Zəngin yaradıcılığın yeni səhifələri

 

Firuzə Məmmədli – 70

 

Çağdaş Azərbaycan ədəbiyyatında Firuzə Məmmədlinin imzası özünəməxsus yer tutur. Çoxşaxəli yaradıcılığa malik Firuzə xanımın uzun illərdən bəri həm poeziya, həm nəsr, həm də publisistika sahəsindəki uğurlu fəaliyyəti onu Azərbaycan ədəbiyyatının dəyərli nümayəndələrindən biri kimi tanıdıb. Firuzə Məmmədlinin qələmindən çıxmış çox sayda şeir, hekayə və digər janrlarda olan əsərlər müəllifinə böyük uğur gətirib, ona geniş oxucu məhəbbəti qazandırıb. Ömrünün yeddinci onilliyinə yekun vuran Firuzə Məmmədli bu gün də coşqun yaradıcılıq ilhamı ilə yazıb-yaradır, əsərlərilə oxucuları sevindirməkdə davam edir.

Təbii ki, yubilyar ədibimizin yaradıcılığı tədqiqatçıların diqqətindən kənarda deyil, onun əsərləri haqqında ardıcıl olaraq məqalələr, araşdırmalar qələmə alınır. Təqdim etdiyimiz yazı da belə məqalələrdəndir. Həmçinin yubileyi münasibətilə Firuzə xanımın keçən il yazdığı şeirlərindən bir neçəsini oxucularımıza təqdim edir, müəllifə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

Tanınmış şairəmiz Firuzə Məmmədlinin gərgin, çoxşaxəli yaradıcılıq əməyinin bəhrəsi olan “Seçilmiş əsərləri”nin V cildi bu yaxınlarda işıq üzü görüb.

Hələ gənc yaşlarından ədəbiyyat aləminə – şeirə, poeziyaya gələn, hər misrasında bir insan ömrü gizlənən şairənin “Seçilmiş əsərləri”nin V cildində onun, yaradıcılığı haqqında yazılan məqalələr, povestləri, hekayələri, səfər qeydləri, müsahibə və məqalələrindən nümunələr toplanıb.

Firuzə Məmmədli yaradıcılığının ilk illərindən ədəbi tənqidin diqqətini cəlb etmiş və o öz poetik nümunələri ilə oxucularının dərin rəğbətini qazanmışdı. Zaman keçdikcə oxucuları şair Firuzə Məmmədlini nasir, dilçi-ədəbiyyatşünas kimi də tanımağa başladı. Əlbəttə, öz yaradıcılıq dünyasında bir neçə sahəni əhatə edən, istər bədii, istər elmi, istərsə də publisistik yaradıcılığında oxucu qəlbini fəth edən istedadlı xanımın çoxşaxəli yaradıcılıq dünyasından danışmaq bir qədər məsuliyyətlidir. Bununla belə, Firuzə Məmmədlinin “Seçilmiş əsərləri”nin V cildi bizə imkan verir ki, bu dəfə onun nəsri haqqında bir qədər geniş söhbət açaq.

Firuzə Məmmədlinin nəsri də poetik nümunələri kimi ahəngdar, duyumlu, ürəyə yatandır. Sənət adamı, söz xiridarı üçün poeziya ilə nəsr arasında sərhəd yoxdur. Sadəcə, xalq şairi Fikrət Qocanın təbirincə desək, şeirə gəlməyən mövzular var. Şairsə bu mövzulara arxa çevirib gedə bilmir. Nəsr və ya nəzmlə yazılmasından asılı olmayaraq, Firuzə Məmmədli qələmindən süzülüb gələn hər misra, hər sətir öz orijinallığı ilə seçilir.

V cilddə yer alan “Ruhun qisası” povesti də belə nümunələrdəndir. Mövzu aydındır: Qarabağ, erməni vəhşiliyi, xalqımızın ən ağrılı problemlərindən biri. Bu mövzuda yüzlərlə poetik nümunə, onlarla nəsr əsəri yazılıb. Lakin Firuzə Məmmədlinin orijinal, fərqli deyim, duyum tərzi bu mövzuda da özünü göstərib. “Ruhun qisası” povestində müəllif, türklərin qanına susamış bir erməni ailəsində dünyaya gələn, xalqımıza düşmən ruhunda tərbiyə alan qızın ruhən necə əzab çəkməsini təsvir edir, müharibədə qızın babası tərəfindən başı kəsilən Əhməd adlı bir türk şəhidinin ruhunun onun cisminə daxil olub son anda intiqam aldığından danışır.

Struktur baxımından bitkin hekayələr toplumundan ibarət olan bu povest süjet bağlantılarının orijinallığı, təsvir imkanlarının əyaniliyi ilə seçilir.

