Hörültü

 

Yaxından tanıdığım həmkarım yaradıcılığı boyu yazdığı cızma-qaralara görə təkcə “Qızıl qələm” deyil, onlarla başqa-başqa, dürlü-dürlü mükafatlar almışdı. Yeri gələndə özünü bu peşədəki beş adamdan biri hesab edirdi. Mükafatları da o qədər çox idi ki, saymaqla qurtarmırdı. Ömrünün şirin çağlarını yaxşı-pis yaşamışdı. Başında olub-qalan saçının xeyli hissəsini də zamanın küləyinə verərək ağartmışdı. Aralıdan baxanda cavan görünsə də, yaxından diqqət yetirəndə yaşlı kişiyə oxşayırdı. Boy-buxunu, insafən, yerindəydi. Bu görkəmdə ona 55 yaş vermək olardı. Əslində isə 45-i yenicə haqlamışdı. Bir az əsəbi, bir az da uzunçu idi. Ağlına nə gəldi, fikirləşmədən, ölçüb-biçmədən danışırdı, yazırdı. Elə bil zalım oğlunun boğazında filtri-zadı yox idi. Barmaqlarının arasına qələm, əlinin altına vərəq keçdimi, vəssalam. Kağızı axıra qədər doldurmayınca ondan əlini çəkmirdi. Elə hey yazır, yazır, yazırdı. Redaksiyada keçirilən “letuçkalarda, iclaslarda dil boğaza qoymurdu. Hörüldəyə-hörüldəyə aramsız danışırdı. Başqalarına ağzını açmağa da imkan vermirdi.

Tələbə yoldaşlarından biri danışırdı ki, həmkarım elə jurnalistikanı da beləcə, hörüldəyə-hörüldəyə bitirib. Fakültədə ondan möhkəm gülən, danışan hörüldəyən yox imiş. Səs-küyündən hörültüsündən bilirmişlər ki, gələn odur. Ona görə çox fikir vermirmişlər, xətrinə dəymirmişlər. Deyirmişlər, qoy qədər hörüldəyir hörüldəsin. Bir neçə dəfə tələbəlik həyatından məqalə hazırlasa da, zəif olduğuna görə universitet qəzetində çap etməmişdilər, əlyazmasını zibil vedrəsinə tullamışdılar. Yoldaşlığı, dostluğu da bir şey deyildi. Heç kimə uyuşa bilmirdi. Heç kimlə oturub çörək kəsmirdi, yoldaşlıq eləmirdi. isə itirmiş kimi, elə hey başını aşağı salıb axtarırdı. Hey nəsə donquldanırdı, nəsə hörüldəyirdi. Niyə hörüldəyirdi, deyib hörüldəyirdi, heç kim bilmirdi.

