İyirmi ildir Kəlbəcərsizəm

 

“Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Azərbaycanın çox yerlərindən, o cümlədən paytaxtımız Bakıdan da insanlar həmişə Kəlbəcərə ziyarətə gediblər. O dağların, meşələrin gözəlliyindən müəyyən qədər bəhrələnmək üçün, eyni zamanda bu gözəlliyi seyr edib ölkəmizin nə qədər gözəl bir məmləkət, diyar olduğunu bir daha dərk etmək üçün ziyarət ediblər. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”. 

 

Heydər Əliyev – ümummilli lider

 

Artıq Kəlbəcərin işğalından 18 il ötür. Bu illər ərzində kəlbəcərlilərin nələr çəkdiklərini bir Allah bilir. Özüm əslən Kəlbəcərdən olduğumdan, Kəlbəcər haqqında yazmaq, daha doğrusu onun işğalını dilə gətirmək mənin üçün çox çətindir. Hər bir insanın böyük vətəniylə bərabər kiçik bir vətəni də olur. O kiçik vətən hər birimizin doğulduğu ev, böyüyüb, boya-başa çatdığımız həyət, məhlə, cığırlarında yüyürüb-yıxıldığımız kənd,cılğın yeniyetməlik illərimizi keçirdiyimiz yurd, ilk sevginin yaşandığı məkan, böyüdükcə ruhumuza, qanımıza daha çox hopan, gecələr yuxumuzdan əl çəkməyən,ömrümüz boyu hər birimizi rahatlanmağa qoymayan varlıqdır.Və bu varlığın işğal altında olması asan məsələdirmi? İllər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınan, qaçqına, köçgünə çevrilən insanların dərdini hələm-hələm adamlar anlamaz. Bu, böyük dərddir, nədəsə davası, dərmanı tapılmayan dərddir. Üstəlik də qəribçilik. Onun da yükü adi yük deyil axı.

Axırıncı dəfə mən Kəlbəcərdə 1991-ci ilin yayında olmuşdum, azca sonra torpaqlarımız işğal olundu... Düz 20 ildir Kəlbəcərsizəm.

İşimlə, tutduğum vəzifəylə bağlı dünyanın irili-xırdalı 30-dan çox ölkəsində olmuşam, demək olar ki, bütün Avropanı gəzmişəm, Asiyada, Afrikada olmuşam, xoşuma gələn ölkələr, şəhərlər çox olub, amma Kəlbəcərin gözəlliyini heç yerdə görməmişəm. Bu, aydındır, hər kəsə öz yurdu, öz eli, öz obası gözəldir.

Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri və Qarabağ separatçıları tərəfindən işğal edilib. Mən bu işğalın səbəbini açıqlamaq fikrində deyiləm. Çünki səbəb bir deyil, beş deyil – mənəm- mənəmlik, kürsü davası, qardaşın qardaşı anlamaması, bağışlamaması,vahid Azərbaycan ordusunun olmaması, saysız-hesabsız təxribatlar, şəxsi mənafeyini millətin mənafeyindən üstün tutanların namərdliyi, ayrı-seçkilik, neçə illər ermənilərin mühasirəsində qalan doğma vətənin bir parçasına ögey münasibət. Amma haçansa biz Kəlbəcərin ermənilərə necə verildiyini, torpaqlarımızın nədən əsir düşdüyünü dəqiq biləcəyik.Tarix özü gizli məqamları, bizə məlum olmayan qaranlıq səhvləri haçansa açıb göstərəcək.

İşğal zamanı ermənilər dinc əhaliyə,qradın nə olduğunu bilməyən, mərmi səsini yalnız kinolarda eşidən dinc camaata amansızcasına divan tutdular, yerli əhali əsrlər boyu yaşadıqları ata-baba torpağından, yurd-yuvalarından qovularaq didərgin salındı. Kəlbəcərlilərin dişiylə- dırnağıyla yığıb yaratdığı mal-mülk, ev-eşik, bağ-baxca ermənilərə qaldı. Kəlbəcərlilərin qaçıb-getməsi üçün, bütün yolları bağlamışdılar, yalnız bir çıxış yolu var idi, Murov yolu. Qaçıb çıxa bilməyənlər əsir düşdülər, girov götürülərək daşnakların quluna,köləsinə çevrildilər. İndiyə qədər də əsirlikdə qalanlarımız, itkin düşənlərimiz var...

