“Elazığ çələngi”nin təqdimat mərasimi keçirilib

 

Ötən gün M.F.Axundov adına Milli Kitabxananın konfrans zalında “Elazığ çələngi” kitabının təqdimatı gerçəkləşib. Türkiyədəki “Manas” və Azərbaycandakı “Ozan” nəşriyyatının birgə layihəsi olan kitabın tərtibçiləri Şener Bulud (Türkiyə), Asif Rüstəmli (Azərbaycan), sponsoru Şahid Həbibullayevdir. Kitab 300 nüsxə tirajla nəşr edilib. Giriş sözü ilə çıxış edən kitabxananın direktoru Kərim Tahirov tədbirdə iştirak edən qonaqları salamlayıb və kitab haqqında fikirlərini səsləndirib: “Azərbaycan və Türkiyə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafında özünəməxsus rol oynayacaq “Elazığ çələngi” kitabının təqdimatının bu məkanda olması heç də təsadüfi deyil. Çünki iki qardaş ölkə Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq münasibətlərini əks etdirən kitabların, nəşrlərin xeyli hissəsi məhz bu kitabxanada qorunur. Təqdim edilən kitab da həmin nəşrlərin sırasında öz yerini tutacaq”. “Ozan” nəşriyyatının direktoru Asif Rüstəmli kitabın nəşrinin və bu tədbirin önəmindən danışıb: “Qafqaz İslam Ordusu 92 il əvvəl məhz bu gün Bakını azad edib. Biz bu gün həmin döyüşlərdə şəhid olanların xatirəsini bir daha ehtiramla yad etdik. Onu da qeyd edim ki, kitabın adının məhz bu cür qoyulması ideyası 2 il öncə Elazığda keçirilən “Xəzər Şeir Axşamları” poeziya bayramında qəbul olunub”. Sonra Elazığ valisi Muammer Erolun və Elazığ bələdiyyə başkanı Süleyman Salmanoğlunun Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, eləcə də Asif Rüstəmliyə ünvanlanan məktubları oxunub. Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Elazığ ədəbi-mədəni mühiti ilə əlaqələrin Türkiyə-Azərbaycan qardaşlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini, bu münasibətlərin görkəmli şair Almas Yıldırımın adı və fəaliyyətilə bağlı olduğunu vurğulayıb, Elazığla bağlı təəssüratlarını bölüşüb. Qeyd edək ki, çağdaş Elazığ şairlərinin yaradıcılıq antalogiyası olan bu kitab Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinə xidmət göstərmək, azərbaycanlı oxucuları elazığlı yazarların əsərlərilə tanış etmək naminə hazırlanıb.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 16 sentyabr.- S.7.