Yesenin – Puşkindən sonrakı Rusiyadır

 

(Müəllifə məktub)

 

Əzizim İsaxan müəllim, əsərinizi birnəfəsə oxudum. Səbəbi o idi ki, Yesenini bir şair kimi mən də çox sevirəm. Sizin də biliyinizə, dünyagörüşünüzə nisbətən bələd olduğum üçün sevindim. Yeseninlə Sizin dialoqunuz maraqlıydı. Tərcümə məsələlərinə, tərcümələrin özünə münasibətinizi də bilməyə tələsirdim.

Bir daha yəqin etdim ki, tədqiqatçı, araşdırıcı ürəyinə yaxın, doğma olan mövzular üzərində işləyəndə, mütləq tələblərində haqlı olduğu kimi, mühakimələrində də düzgün elmi nəticələrə gəlir.

Uzun illərin tədqiqatı əsasında yazılan bu monoqrafiyanı filoloji dəyərinə, yazı mədəniyyətinə və araşdırmaların tam elmi təfsilatına görə böyük rus şairinin ədəbi yaradıcılığının Bakı dövrünə, bütünlükdə isə onun öz xatirəsinə layiqli Azərbaycan töhfəsi adlandırmaq olar. Məşhur şairin həyatına aid hadisələri ümumiləşdirərək, Azərbaycan kontekstində təqdim etməyin özü bir ədəbi fədakarlıqdır.

Siz monoqrafiyanın “Yesenin Bakıda” adlı bölməsində sanki böyük şairi Bakıda addım-addım izləmiş, nəticədə, bir sıra maraqlı məqamları üzə çıxartmaqla, onun Bakı həyatını tam təfsilatı ilə dolğun çəkildə verməyə müvəffəq olmusunuz.

Siz “İran nəğmələri” silsiləsinə daxil olan şeirlərin hər birinin Azərbaycan dilinə bütün tərcümələrini ətraflı təhlil etmiş, yeni, orijinal fikirlər söyləməklə yanaşı, yeri gəldikcə əvvəlki tədqiqatlar və tədqiqatçılar haqqında səmimi, maraqlı fikirlərinizi bildirmisiniz.

Sizin Yesenindən tərcümələriniz, Yeseninə həsr etdiyiniz şeir də onun poeziyasına sonsuz bağlılığınızın, hədsiz sevginizin layiqli bir təcəssümüdür. Sizi böyük şairin vətəninə aparan, doğma kəndini “qarış-qarış gəzdirən” də elə bu sevgi, bu məhəbbətdir. Bu sevgi, bu məhəbbətlə də öz şeirinizdə böyük şairin “özgə arvadıtək qucaqladığı” ağcaqayını ondan “əziz bir xatirə kimi” qucaqlayıb öpürsünüz.

Monoqrafiyanın sonunda müxtəlif vaxtlarda azərbaycanlı müəlliflərin Yeseninə həsr etdikləri şeirləri bir yerə yığmaqla, Yeseninin Azərbaycan dilinə tərcümə olunmuş şeirlərini, onların dərc olunduğu mənbə və tərcüməçilərlə bağlı ətraflı məlumat verməklə, eləcə də Yeseninin Bakı həyatı ilə bağlı təqdim etdiyiniz Azərbaycan və rus dillərində 300-dən artıq ədəbiyyat siyahısı ilə Yesenin irsinin gələcək tədqiqatçıları üçün dolğun, əvəzedilməz bir mənbə hazırlamısınız. Bütün bunlar Sizin bu əsər üzərində nə qədər əzmlə və sistemli şəkildə işlədiyinizin bariz nümunəsidir.

Siz tərcümə zamanı orijinalın əsas mənasını və poetikasını, sözün ifadə etdiyi psixoloji duyumu, eləcə də yaradıcılıq profilini əsas şərt kimi tələb etməkdə tam haqlısınız. Əks təqdirdə, tərcümə olunan əsərdən söhbət gedə bilərmi? Tərcüməçi – bərpaçı rəssamdır. Əlbəttə, o, yaradıcıdır. O da öz yaradıcılıq əlavələrini etməkdə haqlıdır, lakin çalışmalıdır ki, məzmunu və mənanı təhrif etmədən, orijinalın bakirəliyini qoruya bilsin. Yəqin bütün bunların nəticəsiydi ki, A.S.Puşkin “İliada”nın tərcüməsinə görə Qnediçə yazdığı məktubunda təşəkkürünü bildirir və bu tərcümə ilə rus dilini zənginləşdirdiyi üçün ona xüsusi razılıq edirdi.