1993-cü ilin mart ayının axırlarında Rusiya telekanalları erməni işğalçıları tərəfindən artıq Kəlbəcərin işğal olunduğunu canfəşanlıqla xəbər verirdilər.O vaxtlar mən Moskvada məsul vəzifədəydim. Moskvada yaşayan bütün kəlbəcərlilər bir-birimizlə əlaqə saxlayır, bir yenilik olan kimi bir birimizə xəbər verirdik. Gecəni səhərə qədər yatmadım, özümə yer tapa bilmirdim, tezdən durub getdim bizim səfirliyə ki, görüm bir xəbər öyrənə bilərəmmi. O vaxt səfir Hikmət Hacızadəydi.Onun qəbuluna məni buraxmadılar. Nə yaxşı ki, köhnə tanışlarımdan olan Vaqif Verdiyev orada işləyirdi. Onun kabinetinə getdim.O məni görən kimi təskinlik verməyə başladı, mənim Kəlbəcərdən olduğumu bilirdi. Onunla ikinci mərtəbəyə bir nəfərin yanına qalxdıq. Vaqif müəllim dedi ki, Bakıyla müntəzəm əlaqə saxlayır, bəlkə bizə təzə nəsə deyə bildi.Çox təəssüf olsun ki, o adam mənə Kəlbəcərin işğalıyla bağlı bir məlumat verə bilmədi.Tez-tez gah Gədəbəy, gah Kəlbəcər deyirdi,mənə elə gəldi ki, bu adam heç   rayonlarımızı əməli-başlı tanımır.

Vaqif müəllim gedəcəyimi biləndən sonra, bilet sifariş etdi. Biletləri götürüb həmin gecə ailəmlə,uşaqlarımla bərabər Bakıya gəldim. Gəncəyə bilet yox idi, yoxsa təyyarə uçmurdumu, yadımda deyil, oradan da Xanlara və sonra isə Murov tərəfə üz tutdum.Camaatımızın nə günə salındığını, mərd, qoçaq, düşmənə baş əyməyən kəlbəcərlilərin zavallı, yazıq insanlara çevrildiklərini, necə baş götürüb qaçdıqlarını öz gözlərimlə gördüm. Burada neçə-neçə acı, ağır, dəhşətli xəbərlər eşitdim. Həmin gördüklərim, eşitdiklərim həyatımda dərin izlər qoydu. Dedilər ki, bibim həyat yoldaşıyla birlikdə əsirlikdə qaldılar, itkin düşdülər, bu günə kimi sağ olub-olmadıqları bilinmir. 26 yaşlı bacım oğlu Əli döyüşdə həlak olmuşdu. Bibim oğlunun həyat yoldaşı, Gülzar ermənilərin əlinə keçməsin deyə özünü hündür bir qayadan atmışdı.Namusunu, şərəfini, əxlaqını,həyatından üstün tutmuşdu,Gülzar. Fikirləşmişdi ki,əsir düşməkdənsə ölüm yaxşıdır.

Gülzarın özünü qayadan atması xəbəri,bütün Azərbaycana yayılmışdı. 1996-cı il aprel ayının1-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar Prezident Sarayında rayon sakinlərinin nümayəndələri ilə görüş zamanı mərhum liderimiz Heydər Əliyevə Kəlbəcərin kəndindən olan, bir qadının qayadan özünü atdığını demişdilər. Həmin görüşdə ulu öndərimiz Heydər Əliyev ürək yanğısıyla qeyd etdi – “...hansısa gəlin o dəhşətə, erməninin təcavüzünə dözə bilmədi, özünü qayadan atdı. Bu, böyük bir əfsanədir. Bu, millətimizin ən böyük keyfiyyətini nümayiş etdirən bir haldır. Mən hesab edirəm ki, bu gün də olmasa, vaxt gələcək, biz həmin gəlinin o faciəvi qəhrəmanlığına elə həmin qayanın başında böyük abidə ucaldacağıq”.

