Həyat lövhələri

 

Elçilik

 

Məktəbin “gülər üzü” sayılan Ramazan müəllimin son vaxtlar nədənsə üzü gülmürdü. Həmişə deyib-gülən, səsi məktəbi başına götürən, hay-küylü, şit hərəkətləri, zarafatları ilə çoxlarının zəhləsini tökən Ramazan müəllimdən əsər-əlamət qalmamışdı. O, müəllimlər otağının bir küncünə sıxılıb elə bil hər şeydən təcrid olunmuşdu. Həmkarlarının: “ay Ramazan müəllim, nə olub axı?”-sualına “heç nə” cavabından başqa bir söz demirdi.Müəllimlərdən biri indiyə qədər heç kimin ağlına gəlməyən versiya atdı ortalığa. “Ə, bəlkə Ramazan vurulub?” Elə o dəqiqə də bu versiyanı sınaqdan keçirdilər. Müəllimlər üçün təəccüblü görünsə də Ramazan müəllim eşqə düşdüyünü etiraf etdi. Məlum oldu ki, kəndin ən nüfuzlu şəxslərindən olan Hacı Salehin qızını istəyir.

Hacı Salehin qızını Ramazan müəllimə verəcəyinə inamları olmasa da yeyib-içmək həvəskarları işi uzatmağı Ramazana məsləhət bilmədilər. Elə bu gün məsələni həll etmək üçün elçi getmək təklifini irəli sürdülər və direktor başda olmaq şərtilə qalstuklu, şlyapalı müəllimlərdən dördünü seçdilər.

– Ramazan müəllim, bu işin məsuliyyətini yəqin ki, dərk eliyirsən, elçilik çox qəliz məsələdir, bilmirsən səni necə qarşılayacaqlar, özü də Hacı Saleh kimi adam. Odur ki, bir balaca yeyib-içsək danışanda da ürəkli danışarıq.

Ramazan müəllim yaxındakı kafelərin birində elçi gedənlərə əməlli-başlı qonaqlıq verdi. Elçilər “Allah, Məhəmməd ya Əli !” deyib maşını Hacı Salehin evinə tərəf sürdülər. Maşın Hacı Salehin darvazası qabağında dayandı. Müəllimlər direktora hələlik maşında qalmağı məsləhət bildilər:

– Bilirsiniz, Hacı Saleh bir az özündən razı, qəliz adamdır, birdən artıq-əskik söz deyər, elə sözləri eşitməsəniz yaxşıdır. Biz gedək, əgər söhbətimiz baş tutsa sizi çağırarıq.

Direktor məsləhətə qulaq asıb maşından düşmədi. Müəllimlər Hacı Salehin darvazasını döydülər. Müəllimləri içəri dəvət etdilər. Müəllimləri salamlayan Hacı Salehin üzündə təlaş olsa da özünü səmimi aparmağa çalışırdı. Müəllimlər mətləbi uzatmadılar, gəlişlərinin məqsədini bildirdilər.

Hacı Saleh:

– Qızın bu işdən xəbəri var? – soruşdu

– Əlbəttə, qızın razılığı olmasa bizi bu qapıya göndərməzdilər.

Hacı Saleh qızını çağırtdırdı:

– Qızım, sən Ramazan müəllimi tanıyırsan?

– Hansı, o gic Ramazanı?

– Cavabınızı aldınız? Necə gəlmisiniz elə də çıxın gedin, mənim gicə verməyə qızım yoxdu.

Müəllimlərin belə tez çıxması direktora işin nə yerdə olduğundan xəbər verirdi.

Müəllimlər bu xəbəri mümkün qədər yumşaq formada Ramazan müəllimə çatdırmaq qərarına gəldilər. Hələ ümidin itirilmədiyini bildirdilər və yeni planlar qurmağa başladılar.

– Mən yeganə çıxış yolunu qızı qaçırmaqda görürəm – müəllimlərdən biri dilləndi.

– Ağıllı fikirdir, bu, həm də Hacı Salehə dərs, qapıya gələn elçilərin ələ salınmasına cavab olardı – başqa bir müəllim təsdiqlədi.

– Yaxşı, bu işin təşkilini necə təsəvvür edirsiniz? – direktor soruşdu.