Sergey Yeseninin “İran nəğmələri” Azərbaycanın işğal olunmasının ilk illərində, əsasən, Bakıda yaransa da, həm şairin öz yaradıcılığına, həm də rus poeziyasına yeni bir ab-hava gətirmişdir. Bu ona görə belə olmuşdur ki, böyük rus şairi Mərdəkanda yox, İranda olduğunu xəyal etmiş, özünü Şərq aləmi ruhunda kökləmiş, bir növ, Sədi, Hafiz, Firdovsi, Xəyyam kimi korifeylərin ilham pərisi ilə görüşmüşdür. Məhz buna görə də, rus yeseninçiləri şairin Bakı dövrü yaradıcılığını “qızıl dövr” adlandırmaqla, Puşkinin “Boldino payızı” yaradıcılıq dövrü ilə müqayisə edirlər.

Bildiyim kimi, Qafqaz həmişə rus şairlərinin ilham mənbəyi olub. Belinski Qafqazı daha poetik, “poeziya beşiyi” adlandırırdı.

Qədim romalılar Yunanıstanı əsir edəndə, Afina mədəniyyətinin qarşısında özləri əsir olduqları kimi, rus hərbçi məmurları da Qafqazı işğal edəndə Rusiyanın dahi oğulları Lev Tolstoy da, Puşkin də, Lermontov da, Bestujev-Marlinski də Yeseninə qədər Qafqazın nəinki təbiətinə, həm də insanlarına, məişətinə, mənəvi paklığına və mərdliyinə də özləri əsir olmuşlar. O yaradıcı rus ziyalıları Qafqazı olduğu kimi görə bilirdilər. Onlarda xalq ruhu güclüydü. Lev Tolstoy qraf olsa da, malikanəsində təhkimli kəndlilər əhatəsindəydi. Puşkin Arina Rodionovnanın tərbiyəsindən çıxmışdı (Tatyananın xarakterindəki rus milli koloriti xatırlayın), Yesenin də həmişə kənd deyir, rus deyirdi. Millətinin ruhuna bağlı böyük şəxsiyyət idi. A.Tvardovski onu Rusiyanın simvolu ağcaqayın ağacına təsadüfən bənzətmirdi ki?!

“Bəs belə bir şöhrətli şairlə Bakıda Azərbaycan yazıçıları, ziyalıları necə oldu ki, görüşə bilmədilər?!” Bu sualı mən vermirəm, “A bıl li Esenin v Azerbaydjane?” məqaləsinin müəllifi verir. Sualın cavabını da siyasiləşdirir: “...Necə ola bilərdi ki, (Bu heyrət lazımdırmı? – N.H.) həmişə rus mədəniyyəti, rus ədəbiyyatı ilə maraqlanan Azərbaycan yazıçıları, o cumlədən N.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, C.Məmmədquluzadə, H.Cavid, Ü.Hacıbəyov, Ə.Cavad, C.Cabbarlı, A.Şaiq və başqaları böyük rus şairinə bu qədər biganə oldular və onunla görüşə can atmadılar?” (səh.42).

Əvvəla, Azərbaycanın bu böyük yazıçı və şairləri nəinki Rusiyanın böyük şairi Yeseninə, dünyanın heç bir yaradıcı şəxsiyyətinə biganə olmamışlar, ikincisi, bu görüşə icazə yox idi. Yesenin Bakıda yox, “İrandaydı”. Onun dostu S.M.Kirov ehtiyat edərək, şairi İrana göndərə bilməmişdi. Yesenin də yuxarıda dediyim kimi, “İranda” Sədinin, Hafizin, Firdovsinin, Xəyyamın ruhlar dünyasında qərar tutmuşdu.

Müəllifin sualına isə Siz səmimi və məntiqi cavab verirsiniz: “...görüşlərin baş tutmamasının əsas səbəbini ziyalılarımızın təşəbbüs göstərməməsində deyil, sadəcə, Yesenini dostları olan hökumət adamlarının belə görüşlərdən təcrid etməsində axtarmaq daha doğru, daha məntiqli görünür.

