Mustafa Çəmənlinin Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitabı işıq üzü görüb

 

KİTABIN TƏQDİMATI SENTYABRIN 18-də BİLƏSUVARDA – ŞƏHİD QƏHRƏMANIN DOĞMA KƏNDİNDƏ KEÇİRİLƏCƏK

 

Tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən sənədli povesti işıq üzü görüb. Povestdə müəllif qəhrəmanın iyirmi iki illik ömür yolundan bəhs edib, onun daxili aləmini, həyəcanlarını, mənəvi dünyasında baş verən təbəddülatı, onu daim narahat edən, intiqama səsləyən səbəbləri bədii vasitələrlə göstərməyə çalışıb. Kitabda Mübarizin məktəb illəri, yeniyetməlik xatirələri, ailəsi haqqında məlumatlar və qəhrəmanın fotoları əks olunub.

Mübarizpovesti sözün əsl mənasında gənclərə vətənpərvərlik hissi aşılaya biləcək bir əsərdir. Əsərdə müəllifin öz qəhrəmanından nə qədər təsirləndiyini, bu igid gəncin cəsarətindən gəldiyi heyrəti görmək mümkündür. Müəllifin sözlərinə görə, kitab satışa çıxarılmayıb, yalnız 500 tirajla çap olunub. Ancaq təbii ki, bu kitabın böyük tirajla çap etdirilib məktəblərdə, kitabxanalarda, ordu sıralarında yayılmasına ehtiyac var. Mübarizin qəhrəmanlığını məhz bu yolla təbliğ etmək, cəmiyyətə örnək göstərmək olar. Mustafa Çəmənli kitabın ərsəyə gəlməsi barədə fikirlərini və əsəri yazarkən yaşadığı hissləri bizimlə bölüşdü: “Mən kitabı yazmamışdan əvvəl bir gecə Mübariz yuxuma girdi. Daha sonra Mübariz haqqında kitab yazdığımı, kitabın böyük tirajla yayıldığını yuxuda gördüm. Səhəri gün qərara gəldim ki, yuxumu reallaşdırım. Avqust ayının 15-də, bazar günü səhər tezdən Biləsuvara getdim. Düşündüm ki, oğulu atadan yaxşı kimsə tanıya bilməz. Elə ona görə də mən yalnız onun atası Ağakərim kişi ilə söhbət etdim. Mən onunla söhbət zamanı bir daha anladım ki, həqiqətən də bir insanın əsli-kökü olmasa, daşıdığı qan ona igidliyi təlqin eləməsə, onun igidlik göstərməsi mümkün deyil. Ağakərim kişi vaxtı ilə kənddə aqronom işləyib. Onun özü də zamanında, əsgərlik illərində öz borcunu layiqincə vermiş bir insandır. Mən gördüm ki, o, olduqca dəyanətli, vətəni sevən bir kişidir. Əlbəttə, bu cür atanın oğlu məhz Mübariz kimi qeyrətli, cəsur olmalı idi. Mübariz evlərində bu ruhda böyüdüyü üçün belə bir qəhrəmanlıq göstərib. Mən imkanım daxilində, o şəhid olduğu gecəyə qədər onun necə yetişdiyini yazmağa çalışmışam. Bu yaşa qədər onun ekranlarda, məktəbdə eşidib gördüyü faciələr onda intiqam hissini gücləndirib. Mən bunu çox yaxşı duyduğum üçün bu kitabı sürətlə, 4 günün içərisində yazıb başa çatdırmışam”. Yazıçının fikrincə, artıq Mübariz haqqında əfsanəyə bənzər söhbətlər gəzir, amma o çalışıb ki, öz kitabında süni, qurama detallar olmasın, həqiqət öz əksini tapsın: “Mən Mübariz barədə həqiqəti, əlbəttə ki, bədii dona salaraq yazmışam. Onun həyatını canlandırmışam, dialoqlar vasitəsilə o gecənin həyəcanlarını özümyaşayaraq oxucuya çatdırmağa çalışmışam. Bir faktı qeyd etmək istəyirəm ki, mənim oğlum Mübarizdən yaşca böyükdür. Bu kitabın ilk oxucusu mənim oğlum oldu. Mən ona dedim ki, kitabın təqdimatını Mübarizgilin kəndində, onların həyətində keçirmək istəyirəm, sən də mənimlə get. Oğlum dedi ki, mən o həyətə getməyə utanıram, Mübariz məndən yaşca kiçik idi, amma o cür qəhrəmanlıq göstərərək şəhid olub. Bununla demək istəyirəm ki, kitabın insanlara, xüsusən gənclərimizə təsir gücündən əminliklə danışa bilərəm. Təvazökarlıqdan uzaq səslənsə də, mənə elə gəlir ki, Mübarizin dolğun obrazını yarada bilmişəm və bu kitab geniş yayılmağa layiqdir. Mən burada Mübariz üçün ağı deməmişəm. Onun vətənpərvərlik eşqini göstərməyə çalışmışam. Bu eşq onu şəhidlik zirvəsinə aparıb. Mübarizin şücaəti çox qeyri-adidir, çox qiymətli örnəkdir. Mən bir Azərbaycan yazıçısı, ziyalısı kimi şəhid qəhrəmanımız Mübarizə öz minnətdarlığımı bu kitabı yazmaqla bildirdim. Onu da deyim ki, biz bu kitabdan heç bir təmənna güdmürük. Kitabın nəşrinə “Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsi təmənnasız kömək edib və mən buna görə həmin müəssisənin rəhbəri Bəhruz Axundova dərin minnətdarlığımı bildirirəm” . Qeyd edək ki, Mustafa Çəmənlinin “Mübariz” kitabının təqdimat mərasimi sentiyabrın 18-də Mübariz İbrahimovun doğma kəndində, onun ata ocağında keçiriləcək.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2010.- 15 sentyabr.- S.7.