– İnstituta gələndə, ya da institutdan çıxanda yaxalamaq lazımdır qızı.

– Hacı Salehin qızını maşınla aparırlar, maşınla da gətirirlər.

– Ə, nə olsun, şofer tək, biz dörd nəfərik, bir qıza da gücümüz çatmayacaq?

– Hə, Ramazan müəllim, nə deyirsən, başlayaq əməliyyata, ya yox?

– Nə deyirəm, necə məsləhətdir.

– Onda bir şey təşkil elə, əməliyyat məsuliyyətli işdir, heç olmasa bir az vuraq, özümüzə gələk.

Ramazan müəllim əməliyyatın məsuliyyətinə layiq bir qonaqlıq təşkil elədi. Məclisin sonuna yaxın müəllimlərdən biri:

– Bax, qardaşlar, halallıq olsun deyə biz hər şeyi Ramazan müəllimə açıq deməliyik. Axı şikayət olsa, qız qaçırmaq üçün yeddi – səkkiz il türmə gözlənilir.

– Olsun də, zato prinsipimizi yerinə yetirərik – kimsə dilləndi.

Türmə sözünü eşidən Ramazan müəllimin rəngi qaçdı:

– Hörmətli həmkarlarım, son günlər sizə yaman zəhmət verdim, həyəcanlı dəqiqələr yaşadınız. İcazə verin mən bir az fikirləşim, siz də sakitləşin, sonrasına baxarıq.

– Əlbəttə, Ramazan müəllim, qərar sənindir, biz sənin qərarına hörmət etməliyik – müəllimlər sevincək razılaşdılar.

Bu hadisədən iki həftə keçmişdi. Ramazan müəllim şən əhval – ruhiyyə ilə qalstuklu, şlyapalı müəllimlərə yaxınlaşıb:

– Hazırlaşın elçi gedirsiniz.

– Hara, kimə, ay Ramazan müəllim?

– Bizə. Bir qohumum var, yaxşı qızdır, ürəyimə yatır, atası ilə bizdə qonaqdır. Elə məqamdır. Məsələni həll edək.

Elçilikdən düz qırx gün – qırx gecə... Sonra Ramazan müəllim toy elədi, evləndi.

 

ƏKS ÜNVAN

  

– Arif müəllim, salam! Bircə dəqiqəlik vaxtınızı alacam.

– Səkinə xanım, vaxtımı nə qədər istəyirsən, al, amma canımı alma.

– S vami ne soskuçişsya, Arif müəllim. Ya k vam po seryoznomu voprosu, a vı hər şeyi zarafata çevirirsiniz.

– Yaxşı, qulağım səndədir.

– Mənə qulağınız lazım deyil, diqqətiniz məndə olsun.

Arif müəllimin qaqqanağı kabineti başına götürdü.

– Afərin, Səkinə xanım, hesab oldu bir-bir. İnstitut deyil ey, komediya teatrıdır. Yaxşı diqqətim səndədi.

– Arif müəllim, bu yay tətili gələndə başım şişir.

– Bu fizikanın qanundu, istidən hər şey şişir, soyuqdan qısalır.

– Opyat naçinayetsya. Mən o mənada demirəm. O mənada deyirəm ki, bilmirəm bu tətil günlərini harada, necə keçirim. Elə bil Kislovodskdan başqa dünyada yer yoxdu. İnsan nə qədər eyni sifətləri görər, eyni səsləri eşidər. Bakıdakı qonşularımız Kislovodskda da qonşuluğumuzda olurlar. İnstutumuzun əməkdaşlarının əksəriyyəti oranı zəbt ediblər, bir sizdən başqa. Bir sözlə, elə bil heç yerimi, obstanovkamı dəyişməmişəm, Bakıdayam. Ən dəhşətlisi odur ki, bir də görürsən tumanının balağı yerlə sürünənin biri şəhər parkının bu başından o başına qışqırır: Ciyərin yansın bala, geri qayıt, gəlsəm, səni cıracam. “Və ya: “Yetim qalasan səni, tez gəl də” deyib uşağın başına qapaz ilişdirir. Uşağı vurduğuna görə ona irad tutan rusa: “Cəhənnəm ol, indi Allahın alkaş rusu mənə ağıl öyrədəcək” – təpinti gəlir. İndi döz görüm, bu səhnələrə, istirahətə gələn şəxs.