Yeseninin məhz hökumət adamı olan P.İ.Çaqinin bağ evində qalmasının əsas səbəblərindən biri də, əslində, elə bu “təcridetmə planı” idi” (səh.43).

Bakıda Yesenin üçün “İran illüziyası” yaratmışdılar. “P.İ.Çaqinin bağ evi isə özünün bütün memarlıq üslubu və özünəməxsus gözəlliyi ilə bu ideyaya tam uyğun gəlirdi” (səh.30). Mərhum yazıçı Qılman İlkin də xatirələrində yazır: “...Sergey Kirov onu aldadıb paroma oturtmuş və Xəzərə çıxardıb Zirə, Hövsan, Zığ sahilləri ilə gətirib çıxartmışdılar Mərdəkana ki, bura İrandır. Əvvəl inanmışdı. Sonra başa düşəndə o qədər də inciməmişdi. Çünki bura da onun ürəyincə idi” (səh.30).

Bu məqamda bir şeyi də demək yerinə düşərdi. Ötən əsrin 60-70-ci illərində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Murtuza Muxtarovun Mərdəkandakı bağını böyük rus şairi Sergey Yeseninin şərəfinə təmir və bərpa etdirdi. Azərbaycanın böyük sənətkarları Füzuli, Nəsimi, Vaqif, Cavid, Cabbarlı ilə yanaşı, Yeseninə də abidə ucaltdı, Çaqinin Mərdəkandakı bağında Rusiyanın rəmzi kimi bir ağcaqayın ağacı da əkdirdi.

Beləliklə, Azərbaycan rus şairini Rusiyaya yenidən təqdim etdi. Yesenin bu dəfə Hafizdən, Xəyyamdan, Firdovsidən, Sədidən Bakı – Mərdəkan beşiyində doğuldu. Qafqaz Puşkindən, Lermontovdan sonra Yeseninin də poeziya beşiyi oldu.

Sizin Sergey Yesenin sənətinə olan dərin məhəbbətiniz bu sanballı və oxunaqlı monoqrafiyanın hər bir səhifəsində hiss olunur. Burada A.K.Voronskinin və Firudin Şuşinskinin yazdığı xatirələrdən gətirdiyiniz misallar da – şairin böyük muğam ustası Cabbar Qaryağdıoğlunun məclisində iştirakı və onu “Şərq musiqisinin peyğəmbəri” adlandırması, Mustafa Topçubaşovun Səməd Vurğunun yuxuda Yesenini görməsi ilə bağlı xatirələri tərcümə olunmuş şeirlərin xronoloji təhlillərinə həyat verir, əslində, şairin ədəbi portretinin açılmasına köməklik göstərir. Bu dəmdə istər-istəməz Sizdə səmimi bir sual da yaranır: “Görəsən, Yeseninin şeirləri, xüsusən də “İran nəğmələri” Səməd Vurğun kimi bir tərcümə dühasının qələmindən süzülsəydi, necə səslənərdi?” (səh.67-68)

Yəqin ki, böyük Vurğunun fərdi üslubundan və poetik ruhundan (Profili nəzərdə tuturam) savayı, yenə də hər şey orijinalda olduğu kimi səslənməliydi. Siz özünüz də “İran nəğmələri”nin bütün tərcümələrində, təbii olaraq, Yeseninin özünü axtarırsınız. Bütün iradlarınız da bunun üstədir. Əlbəttə, “müəllif tərcümələri”, “sərbəst tərcümələr” də olur. Lakin söhbət bədii tərcümə prinsiplərindən gedirsə, bizim dediklərimiz reallıqdır. Bax, bu mənada, Siz “Prohay, Baku!” şeirinin yeddi tərcüməsini, “Do svidanğə, druq moy, do svidanğə” şeirinin on bir tərcüməsini, “İran nəğmələri”nə daxil olan şeirlərin müxtəlif tərcümələrini, ümumilikdə iyirmidən çox şairin tərcüməçilik qabiliyyətini müqayisə etməklə, üstünlük çələngini yenə də kiməsə verirsiniz. Mən bu təhlillərdə Sizin təbiətinizdə olan yüksək insani keyfiyyətləri də görürdüm – təvazökarlıq, sevgi, prinsipiallıq... Araşdırmalarınız bu hislər zəminində başlayır və başa çatır.

