Kamran Nəzirlinin narahat dünyası

 

Kamran Nəzirlinin Milli Kitab Mükafatına namizəd göstərilmiş kitabların arasında on ən yaxşı kitab kimi qiymətləndirilmiş (qalib gəlmiş) “Hekayələr” kitabını yalan olmasın, iki dəfə oxudum və belə qənaətə gəldim ki, bu kitab milli ədəbiyyatımızın, çağdaş nəsrimizin zəngin xəzinəsində özünəməxsus yer tuta bilər.

Qeyd: Kamran Nəzirli məni bağışlasın, onun “kama yetmiş”, “bəxtəvər olmuş” mənası verən (farsca) adının yanına “müəllim”, “bəy” sözləri qoşmağı vacib bilmədim.

Kamran bu narahat dünyamızda (dünya nə vaxt rahat olub ki?..) onu narahat edən, düşündürən, ağrıdan həyat əhvalatlarını, ətrafımızda baş verən real gerçəklikləri təmiz və cazibədar Azərbaycan dilimizdə məharətlə yaza bilib, diqqətimizi həyatın çoxlarının əhəmiyyət vermədiyi tərəflərinə cəzb etməyi bacarıb.

Kitabdakı beş hekayənin hər biri barədə fikrimi mətbuata çıxarmaq qərarına gəldim.

“Ağ ev” hekayəsi günümüzün gerçəkliyindən danışan kədərli bir əhvalatın əks-sədasıdır.

Narkomaniya bəladır və bu müsibətli (ayrı-ayrı hallarda sağalmaz) xəstəliyin neçə-neçə ailənin faciəsinə səbəb olduğu, gəlinlərin dul qaldığı, balaların atasız böyüməyə məcbur olduğu günümüzün reallığıdır. Bəzi ailələr ha çalışır ki, bu xəstəliyi gizlətsin, amma xeyri yoxdur, gec-tez bəlli olur.

Bu bəlaya qarşı müxtəlif dövlət strukturlarının, ictimai qurumların daima mübarizə aparması da sirr deyil.

Bununla belə, Kamran da, mən də, bizlər hələ də ümidimizi itirməmişik ki, bu ağır bəlanın (narkomaniyanın) çarəsi nə vaxtsa tapıla bilər...

Ailəli, uşaqlı, analı (atası vəfat edib) cavan Raminin bir gününü Kamran elə təsvir edir ki, sanki ağ mələyə bürünüb “ağappaq döşəkdə” qıvrılıb qalan Raminin həmin vəziyyətində müəllif də o dərdli çarpayının yanında durubmuş. Elə bu məqamda məşhur aktrisa Sara Bernarin bir fikri yadıma düşdü: “İnsan üçün ən qorxulu yer yorğan-döşəkdir, çünki əksər insanlar yataq otağında canını tapşırır...”.

Ana özünü itirib, oğlu ağrımasın, sakitləşsin deyə hər şeyə hazırdır. “Çarpayı yenə tərpəndi. Oğlunun gözləri növbəti dəfə dumanlandı, qızardı, parıldadı... Güclə nəfəs alırdı. Ana oğlundakı fiziki dəyişikliklərin sürətlə baş verməsini müşahidə etdikcə daha da təlaşlandı”. Üzünü gəlininə tutan ana (Ziynət xanım) deyir: “Qızım, artıq qorxmağa başlayıram. Nə edək?..

– Bilmirəm, mən daha bezmişəm... Uşağı da götürüb gedəcəm. Nə qədər dözmək olar, hə?...”

Oğlanın anası gəlini, gəlin də ananı qınayırlar (ürəklərində) az qalır, havalanıb öz-özlərinə danışalar...

Kamran qonşuluqda yaşayan yaşlı tibb bacısı Anna Nikoloyevna obrazını çox ustalıqla (həssaslıqla, real, inandırıcı) yarada bilib.

Bu qadının davranışı, danışıq tərzi, xəstəyə (Raminə) münasibəti yaddaqalandır, gerçəkdir. Ziynətin rəhmətlik əri Nəriman Annadan belə cavan qalmağın sirri nədədir – soruşanda, Anna Nikolayevna görün nə deyir:

“ – Bilirsiz, Nəriman Qasanoviç, mən az yeyirəm, amma lazım olan şeyləri yeyirəm. Həm də çox gəzirəm”.

Ziynət xanım elə biz də az yeyirik-deyəndə, Anna etiraz edir:

– “Zina, əzizim, siz çox yeyirsiniz. Özü də lap çox. Olmaz! Mən otuz ildir ki, çörəkdən imtina etmişəm, bibər, badımcan, sarımsaq, alma, heyva, qarağat, qaragilə, kefir, tvaroq...mənim menyum bunlardır...”

