANAM SEYİD ZƏHRA, BÜTÜN YAXŞI ANALAR KİMİ, NƏCİBLİK, MEHRİBANLIQ MÜCƏSSƏMƏSİYDİ.

 

Atamın əxlaqi prinsiplərini mən daha çox anamın söhbətlərindən əxz etmişəm. Çoxuşaqlı kənd ailəsində qurtarmaq bilməyən iş-gücdən imkan tapanda o, bildiklərini xüsusi bir ahənglə mənə və qardaşım Mahmuda məmnuniyyətlə danışardı. Atamın həbsindən sonra ailəmizin ağırlıqlarının çox böyük bir hissəsi onun öhdəsində qalıb. Bacarıqlı, işgüzar bir qadın idi. Nisbətən imkanlı qohumlarımızın ailələrində yorğan sırımaq, nişasta hazırlamaq, bəhməz qaynatmaq kimi çox vaxt aparan ağır işlər görüb zəhməthaqqısı ilə dolanışığımızın əyər-əskiyini yoluna qoyub. Atamdan və xüsusən də anamdan aldığım zəhmətsevərlik, işgüzarlıq, qeyrət dərsi üçün mən hər iki valideynimin əziz xatirəsi önündə indi də baş əyirəm. Böyük Vətən Müharibəsinin çox ağır illərində, elə sonralar da məhz bu keyfiyyətlər, Allahın altında, bizim ailəmizi zamanın ağır bəlalarından hifz edib.

 

MƏNDƏN ƏVVƏL AİLƏMİZDƏ BƏKİR ADLI QARDAŞIM VARMIŞ.

 

O, doğulan günü Quran açan, hədis oxuyan babam, Məhəmməd Peyğəmbərə son dərəcə səmimi münasibətinə görə “sədaqətli” ləqəbi almış Əbu Bəkir Siddiqin şərəfinə uşağın adını Bəkir qoyubmuş. O Bəkir körpə ikən ölüb. Mən doğulanda anam atam vasitəsilə təkidlə babamdan xahiş edib ki, məni də “Bəkir” deyə çağırsınlar. Anam sonralar bunun səbəbini açıqlayaraq qeyd edirdi ki, mən Allaha yalvarıb dualar edir, arzulayırdım və indi də dualarımı dönə-dönə təkrarlayıram. İstəyirdim ki, qurban olduğum sənə iki ömür əta eləsin. Bir adını daşıdığın nakam qardaşının ömrünü, bir də sənin öz ömrünü. Öz davranış və əməlləri ilə daim ailəmizə başucalığı gətirən anam Seyid Zəhra 1967-ci ildə vəfat edib”.

B.Nəbiyev atasının əsassız yerə “xalq düşməni” elan edilməsindən və “gedər-gəlməzə” göndərilməsindən çox illər sonra həyatının ən vacib məqamlarında ona qarşı edilən haqsızlıqlardan da danışdı: “Atamın “xalq düşməni” kimi cəmiyyətdən təcrid edilib “gedər-gəlməzə” göndərilməsi hadisəsi xüsusən gənclik çağlarımda, həyatımın ən vacib məqamlarında dönə-dönə qarşıma çıxıb, məni peşman vəziyyətdə qoyub. Belə ki, orta məktəbdə hər zaman əla oxumuş, kamal attestatı imtahanlarında da “əla” qiymətlər almışdım. Lakin “qızıl medal” məsələsi ortaya gələndə o zamankı Xalq Maarif Komissarlığının xüsusi komissiyası tərcümeyi-halımdakı məlum faktı əsas götürərək, çox sevdiyim və tədris proqramındakı az qala bütün əsərləri oxuyub öyrəndiyim

 

“ƏDƏBİYYAT” FƏNNİNDƏN QİYMƏTİMİ “YAXŞI”YA ENDİRMƏKLƏ MƏNİ QIZIL MEDALDAN MƏHRUM ETDİ.