Vətənə, torpağa bağlılıq, milli təəssübkeşlik hissi müəllifin bu kitabda yer alan digər nəsr nümunələrində – “Atilla, Atilla, Atilla!“, “Müsibət” hekayələrində daha qabarıq şəkildə əks olunub. Torpaq, vətən, milli qeyrət hissi Firuzə Məmmədli nəsrinin başlıca motivlərindəndir.

1980-ci ildə qələmə alınmış “Sular sonası“ povesti də belə nəsr nümunələrindəndir. Müəllif, əsəri 80-ci illərdə yazmasına baxmayaraq, ilk dəfə 2005-ci ildə çap etdirib. “Sular sonası“ povestinin süjet xətti iki gəncin – Tərlan və Billurənin faciəvi taleyi üzərində qurulub. Bununla yanaşı, müəllif ümumi hadisələr fonunda təkcə gənclərin ağır həyatını deyil, bir çox ictimai-siyasi hadisələrin real təsvirini bədii planda əks etdirib.

Əsərin əsas qəhrəmanı Tərlan əmisi Abdullanın evində böyüyür. Tərlan “Fəhlə-kəndli hökuməti”ndə bir qul kimi istismar olunur. Məhz gəncliyində çəkdiyi iztirablar, məhrumiyyətlər, onu cinayətə sövq edir. Atası Abdullanın haram çörəyi ilə böyüyən əmisi qızı Billurəni öldürəndən sonra dəmir barmaqlıqlar arasına düşən Tərlan etdiyi cinayətin iztirablarını yaşayır. Əslində, Tərlanın endirdiyi ölümcül zərbə iyrənc sovet ideologiyasına yönələn zərbə idi. O ideologiyanın ki, yetmiş il xalqımızın gözünə kül üfürdü, sonra özünün məhv olduğunu görüb, Qarabağ müharibəsini, 20 yanvar faciəsini, Xocalı soyqırımını törətdi. Prokurorun Tərlana qarşı irəli sürdüyü ittihama diqqət yetirək: “...Ölkəmizin sosializm cəmiyyəti qurduğu bir dövrdə, dünya proletariatının bizə, bizim quruluşa, bizim qazandığımız qələbələrə yeganə xilas yolu kimi baxdığı, heyran qaldığı bir dövrdə içərimizdə həşərat ömrü yaşayan, ağacı içindən qurd vuran kimi bizi daxildən dağıtmağa çalışan xalq düşmənləri, onların törəmələri hələ də yaşamaqdadır”. Müəllif, prokurorun çürük pafosdan ibarət nitqini əsərə daxil etməklə bir daha təsdiqləyir ki, Tərlanın qatilə çevrilməsi, məhz utopiyadan ibarət sərsəm ideologiyanın nəticəsidir.

Nasir Firuzə Məmmədlinin KQB rejiminin tüğyan etdiyi bir zamanda bu məsələləri bədii fakturaya çevirməsi əsl vətəndaşlıq mövqeyi idi.

Povestin digər qəhrəmanlarından biri Billurədir. Billurə gözəldir, lakin onun gözəlliyi zahiridir. O, atası Abdullanın sadə insanlardan oğurladığı haram tikə ilə böyüyüb. Tale elə gətirir ki, bir zamanlar Abdullanın törətdiyi insanlıqdan kənar əməllər onun qarşısına çıxır. Atası pul-rüşvət hesabına öz dövranını sürsə də, Tanrı onun əməllərinin qarşılığını qızı Billurənin faciəvi həyatında verir. Dörd körpə qardaşı ilə tək qalan Billurə əlacsızlıqdan çirkaba yuvarlanır, həm özü, həm də tərbiyə aldığı cəmiyyət Tərlanın əli ilə cəzalandırılır.

Firuzə Məmmədli “Sular sonası” povestində Azərbaycan nəsrində təsadüf olunmayan bədii yeniliyə imza atıb. Nasir, əsərin sonunda povestdə cərəyan edən hadisələrin əsas personajlarının sonrakı taleyinə aydınlıq gətirib, onların əsərə olan münasibətlərini işıqlandırıb.

“Seçilmiş əsərlər”in V cildinə daxil olan nəsr nümunələrindən biri də “Köhnə məscid həyəti“ povestidir. Əsərin olduqca maraqlı süjet xətti var. Povestin ilk bölümlərində köhnə məscid həyəti təsvir olunur. Bu məscidin həyətində bir erməni ailəsinə məxsus qaraj var. Məhz bu anormallıq hadisələrin sonrakı inkişafında baş verən anomaliyaların səbəbkarı, enerji mənbəyi olur. Əsərdə cərəyan edən hadisələr – pişiyin quyruğunun uzanması, insan ruhunun tərəf-müqabillərinə köçürülməsi də bu səbəblə bağlıdır.