Odur ki, qəti qərara gəlmişəm və həyat yoldaşımın da razılığını almışam. Bu il başqa yerdə, özü də tək istirahət edəcəm. Sizin bu işdə təcrübəniz böyükdür. Bilirəm ki, hər il istirahənizi Yaltada keçirirsiniz. Yeri gəlmişkən, Arif müəllim, eyni yerdə istirahət etmək sizi darıxdırmır?

– Səkinə xanım, bu, o adamın özündən asılıdır. Neçə illər Yaltaya getsəm də hər dəfə özüm üçün yeniliklər tapıram. Ora mənim üçün həmişə maraqlı yerdir.

– Bax, elə ona görə də, Arif müəllim Sizin yanınıza gəlmişəm məsləhət üçün. Mən də bu il Yaltaya getmək, orada istirahət etmək istəyirəm. Bilirəm ki, siz o yerlərə yaxşı bələdsiniz,orada dostlarınız, tanışlarınız çoxdur. Onu da bilirəm ki, orada putyovka, yaxşı mənzil tapmaq da problemdir. Amma Sizin üçün yox.

– Sanatoriyaya putyovka almaq mənim üçün çətin deyil, amma nə vaxt gələcəyini dəqiq bilməliyəm. Orası da var ki, mən əvvəlcə 7-8 günlük Moskvaya getməliyəm, ordan da Yaltaya. Odur ki, nə vaxt gələcəyini mənə xəbər vermək üçün gərək iki məktub yazasan, birini Moskvaya, o birini də Yaltaya. ?nvallar da belədir: Moskva, K-9, Qlavteleqraf, “Do vostrebovaniya”. Yalta, Qlavpoçta, “Do vostrebovaniya”. Adımı, familyamı, atamın adını bilirsən.

Arif müəllim Moskvada bir həftə qalandan sonra Yaltaya gəlmişdi. Moskvada olarkən Qlavteleqrafa bir neçə dəfə baş çəkmişdi. Səkinə xanımdan məktub gəlməmişdi. O, Yaltaya gələndən bir neçə gün sonra Səkinə xanımdan qısa və çox səmimi bir məktub almışdı: “Əzizim Arif müəllim, şərtləşdiyimiz kimi Yaltaya gələcəyim günü bildirmək üçün bu məktubu iki nüsxədə (biri Moskvaya; o biri Yaltaya) Sizə göndərirəm. Görüşənədək. Sizin Səkinə xanım”. Məktubdakı “Əzizim”, “Sizin” sözləri Arif müəllimi narahat etsə də, məktubun Səkinə xanım tərəfindən yazıldığını nəzərə alaraq çox “dərinə” getmədi.

Səkinə xanım Yaltaya çatdığı gün Arif müəllim ən yaxşı sanatoriyalardan birinə putyovka ala bilmişdi. Arif müəllim Səkinə xanımın sanatoriya məsələsini həll etdikdən sonra onlar xudafizləşmiş, sonra cəmi bir dəfə təsadüfən dənizkənarı parkda rastlaşmış, ayaqüstü hal-əhval tutduqdan sonra ayrılmışdılar.

İstirahətdən qayıdan Səkinə xanım çox şən, gümrah görünürdü. O, işə çıxan kimi Arif müəllimə baş çəkmiş, ona minnətdarlığını bildirmişdi.

– İnanın, Arif müəllim, ilk dəfədir, hiss edirəm ki, istirahətdən gəlmişəm. Allah sizə uzun ömür, can sağlığı versin. Siz insanlara lazımsınız.

İş günü deyildi. Arif müəllim dənizkənarı parka getməyə hazırlaşırdı. Telefona zəng gəldi:

– Arif müəllim, salam, məni Əliş müəllim göndərib ki, sizi onun bağına aparım.

– Bəs niyə özü zəng eləmir?

– Yəqin maşın göndərməyi zəngdən vacib sayır. Beş dəqiqəyə sizin evin qabağındayam.

Əliş müəllimin bağı Bilgəhdə idi.

Arif müəllim Əliş müəllimin sürücüsünü görməmişdi.

– Siz Əliş müəllimin sürücüsünüz?

– Xeyr. Mən onun yaxın tanışıyam.

