Üç kitabın yaratdığı təəssüratlar

 

Mən ədəbiyyat, xüsusi ilə poeziya haqqında məqalə yazmağın çox da həvəskarı deyiləm. Gənc şairlərin yaradıcılığını izləməyi, özləri ilə söhbəti çox sevirəm. Şeirlərini ümidlə, böyük həvəslə oxuyuram. Könlümcə olan şeir tapanda uşaq kimi sevinirəm. Özümü gümrah hiss edirəm. Bu sahədə mən öz zövqümü mütləq meyyar saymıram, elə ona görə də gənclər haqqında yazmaq istəyəndə “haqsız ola bilərəm” qorxusu əlimi tutub yazmağa qoymur. Baxmayaraq ki, bu məkanda, poeziya adlandırdığımız bu vətəndə özümü təsadüfi adam saymıram. Mən bu vətəndə vətəndaşam, bu adi vətəndaşlıqla qürur hissi keçirirəm. Baxmayaraq, çoxları, 80-90 faizi özünü dahi sayır, özü haqqında çox yüksək fikirdədir. Nə olar? Qoy düşünsün! Bu alabəzək dünyada ədəbiyyat, xüsusilə poeziya yeganə məkandır ki, burda düşünmək azadlığı mütləq zərurətdir, azad düşünmək ümdə şərtdir. Bəlkə elə ona görədir ki, fikirlərini azad demək və azad düşünmək üçün bir qadın və ya kişi millət vəkili hökm verir ki, son iyirmi ildə Qarabağ mövzusunda yaranmış əsər yadıma gəlmir. Canım-gözüm, bacım, qardaşım, axı, oxumadığın şey yadına necə, hansı yolla gələ bilər? Bu sahənin peşəkar tənqidçilərindən biri Vaqif Yusiflidən soruşdum:

– Vaqif, son illər ərzində Qarabağ mövzusunda hansı əsərləri oxumusan? Təxmini sayını bilirsən?

– Oxumuşam, həm də sayını deyə bilərəm. 1989-cu ildən bəri bu mövzuda yazılmış üç mindən artıq əsər oxumuşam. Bunlardan altmışa yaxını poema, qırxdan çoxu roman, povestlərdir. Qalanları hekayələr, şeirlərdir. Əlbət ki, bunların hamısı bədilik cəhətdən yüksək sənət əsəri deyil. Amma demək olar ki, hamısında can yanğısı, səmimiyyət var.

– Vaqif müəllim, elə mənim üç povestim, Milli Qəhrəman Çingiz Mustafayev haqqında poemam, “Bayraq tutan oğullar” poemam, Milli Qəhrəman Riyad Əhmədov haqqında və onlarla şeirlərim var.

– Bilirəm. Bəlkə də hamısını yox, amma əksəriyyətini oxumuşam. Dedim, bütün yazılanlar hamısı yüksək sənət əsəri deyil, amma sənəddir, faktdır. Əlbət ki, yadda qalanları, sənət əsəri kimi yüksəkdə dayananları da az deyil.

Əslində bu yazını yazmağıma əsas səbəb idarədə iş masamın üstünə qoyulmuş üç gənc şairin yeni kitabları oldu. Biləndə ki, müəlliflər Cənubi Azərbaycan şeirinin nümayəndələridir marağım birə-beş artdı. Layihənin rəhbəri Sayman Aruzdur, ideya Rasim Qaracanındır. Hələ kitablarla tanış olmamışdan dedim ki, bu gözəl başlanğıcdır, alqışlamağa layiqdir. İndi kitabları oxuyandan sonra da bu fikirdəyəm. Elə təkcə Məlihə Əzizpuru tanımaq üçün yüzlərlə belə layihəyə vaxt və vəsait qoymağa dəyər. Məlihə mükəmməl bir şairdir. Qadınlığı onun şeirlərinə həssaslıq, duyğularına zəriflik verib. İlhamının böyüklüyü isə ona güc verib. Elə bir güc ki, Tanrı ilə üz-üzə oturub dünyanı bölüşə bilir.

 

Dün Tanrı ilə bölüşürdük varlığı.

Yeri o götürdü,

Göyü isə mən.

Sən

Ortada görününcə

Göyü bağışlayıb

Səni götürdüm.

