Yar başına dolanım...

 

(Hekayə)

 

Gecə yarıdan keçmişdi. Çadır düşərgəsində itlərin tənbəl-tənbəl hürüşməsindən başqa heç bir səs-səmir yox idi. Xaçın çayın qıjıltıyla axan suyunun səsi uzaqdan belə eşidilirdi. Ay gəlin kimi bəzənib aləmə işıq saçırdı. Arada bir İsaq-Musaq quşlarının səsi gəlirdi. Ta qədimdən onlar bir-birini haraylayırdılar. Bax belə gözəl, qəşəng, aylı, ulduzlu, gecənin səssizliyini Sadayın ları xoruzun səsinə oxşayan köntöv pıçıldısı pozmuşdu. Ulu nənəsindən qalmış mütəkkəyə dirsəklənmiş Saday ondan bir qədər aralıda yatmış arvadı Səltənətə deyirdi: az, sən dədəyin goru gəl uzan yanıma, az, heç sənin insafın, mürvətin yoxdur?! Səltənət Sadayın yalvarış dolu sözlərinə məhəl qoymurdu. Yorğana elə bürünmüşdü ki, elə bil Səltənət qarlı-çovğunlu Sibir düzlərində yatmışdı. Saday başını bir qədər də dikəldib Səltənətə dedi:

– Az, niyə maa cavab vermirsən? Dilin batıb, yoxsa kar olmusan?!

Səltənət qəflətən yuxulu-yuxulu Sadayın üzünə çəmkirdi:  – Ə, gejənin bu vədəsində başına at təpib?! Ayrı işin-gücün yoxdur?

Cin Sadayın düz başının ortasına vurdu:

– Az, sarsaq qızı, gejənin bu vədəsində mənim nə ayrı işim olajax, hay?!

Səltənət yenə yuxulu-yuxulu dedi:

– Ə, başın xarab olub, yıxıl yat, indi uşaqlar oyanajaq?!

Sadayın balaca gədəsi elə bil bu sözlərə bəndiydi. Zarıya-zarıya dədəsinə dedi:

– Ay dədə, nə olub, niyə qoymursan bir hovur yataq?!

Sadayın başı əməlli-başlı qızdı və çox qəzəbli səslə balaca gədəyə dedi:

– Ayə, canına azar olub, gözünə vərəm olub, ay qancığın qarnından çıxan, indi də dədəni pusursan?!

Gecənin səssizliyi pozulmuşdu. Səltənət Sadayla balaca gədənin deyişməsinə mane olmağa çalışsa da, bu gərgin vəziyyət deyəsən düzələnə oxşamırdı. Çünki Saday alt paltarında “Türk Qızıl Ay”ın verdiyi çadırın tən ortasında ayaq üstə durmuşdu. Onun üzünə olan balaca gədənin belinə təpiklə vuraraq fısıldayırdı. Tez-tez də deyirdi:

– Qancığın qarnından çıxan küçük, adama göz verib, işıq vermir əəə?!

Səltənət də gecə köynəyində ata-balanı aralamağa çalışırdı və o, biri uşaqlar da hamısı yuxudan oyanmışdılar. Saday üzərində gül şəkilləri olan alt paltarını düz göbəyinin üstünə qədər çəkmişdi və onun bu görkəmi döyüşdə uduzan xoruzun duruşuna daha çox bənzəyirdi. Saday elə alt paltarında da bayıra çıxaraq çadırın qarşısında oturaraq bir siqaret yandırdı. İçəridə isə balaca gədə sakitləşmək bilmirdi. Mənim günahım nədi ey, niyə məni təpikləyirdi? Əlbəttə, balaca gədə hələ öz günahını dərindən bilmirdi.

Sadayın fikri xəyalı bir qədər keçmişə, öz kəndlərinə qayıtmışdı. Hirsi də bir balaca soyumuşdu. Kəndlərindən ötrü burnunun ucu göynəyirdi. Allah vayısın-mərdümazarın evini yıxsın, bizi çöllərə saldılar. Öz-özünə deyinən Sadayın həvəsi qursağında qaldığı üçün özünü yaxşı hiss etmirdi.