– Nə münasibətlə bu gün Əliş müəllim bizi yığır bir yerə?

– O, hər şənbə dostları ilə birgə olur, yeyib – içməyə bir bəhanə axtarır.

Bilgəhə az qalmışdı. Sürücü maşını yoldan xeyli aralı sürüb saxladı.

– Olar, bir siqaret yandırım?

– Buyurun.

Sürücü çox həyəcanlı görünürdü. O, siqareti əsən barmaqları arasında saxlaya bilmirdi.

– Bilirsiniz mən kiməm? – əsəbi halda siqareti tulladı.

– Xeyr.

– Mən Səkinə xanımın əriyəm. O, sizinlə birlikdə Yaltada istirahət edib.

– Birlikdə yox, bir şəhərdə. Mən sizin halınızı başa düşürəm, amma məsləhət bilirəm ki, tələsik nəticə çıxarmayasınız, mən hər şeyə aydınlıq gətirməyə hazıram. Siz hardan bildiniz ki, mən Səkinə xanımla Yaltada olmuşam.

– Onun mətləbə nə dəxli var?

– Var. Mən əminəm ki, bunu Səkinə xanım Yaltadan gələn kimi özü deyib, hər şeyi olduğu kimi sizə danışıb.

– Bəli, elədir, o, istirahətdən qayıdan kimi hər şeyi mənə danışdı.

– Bəs elə isə, niyə bunları biləndən on gün sonra məni yaxalamısınız?

– Buna səbəb onun sizə Moskvaya yazdığı məktubdur. Siz Moskvanı tez tərk eləmisiniz, odur ki, məktub Sizə çatmayıb. O, məktub bir ay Moskvada qaldıqdan sonra əks adreslə evimizə qayıdıb. Məktubdan eşq – məhəbbət yağır. “Əzizim”, “Sizin Səkinə xanım”. O, nə vaxtdan Sizin Səkinə xanımınızdır, Arif müəllim.

– Hə, indi hər şey aydındır. Adınızı da bilmirəm.

– Biqeyrət kişinin adını bilməsəniz yaxşıdır.

– Nə özünüzü, nə də Səkinə xanımı ittiham etməyə haqqınız yoxdur. Səkinə xanımın başqa fikiri olsaydı, o, məktuba əks ünvan yazmazdı, Yaltada məni gördüyünü belə gizlədərdi. İndi mən hər şeyi olduğu kimi danışım, Səkinə xanımın dediklərilə tutuşdurun, görəcəksiniz ki,.. amma fikirləşə bilərsiniz ki, biz nə cür danışmağı şərtləşmişik. Odur ki, məsələhətim belədir: mənə diqqətlə qulaq as (Arif müəllim, nədənsə, “sən”ə keçdi), sonra nə nəticə çıxararsan, özün bilərsən. Qadınlar var ki, hər oyundan çıxır, amma müəyyən müddət ifşa olunmaqdan qaça bilirlər, çünki, daxili əxlaqsızlığı zahirən ətrafdakılardan gizlədə bilirlər. Onların hərəkətləri kənardan baxanda heç bir şübhə yaratmır, hətta namuslu, həyalı, abırlı qadın imici yarada bilirlər. Onların hər bir hərəkəti yalnız ifşa olunmamaq üzərində qurulub. Onlar ehtiyatlıdırlar, hiyləgərdirlər, yalançıdırlar. Odur ki, belə qadınlar qorxulu insanlardır. Elə qadınlar da var ki, daxilən pak, təmizdirlər. Lakin hərəkətlərində, davranışlarında, danışıqlarında ehtiyatsızdırlar, başqalarının onun haqqında nə deyəcəyi onu maraqlandırmır, o ki, təmizdir, pakdır. Bu da düzgün hərəkət deyil. İnsan cəmiyyətin, ətrafdakıların onun haqqında nə deməsinə biganə qalmamalıdır, onlarla hesablaşmalıdır. İnsanlarda şübhə yaradan davranışlara əhəmiyyət verməməyi mən yersiz sayıram. Sənin Səkinə xanımın ikinci tip qadınlardandır.