Yesenin mənim nəzərimdə ideal rus sadəlövhlüyünün rəmzidir. Buna görə də, oxunduqca oxunur, sevildikcə də sevilir. İçərisindən çıxdığı xalqın ruhunda və dilində danışır. Obrazlı ifadələr, poetik məcazlar, aforizmlər və s. – hamısı o xalqdan gəlir. Buna görə də, bu rənglər, boyalar daimidir. Heç nə: zamanın küləkləri, yağışı-qarı onları soldura bilmir. Belinski bu şeirləri oxusaydı, bəlkə, Puşkin və Qoqol haqqında dediyi qiymətli sözləri Yesenin haqqında da deyərdi: “Zdesğ russkiy dux, zdesğ rusğö paxnet”.

 

Yesenin milli rus rənglərinə Şərq – Azərbaycan rəngləri də qatdı. Azərbaycan naxışları alındı – Yeseninin toxuduğu Şərq – Azərbaycan xalçası! Bu pozulmaz rənglər dünyanın on bir iqlimindən doqquzunu özündə cəmləşdirən Azərbaycandadır – Mərdəkanda.

O, Bakıya “dost” deyə müraciət edir, “Bir daha səni görə bilməyəcəyəm”, – deyə mənəvi üzüntülər keçirir, ürəyindən “Əlvida, Bakı!” nidası həsrətlə qopurdu. Əlbəttə, belə bir şeirin təkcə sözləri deyil, ruhu da saxlanmalıdır ki, oxucuya təsir edə bilsin.

Siz “Prohay, Baku!” şeirinin mövcud bütün tərcümələrini diqqətlə təhlil etmiş, şeirin yazılma tarixi və məzmunu ilə bağlı maraqlı məqamları üzə çıxartmısınız.

Böyük şair “rus” dedikcə saflaşır, bu dəmdə onun misraları canlı varlıq kimi bütün hüceyrələri ilə nəfəs alır:

 

No i toqda,

Koqda vo vsey planete

Proydet vrajda plemen.

İsçeznet lojğ, i qrustğ, –

Ə budu vospevatğ,

Vsem suhestvom v pogte

Şestuö çastğ zemli

S nazvanğem kratkim “Rusğ”.

 

Bu, Yeseninin qanıyla yazdığı şeirlərin fəlsəfi açıqlamasıydı.

Bu mənada, əlbəttə, belə bir milli və bəşəri şairin şeirlərinin təhlilində poetik yozum məsələsində həssas olmaq vacibdir.

Siz rus yeseninşünasları ilə yanaşı, şairin Bakı dövrünün tədqiqatçıları ilə polemik dialoqa girəndə də (onların xidmətlərini danmadan) olduqca səmimisiniz.

Çox gözəl deyirsiniz: “...hər hansı bir mənbədə verilmiş məlumat sonrakı tədqiqatçılar üçün istinad mənbəyidir”. Doğrudan da, necə olur ki, “Qadına məktub” adı ilə dərc olunan poema yenidən “Anna Snegina” adı ilə təqdim edilsin? Yaxud, bir tədqiqatçı “...ikinci kitabın 1971-ci ildə deyil, 1970-ci ildə şairin anadan olmasının 75 illiyi münasibətilə” dərc edildiyini bilməsin? Sizin tədqiqatçı məharətiniz həm də ondadır ki, bu iradları deməklə kifayətlənmirsiniz, onları dürüstləşdirir, haradan gəldiyini, neçə variasiyalara əl atıldığını da göstərirsiniz. Böyük tədqiqatlar məhz belə elmi-məntiqi tələblər üstə qurulur, uzunömürlü olur.