 

Arxivimdə “Ağdaş şəhəri, Qorki küçəsi 17. Nəbiyev Bəkirə. Stalin təqaüdü ilə əlaqədar təcili surətdə Bakıya gəlin. Lvova.” sözləri yazılmış bir teleqram var. O zaman mən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin ikinci kursunu bitirib yay tətili üçün Ağdaşa təzəcə getmişdim. Dosent Etel Lvova fakültə dekanının müavini və mənim rus dili müəllimim idi. Təhsildə uğurlarımı, mətbuatda çıxışlarımı və ictimai işlərdə fəal iştirakımı nəzərə alaraq dekanımız, mənim “Xarici ölkələr ədəbiyyatı” müəllimim professor Əli Sultanlı və fakültənin digər məsulları ikinci kursdan etibarən bu təqaüdün mənə verilməsi qərarına gəliblərmiş. Sənədləri hazırlayıb təsdiq üçün yuxarı idarəyə göndərmək lazım gəlib. Teleqram da bu münasibətlə vurulub. Lakin o zaman “spesçast” adlanan xüsusi xidmət bölməsi kiçik bir “araşdırma” aparıb məsələyə veto qoymuşdu ki, siyasi cəhətdən etibarsız sayılan ailənin ovladına o zamanın ən yüksək adı ilə “şərəfləndirilən” təqaüdü vermək “siyasi korluq” olar. Beləliklə mənim tərcümeyi-halımın “Stalin təqaüdü” səhifəsi də yarımçıq qalıb. Universitetdə də pis oxumamışam. Müxtəlif fənlərdən dərs aldığım müəllimlərimlə xüsusi iftixar mənbəyim olan gözəl münasibətlərim var idi. Akademiklər Məmməd Arif Dadaşzadənin, Feyzulla Qasımzadənin, Həmid Araslının, professorlar Cəfər Xəndanın, Mir Cəlal Paşayevin dəvətilə dəfələrlə evlərində olmuş, məsləhətlər almış, kitabxanalarından faydalanmış, çap olunan məqalələrim haqqında fikirlərini dinləmişdim. Aramızda cüzi yaş fərqi olduğuna baxmayaraq, Aslan Aslanov, Pənah Xəlilov, Bəxtiyar Vahabzadə, Kamal Mirbağırov kimi müəllimlərlə də ünsiyyətim var idi. Bəzən çox uzun çəkən şam süfrəsindən sonra bu cavan müəllimlərimlə, poeziya barəsində söhbətlərimiz mənim üçün xüsusilə maraqlı olurdu. O zaman Məmməd Arif mənə rus ədəbiyyatından, Feyzulla Qasımzadə XIX əsr Azərbaycan ədəbiyyatından, Cəfər Xəndan çağdaş ədəbi prosesdən, Mir Cəlal müəllim isə ədəbiyyat nəzəriyyəsindən aspiranturada qalmağı məsləhət görmüş, hər kəs ayrılıqda elmi rəhbər kimi məni qanadları altına almaq istədiyini bildirmişdi. Mən bu böyük alimlərin etimadını çox yüksək tutur, bu barədə heç kəsə bir söz demir, mümkün qədər çox çalışır, vaxtı və məqamı gözləyirdim. Lakin çox qəribə olsa da, bu cür nüfuzlu xeyirxahlarımın çalışdığı doğma universitetin aspiranturasına daxil olmaq cəhdlərim boşa çıxdı.

 

3 İL ASPİRANTURAYA QƏBUL İMTAHANI VERMƏYƏ MƏCBUR OLDUM.

 

Fərqlənmə diplomuma, digər qəbul imtahanlarından “əla” qiymət almağıma baxmayaraq, yenə də o “gözəgörünməz” idarənin təsirilə “marksizm-leninizmin əsasları” fənnindən, yaxud da rus dilindən “yaxşı” qiymət aldığım üçün rəqiblərimə “çata bilmir”, aspiranturadan kənarda qalırdım. Yalnız 1957-ci ildə Stalin repressiyasının buzu əriyəndən sonra, atamla əlaqədar Ali Məhkəmədən bəraətnamə alıb notariusda təsdiq edilmiş surətini “iş”imin arasına qoyandan sonra həmin idarə məndən əl çəkdi. Mən üçüncü cəhdimdə bütün imtahanlardan yüksək qiymət alıb aspiranturaya qəbul olundum və unudulmaz müəllimim Cəfər Xəndanın rəhbərliyi altında F.Köçərlinin yaradıcılıq yolu haqqında tədqiqat işinə başladım”.