Çadıra yenə səssizlik hakim kəsilmişdi. Sadayın yuxusu elə qaçmışdı ki, ona elə gəlirdi ki, bir daha gözləri çimir etməyəcək?!

Saday evləndikləri ilk illəri xatırlayaraq gözlərini lap uzaqlara dikmişdi. Həmin gün kənddə toy var idi. Kəndin cavanları toy mağarında həvəslə, sövqlə rəqs edirdilər. Saday da öz dostları ilə yeyib-içir, deyib-gülür, şənlənirdi. Arağın təsirindən Saday elə bil onun yolunu gözləyən Səltənəti belə unutmuşdu.

Saday öz dostları ilə toyda yeyib-içdikləri zaman onların evinə qonaq gəlmişdi. Atasının dostu olan molla Əli qonşu kənddən yas yerindən qayıdarkən yolunu dostugildən salmışdı. Çay-çörəkdən sonra Sadayın atası molla Əliyə deyib ki, gecə keçir, indən belə gedə bilməzsən, yıxıl yat bizdə. Səhər gedərsən. Bu təklif molla Əlinin ürəyindən xəbər vermişdi. Bərk yorulmuşdu, yuxu gözlərindən tökülürdü. Bunu görən Sadayın atası arvadına bildirdi ki, molla Əlinin yerini təzə bəy hesab olunan oğlunun otağında salsın və gəlin də onların yanında yatar. Kişinin dediyi kimi də oldu. Molla Əli üstünə yorğanı çəkən kimi onu yuxu apardı.

Toyda bəy tərifindən sonra Saday öz evlərinə qədər olan yolda zümzümə edərək xəyalında Səltənəti oxşayırdı. Sadaygilin evi iki otaqdan ibarət idi. Onlardan birində ata-anası yaşayırdı. O biri otaq isə Sadayla Səltənətin ixtiyarında idi.

İt Sadayı tanıyan kimi quyğurunu bulayaraq başını onun ayaqlarına sürtməyə başladı. Saday lap yavaşca öz otaqlarına keçərək şalvarını soyundu. Özünü yorğanın altına verdi. Balışdan Səltənətin toy gecəsində vurduğu ətirin iyi gəlirdi. Saday yavaşca əlini Səltənətin belinə dolayanda molla Əli dik atılaraq qışqırmağa başladı. Saday nə baş verdiyini aydınlaşdıra bilmirdi. Molla Əli isə alt tuman-köynəkdə Sadaygilin darvazasından güllə kimi çıxdı. Molla Əli bismillah deyə-deyə qaçırdı. Saday məsələni başa düşəndə artıq gec idi, molla Əli öz kəndlərinə çatmışdı. Çox gülməli və çox da qəribə bir hadisə baş vermişdi və sonralar kənddə bunu çox adam eşidib qəşş edənə qədər gülmüşdülər... və molla Əlidə elə o vaxtdan bismillah deyə-deyə gəzirdi.

Fikir, xəyal yüklü səhər açıldı. Çadır düşərgəsində həyat yenidən canlandı. Sadayın uşaqları məktəbə yollandılar. Gecə onun üzünə ağ olan balaca gədə düz Sadayın gözlərinin içinə baxaraq bir də soruşdu:

– Gecə məni niyə vururdun hıy, günahım nəydi ki?!

Saday ona cavab verməsə də, dodağının altında “lənət sənə kor şeytan” dedi.