Kəlbəcərlilər Azərbaycanın bütün rayon və şəhərlərinə səpələndilər, Rusiyaya, Avropa ölkələrinə, Türkiyəyə üz tutdular. Qaçqın, köçkün damğası altında yaşamağa məcbur oldular. Mənim anam o qaçqınların biriydi. Yaşının ixtiyar çağında məşəqqətli bir ömür yaşamalı oldu anam. Gedib Azərbaycandan Moskvaya gətirdim, yanımda qalırdı, darıxanda yenə də Azərbaycana aparırdım, bir müddət keçəndən sonra yenə gedib gətirirdim, əlimdən gələni edirdim, qəlbində Kəlbəcərin özü boyda gəzdirdiyi dərdini, qəmini unutdurmağa çalışırdım.

Bir gün həyat yoldaşım mənə dedi ki, – Nəsib, Güllü xalam hər gün sən işə gedəndən sonra oturub, bayatı deyə-deyə ağlayır, mənə də deyir ki, – ay bala səni and verirəm Allaha ağlamağımı Nəsibə demə.Yeri gəlmişkən deyim ki, anam qəlbi nəğməli, bayatılı, dastanlarımızı, nağıllarımızı bilən bir anaydı. Aşiq Alının, Aşıq Ələsgərin qoşmalarını, gəraylılarını əzbər bilirdi. Latın əlifbasıyla beş il oxumuşdu. Bu əlifbamızı mənə 6-7 yaşlarımda öyrətmişdi. Əsgərlikdə olduğum illərdə anamla bu əlifbayla məktublaşırdım, o vaxt əsgər yoldaşlarımın çoxu, mənim bu əlifbayla məktub yazmağıma təəccüb edirdilər. O vaxtlar anamın mənə öyrətdiyi əlifbanın nə vaxtsa yenidən bərpa ediləcəyinə kim inanardı. Anam evimizin sevimlisinə çevrilmişdi, onu övladlarımdan çox əzizləyirdim. Mənə iş yerində, hardasa nə versəydilər, onu ovcumda anama gətirib verirdim. Axır ki,bir gün özümü toplayıb soruşdum: – Ay ana niyə ağlayırsan? Nə deyirsən de, eləyim, ürəyin nə istəyir, de, alım gətirim, hara istəyirsən de, aparım amma ağlama, görürsən, hər şeyimiz var. İndi az-çox dolanışığımız da var, de, görüm nə istəyirsən?

Anam xeyli üzümə baxdı və birdən – Məni Kəlbəcərə apar! – dedi.

Donub qaldım. İlk dəfə idi ki,anamın sözünə əməl edə bilmirdim. Bir neçə gündən sonra “Anamı kiridə bilmirəm Allah” adlı şeirimi yazdım:

Həmişə deyərdi ki, bircə dəfə doqqazımızdan içəri məhləmizə girsəm ölmərəm. Mən ona son nəfəsinə qədər təskinlik verirdim. – Lap yaxın zamanlarda yerimizə, yurdumuza, evimizə qayıdacağımızı deyirdim, anama. Son illər anam mənə az inanırdı. Artıq Kəlbəcərin azad olmasına inandıra bilmirdim. – Ay oğul, bu nə yaman uzun çəkdi belə, – deyirdi. Anamın arzusu ürəyində qaldı. Kəlbəcəri bir də görəcəyinə ümidini itirdi və əbədilik haqq dünyasına köçdü. Torpaq, yurd, ev-eşik, güllü-çiçəkli məhləsinin dərdini özüylə apardı... Heç anamın yoxluğuna öyrəşə bilmirəm:

Bunu yazmaqda məqsədim öz dərdimi kiməsə demək deyil, mənim kimi yüzlərlə, bəlkə də minlərlə oğulların anaları ağlar qaldılar, doğma yurdlarını görmədən dünyalarını dəyişdilər.Təmiz dağ havasında böyüyən, dupduru axan çaylarımızın suyunu bəyənməyən,yalnız durna gözlü bulaqlarımızın suyundan içən kəlbəcərlilər məskunlaşdıqları yerlərə öyrəşə bilmədilər,onların sıraları seyrəlməkdədir. Kəlbəcərin həsrətinə, çarəsiz dərdinə dözməyən minlərlə kəlbəcərli vaxtsız dünyalarını dəyişdilər. Şamil Əsgərov, Bəhmən Vətənoğlu, Sücaət, Allahverdi Qəmkeş, Dəmirçi Abbas kimi istedadlı şair və aşıqlarımız, Kəlbəcərin işğalına, nisgilinə dözə bilmədilər. Kəlbəcərsiz doğulan, Kəlbəcərsiz böyüyən uşaqlarımıza, gənclərimizə necə sevdirəcəyik o torpaqları. Bu özü də bir faciə deyilmi? 

Kəlbəcər Azərbaycanın mərkəzindən ən uzaqda, ən yüksəklikdə yerləşən,işğal edilmiş rayonlarımızın ərazisinə görə ən böyüyü, öz füsunkar gözəlliyi ilə seçilən, bənzərsiz təbiətiylə başqa rayonlarımızdan fərqlənən bir məkandır. Kəlbəcər dağlarını açıb düzənliyə çevirmək mümkün olsaydı, beş Qarabağ boyda olardı. Təmiz, saf mineral dərman suları, loğman İstisuyu var idi Kəlbəcərin. Ən başlıcası isə mərd, qeyrətli, qoçaq, sözübütöv, namuslu insanların yaşadığı bir məkan, bir diyar idi Kəlbəcər. 1993-cü ilin mart ayının ortalarından ermənilər iki istiqamətdən – Ermənistanın Basarkecər, və Dağlıq Qarabağın Ağdərə istiqamətindən hücumlara başladılar. 1988-ci ildən düşmən mühasirəsində mərdliklə dayanan, dövlət tərəfindən heç bir kömək almayan, o vaxtkı, səriştəsiz rəhbərlər tərəfindən ögeyləşən Kəlbəcər 1993-cü il aprelin 2-də süquta uğradı, mənfur düşmənlərin pəncəsinə keçdi. Kəlbəcər artıq 18 ildir ki, inildəyə-inildəyə erməni tapdağında qalmaqdadır.

Kəlbəcərin toponimiylə bağlı müxtəlif əfsanələr və tarixi yazılar mövcuddur.

Kəlbəcərin adını ilk dəfə bu yerlərə gələn,buranı bəyənib özünə məskən edən Kəlbəlayi Həcər adlı bir zəngin qadının adıyla da bağlayırlar.

Başqa bir məlumata görə VII əsrin ortalarında xəlifə Osmanın Azərbaycana ikinci yürüşü zamanı, onun göndərdiyi sərkərdələrdən biri Salman ibn Rəbiə rəhbərlik etdiyi altı minlik ordusuyla Azərbaycanın qərb hissələrinə hücum edir. Salman ibn Rəbiəni Bərdəyə, oradan daha da qərbə yürüş edir, lakin o burada yerli əhali tərəfindən böyük müqavimətə rast gəlir, onun qoşunu irəliyə bilməyir.

Ərəblərin işğal edə bilmədiyi dağ rayonlarının əhalisi qədim dinə inanmaqda davam edirdi. XV əsrin əvvəlində yaşayan ərəb tarixçi-filosofu İbn Xəldunun fikrinə görə, ərəblər “dağlıq yerlərə deyil, düzənlik yerlərə basqın etməyə meyl göstərirlər, ona görə ki, bu xalq öz vəhşiliyindən qarəti, soyğunçuluğu və viran etməyi sevir, dağ yerlərində isə bu məqsədə nail olmaq asan deyil”. Dağ əhalisini özünə tabe edə bilməyən ərəb sərkərdəsi qəzəbindən bu torpaqları kəlbkeçər adlandırır. Yəni it yolu... Lakin bu o qədər inandırıcı deyil. Mənim fikrimcə Kəlbəcər qədim türk mənşəli sözdən götürülüb. Qədim türk və azərbaycan dillərində gəlvi, yaxud qəlbi sözləri var.Uca,hündür,yüksək deməkdir. Cər və yaxud car, isə qədim türk dilində qala deməkdir. Deməli, Kəlbəcər-hündür qala, uca qala mənasını daşıyır.