Akademik uzun müddət çox gərgin bir rejimlə yaşamaq və fərqli sahələrdə çalışmaq məcburiyyətində qaldığını dilə gətirdi: “Mən 1942-44-cü illərdə Ağdaşda ayaqqabıtikən usta yanında şagird, Barama toxum zavodunda fəhlə, 1945-47-ci illərdə Ağdaş rayon yerli radio verilişləri redaksiyasında diktor, 1947-49-cu illərdə Ağdaş şəhərindəki 3 nömrəli yeddiillik məktəbdə, Yeniarx kəndindəki natamam orta məktəbdə, 1951-53-də Bayıldakı 55 nömrəli fəhlə-gənclər orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1954-56-cı illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında məsul katib müavini, ədəbi işçi, 1958-59-cu illərdə “İnşaatçı” qəzetinin redaksiyasında tərcüməçi, 1959-61-ci illərdə “Kommunist” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, 1962-64-cü illərdə Bakıdakı 3 nömrəli Tibb Texnikumunda ədəbiyyat müəllimi, 1961-71-ci illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri, 1971-87-ci illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru işləmişəm. Universitetdə tələbə ikən maddi ehtiyaclarım çox olduğundan, onları ödəmək üçün oxumaqla yanaşı, həm də işləyirdim. O zaman Stalin rayonunda (indiki Səbail rayonu) fəhlə-gənclər məktəbində ədəbiyyat dərsləri demişəm. Aspiranturada əyani oxuduğum illərdə isə imkan dairəsində dərslərimə davam edir, “Kommunist” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışır, xüsusi ehtiyac olduqda bir jurnalist kimi redaksiyanın tapşırıqlarını yerinə yetirmək üçün ezamiyyətlərə də gedirdim. Ağdaş, Qəbələ (o zaman Qutqaşen), Zaqatala, Tovuz və başqa rayonlara ezamiyyətlərimdən gətirdiyim materiallar qəzetdə xüsusi səhifələr kimi dərc edilirdi. “Kommunist” qəzetinin redaksiyası öz daxili qanunları ilə fəaliyyət göstərən spesifik bir idarə idi və orada heç kəsə, hansı səbəbdənsə heç bir güzəşt edilmirdi. Hamı kimi mən də həm özüm qəzet üçün yazırdım, həm də başqa müəlliflərin məqalələrini “təşkil edir”, hazırlayırdım. Mən aspirantura vaxtımın qurtarmasına bir neçə ay qalmış dissertasiyanı bitirib öz elmi rəhbərimə oxudum və onun xeyirxah tövsiyəsilə müzakirəyə təqdim etdim. Müdafiədən sonra Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, vaxtilə universitetdə mühazirələrini dinlədiyim akademik Məmməd Arif Dadaşzadənin məsləhəti ilə redaksiyadakı işimlə vidalaşıb Nizami adına Ədəbiyyat İnstitutuna gəldim. Kiçik elmi işçilikdən başladım. 3 aydan sonra institutun katibi vəzifəsinə təyin olundum. Bu zaman həyatımın ən əlamətdar hadisələrdən biri baş verdi. “Elm” nəşriyyatı “Firudin bəy Köçərli” monoqrafiyasını mərhum ədib və alim, professor Şıxəli Qurbanovun redaktəsi ilə nəşr etdi. Bununla da mənim elmi yaradıcılıq fəaliyyətim geniş ictimaiyyətin diqqət mərkəzinə çıxdı və o vaxtdan indiyədək beləcə davam edir”.

Ailə həyatından, 53 ildən bəri çiyin-çiyinə addımladığı ömür-gün yoldaşı Ədalət xanımla tanışlığından söhbət açan akademik, evləndikdən sonra üzləşdiyi problemlərə də toxundu: “Mənim həyat yoldaşım Ədalət xanım həmkəndlimdir. Hər ikimiz Ağdaş rayonunun Üçqovaq kəndindənik. Mən onu lap çoxdan tanıyıram.

 

GÖZÜMÜ AÇIB DÜNYANI TANIYANDAN ƏDALƏT XANIMI GÖRMÜŞƏM.