Fikrimizcə, yaşadığımız tarixi gerçəkliklərin bu qədər aydın və sərt şəkildə bədii nəsrə gətirilməsi, müəllifin yaradıcılıq uğru ilə bərabər, Azərbaycan nəsrinin ideya-məzmun zənginliyi ilə bağlıdır.

Bütün yaradıcılığı boyu cəmiyyəti narahat edən mövzulara toxunan, zamanın nəbzini tutan, yaratdığı obrazlarda qlobal problemləri işıqlandıran Firuzə Məmmədli V cildində körpə balalarımızı da unutmayıb. Müəllif kitabda uşaqlara həsr etdiyi nəsr nümunələrinə belə bir başlıq verib: “Böyüklərə uşaqlar haqqında”. Müəllif “Pərvanə” hekayəsində altı kiçik hekayətlə bizi balaca Pərvanənin uşaqlıq dünyasına aparır. Biz Pərvanənin məsum, pak uşaqlıq dünyasında, geridə qalmış uşaqlığımızı görürük. O uşaqlığımızı ki, o illəri xatırlayanda üzümüzə qeyri-ixtiyari təbəssüm qonur, zamanın gərdişindən, həyatın çətin, dolanbac yollarından geri qayıdıb, balaca Pərvanə, dəcəl Zaur olmaq istəyirik. V cilddə yer alan “Mırr-Mıy”, “Ad günü” kimi hekyələri oxuduqca əslində əhəmiyyət vermədiyimiz, bəzən kiçik bir təbəssümümüzü əsirgədiyimiz uşaqların necə böyük dünyalarla yaşadığının şahidi olursan. Bunu həssas yaradıcılıq duyumu ilə hiss edən Firuzə Məmmədli böyükləri, balaca balalarımıza daha diqqətlə yanaşmağa çağırır.

“Seçilmiş əsərləri”in V cildinin bir bölməsi də “Ömrün axarı, arzularımın baharı” adlanır. Bu bölmədə müəllifin 1992-ci ildə Türkiyə Cümhuriyyətində keçirilən “Şeir şöləni”nə gedərkən yazdığı səfər qeydləri toplanıb. Bu qeydləri oxuyarkən müəllifin uzun illər həsrətində olduğumuz Türkiyə Cümhuriyyəti ilə baş tutacaq görüşün həyəcanını, səfərə özü ilə bərabər apardığı Qarabağ yükünü, ağrılarını duymamaq mümkün deyil.

“Müsahibələrdən seçmələr” bölməsində isə F.Məmmədlinin ötən illər ərzində KİV-ə verdiyi müsahibələr dərc edilib. Burada oxucular onun yaradıcılıq düşüncələri, sənət-poeziya mükalimələri ilə tanış ola bilərlər.

“Seçilmiş əsərləri”in V cildinin son bölməsində müəllifin elmi-publisistik məqalələri yer alıb. Belə məqalələrdən biri orta əsrlərin və Azərbaycanın ilk və ən görkəmli qadın şairi olan Məhsəti Gəncəvinin yaradıcılığına həsr edilib. Müəllif bu məqalədə uzun zaman Məhsəti Gəncəvi şəxsiyyəti haqqında yayılan yersiz dedi-qoduların puçluğunu sübuta yetirir. Kitabda yer alan tədqiqatlardan biri də “Y.V.Çəmənzəminli – daim gündəmdə olan yazıçı” adlanır. Bu əsər bir daha təsdiqləyir ki, F.Məmmədli Y.V.Çəmənzəminli yaradıcılığını hərtərəfli, geniş tədqiq edən alimlərimizdəndir.

“Seçilmiş əsərlər”in V cildində yer alan elmi-publisistik məqalələr sırasında müəllifin fərqli illərdə yazdığı “Anarın “Ağ liman“ əsərində tekstoloji anlamlar”, “Anar: şəxsiyyət və yaradıcılıq ucalığı”, “Vaqif Yusifli ömrünə təbrik buketi“, “Qapalı semantika” kimi dəyərli əsərlərini mütləq qeyd etmək lazımdır.

Ümumiyyətlə, “Seçilmiş əsərləri”nin V cildi gərgin zəhmətlə uzun bir yaradıcılıq yolu keçmiş Firuzə Məmmədlinin hələ də davam edən və davam edəcək yaradıcılıq yolunun çox dəyərli bəhrəsidir.

 

 

Bəhram CƏFƏROĞLU,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin elmi işçisi

 

525-ci qəzet.- 2010.- 7 yanvar.- S.7.