Anna Nikaloyevna ağ mafəyə bürünüb uzanmış Raminin vəziyyətini görüb hökm verir:

“- Vayy, vay... Bura bax, Zina sən bunu mütləq apar dispanserə, and olsun müqəddəs Məryəmə, o, öləcək!”

Raminin bacısı Lətafət, onun əri Məmməd, həkimlər tökülüşüb gəlirlər.

Hamı belə qənaətə gəlir ki, Ramin hökmən xəstəxanaya aparılmalıdır.

Onu çarpayıdan güclə qoparıb aparmağa çalışırlar.

Ramin:

“Buraxın, əclaflar məni hara aparırsınız, getmirəm”.

Balaca qızı Yağmur da:

“- Yooox, aparmayın! Buraxın onu!” deyə yalvarır.

Axır ki, Ramin- “Buraxın, özüm gedirəm” – deyir.

Müəllif bu həyəcanlı, kədər, qüssə dolu hekayəni nikbin bir sonluqla bitirir. Ramin dispanserə getdi, hələ sağalmağa ümid var...

Bir-iki kəlmə məni qane etməyən cəhətlərdən danışım. Əslində hekayə “Balaca Yağmur bir qədər toxdadı, atası gedəndən sonra o, rahatca yatdı” cümləsilə sona çatıb. Sonrakı abzast artıqdır, məncə... Bir də bacısı Lətafətin Raminin ünvanına “Binamus köpəkoğlu” deməsi çox sərt deyimdir.

Bütünlükdə “Ağ ev” hekayəsi uğurlu alınıb və bir də narkomaniyanın dəhşətli caynağının hələ də yaxamızdan yapışması faktını necə dana bilərik ki...

Kamranın “Qoca uşaq” hekayəsi əslində Qarabağ müharibəsinin başımıza gətirdiyi dəhşətlərin bir səhifəsidir desək, yerinə düşər. Çadırda dünyaya uşaq gəlir, brezent divar tir-tir əsir. Hamı həyəcan içindədir.

Yeddi il uşaq gözləyən Mənzər, əri Məmməd daha həyəcanlıdırlar, mamaça yoxdur, gəlib çıxmayıb. Gəlini sancı tutub. Aləm qarışıb bir-birinə.

Qadınlar darıxır, az qala “havaları çatmasın”. Gəlinsə inildəyir, əzablı doğuş mənzərəsi təkcə Mənzəri yox, bütün qohum-əqrəbanı yerindən oynadır. Kamran qaçqın vəziyyətində çöllərə düşən, kəndlərindən cəmi2 0-30 km.-lik məsafədə salınmış çadırlarda əzab çəkən, humanitar yardım ümidinə qalmış camaatın necə qidalandığını çox ağır ştrixlərlə, gerçək faktlarla yana-yana aşağıdakı kimi təsvir edir:

“Ötən qış Mənzər birdən-birə dedi ki, özündə dəyişiklik hiss eyləyir, başı gicəllənir, ürəyi elə bil ağzına gəlmək istəyir.

...Amma Mənzərin anası Suğra xala dərhal məsələni anlamışdı. Özünü o yerə qoymamışdı və demişdi ki, yəqin “Sana” yağındandı, ya da o gün gətirilən humanitar yardım qarğıdalı yağından. Çünki həmin o qarğıdalı yağından qonşuları Səkinəgil də istifadədən sonra özlərini pis hiss etməyə başladılar, uşaqlar başladılar qusmağa, səhərədək su içdilər, qatıq içdilər, qaytardılar. Heç kəs bilmədi ki, bu yağın tərkibində nə vardı belə...”.

Bəzi niyyəti və ağzı göyçək olmayan, qəzet və jurnalları izləməyən ilk növbədə xalq yazıçısı Elçinin Qarabağa həsr olunmuş əsərlərini oxumayan qələmtutanlar buyururlar ki, (əsasən qəzet səhifələrində) Qarabağ mövzusunda az yazılır, səthi yazılır və s.

Kamran daha nə yazmalıdır və necə yazmalıdır ki, abad ev-eşiyi, yaxşı gün-güzaranı olmuş, rahat yaşamış adamların çadırlı günlərinin acı-ağrısı görünə bilsin...

Nəhayət çadırda “Qoca uşaq” gəlir çadırlı dünyaya, eybəcər bir körpə. Ərə getdiyi bu yeddi ildə əriylə doyunca yata bilməmiş, “Sana” yağı ilə qidalanmış bir gəlin sağlam uşaq doğa bilərmi... Bu faciə Qarabağ müharibəsinin fəsadı deyilmi...