Səltənət çadırın ortasındakı nimdaş yorğan-döşəyi yığışdırırdı. Heç elə bil gecəki hadisə olmamışdı. Arada Sadaya yekə və qalın stəkanda çay da süzüb vermişdi. Çay buğlanırdı. Sadayı isə fikir aparmışdı. Dağı arana, aranı dağa daşısa da, bir tərəfə çıxa bilmirdi. Öz-özünə tez-tez sual verirdi: Səltənət niyə belə eləsin axı? Bəlkə?! Ağlına gələn fikir Sadayın canına bir üşütmə saldı. Ancaq o üşütmə tez də ötüşüb keçdi.

Birdən ayrısına meyl salar, insanı tanımaq çox çətindir. Qadına bel bağlamaq olmaz?! Suallar onun qəlbini didirdi və gecəki əhvalat da onun gümanlarını daha da artırırdı.

Saday çaydan bir qurtum alandan sonra Səltənəti çağırdı. O, da özünü elə göstərməyə başladı ki, heç elə bil gecəki söz-söhbət olmayıb. Saday əlində bir dəstə pul tutmuşdu və onu Səltənətə verərək dedi:

– Dünən çörək pulunu almışam, götür get Bərdə bazarına. Ürəyin nə istəyir al. Səltənət qulaqlarına inanmadı və elə bildi ki, Saday onunla zarafat-zad edir.

– Ə, sən başın, sən o dədəyin qəriblikdə qalan qəbri, məni dolayıb eləmirsən ki?!

Saday çox mülayim və asta səslə dedi:

– Az, yox ey, get özünə nə istəyirsən al!

Səltənət pulu alıb quş kimi uçmağa başladı. Tez güzgünün qabağına keçib saçlarına sığal verdi. Sadayın Bakıdan alıb gətirdiyi ətiri üstünə çiləyib avtobus dayanacağına getdi. Səltənətin quş təki uçmağı Sadayın diqqətindən yayınmadı və onun şübhələrini bir qədər də artırdı. Yəqin ki... Saday daha fikirləşmək həvəsində deyildi.

Çadır qonşusu Kazımı səslədi. Kazımın köhnə bir “İj” markalı “Moskviç”i var idi və zavod buraxan dəmirdən həmin “Moskviç”də heç nə yox idi. Kazım peç dəmirindən qaynaqla “Moskviç”in kuzasına yeni bir görkəm düzəltmişdi və o, “Moskviç”dən dah çox traktora oxşayırdı. Saday Kazıma dedi ki, məni tez bir Bərdəyə çatdır, xalam oğlu Monqolustandan gəlir, onu qarşılayacam. Əlbəttə, Kazım bu sözlərə inandı. Məcburi köçkün düşəndən sonra onlar bir-birini tanıyıb çadır düşərgəsində qonşu olmuşdular. Bir-birinin qohum-əqrabasına dərindən bələdçilikləri yox idi.

Cındırından cin hürkən “Moskviç” zarıya-zarıya, daha doğrusu sürünə-sürünə gedirdi və Kazım damağındakı filtirsiz siqareti saqqız təki çeynəyir və ordan-burdan danışırdı. Kazımhəmin cındırından cin hürkən “Moskviç”inin arxa və yan şüşələrinə “Allah özü qorusun”, “Arxamca baxma”, “Göz dəyməsin”, “Yaman gözə ox batsın” və s. və ilaxır sözlər yazıb yapışdırmışdı. Bir koma üzərriyi isə maşının içindən asmışdı və həmin üzərriyin yanında köhnə bir nal və gözmuncuğu da asılmışdı. Saday bir istədi ki, soruşa ki, ay Kazım, o yaman göz maşının harasına dəyəcək. Soruşmadı.

Saday Bərdə bazarında bir qədər aralıdan Səltənəti izləyirdi. Səltənət isə dükanlara girir, satıcılarla çənə-boğaz olaraq uşaqlarına və Sadaya pal-paltar, corab alırdı. Səltənət qıyıb özünə heç nə ala bilmirdi. Ürəyində özü-özünə təskinlik verirdi:

– Təki, canları sağ olsun, mən birtəhər keçinərəm, qoy onlar yaxşı geyinsinlər.

