Azərbaycan dirijorluq sənətinin İtaliya təntənəsi

 

ƏYYUB QULİYEVİN PARMADA KEÇİRİLƏN ARTURO TOSKANİNİ ADINA BEYNƏLXALQ MÜSABİQƏDƏKİ ÇIXIŞLARI BAŞ MÜKAFATLA – “QRAN PRİ” İLƏ QİYMƏTLƏNDİRİLİB

 

İstedadlı musiqiçi, Azərbaycanda yeni nəslə mənsub ən mahir tanınmış dirijor olan Əyyub Quliyev Avropanın çox nüfuzlu musiqi yarışmalarından birində – Arturo Toskanini adına IX Beynəlxalq Dirijorlar MüsabiqəsindəQran-Pri”yə layiq görülüb. Müsabiqə İtaliyanın Parma şəhərində oktyabrın 5-dən 16-dək keçirilib. İtaliya prezidentinin himayəsilə gerçəkləşən müsabiqə ilk dəfə olaraq, Parmanın “Teatro di ReggioOpera Teatrının təşkil etdiyi nüfuzlu “Verdi-2010” Opera Festivalı ilə birgə düzənlənib. Müsabiqənin əsas təşkilatçıları – Arturo Toskanini Fondu, Cüzeppe Sinopoli Festivalı və Toskanini Filarmonik orkestridir.

 3 mərhələdən ibarət olan müsabiqəyə 35 ölkədən 171 nəfər dirijor müraciət edib və onlardan yalnız 12 nəfəri 1-ci mərhələyə vəsiqə qazanıb. Tələb olunan şərtlərə əsasən, gənc dirijorlar hər mərhələdə Toskanini Filarmonik orkestri ilə Y.Haydn, V.Mosart, L.Bethoven, İ.Brams və S.Prokofyevin müxtəlif irihəcmli simfonik əsərlərini hazırlamaqla bərabər, onları konsertdə ifa etmək bacarıqlarını nümayiş etdiriblər. Müsabiqənin 1-ci mərhələsində iştirak edən Azərbaycan, Amerika, Avstriya, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Rusiya və Serbiya təmsilçisi olan 12 nəfərdən yalnız 4-ü yarımfinala və 2 nəfəri isə finala vəsiqə qazanıb. Oktyabrın 16-da Parmanın məşhur “Paqanini Auditorium” salonunda keçirilən final mərhələsi və bağlanış konsertində çıxış edən Əyyub Quliyev 1-ci yerə layiq görülüb. Keyko Mitsuhaşi (Yaponiya) isə 2-ci yeri tutub. Əyyub Quliyev, eyni zamanda, Cüzeppe Sinopoli Fondunun təsis etdiyi baş mükafatla da təltif olunub. Beləliklə, o, müsabiqə tarixində bu nailiyyətə imza atan ilk Azərbaycan dirijoru olub. Gənc dirijorların çıxışlarını dünya şöhrətli dirijor, professor M.Yurovskinin (Almaniya) sədrliyilə P.Antonini, P.Minardi, L.Ferrari (İtaliya) ve M.Orteqa Püyol (İspaniya) kimi ünlü simaların təmsil olunduqları münsiflər heyəti qiymətləndirib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 22 oktyabr.- S.7.