 

Ehey!!! Qərbin özündən razı xalqları, baxın mənim Tanrı ilə varlığı bölüşən qız balama. Bu qız sizin kiçik xalqları bölüb, arasına çəkdiyiniz Araz adlı sərhəddən çox-çox ucalarda dayanıb. Xalq şairimiz Rəsul Rza “Araz sərhəddir, amma bu çayın altında torpaq bütövdür” demişdi.

Rəsul Rza bu sözləri Tanrı ucalığına yüksələn, o mərtəbədə dayanaraq düşünüb yazan vətən övladları üçün demişdi.

Məlihə başqa bir şeirində deyir:

 

Bir qatar kirala durnalardan

...................................

 

Pasaportsuz-biletsiz olsun belə –

Getmək istəyirəm

Özü də lap bu dəqiqə.

Şeirdə ən modern ifadə tərzinə malik olan bu qızın yazısında ulu babasının ünvanı var.

“Qatar-qatar olub qalxıb havaya”...

 

M.V.Vidadi

 

Nə dövr o dövrdü, nə Bağdad o Bağdaddır. Amma Vidadinin XVIII əsrdəki uçmaq həvəsi Məlihənin uçmaq ehtirasının eynidir. Bu uçmaq qaçmaq, eyni zamanda ucalmaq arzusudur. Məlihə Əzizpur müasir şairdir. Müasir Qərb şeirini də yaxşı bilir. Bilmək azdır. O, müasir təfəkkürlü şeir misraları arasında şərqin və qəlbin hərarətini saxlayıb. Bunu öyrənmək mümkün deyil. Buna yalnız istedad lazımdır, böyük istedad.

 

Məni dindirmə ağlaram!

Gözlərimdən

Kimliksiz bic yaş doğular.

Və dörd bir yandan

Daşlanaram.

 

Bu xanım şairdi, özü də çox yaxşı bir şairdi. Gəncliyində adam nədirsə, kimdirsə, qocalanda da həmin-həmin olacaq. Xüsusilə yaradıcılıqda. Gəncliyində şair istedadlıdırsa, qocalanda da istedadı olacaq, bir az təcrübəsi artacaq. Əgər gəncliyində istedadsızdırsa, qocalanda təcrübəli istedadsız olacaq. Təcrübəsi ona şeirə bənzər şeylər yazmağa imkan verəcək. Hətta şeirdən başı çıxmayan bir neçə oxucunu da şair olmağına inandıra bilər. Amma onun axırı yoxdu. Allah verməyən şeyi almaq olmur. Şeir yazmaq istedadı vicdan kimi, məhəbbət kimi bir Allah payıdır. Onu öyrənmək, satın almaq olmur. Məlihə Əzizpur xanıma kitabından aldığım həzzə görə təşəkkürümü bildirirəm.

“Bir şəhər tanıyıram” şeirinin son bəndini başqa qızın kitabına keçid üçün misal gətirirəm.

Bir şəhər tanıyıram Əcibə!

(TƏBRİZ dərdli ürəkdir Səbirdaş)

Hələ qanı durmayan bir yarası vaaaar

 

(QARABAĞ)

 

Bir şəhər tanıyıram....

Söhbət açacağım ikinci kitab Nigar Xiyavi xanımın “Əlimdə əlli barmaq” şeirlər toplusudur. Burda da layihə rəhbəri Sayman Aruzdur, ideya sahibi Rasim Qaraca. Mən oxuculardan üzr istəyib Nigar xanımın bir adsız şeirindən üç misranı misal gətirirəm:

Yekə tumanına işəmiş kişi kimi yerindəcə

Donduruldu bizimkilər

Qaldıq yalanlar altında lağa...

Şeir sözünə yağdırılan bu həqarətdən misalları artırıb əsəblərinizi cırmaqlamaq istəmirəm. Amma bu xanımın bir şeirini bütöv, nöqtəsinə, vergülünə toxunmadan sizə təqdim etmək istəyirəm. Şeir Qarabağa həsr edilib.

 

 

QARABAĞ QURBAĞASI

 

Bu gün bu qurbağa

qapqara bir qarabağ.

Quruldamaq istir

Şikəstədən şikəst bir ağız

Neçə göllükdü.