 

Belə ki, mən məktəbə gedəndən bir il sonra da Ədalət xanım məktəbə gedib. Biz eyni orta məktəbi bitirmişik. Sonra müxtəlif illərdə ali məktəbdə oxumağa gəlmişik. Hər ikimiz Azərbaycan Dövlət Universitetinə daxil olmuşuq. Universitetdə mən filologiya fakültəsində, o isə biologiya fakültəsində təhsil alıb. Mən ali məktəbi bitirəndən sonra Bakıda qalıb müxtəlif yerlərdə işləmişəm. Ədalət xanım da Bakıda qalaraq, universitetin biologiya fakültəsində müəllimə işləyib. Həmin fakültədə o zamanın görkəmli bioloq alimlərindən biri, akademik Müzəffər Abutalıbov kafedra müdiri idi. O, təhsildə yaxşı nəticələr göstərən tələbələrindən bir neçəsinə universitetdə qalıb işləməyi təklif etmişdi. Həmin tələbələrdən biri də Ədalət xanım idi. Biz tələbəlik illərində, eləcə də ondan sonrakı dövrdə müxtəlif vaxtlarda dəfələrlə görüşməyimizə baxmayaraq, ailə həyatı qurmaq barədə bir-birimizlə söhbət etməmişdik. Bu istək sonralar bir anın içində ortaya çıxdı. Mən aspirantura imtahanlarını verəndə dost-tanış, tələbə yoldaşlarım gəlib nəticə ilə maraqlanırdılar. İmtahan verib aspiranturaya qəbul olunub komissiyadan çıxanda məni qarşılayıb təbrik edən yaxın adamlar içərisində Ədalət xanım da var idi. Bu ailə həyatı qurmaq məsələsi də məhz həmin anlardan etibarən ürəyimdən keçirdi. Bundan sonra aramızda sırf təsadüfi bir görüş də oldu. Məhz həmin görüşdə bu məsələ açıldı. Təsadüfi görüş isə bu cür olmuşdu: Mən bir dəfə Bakı meriyasının qarşısında, səkinin üstünə qəzet salıb, çox yorğun halda oturmuşdum. Bu günə kimi də mənə məlum deyil ki, ətrafda park və skamya ola-ola nəyə görə mən oturmaq üçün məhz oranı seçmişdim.

 

BƏLKƏ DƏ BU, TALEYİN İŞİ İDİ...

 

Həmin vaxt Ədalət xanım da işdən çıxaraq, meriyanın yanından keçib, bir neçə rəfiqəsi ilə birgə İçərişəhərdə kirayə qaldıqları mənzilə gedirmiş. Təsadüfən onu gördüm və salamlaşdıq. Bundan sonra söhbət edə-edə onu mənzilinə kimi ötürdüm. Bu görüş bizim gələcək ailə həyatımızın bünövrəsini qoydu. Həmin gündən başladı və bu gün də davam edir. Onu da xatırladım ki, Ədalət xanımla heç bir qohumluq əlaqələrimiz olmayıb. Sadəcə hər ikimiz eyni kəndin sakinləri idik. Amma onlar bizi, mən də onların ailəsini çox yaxşı tanımışıq. Aspiranturaya daxil olandan sonra rəhmətlik anam Seyid Zəhra və böyük qardaşım Həmid tez-tez mənə evlənmək vaxtımın çatdığı barədə söz eşitdirirdilər. Ədalət xanımla son görüşümüzdən sonra mən anama və qardaşıma bildirdim ki, kəndimizdəki filan ailəyə elçi gedə bilərsiniz. Onlar mənim bu qərarımdan sevindilər. Ailə həyatı qurmaq üçün seçdiyim qızı – Ədalət xanımı da bəyəndilər. Biz ailə həyatı qurandan sonra Bakıya gəlib uzun müddət burada kirayə mənzildə yaşamalı olduq”.

