SÖZ haqqında deyilənlər

 

YAXUD KÜRDƏMİRDƏ UNUDULMAZ BİR GÖRÜŞ

 

Zaman o zaman oldu ki, bir ay öncədən Nərminin və bizim böyük həyəcanla gözlədiyimiz tədbir martın 26-da Kürdəmir rayonunun Gənclər Evində, nəhayət ki, baş tutdu. “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AYB-nin Tərcümə seksiyasının rəhbəri və “Ulduz” jurnalının şöbə müdiri İlqar Fəhmi, gənc yazarlar Qismət, Cavid Zeynallı, Zərdüşt Şəfizadə, Pərvin, Orxan Muxtarlı və bəndəniz Kürdəmirə yollandıq. Yolboyu Kürdəmirə qoşulan bayatılar, İlqar Fəhminin yumor dolu söhbətləri (xüsusilə tərəvəzlərlə bağlı araşdırmaları, landşaft üzrə dizaynerlik bacarığı) vaxtın necə keçdiyini hiss etdirmədi. Necə deyərlər, gözümüzü açıb-yumduq, özümüzü Kürdəmirin girişində, qoyun-quzu, keçilərin arasında gördük. Yanlış anlaşılma olmasın deyə, HAŞİYƏyə çıxmaq istəyirəm: rayonun girişində xatirə şəkli çəkdirmək üçün Cavid Zeynallı fədakarlıq edib iki keçi gətirdi. Keçilərdən birini qucaqlayıb şəkil çəkdirmək başqa söhbət olsa da, nəticələri ürəkaçan olmadı. Üstümə yapışmış keçi qoxusunu Nərmin məni qucaqlayıb görüşəndə sifətinin ifadəsindən hiss etdim. Dəhlizdən keçərkən gözucu zala nəzər saldıq.

“Maşallah, Nərmin, Kürdəmirdə adam qalmayıb ki...” – deyib içəridə bizləri gözləyənləri çox intizarda saxlamadıq. Doğrusu, kitaba, sözə, ədəbiyyata hələ də marağın olması və insanların belə bir tədbirdə gündəlik məişət qayğılarından bir neçə saatlıq ayrılıb bir araya toplanması bizdə ilk müsbət təəssüratları yaratdı. Tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov bu görüşü əlamətdar hadisə kimi dəyərləndirdi: “Bu gənclər hələ ədəbiyyatda ilk addımlarını atırlar. Onların arasında ilk kitabları nəşr olunanlar, qəzet səhifələrində, mətbuatda dərc edilənlər də var. Kim bilir, bəlkə də müəyyən zaman keçəcək, onlar Azərbaycan ədəbiyyatının ən aparıcı adamlarına çevriləcəklər və sizlər bir zaman bu yazarlarla görüşməyinizdən iftixar duyacaqsınız. Bu gün ədəbi mühitdə bir çox gənclər vardır ki, müəyyən qanunauyğunluq çərçivələrini qırıb yazırlar. Bu, gənc yazar üçün normaldır. Lakin bu eksperimentləri edənlər arasında olanların bəzilərinin düşüncə tərzinə baxırsan və ədəbiyyat sözü ilə onlar arasında böyük bir təzad görürsən. Rəşad Məcidin öz ətrafına topladığı, müəyyən mənada səmtləndirdiyi, himayədarlıq etdiyi gənclərin böyük bir qismi vardır ki, onlar həqiqətən ədəbiyyatın içindən keçib gələn və daşımalı olduğu missiyanı dərk edən insanlardır. Bu gənclər ədəbiyyatın ağır məsuliyyətini anlayır, onun sirlərini öyrənməyə can atırlar. Bu mənada ümidlə inanmağa dəyər ki, Rəşad Məcidin ətrafında toplanan gənc yazarlar arasında Azərbaycan ədəbiyyatının sabahkı həyatının parlaq insanları var. Bu gənclərin bir gün Azərbaycan oxucu auditoriyasında tanınacağına inanıram. Kitab oxumaq, zamanla, yenə də əvvəlki tək populyarlığına qayıdacaq. Elə zamanlar olub ki, yüz min tirajla kitablar nəşr olunub. Mənim Hüseyn Cavidə həsr etdiyim “Vaxtdan uca” kitabım vaxtı ilə altı yüz on min tirajla nəşr edilib. Sonra yenidən Hüseyn Cavidə həsr etdiyim, daha təkmil yazdığım “Əbədi Cavid” kitabım isə min tirajla nəşr edildi. Bu iki kitabın tirajları arasındakı fərq qədər bizim də kitaba olan münasibətimiz dəyişib. Mən inanıram ki, Azərbaycan oxucusu köhnə yaddaşını bərpa edib yenidən kitab oxuyacaq. Həmin oxunan kitabları da gənclər yazacaq. Düşünürəm ki, Rəşad Məcid bu yöndə fəaliyyətini davam etdirəcək və hər zaman belə gənclər ədəbiyyatda ilk addımlarını atacaq. Şübhəsiz ki, bu gənclərin hər birində istedad var və onların bəhrələrini Azərbaycan xalqı zamanla görəcək”. Rafael Hüseynovun çıxışından sonra Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin Kürdəmir rayonu Aran regional şöbəsinin direktoru Yaqut Bahadurqızı gəncləri zaldakı tamaşaçılara təqdim etdi. Doğrusu, Yaqut xanımın həyəcandan bəzilərimizin təvəllüdünü, iş yerini, ixtisasını yanlış söyləməsi də qəbul olunan idi. Həyəcan öz sözünü deyirdi. Sonra söz gənc yazarların kitabları, yaradıcılığı ilə tanış olan oxuculara, müəllimlərə verildi.

