Elbəyi CəlaloğlununMehralı bəydastan-poeması haqqında düşündüklərim

 

Şair Elbəyi Cəlaloğlunun son dövr yaradıcılığının məhsulu olan “Mehralı bəy” dastan-poemasının yaranması çox təbii və mənəvi bir ehtiyacdan doğulub. Müəllif Borçalıda bütün türk dünyasında məşhur olan bir tarixi qəhrəman haqqında əsər yazmaq cəsarətini hardan alıb? Cavab aydındır: Doğulduğu mühitdən, Borçalı aşıq məktəbinin məşhur nümayəndələrinin danışdığı qəhrəmanlıq dastanlarından, boy boyladığı, soy soyladığı hadisələrdən, Aşıq Əmrahın “Misri”sindən, Aşıq Kamandarın Koroğluyana səsindən avazından, Hüseyn Saraçlının danışdığı, əfsanələşdirdiyiSəməd ağadastanından, qaçaqların, qoçaqların, mərdlərin, sərtlərin, ərlərin, ərənlərin bizə yadigar qoyub getdiyi kişilik, mərdanəlik sifətlərindən! Müəllifin dünyagörüşündə, tərbiyəsində, ruhunda, körpəlikdəngəlmə düşüncələrində bu duyğular qanadlanmasa heç vaxt qəhrəmanlıq haqqında əsər yazmaq olmaz. Elbəyinin xoşbəxtliyi ondadır ki, o bu saydığım proseslərin içindən keçib, bu sahədə ən saf, ən ülvi duyğuları öz içərisindən keçirib, əridib, süzüb, yüz ölçüb, bir biçib. Elbəyi Cəlaloğlunun atası Cəlal kişinin aşıq olması da, şübhəsiz, bu əsərin canlı təbii çıxmasına öz müsbət təsirini göstərib.

Ancaq xoşbəxtlikdən ciddi bir şəxsiyyət haqqında əsər yazmağın tarixi məsuliyyətini çox yaxşı dərk edən Elbəyi Cəlaloğlu təkcə müşahidələr yox, həm zəngin mütaliəyə yer ayırıb, meydan verib, əqli qidalanma ona həm onu yetirən mühitdən, həm Mehralı bəy haqqında Türkiyədə çap olunan çoxsaylı tarixi mənbələrdən gəlib.

Türk tarixi mənbələrindəikinci Battal Qazi”, “ikinci Koroğlukimi dillərə düşən bir şəxsiyyət haqqında elə yazmalısan ki, onun Battal Qaziliyi Koroğluluğu heç itirməsin, əksinə müəllifin bu sahədəki keyfiyyət yenilikləri bu adları oxuculara daha çox sevdirsin əsl Mehralı bəy obrazı meydana çıxsın. Bu mənada şair dostumuz Elbəyi Cəlaloğlunu oxucu sınağı, oxucu imtahanı gözləyir. Qalib çıxmağın bircə yolu var: Qəhrəmana layiq əsər yaratmaq!

Mehralı bəyin yaşadığı dövr tarixin çox gərgin, narahat, həyəcanlarla dolu elə bir dövrü idi ki, Rusiya-Türkiyə münasibətləri, Rusiya-Türkiyə-İran münasibətlərinin, Azərbaycanın, xüsusən Borçalının elə vaxtları idi ki, ya qəhrəman ömrü yaşamalı, ya da məhv olub ayaqlar altında qalmalı idin.

Ancaq Mehralı bəy əsl türk oğlu türk kimi, Borçalı Qarapapaqlarının ən igid oğullarından biri kimi tarixin ona tapşırdığı vəzifənin öhdəsindən çox ləyaqətlə gəldi. Ləyaqətlə yaşanan bu ömür onun ailəsi, atası, xalqı, milləti ilə bağlı maraqlı, əsl dastanlara layiq hadisələrlə doludur. Müəllif bu hadisələri sadəcə təkrarlamır, onu poetik sözün, poetik təfəkkürün işığında daha parlaq şəkildə oxuculara çatdırır. Dastan-poemanın mahiyyətinə varanda bir daha hiss etdim ki, Aşıq Şenliyin Səməd ağa qoçaqlaması müəllifə dərindən təsir edib bu əsərin gözəl alınmasında öz gücünü göstərib.

Baş divani”dənMüxəmməsə, əvvəldən axıra qədər müəllifin öz qəhrəmanına böyük sevgisi oxucunu öz arxasınca aparır, bir-birindən maraqlı hadisələrlə qarşılaşdırır. İnanıram ki, müəllifinMehralı bəydastan-poeması oxucular tərəfindən maraqla qarşılanacaq, şair dostumuzu yeni uğurlara doğru aparacaq. Uğurlar olsun, ürəkdən xeyir-dua verir, müəllifə tükənməz həyat yaradıcılıq eşqi arzulayıram.

 

 

Zəlimxan YAQUB,

Xalq şairi

 

525-ci qəzet.- 2010.- 16 yanvar.- S.21.