Kamran Qarabağda, tutaq ki, Ağdamda doğulmayıb, yoxsa özündənrazı yazı-pozu adamları ona irad tutub deyərdilər ki, Kamran bu hekayəni bir yazıçı kimi yox, bir “ağdamlı kimi” yazıb.

Bununla belə, müəllif hekayəyə işıqlı bir ovqatla nöqtə qoya bilmişdir: “Həkimlikdən bir balaca başı çıxan Səkinə deyirdi ki, uşağın dərmanı ana südüdür...”

Hekayədə ən kövrək məqamlardan biri də müharibədə bir ayağını qoyub gəlmiş Rafiqin balaca Vidini (Vidadini – R.M.) siqaret almağa göndərməsidir.

“Vidi, get Lətifdən (tükançıdan – R.M.) bir dənə “Bakı”, ya da “Qarabağ” al gətir. Denən Rafiq dedi ki, yazsın dəftərə, sonra pulunu verəcəm...”

Hə, sən necə bilirsən, bu yazını oxuyan əziz dost, bəlkə bu “borc dəftəri” məsələsini müəllif özündən uydurur...

Kitabdakı üçüncü hekayənin adı “Lidiya İvanovnanın qəyyumlarıdır.”

Əvvəla, deyim ki, Kamran Bakıda yaşayan (bakılı olan) rus, yəhudi və digər millətlərdən olan qadınların obrazını dəqiq, real, inandırıcı yaratmaq məharətini göstərməklə seçilir.

“Ağ ev”də Anna Nikolayevna, bu hekayədə Lidiya İvanovna, “Erməni gəlini” hekayəsində Anjela kimi qadınlara şəhərimizdə rast gəlmək qeyri-real məsələ deyil.

Kimsəsiz, tək-tənha yaşayan Lidiya İvanovnanın qəribə, kədərli taleyi var. Ərə getməyib, doxsan beş ilin kürəyini yerə vurmuş, küləyini göylərə sovurmuş bu keçmiş “KQB” əməkdaşı hələ də yaşamaq istəyindədir (kim ölmək istəyir ki?..) dördəlli yapışıb bu yalançı dünyadan, amma ölümə də inanır, mənzil istismar idarəsinin işçisi Tamilla adlı qadınla dostluq edir.

Tamillanın da bir başqa məqsədi var, bu təkotaqlı mənzili ələ keçirsin, Lidiyadan vəsiyyətnamə alsın. Tamillanın oğlu Ataxan da bu mənzilə canavar quzuya baxan kimi baxır.

Günlərin bir günü Lidiya İvanovna Tamillanı ata-anası dəfn olunmuş qəbiristanlığa aparıb təkidlə əmr edir ki, onu valideynlərinin qəbirlərinin arasında basdırsınlar.

Tamilla Lidiya İvanovnanın nazı ilə oynayır və razılaşır.

Mən bu cümləni yazarkən qədim Çin filosofu Şan Yanın məşhur bir fikrini qeyd dəftərçəmdən bu yazıya köçürməyi vacib hesab etdim:

“Adamların varlanma və məşhurlaşma ehtirası o zaman sönür ki, tabutun qapağı bərkdən çırpılır...”

Lidiya İvanovna Tamillaya çox kədərli bir sirr açır, divardan asdığı əntiq bir tablonun tarixini danışır və yenə də əmr edir ki, o şəkli də onunla birlikdə basdırsınlar.

Lidiya İvanovnanın mənzilindəki şəkildə atın belində ayaqlarını cütləşdirib ağ alt paltarında yanpörtü oturmuş məsum bir qız təsvir edilir.

Elə bu yerdə hörmətli dost, mən həmin cazibədar şəklin tarixçəsindən danışası deyiləm, özün kitabı oxusan daha maraqlı olar...

Lidiya İvanovna çox zirəkdir, əsl yəhudi çevikliyinə malikdir. O təkcə Tamilla ilə əlaqədə deyil, bir vaxtlar qonşu olduğu gürcülərlə də, başqa bir tanışı ilə də ünsiyyətdə, əlaqədədir, hamısına da eyni cür vəsiyyət eləyir, vəd verir...

Qırmızı Xaç Cəmiyyəti ilə əlaqəsi var. O ölən günü həyətə, blokun qarşısına dörd ədəd tabut qoyulur...