Bütün bunlardan əlavə, müxtəlif şeirlərdə məhz yeseninvari, Sizin qeyd etdiyiniz kimi, “Yesenin stilində” işlədilən “sirenovıe noçi”, “sirenovıy dım”, “balaxanskiy may”, “krasivoe stradanie” kimi bir çox belə təşbehlər və tərkiblər təbiidir ki, heç vaxt hərfi tərcümədə səslənməyəcək və Sizi razı salmayacaq. Belə hallarda əsərin tərcümə edildiyi xalqın dilindəki ideomatik tərkib və sözlərdən yaradıcılıqla istifadə etmək əsas şərtlərdəndir. Yesenin milli şairdir. Yadımdadır, M.Qorki adına Ədəbiyyat İnstitutunda bizə mühazirə oxuyan şair və tərcüməçi Mixail Arkadyeviç Svetlov deyirdi ki, milli şairlər tərcüməyə çətin gəlir. O, S.Vurğunun “Aygün” poemasını misal çəkirdi. Samuil Yakovleviç Marşakla görüş zamanı o da tərcüməçilik işindən danışanda orijinala sadiq qalmağın çətinliyini etiraf edirdi. Qədim və yeni ingilis dilini bilməsinə baxmayaraq, Şekspirin sonetlərini səkkiz ilə çevirdiyini və hər sonetin səkkiz tərcümə variantı olduğunu deyirdi.

Mən bir dəfə Əhməd Cavadın Azərbaycan dilinə çevirdiyi “Maqbet”i Boris Pasternakın eyniadlı əsərin tərcüməsi ilə tutuşdurdum. Düzü, hər iki tərcümə əsərinin bir-biri ilə necə uyğun gəlməsi, oxşarlığı, bir-birini tamamlaması məni heyran qoydu. Ə.Cavad Şekspiri əruzla tərcümə etmişdir.

Yeseninin tərcümələrində Siz də bu məsələləri önə çəkirsiniz – əruzda, hecada, ya “qoşma dili”ndə. Heç şübhəsiz, vəzn seçilməlidir. Sizin tədqiqatınız boyu Yeseninin hecada necə gözəl səsləndiyinin şahidi olduq.

Əzizim İsaxan müəllim, Siz Yeseninin tədqiqinə çox əmək sərf etmisiniz. Əlbəttə, dəyər: Yesenin – Puşkindən sonrakı Rusiyadır. S.Vurğunun yuxusu elə bil ki, çin oldu: Ömür vəfa etmədiyinə görə, Vurğun Yeseninin ona yuxuda dediyi ağcaqayını əkə bilmədi. O ağcaqayını Azərbaycanda (Mərdəkanda) Heydər Əliyev əkdi. İnanıram ki, Siz də bu qiymətli elmi əsərinizlə ədəbi mühitdə yaxşı bir yeseninşünas alim kimi tanınacaqsınız.

Hər halda, bu, mənim gəldiyim qənaətdir.

Moskvada oxuduğum illərdə bizim tələbə yataqxanamız böyük türk şairi Nazim Hikmətin yaşadığı bağ evinin qonşuluğunda idi – Peredelkino deyilən yazıçılar şəhərciyində. Mən təkcə institutda yox, orada qaldığım dörd-beş il müddətində Nazim Hikmətdən də dərs almışam, onun müdrik tövsiyələrini eşitmişəm. Günlərin bir günü tələbə dostum Xəlil Rza ilə (Sonralar bu azadlıq carçısı və böyük şair haqqında şeirlər və məqalələr yazmışam, müsahibələrimdə haqqında danışmışam) şeiri necə yazmaq üstündə mübahisəmiz düşmüşdü. Mən dedim, Yesenin kimi, təbii, qışqırmadan, sadə dildə yazmaq lazımdır. Xəlil dedi ki, Mayakovski kimi var səsimizlə bağıraraq yazmalıyıq. Fikrimiz haçalandı. Nazim Hikmətin yanına getdik. Fikrimizi bildirmədən bu sualı ona da verdik. Nazim əyləşdiyi divandan qalxdı, gedib pəncərənin qabağında dayandı və “Şair, nə tez qocaldın sən?!” şeirini astadan dedi.

– Şeiri, canım, ananla hansı dildə danışırsansa, o dildə də yazmalısan. Qışqırıb-bağırmadan. Sadə dildə.

Xəlil etiraz etdi:

 

“Şərqdən gəliyorum,

Şərqin dərdlərini

bağıra-bağıra gəliyorum!

Sən yanmasan,

mən yanmasam,

biz yanmasaq,

necə çıxar

qaranlıqlar aydınlığa!” – şeirini əzbərdən söylədi.