Təbii ki, Səltənətin düşündüklərindən Sadayın xəbəri yox idi. Ona görə də kipriklərini qırpmadan onu güdürdü.

Səltənətin də mindiyi Sovet hökumətindən qalma sarı rəngli avtobus çadır düşərgəsinə yola düşəndən sonra Sadayın gümanları da sabun köpüyü kimi yox oldu. Kazımı da götürüb Tər-tər çayın yatağındakı pivəxanaya gəldi. Sərin pivə hər ikisinin əhvalını tamamilə dəyişmişdi. Şər qarışan vaxtı Kazımın köhnə, sınıq-salxaq “Moskviç”i çadır düşərgəsinə çatdı.

Saday özünü elə bil günahkar sayırdı. Səltənətdən şübhələndiyi üçün özü-özünü bağışlaya bilmirdi. Ancaq ürəyi buz kimi olmuşdu. Səltənət aldıqlarını Sadaya göstərirdi. Uşaqlara, Sadaya köynək, ayaqqabı, corab alan Səltənət özünə heç nə almamışdı. Bu, Sadayın gözündən yayınmadı və çox asta səslə Səltənətdən soruşdu ki, bəs niyə özünə bir şey almamısan?!

Səltənətdə gülə-gülə dedi ki, mən həmişə çadırda oluram. Uşaqlar məktəbə gedir, sən də küçəyə çıxırsan. Siz yaxşı geyinməlisiniz?! Siz təzə paltar geyinəndə mən çox sevinirəm.

Səltənətin bu sözləri Sadayı lap kövrəltdi. Öz-özünə dedi:

– Gör sən Allah mən səfeh nə düşünürdüm, Səltənət nə düşünürmüş?! Çadırda heç kəs olmadığı üçün Saday Səltənətdən soruşdu:

– Bəs gejə niyə elə elədin?!

Səltənət Sadayın yanında oturaraq ağlamağa başladı. Səltənətin ürəkdən ağlamağı Sadayı əməlli-başlı çaşdırdı. Səltənət elə ağlaya-ağlaya da Sadaya dedi ki, özümlə bacara bilmirəm, o hisslərdən çox uzaqlaşmışam. Elə bil ətim ürpəşir, bədənim buza dönür. Əsirlikdə qalan qız-gəlinlər gözümün qabağına gəlir?! Süngüyə keçirilən körpələr mənə rahatlıq vermir?! Səninlə cavanlığımız keçən o kənddəki evimiz, o dadlı xatirələr ürəyimi çarmıxa çəkir. Kişinin də torpağı işğalda qalarmı?! Torpağı işğalda, qızı-gəlini əsirlikdə qalan kişinin heç nəyə haqqı çatmır, ay Saday, ay sənə qurban olum, ay başına dolanım. Məni qınama, qadan alım, məni pis başa düşmə?

Səltənətin sözləri Sadayın bədənindən güllə təki keçdi. Səltənəti bağrına basaraq alnından öpdü və ürəyində dedi ki, düz deyirsən, ay Səltənət, çox haqlı deyirsən, mənim evim-eşiyim, torpağım, əzizlərimin qəbri işğalda qalıbsa, mən özümə necə kişi deyə bilərəm?! Düz deyirsən... Çox düz deyirsən.

Bu söhbətin üstündən iki gün keçəndən sonra Saday çadır düşərgəsinin yaxınlığından keçən Qarabağ kanalının kənarına gəldi. Paltarını soyunaraq səliqə ilə üst-üstə yığdı, üstünə bir yekə daş qoydu.

 

Bir yaylığım var, gülü özündən,

Yar başına dolanım, öpüm üzündən.

 

Saday bu sözləri də dünən yazaraq döş cibinə qoymuşdu. Saday Qarabağ kanalının sürətlə axan sularında görünməz oldu...

 

 

Salman ALIOĞLU

 

525-ci qəzet.- 2010.- 27 noyabr.- S.30.