Əhsən sənə, Kamran sən bu kiçik hekayənlə mürəkkəb və sirli (hardasa çətin dərk edilən, bəzi hallarda dərki mümkün olmayan) insan psixologiyasının çalarlarını aça bilibsən, insan nəfsinin nəhayətsizliyini- tamahın eybəcərliyini konkret detallarla verməyi bacarıbsan, ta sənə sözüm yoxdu.

Kamranın “Qan azlığı, yaxud ölən uşağın xatirələri” əsəri əslində qəm dəftəri, kədər simfoniyası, əzablı əfsanədir. Anası ölmüş, atası tərəfindən körpələr evinə atılmış, sağalmaz xəstəliyə tutulmuş balaca Azərinin kədərli, qüssəli həyatı adamı dəli eyləyir, yandırıb-yaxır.

Azərinin heç kəsi yoxdu, heç atası da yoxdu, yoxa çıxıb.

Körpələr evində Azərin kimi qan azlığından əziyyət çəkən neçə-neçə uşaq var. Qan isə yoxdur. Yazıçının dililə desək “dünyada qan yoxdur, dünyanın qanı azalıb. Yaxşı, tutaq ki, dünyanın qanı yoxdur, bəs adamlara nə olub?..”

Bu biganə, soyuqqanlı, laqeyd adamlar arasında kimsəsiz olasan, həm də xəstə düşəsən (Allah uzaq eləsin!) ta bundan da betər bədbəxtlik mümkündürmü görəsən. Böyük Lev Tolstoyun dillər əzbəri olmuş aşağıdakı fikirləri necə də sərrast və dəqiqdir:

“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxtlər isə hərəsi bir cürə bədbəxtdir...”.

Müəllif bu qəm nəğməsini həzin bir ovqatla bitirir: “Yel əsirdi və bu yelin səsinə oyanan bülbüllər və sarıdimdiklər artıq başlamışdı oxumağa, görünür onların qanı var, ona görə belə oxuyurlar...

Quşlar necə də bəxtəvərdilər! Bu yadımda qalan sonuncu havaydı...”

Kitabın son hekayəsi “Erməni gəlini” adlanır.

Əlbəttə, bir vaxtlar (getsin gəlməsin!) cavanlarımızın erməni qızları ilə evlənməsinə elə ciddi əhəmiyyət verməyənlər də tapılardı, “yox, olmaz!” deyənlər də yetərincəydi...

Elə kişilər də tanıyırdım ki, “Qəti olmaz, qanımızı yad qanlara qatmaq yaramaz, günahdı. Məgər gül kimi el qızlamız yoxdumu?.. – deyirdi.

Bununla belə, erməni gəlinlərimiz olub, deyilənlərə görə ölkəmizdə belə kəslərin sayı 20 minədəkdir və s.

Bu cür nikahlardan ən çox övladlar əziyyət çəkir.

Erməni ananı danmaq, atmaq, ondan üz çevirmək mümkün deyil, axı...

Anası erməni olan Nərminə elçi gözləyir, atası Məmməd, anası Anjela həyəcan içindədirlər və elə həmin günlərdə Nərminə anasına ağır bir xəbər çatdırır:

– Onlar gəlməyəcək!

– Kimləri deyirsən?

– Musagili (Nərminəni istəyən oğlan R.M)

Musanın atası sənin erməni olduğunu bilib...”

Nərminə Musa ilə danışıb, razılaşıb gecə evdən çıxıb ona qoşulub gedir... Anjela vanna otağında damarlarını doğrayır, xəstəxanaya aparırlar onu.

Bu da ailə faciəsidir. Birbaşa Qarabağ hadisələrilə bağlıdır. Məmməd və Anjela reallığının gerçəkliyinə heç kəsin şübhəsi yoxdu.

Müəllif çox həssas və kədərli bir məsələyə diqqəti cəlb edib. Neyləməli, erməni anadan, babadan, nənədən, xaladan, dayıdan, qudadan necə imtina edəsən...

Kamran bu hekayəsilə xəbərdarlıq edir, az qala car çəkir: “Eheyy, oğlanlar ehtiyatlı olun, bir vaxtlar kimlərinsə “eşqə düşüb” ermənilərlə qohum olmasına birdəfəlik yox deyin. Kəndlərimizdə, şəhərlərimizdə bənövşə kimi kövrək, dağlara düşən ilk qar kimi təmiz, qızılgül təki təravətli, qeyrətli qızlarımız sizlərin yolunu gözləyir...”

Əzizim Kamran, bununla mən sənin hekayələrin barədə fikrimi tamamladım.

Yaradıcılıq yollarına işıqlar səpələnsin.

 

 

Ramiz MƏMMƏDZADƏ

 

525-ci qəzet.- 2010.-18 sentyabr.- S.22.