 

ƏKS ÜNVAN

 

O, daxilən namuslu, təmiz, pak bir qadındır. Amma bəzi hərəkətləri, davranışı, danışıq manerası mənim də xoşuma gəlmir. Bir də görürsən ki, əməkdaşlarımızdan kiminləsə əl verib görüşür. Əslində burada elə bir qəbahət yoxdur. Amma o, qəbul olunmuş həddi keçir – kişinin əllərini, elə bil, buraxmaq istəmir. Mən Səkinə xanımı yaxşı tanadığımdan, xasiyyətinə bələd olduğumdan buna reaksiya verməyə bilərəm. Bəs ona bələd olmayanlar nə fikirləşərlər? Kiminsə nə fikirləşməyinə yersiz (mən əminəm ki, Səkinə xanım sıxdığı əlin kişi əli olduğu barədə heç fikirləşmir də) bəhanə verməyə nə ehtiyac var. Bir də görürsən, qəh-qəhəsi instutu götürüb başına. Kənardan baxan, onu tanımayan fikirləşər ki, bu vulqar qadını burada niyə saxlayırlar. Əslində isə o, yüksək intellekt sahibi, savadlı, bilikli, instituta lazımlı bir kadrdır. Səkinə xanımı yaxşı tanısam da onun ətrafdakılarla hesablaşmamasını bəyənə bilmirəm. Mənə yazdığı məktublarda “Əzizim”, “Sizin..” sözləri sən bildiyin “Əzizim”, “Sizin..” deyil. Bu sözlər özünə yaxın dostu, iş yoldaşı bildiyi bir insana, bu sözlərin mənasına varmadan deyilən sözlərdir. Belə bir hərəkəti, nə nəticə ola bilər barədə fikirləşməyən Səkinə xanım kimi qadınlar edə bilər.

İndi, əzizim (görürsən mən də qeyri-ixtiyari, Səkinə xanımın işlətdiyi mənada bu sözü işlətdim), sənin iki yolun var: Ya Səkinə xanımın namuslu, qeyrətli həyat yoldaşı olduğunu istisnasız qəbul edib, onun ətrafi ilə hesablaşmayan kaprizlərinə, yersiz saydığın hərəkətlərinə, davranışlarına dözməlisən, ya da... özün bilən yaxşıdır. Bir məsləhətim də odur ki, nəbadə onun hərəkətlərinə, davranışına irad tutasan. Bu, onu yalnız təhqir edər. Qalır dözmək. Bu, ailə qazancı qarşısında elə böyük itki deyil. İndi, bilmirəm, dediklərimdən nə nəticə çıxartdın.

– Arif müəllim, mən sizin haqqınızda çox eşitmişdim. Bu gün isə siz mənə əxlaq dərsi keçdiniz. Mənə məsləhətlər verdiniz. Məni elə bilin yenidən həyata qaytardınız. Mən namusla sevgi arasında qalmışdım. Mən sevgimə görə namusumu itirə bilməzdim. Siz məni xilas etdiniz. Bir daha minnətdaram sizə.

– Görüşümüz barədə Səkinə xanım bilməməlidir.

– Əlbəttə, Arif müəllim. Allah xatirinə məni bağışlayın, Arif müəllim, bu qan qaraldan görüşə görə.

– Mən bu görüşə görə səni qınamıram. Əksinə, bu görüş neçə günlərdir sənə rahatlıq verməyən məsələnin həllinə səbəb oldu. Odur ki, mən görüşdən razı qaldım. Amma belə görüşdən (sonluğu yaxşı qurtarsa da) sonra çətin ki, mən Əliş müəllimin qonaqlığında deyib-gülə bilim. Qonaqlıqda da deyib-gülmədin, bir qəpiyə dəyməz. Odur ki, xahiş edirəm məni “Əzizbəyov” metro stansiyasına çatdır, bulvara gedəsəm.

– Onda elə bulvara aparım də?

– Yox, gecikərsən, Əliş müəllim narahat olar. Əliş müəllimə deyərsən ki, məni evdə tapa bilmədin. Telefonumu da bir müddət söndürəcəm.

– Vallah, yaxşı olmadı, Arif müəllim.

– Əksinə, çox yaxşı alındı. Əsas məsələni həll etdik.

Maşın geriyə döndü. Arif müəllim xəbər tutanda maşın bulvara yaxınlaşırdı.

 

 

Xəlil MƏCİDOĞLU

 

525-ci qəzet.- 2010.- 20 noyabr.- S.26.