Yubileylərin “qəşşşəng”i

 

Məmməd Səfa haqqında nəsə yazanda da gərək kişi kimi yazasan. Əgər elə belə, başdansovdu yazmağa başladınsa, heç nə. Niyə? Çünki Məmməd Səfanın 50 yaşı tamam olur, bəzi psixoloqlar isə bildirirlər ki, əlli yaş əsl kişi yaşıdır. Ələlxüsus bu əllinin otuzdan çoxu əsl kişi fədakarlığıyla sənətə həsr olunubsa; daha konkretteatra, kinoya, pedaqoji fəaliyyətə. Əlbəttə, fədakarlıq elə xüsusiyyətdi ki bir çoxları bəlkə də onu cinslərə ayırmağı səhv hesab edərlər. Amma məncə, bunlar bir qədər fərqli məfhumlardır. Fədakarlıq qadının, ələlxüsus şərq qadınının genindədi. Bu baxımdan öz həyatını sənətə fəda edən qadın sənətkarlarımızda da məncə hardasa bir yüngüllük hissi var, onların bu addımı atması batinlərində olan analıq duyğusundan irəli gəlir. Lakin kişi fədakarlığı, zənnimcə, daha yüksək bir keyfiyyətdir, çünki bu yolun çətinlikləri, əzab-əziyyəti daha çoxdur. Bütün bunlara dözməkçün, babalarımız demişkən, əsl kişi gücü lazımdı.

Məmməd Səfa yəqin ki “əsl kişi fədakarlığı”nın bariz nümunəsidir. Arxada qalan əlli illik ömürotuz illik səhnə həyatı. Və bu otuz ilin hər ayı, hər həftəsi sonsuz mübarizə – yaşamaq uğrunda, sənət uğrunda və ən nəhayət, bataqlığa bənzər cəmiyyətin içində bir şəxsiyyət uğrunda mübarizə. Bu şəxsiyyəti bütün sınaqlardan, imtahanlardan əsl kişi kimi keçirmək doğrudan da sənətkardan Herakl gücü tələb edir. Gözümüzün qarşısında nə qədər istedadlı insanlar gün altında quruyan palçıq heykəllər kimi sınıblar, ovulublar və nəhayət toz kimi ətrafa səpələniblər. Amma Məmməd Səfa ovulmadı, əksinə, qızmar günün altında bir az da bərkidi, bir az da möhkəmləndi və nəhayət, əlli ilin astanasında, azərbaycan səhnəsinin, azərbaycan kinosunun qranit heykəlinə çevrildi. Çünki onun zatında əsl kişi cövhəri vardı.

Mən bütün bu əziyyətlərə dözməyən, baş götürüb qaçan istedadlı insanların xətrinə dəymək istəmirəm, lakin fakt faktlığında qalır. On beşon altı ağır ilin gündəlik əziyyətinə Məmməd Səfa kimi çox az sənətkarlar dözə bildi.

İnnən belə isə nə qızmar günəş, nə leysan yağışlar onun şəxsiyyətindən bir zərrə belə qopara bilməz. Qranit artıq öz möhkəmliyinin ən yüksək həddinə çatıb.

Məmməd Səfanın yaratdığı obrazlarda da bir qranit möhkəmliyi, bir qranit əzəməti hiss olunur. “Otellosundan tutmuş, “İblis”inə qədər. Hətta it daxmasına salınıb əl ayağı zəncirlənmiş “Köpək”də də həmin qranit möhkəmliyi elə bil bütün dünyaya meydan oxuyur.

Məmməd Səfanın böyüklüyü məhz bu qranit xüsusiyyətini kişi kimi həm sənətdə, həm də həyatda eyni səviyyədə saxlaya bilməsindədi. Məmməd Səfanın sənətindəki və şəxsiyyətindəki qranit eyni sıxlığa malikdir. Nə bu ondan, nə də o bundan zəif deyil. Sənətdə də, həyatda da bir çox çətinliklər, problemlər, iztirablar bu qraniti dağıtmaq ümidiylə ona çırpılıblar, amma nəhayətdə bütün bu dediklərimiz ovulub tökülüb, qranit isə əvvəlki əzəmətində, əvvəlki möhtəşəmliyində qalıb. Məmməd Səfanın ayaqlarının altına fikir versək, onun qranitinə çırpılaraq ovulub tökülən minlərlə əzabın, iztirabın, problemin qırıntılarını görə bilərik. Və bəzən bu qırıntıların içində tanış problemləri, tanış iztirabları görəndə, utanıb başımızı aşağı salırıq, çünki onların çoxunu biz bu cür qırıntılara çevirib ətrafımıza səpələyə bilməmişik. Gücümüz çatmayıb.

Məşhur rus partizanı Denis Davıdovun xatirələrinin içində Napoleon ordusunun Rusiyadan geri çəkilməyini təsvir edən belə bir epizod var: “Geri çəkilməkdə olan Böyük ordunun ətrafında çoxsaylı partizan dəstələri vurnuxurdu. Biz ümumi axından kənar düşən kiçik dəstələri məhv edir, ordunun hansısa zəif görünən hissələrinə hücum edir, fransızların bəzən bütöv batalyonlarını məhv edirdik. Lakin budur, Napoleonun özünün şəxsi qvardiyası üfüqdə görünür, ağır addımlarla bizə yaxınlaşır. Onlarla partizan dəstəsi qvardiyanın ətrafında vurnuxur, onları atəşə tutur, hücuma keçir, yenə geri çəkilir, amma Napoleon qvardiyasının qranit batalyonlarına bircə cızıq da aça bilmir. Napoleon qavardiyası bizim dəstələrin arasından, yüzlərlə xırda gəmini yarıb keçən möhtəşəm yüztoplu hərbi freqat kimi məğrurcasına bir laqeydliklə ötüb gedir”.

Məmməd Səfa barəsində düşünəndə nədənsə Denis Davıdovun təsvir etdiyi lövhəni xatırladım.

ümid edirəm ki, əlliyə qədər olduğu kimi, əllidən sonra da Səfa müəllim sənətdə və həyatda qarşısına çıxan maneələrin, problemlərin, əzab-əziyyətlərin arasından məhz Napoleon qvardiyasına məxsus məğrurcasına bir laqeydliklə keçib gedəcək. Əsl kişi kimi. Onda bizonun sənət uğurlarına baxıb deyəcəyik: – Qəşşşəng.

 

 

 İlqar FƏHMİ

 

525-ci qəzet.- 2010.- 25 sentyabr.- S.17.