Ailədaxili münasibətlərdən danışan Bəkir müəllim 53 illik evlilik həyatında böyük narazılığa səbəb ola biləcək hər hansı hadisə ilə qarşılaşmadığını qeyd etdi: “Desəm ki, mənim ailəm tam nümunəvi ailədir, bu, təvazökarlıqdan uzaq olar. Yəqin ki, bizdən də nümunəvi ailələr var və olacaq da. Ancaq hər halda, ailəmiz mehribanlıq, diqqət, qayğı və bir-birinə həssas münasibətlər üzərində qurulub, bu ənənələr bu gün də yaşayır. Ailədaxili münasibətlərə gəlincə, ola bilər ki, qayınana və qayınatadan ayrı yaşayasan, amma münasibətlər baş tutmasın. Yaxud da ola bilər ki, bir yerdə yaşayasan çox əla, ideal münasibətlər qura biləsən. Mənim bu yaşımda gəldiyim nəticə bundan ibarətdir ki, bütün bunlar cavanların ailə həyatına az və ya çox dərəcədə təsir göstərən amillərdir. Lakin belə hallar heç zaman həlledici rol oynaya bilməz. Hər ikimiz, yəni Ədalət xanımla mən ailələrimizdən çox uzaqda yaşamağımıza baxmayaraq, hər birimiz hər iki ailə üçün əziz, arzuedilən, ürəyəyatan adamlar olmuşuq. Hazırda nə Ədalət xanımın, nə də mənim qayınata və qayınanamız var. Biz özümüz artıq çoxdan qayınata və qayınana olmuşuq. İndi də bu mehribançılıq ənənəsi davam etməkdədir.

 

AİLƏ CANLI BİR MEXANİZMƏ BƏNZƏYİR.

 

Bütün mexanizmlər kimi, işlək olanda onda haradasa görürsən ki, işləyə-işləyə, təkmilləşə-təkmilləşə hansısa ehtiyat hissəsi nazilir, gərginliyə dözməyərək, müəyyən reaksiya verir. İnsan münasibətləri də belədir. Mən ailə həyatında baş verənləri narazılıq adlandırmazdım. Yəni birinin dediyi bir söz, ehtiyatsız bir ifadə gərgin məqamda tərəf-müqabili gözlənildiyindən bir qədər çox təsirləndirə bilər. Ədalət xanımla mənim münasibətlərimdə bundan o tərəfə gedən münasibət görməmişəm. Məni yaxşı tanıyan, ona münasibətimi də əla bilən Ədalət xanım hər hansı təsadüfi sözlə münasibətlərimizə xələl gətirməyib və indi də belədir. Elə mən də bu cürəm. Biz dünən yaxud da srağagün görüşən insanlar deyilik ki, hər hansı bir ötəri replikadan inciyək. Biz övladlarımızın, nəvələrimizin, nəticələrimizin bir-birimizə təkrar-təkrar qovuşdurduğu adamlarıq.

 

53 İLDİR EVLİYİK, BİR OĞLUMUZ, BİR QIZIMIZ, BEŞ NƏVƏMİZ VƏ İKİ NƏTİCƏMİZ VAR.

 

Övladlarımdan oğlum Sadıq Nəbiyev 3 ali məktəb – Bakı Dövlət Universitetinin tarix fakültəsini, keçmiş Ali Partiya Məktəbini və Təfəkkür Universitetinin hüquq fakültəsini bitirib. Qızım Leyla Nəbiyeva (indi İmanovadır) Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Həkimdir, tibb elmləri namizədidir. Övladlarımın hər ikisi sevib seçdiyi insanla ailə həyatı qurub. Təbii ki, bu zaman valideynlərin də xeyir-duası olub. Nəvələrimin dördü ali təhsillidir. Sonbeşik nəvəm Bəkir isə hazırda Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alır”.

Söhbətimizin yekununda akademik Bəkir Nəbiyev gənclərə, yeni ailə həyatı quranlara arzularını dilə gətirdi: “Sədaqət, məhəbbət və başqa bu kimi sözlər çox gözəl anlayış və duyğular ifadə edir. Bunların əsasında ailə qurulur. Ancaq ailənin qorunması və ömür boyu davam etməsi üçün göz-könül toxluğu çox mühüm şərtdir. Çünki ailənin bol ruzisi də oëa biëər, yəni sanki Aëëah ruzini onun başından tökər. Bu haëda aiëədə firavanëıq oëması bəëkə də asandır. Amma oëa biëər ki, aiëə gündəëik xərcini də çox çətinëikëə çıxara biësin. Əgər aiëə üzvëərinin gözü-könëü tox oëarsa, çətinëikëə qazanıëan azacıq gəëirə də qane oëarëarsa, həmin aiëədə xoşbəxtëik hökm sürər. Mən bütün gəncëərə gözəë aiëə, bütün aiëəëərə də xoşbəxtëik arzuëayıram”.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2010.- 12 noyabr.- S.6.