 

Nazim Hikmət belə cavab verdi: – Mayakovski ruhlu şeir lazım olanda qoy Türkiyəmdə mənim şeirimi oxusunlar, onunkunu yox.

Bununla da söhbət bitdi.

Nazim Hikmət şeirlərini aramla oxuyurdu – anasıyla, sevdiyi bir qadınla danışan kimi.

Yeseninlə bağlı mən bir məqamı da xatırlayıram: Dövlət imtahanını verib yataqxanaya qayıtmışdım. Bərk yorğun idim. And içmişdim ki, düz bir il əlimə kitab alan deyiləm. O axşam çarpayıya uzananda özümdən asılı olmayaraq, Sergey Yeseninin kitabını götürüb “Anna Snegina” poemasını yenidən oxumağa başladım.

Belə şairləri orijinaldan oxuyanda istər-istəməz ona qovuşursan, qaynayıb-qarışırsan. Tərcümədə nəfəs dəyişir. Buna görə də, şairlərin nəfəs qohumluğu da əsas şərtdir. Tərcümə ağır işdir. Mən həyatda elə istedadlı şairlər görmüşəm ki, tərcümə eləyə-eləyə özləri şair kimi yoxa çıxıblar. Böyük şairlər, yazıçılar da olur ki, onlar tərcümə elədikcə sanki poetika təhsili alırlar, yetişirlər, zənginləşirlər və yeni bir ilhamla öz əsərlərini yazırlar. B.Pasternak, S.Marşak – Şekspir məktəbini; Puşkin, Lermontov – Bayron məktəbini; S.Vurğun – Nizami və Puşkin məktəbini; Ə.Cavad – Şekspir və Ş.Rustaveli məktəbini keçdikləri kimi.

Yeseninin azərbaycanlı tərcüməçilərinə gəldikdə deməliyəm ki, onlar böyük istedad, sevgi və əmək sərf ediblər. Onların hər biri Yesenin tarının pərdəsi üstə onun havasını çalmağa çalışıblar. Ürəklə çalışıblar. Tərcümə əsərlərini oxuduqca bunlar açıq-aydın hiss olunur. Kimsə müvəffəq olub, kimsə istədiyi qədər yox. Bütün bunlar təbiidir. Bir həqiqət də budur ki, böyük şairlər vətəni Azərbaycan Yesenin poeziyasının da beşiyi oldu.

Yesenin Rusiyaya qayıdanda “Əlvida, Bakı!” – dedi. Bakı onun əlini sıxdı, bağrına basdı, səmimiyyətinə inandığı üçün “əlvida” demədi. Bakı –Azərbaycan onun “Şərq şirniyyatı”nı qorudu, saxladı. Şərq məclislərinin ədəbi bəzəyinə çevirdi, həm mənəvi, həm də estetik zövq verdi. Böyük şairin səyyar ruhu ruhlarla görüşür, hisslərlə qaynayıb-qarışır, ilhamlı anlarında şərqləşirdi. Şair oxucularını sevəndə oxucuları da onu beləcə sevirlər:

 

... Ə – severnıy vaş druq

İ brat!

Pogtı – vse edinoy krovi.

İ sam ə toje aziat

V postupkax, v pomıslax

İ slove.

İ potomu v çujoy

Strane

Vı blizki

İ priətnı mne.

 

Əzizim İsaxan müəllim, Yesenin haqqında yazdığınız çətin işin öhdəsindən hünərlə, şərəflə gəlmisiniz. Sizə yeni “çətinliklər” və onların öhdəsindən gələn güc, qüdrət arzulayıram. Bu sözləri mənə institutu bitirəndə Rusiyanın böyük şekspirçi alimi, Yesenini sevən Aleksandr Abramoviç Anikst demişdi.

Sizin tükənməz istedadınıza və Yeseninə heyran olduğunuza heyran oldum.

Qarşınıza çıxan hər “çətinlik” Sizi bir pillə ucaldacaq.

 

 

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi, Milli Aviasiya Akademiyasının

Dil və ədəbiyyat kafedrasının müdiri,

Professor

 

525-ci qəzet.- 2010.- 28 sentyabr.- S.7.