Bəlli deyil ki, bu qurbağamız

ağamızdı biraz bəlkə

bir az da tosbağamız

ancaq

bugünədək gördüyüm ən qurbağa ən qurqur qağamız.

Bağışlayın zəhmətdi

Çatdıra bilsəniz

Bağırın

Ya da işdi çatsa qısır əliniz

Bağı qanqırmızı bağrı qara çöllüyünə

Qara bir daş tapsanız

Lütfən

Atın bu qurbağanın boğazında

ilişən göllüyünə

Yoxsa qurultu yaman şikəstə qaşınar

Ağız boğazında bir dyunqarına:

Əzizinəm ...

Tən dərdi vətən dərdi

Tərlədib öldürər məni

Neynim əl çək yaxamdan iyirmi fayiz bəsdi

Bəsimdi görər məni

Di dur gəl qoyma uçur qaçır başımdan

Gəl qadan aaalım

Bir çətvər araq yarım metir dönər kabab

dönər məni.

Döndərər məni

O yana döndərər məni yar buyana döndərər məni

Ölürəm ölürəm ölürəəə...m

Gəl dərdin aaa...lım.

Əzizinəm aaa...y gödən yaxşı

Bir fincan arada göbək yaxşı

Deyirəm vətən bir az yığcam

bir az gödək yaxşı

Ədə belə göbək yaxşı gödən yaxşı

Pay verməyə aaa....y baaaalam

Yenə də vətən yaxşı

Ölmürəm

Ölmürəm

Ölmürəəə...m...

 

Mənə bir onu demək qalır ki, elə müqəddəs hisslər, mövzular var, onları belə sərsəm yazıların mövzusu edib insanların hövsələsini sınağa çəkməyin. Bəzən insanlar qaynar başla bir iş görür. Sonra yadına düşür ki, demokratiya, fikir azadlığı var. Hər kəs fikrini söyləməkdə azaddır. Bunu başa düşürəm. Amma neyləyim, belə sərbəst yazıya bütün həyatım, canım, əsəblərim üsyan edir. Neyləyim ki, bunu yazan xanımdır, mən də dünya görmüş, yetmiş beş yaşı haqlamış bir azərbaycanlı kişiyəm. Ürəyimdə belə bir giley-güzar səsləndi, axı bu layihənin ideyası Rasim Qaracanındır. O da azərbaycanlıdır, özünü şair sayır. Bu mövzunun Azərbaycan Respublikasının insanları üçün nə qədər həssas, göynərtili olduğunu bilir. Niyə belə bir şeirin Arazın bu tayında oxucuların üzünə şillə kimi vurulmasına imkan verib? Nə bilim, bəlkə bu şeir Rasimin ürəyindən olub, yəqin özü də oxuyub tərifləyib. Yadıma düşdü ki, dörd-beş il bundan əvvəl Rasim Qaraca “Ədəbiyyat qəzeti”ndən gileylənib bizə yeddi şeirini göndərmişdi. Anar da oxudu, mən də şeirləri oxudum, nə demək istədiyini, nədən danışdığını anlaya bilmədik. Şeirlərdən yalnız bir bəndi misal gətirəcəm, biləcəksiniz ki, necə yazılardı.

 

Yol xora xalı təpər

Şal qaya şalı çəpər.

Kim hərə güllü şəhər

Vay bərə çini xoruz.

 

“Ədəbiyyat qəzeti”ndən xahiş etdik ki, şeirlərə qələm toxundurmadan çap etsinlər. Çap olunmasa, deyəcəkdi ki, gözəl əsərlərim var, çap etmirlər, gəncləri sıxışdırırlar. Çap olundu. Sonra iki-üç ay oxucuların suallarına cavab verməkdən əldən düşdük. Deyirdim özündən soruşun, bəlkə özü izah edə bilər. Deyirdilər, özünü tapmırıq, hardan bilək Rasim Qaraca kimdi, harda yaşayır, nə işlə məşğul olur.

Bir neçə kəlmə də Sayman Aruzun “Bahar gəlmədi” şeirlər toplusu haqqında. Sayman kitaba həm heca vəznli, həm də sərbəst şeirlər salıb.

