İranda Azərbaycan Mədəniyyəti Günləri bu gün başlayır

 

Sentyabrın 25-dən etibarən İran İslam Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət günləri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında geniş nümayəndə heyəti qonşu ölkədə səfərdə olacaq. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov, rejissor Ziya Şıxlinski və digər şəxslər daxildir. Mədəniyyət günlərində xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları nəzərdə tutulub. Tehran və Təbriz şəhərlərində təşkil olunacaq tədbirlərdə muğam ifaçıları – xalq artisti Mənsum İbrahimov, Təyyar Bayramov, vokalçılar Samir Cəfərov, Anar Hüseynli, aşıq Nemət Qasımov, şairlər Adil Cəmil, Taleh Babayevbaşqa sənətçilər çıxış edəcəklər. Musiqiçiləri əməkdar artistlər Mircavad Cəfərov (ud), Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət edəcəklər. Mədəniyyət günləri çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunacaq. İranlı tamaşaçılar Elçin Musaoğlunun “40-cı qapı” bədii filmiŞamil Əliyevin “İz...Qala”, Emil Mirabdullayevin “Azərbaycan muğamı”, Ziya Şıxlinskinin “Azərbaycan musiqisi” sənədli filmlərinə baxa biləcəklər.

 

 

525-ci qəzet.- 2010.- 25 sentyabr.- S.25.