Kəlbəcərin işğalından bir neçə gün sonra BMT Təhlükəsizlik Şurası 3205 iclasında 822 saylı Qətnamə qəbul etdi. Bu qətnamədə Ermənistandan bütün işğalçı qüvvələrini Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal qeydsiz-şərtsiz çıxarılması tələb olundu. Lakin həmin qətnamənin qəbul olunmasından 18 il keçsə də bu qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Türkiyə Ermənistanla sərhədi 1993-cü ildə erməni qüvvələrinin Kəlbəcəri işğal etməsindən dərhal sonra bağlayıb. Bu gün sərhədi yenidən açmaq üçün ən önəmli şərt də məhz Kəlbəcərin qaytarılmasıdır.

REGNUM saytının məlumatına görə 1999-cü ildən mənim doğulduğum Çaykənd kəndində bərpa işləri aparılır. Hal-hazırda burada 56 ailə yaşayır. 2010-cu ildə burada 10 uşaq doğulub, millətcə erməni olan bir livanlı iş adamı 8 ailəyə hər ailəyə bir inək, əkiz uşağı olan bir ailəyə isə 2 inək bağışlayıb. Kənddə maldarlıqla, əkinçiliklə, arıçılıqla məşğul olurlar. Məktəbində 54 şagird təhsil alır. Kəlbəcərin mərkəzində isə keçən il 240 nəfərin təhsil alacağı məktəb binası inşa edilib. İdman zalı istifadəyə verilib. Hal-hazırda Kəlbəcərdə 700 nəfər adam yaşayir. 70-ci illərdə Kəlbəcərdə düzün ayaği adlanan yerdə Böyük Vətən müharibəsi iştirakçılarına qoyulmuş abidə dağıdilıb, onun yerində erməni qəbirstanlığı salınıb.

Ermənilər Kəlbəcər rayonunun Xudavənd , Çərəkdar , Qanlıkənd, Qaraçanlı, Qalaboynu, Comərd , Camışlı kəndlərindəki tarixi abidələrimizi, Alban məbəd və qalalarını qriqoryanlaşdıraraq dünya ictimaiətinə qədim erməni abidələri kimi təqdim edirlər.

Məşhur Amerika tarixçisi C.Makkarti “Türklər və ermənilər” kitabında yazır ki, – Ermənistanın ərazilərindəki bütün adlar türklərə mənsubdur. Bu regiondakı çayların, göllərin, kəndlərin, şəhərlərin, meşələrin adları türk mənşəlidir. Ermənilər 1935-ci ildən başlayaraq süni şəkildə bu yerlərin adlarını dəyişməklə məşğuldurlar.

Torpaqlarımızın azad edilməsinin bircə yolu var. 2-3 günlük lokal müharibə. Sovet dönəmindəki, sərdədlərimizə qədər Azərbaycan torpaqları azad olmalıdır, işğalçılardan təmizlənməlidir. Buna görə Ermənistana havadarlıq edən, heç bir dövlət bizi ittiham etməməlidir. Biz qəsbkar deyilik, biz yalnız və yalnız öz torpaqlarımızı azad edirik. Öz ərazilərimizə sahib çıxmalıyıq. Qarabağ və Qarabağətrafı ərazilərimizin azadlığı, ərazilərimizin bütövlüyünün bərpası Azərbaycanın daxili işidir. Və torpaqlarımızın azad olunması məhz Kəlbəcərdən başlanmalıdır.

 

Moskva, mart, 2011

 

 

Nəsib NƏBİOĞLU

 

525-ci qəzet.- 2011.- 1 aprel.- S.7.