Heca vəznində yazılmış şeirlərdə vəzn, qafiyə şeirin fikir boşluğu olan yerlərini güllü yorğan kimi örtür. Burda da dilin səmimiliyi, saflığı ön plana keçir. Kiçicik dil, məntiq xətası hər şeyi bərbad edir. Kitabda ilk şeirin ilk bəndini götürürəm:

 

Bir payız sabahı, əzan çağında

Qoşa gedirdilər iki vətəndaş.

Biri ölən idi, biri öldürən

Biri qaşqabaqlı, biri qələmqaş.

 

Bizim heca şeiri çox sınaqlardan keçib, böyük şairlərin qələmi ilə öz yüksək zirvəsinə qalxıb. Bu forma dilimizin gözəlliyini qoruyub. İndi bu formada şeir yazmaq çox çətindir. Dilimiz, gözümüz elə öyrənib ki, kiçik bir nöqsan, yalnış gözə çarpır. Yuxarıda misal gətirdiyim bənddə:

 

Qoşa gedirdilər iki vətəndaş

Biri ölən idi, biri öldurən.

Biri qaşqabaqlı, biri qələmqaş.

 

Saymanın xətrinə dəyməsə, mən ölünün yeriməyinə inanmazdım. Ölü ilə dirinin yanaşı getməyinə, nə olar, olsun, buna inandım. Bəs sonrakı misraya neyləyək?

“Biri qaşqabaqlı” deyəndə dilin məntiqi tələb edir ki, o biri gülərüz olmalıdır. Gülər üz olanda da qafiyə olmur. “Vətəndaş”a qafiyə lazımdı. Bu yerdə “qələmqaş” atılır meydana. Dilin tələbi pozuldu, bu da qurban olsun Saymana, ya da Rasim Qaracaya. Sözlərin düzülüşünə görə belə çıxır ki, arvad kişini öldürüb. Axı biz “qələmqaş” qadına deyirik.

 

Biri ölən idi, biri öldürən

Biri qaşqabaqlı, biri qələmqaş.

 

“Biri ölən idi” – deməli ölən aşağıdakı qaşqabaqlı imiş. Yox bir, kişini arvad vurub öldürüb, daha gülməyəcəkdi ki! Əlbət ki, qaşqabaqlı olmalı idi. İndi məsələ aydınlaşır. Arvad öldürən kişinin ölüsü yanmışlığından qalxıb yeriyə bilər. Sayman, sən istedadlı oğlansan. Mən “Tehran xiyabanlarından bir xatirə” şeirini oxuyub sənə inandım. O şeir sənin qəlbindən süzülən bir istedad şüasıdır. O şüanın kökündə işıqlı bir qəlb dayanıb. Sən o yolu tapacaqsan. Şeir dilin gözəlliyini, imkanlarını göstərən söz lövhələri, gözəl fikirlərin əlvan qanadlarıdır. Eynilə bu misralarında olduğu kimi:

 

Dəli olduğumu bildilər

Dərdli olduğumu bilmədilər

Gülümsədilər....

Ağladım...

Bizim də evimizin yolu,

Azadlıqdan keçəydi...

 

Bu şeirdə istedadlı bir şair qələmi var. Əsas odur ki, sən o qələmə inan, yaxşı bildiyini yaz. Şairlik özünə, hisslərinə sadiq olmaqdır. Bir də onu deyim, sənin rəhbərlik etdiyin bu layihə özü sənin hələlik ən gözəl şeirindi. Bu layihəyə görə sənə təşəkkürümü bildirirəm və daha ciddi yanaşmaqla daha gözəl şeir toplularının nəşrini gözləyirəm. Bu da yaradıcılıq qədər gərəkli və vacib bir işdir... Mən bu kitabları oxuyub onlar haqqında yazmağı düşünürkən, bu arada “Azadlıq” qəzetində Rasim Qaracanın bir köşə yazısını oxudum. Təəccüblənmədim. Çünki “Azadlıq” qəzetində bu Rasimin də, o biri rasimlərin də əsas dərdi Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan ədəbiyyatının klassikləri Füzuli, Mirzə Cəlil, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rzadır...

 

 

Fikrət QOCA

 

525-ci qəzet.- 2010.- 29 yanvar.- S.4.