İllər keçsə , qələmində, xarakterində, eləcə başqa işlərində bir dəyişiklik yox idi. Əvvəlkilər kimi, indi yazdıqları da beş quruşa dəymirdi. Amma özünə heyran idi. Ona elə gəlirdi ki, dünyanın ən məşhur publisistidi, ənbərkgedənjurnalistidi. Yeri düşdükcə deyirdi ki, mənim güclü publisistikam, fələsəfi fikirlərim dəyərli fikirlərim var. Qulaq asanlar o qədər məhəl qoymurdular, deyirdilər, əşşi yenə başladı bu, qoy qədər hörüldəyir, hörüldəsin. Əslində isə onun yazdıqları publisistikadan çox-çox uzaq olan əndrəbadi sözlərdən, ifadələrdən ibarət, başı-ayağı və mənası bilinməyən, əlaqəsiz, məntiqsiz əyri-üyrü, çolaq-molaq cümlələr idi. İndiyə qədər nələrdən yazmamışdı? Vaxtilə tarla qəhrəmanlarının həyatından bəhs edən “oçerkləri”, üzüm bağlarından, tütün plantasiyalarından yazdığı və qəzetlərdə çıxmış “reportajları” şəxsi arxivində möhkəm-möhkəm qoruyub saxlayırdı. Jurnalistikaya aid olan kitablara evdə keşik çəkirdi. Oçerk, reportajbaşqa nələrsə yazmaq istəyəndə həmin janrlar haqqında təzədən oxuyub, sonra yazırdı. Çalışırdı ki, oxuduqlarının tələblərindən azca da olsa kənara çıxmasın, xətti keçməsin. Ona görə də bütün yazdıqları quru, mənasız və məntiqsiz bir şey idi. O elə standart yazırdı ki, oçerkdəki qəhrəmanın adını dəyişib, kimin adını istəsən, ora sala bilərdin. Yazıda heç bir şey dəyişməyəcəkdi. Belə cansıxıcı yazıları bəlkə də heç kim oxumurdu. Di gəl ki, özü bu quru, üzücü yazılardan zövq alırdı, qürur hissi keçirirdi, fəxr edirdi, öyünürdü. Adətən, bu hisslərin hamısını hörültüylə ifadə edirdi. Hörüldəyə-hörüldəyə çox şeylərdən məhrum olduğunu anlaya bilməmişdi. Yaşanmış və arxada qalmış illər ərzində onun qələmi əsas mövzulardan yan keçmişdi. Heç vaxt Vətənin gerçək dərdlərindən, ağrı-acılarından məqalə-filan yazmamışdı. Dünyanı sarsıdan 20 Yanvar və Xocalı faciələrindən bir sətir də olsun qələmə almamışdı. Daha doğrusu, yaza bilməmişdi. Amma dildə özünü çox vətənpərvər göstərirdi. Yaxından tanımayanlar onu Vətəni çox sevən bir insan olduğunu düşünürdülər. Əslində isə onun nə ürəyinin içində, nə də həndəvərində torpaq, el sevgisindən bir əsər-əlamət gözə dəymirdi. Bu da əksəriyyətə gün kimi aydın idi. Ancaq onun nə vecinə, elə hörüldəməyində idi. Ötən günləri yad etmək üçün vaxtaşırı illərdən bəri saxladığı qəzetləri qabağına töküb baxır, əllərini sinəsində çarpazlayıb, başını buladıqca bulayır, qürrələnirdi. Belə anlarda hərdən hörüldəməyi də unutmur, o məqamlarda burun pərdələri lap geniş açılırdı. Gözləri “Qızıl qələm”in vəsiqəsinə, eləcə də başqa mükafatlarına sataşanda oturduğu yerə sığışmırdı. Amma yadına haqqında yaza bilmədiyi müharibə, vətənpərvərlik və başqa mövzular düşəndə istər-istəməz büzüşür, çiyinləri yavaş-yavaş yığılırdı. Tez qayıdıb dinməzcə yerində otururdu. İş burasındaydı ki, son vaxtlar onun qələmindən çıxan yazıların üzünə redaksiyalarda baxmaq istəyən belə yox idi. Əndrəbadi sözlərdən, əyri-üyrü cümlələrdən ibarət olan yazıları hansı qəzetə aparırdısa: “İndi bunların vaxtı deyil”, – deyərək, ya geri qaytarırdılar, ya da özü gedəndən sonra büküb zibil vedrəsinə atırdılar. Heç yerdə oxumaq istəmirdilər bu sicilləmələri, heç yerdə çap etmirdilər bu cızma-qaraları. İnsafən, demək lazımdır ki, özü də hərdən qəzet alıb oxuyurdu. Və görürdü ki, deyəsən, doğrudan da, qəzetlərin mövzusu dəyişib. Bir az da düşüncəsini zora salanda başında belə bir fikir dolaşmağa başladı; indi qeyrət vaxtıdır, əsgərlərimizin igidliyindən, şücaətindən, qəhrəmanlığından, bir sözlə, millətin dərd-sərindən yazmaq lazımdır. Bu məqsədlə xeyli oturub düşündü. Nə qədər düşünsə də, daşınsa da, başına bundan sərrast fikir gəlmədi. Bir az hörüldədi, bir azca fınxırdı, axırda cürətlənib masa arxasına keçdi. Əlinə qələm alıb fikir dəryasına qərq oldu. Amma bu dəryada çox üzə bilmədi. Nədənsə yenə də gözlərinin qarşısında ötən günlər canlanmağa başladı. Köhnə ifadələr zehninə hakim kəsildi, düşüncəsi buxovlandı. Ha çalışdı ki, ötənləri, keçənləri yazmasın, günümüzə, ətrafda baş verənlərə baxsın, “canım cəhənnəmə” deyərək, eyvana çıxıb bir neçə siqaretikorlasa da”, xeyri olmadı. Jurnalistikaya aid kifli-tozlu kitabları yenidən vərəqlədisə də, bir nəticə ala bilmədi. Arada özünü “xərcə salıb” aldığı, şəhidlər, Qarabağ, qaçqınlar mövzusunda olan kitablara da göz gəzdirdi, bu məqamda sanki bir az kədərləndi, elə bil kövrəldi. Qarşısındakı kağıza “Millət, Vətən, Qarabağ müharibəsi...” sözlərini yazdı və elə həmin dəqiqə də başladı sevinməyə. Fikirləşdi ki, deməli, nə isə alınır. Amma bu sevincli anlar çox çəkmədi. Qəfil diksinib, geri çəkildi, çünki bu sözlərin ardınca tamam başqa kəlmələr yazmışdı – 20 il əvvəl gündə-günaşırı yazdıqlarını: “plan..., öhdəlik..., qabaqcıl..., zərbəçi...” Tez qələmi yerə atıb, ayağa qalxdı. Əvvəlki illərdə yazdıqlarının çap olunduğu, bu illər ərzində qoruyub saxladığı, əzizlədiyi qəzetləri əzib-büzüb bir kənara tulladı. Lap axırda da neçə vaxtdan bəri göz-bəbəyi kimi qoruduğu “Qızıl qələmin vəsiqəsini də, başqa diplom və mükafatlarını da əliylə masanın üstündən sivirib atdı. Bu, nəsə tamam başqa, onun anlamaqda çətinlik çəkdiyi qeyri-adi bir məqam idi və belə bir məqamda nə “güclü” publisistikası, nə “fəlsəfi” fikirləri, nə də “dəyərli” düşüncələri onun köməyinə gələ bildi. Hər yerdən əli üzüldükdən sonra əlac yenə də hörüldəməyə qaldı. Hörüldə ki hörüldəyəsən! Hələ də hörüldəyir...

 

 

Vahid MƏHƏRRƏMOV

 

525-ci qəzet.- 2010.- 19 noyabr.- S.7.