Əməkdar müəllim Rafael Məmmədov gənclərin qarşısında həyəcanlı olduğunu qeyd edərək öncədən çıxışını sığortaladı. O, şair Qismətin şeirləri ilə tanışlıqdan sonra ədəbiyyatın gələcəyinə olan, bir ara itirdiyi inamının yenidən özünə qayıtdığını dedi və bunun üçün Qismətə təşəkkür etdi. Qismətin şeirlərində səmimiliyin əsas yer tutduğunu qeyd edərək, hətta onun “Mükafat” şeirindən bir parça da söylədi:

 

Mən sənin qədrini bilmirəm hələ,

Pul olsa qaçaram tez gülə-gülə.

Bax, sənə yazdığım şeirimi belə

Mükafat naminə yazıram, Vətən.

 

 Daha sonra Qismətin başqa şeirlərindən də söyləyən əməkdar müəllim fürsətdən yararlanıb öz şeirini də dedi.

Növbəti çıxış Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyevin idi. O, son 30 ildə onu ilk dəfə işə gecikdirən Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı haqqında fikirlərini bölüşdü. “Mütaliənin öldüyü günü insanın da öldüyünü” deyən Vaqif bəy romanı nə az, nə çox – 2 dəfə oxuduğunu qeyd etdi: “Romanı oxuyarkən ilk olaraq Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərini xatırladım. Əsərdəki Üzeyir Zaurun sanki tərs tərəfi idi. Əqrəb adlandırdığı sevgilisi ilə Təhminə arasında da müəyyən fərqlər vardı. Kitabxanalarda oxucu qıtlığının yaşandığı bir dövrdə ədəbiyyata gəlmək, ona bir ömür sərf etmək özü bir qəhrəmanlıqdır. Mən Cavidi belə qəhrəmanlardan hesab edirəm. Cavid Zeynallının qələmində nəsrin bütün tələblərinə cavab verən ustalıq var”. “Günəşi gözləyənlər” romanında maşın altda qalmış pişiyin “estetik” təsviri hətta Vaqif Alıyev bir neçə kilo itirməsinə də səbəb olub, o mənada ki, hər dəfə nahar etmək istəyəndə bu səhnəni xatırladığını və yemək yeyə bilmədiyini söylədi. Nərmin Hüseynzadəni qırmızı ayaqqabıları ilə yaddaşına köçürdüyünü deyən Vaqif Alıyev məni əsasən “Mədəniyyət” qəzetindən izlədiyini söyləyərək, 2 və 4 misralıq şeirlərimə də toxundu. Heç bilməzdim ki, yazdıqlarım onun günlərcə düşünməsinə, tapmaca şeirlərimin cavabını Yaqut xanıma zəng edib açmasını öyrənməsinə səbəb olub... Doğrusu, son vaxtlar bəzi şeirlərimi heç özüm də hələ başa düşə bilməmişəm (vay oxucuların halına). Söz verirəm, şeirlərimin açmasını tapan kimi birinci Yaqut xanıma zəng edib, Vaqif Alıyevə deməsini xahiş edəcəm. Maraqlı havada köklənən tədbir davam edirdi. Çıxış edənlər arasında ədəbiyyat müəllimi Əsmət Musayevanın çıxışı da fərqli idi. Adətən Yaqut xanımın qəzetlərini, kitablarını alıb aparan, bəzən isə heç qaytarmayan Əsmət xanım gənc yazarlarla bağlı etdiyi qeydləri həyəcanla danışdı, hələ “Bilirəm ki, çox danışacağam” deyib özünü öncədən vaxt məhdudiyyətindən sığortaladı da. “Sizlərlə tanışlığım heç də uzaq günlərə gedib çıxmır. Darıxdığım, havamın çatmadığı günlərdə tələbə oğlum şeirlər kitabı gətirdi və oxu dedi, sonra demə ki heç nə yazmırlar. Beləcə, çap olunan nəyiniz varsa, evimizə ayaq açdı. Əvvəlcə gündüzün yorğunluğunu canımdan çıxarmaq, düşünmək, itirdiklərimi necə qaytarmaq fikri ilə mütaliə edirdim sizi. Sonra isə günün birində Yaqut xanım “525-ci qəzet”in bir nüsxəsini gətirdi. Nərminin yazısı çap olunmuşdu. Sizin hamınızı – Cavidi, Qisməti, Zərdüştü, Elvini, Fəridi, Pərvini, Sevinci, Mövludu, Güneli, Kəraməti, Yeganəni sevdirdi bizlərə. Özüm mütaliə etdikdən sonra şagirdlərimlə fikir mübadiləsi aparmaq üçün onlara da oxuyurdum. Beləcə, biz sizi görmədən bu əyalət şəhərində əsərlərinizlə sizi tanıdıq. Qismətin “20 qəpiklik mühazirə”sinə birlikdə qulaq verdik, İlqar Fəhmini hansı yönümdə tanıdığımızı indi də ayırd edə bilmirik. Ruhumu tərpədən qəzəlləri ilə, yoxsa həyatın dibindən gələn ssenariləri ilə?... Cavidin “Günəşi gözləyənlər”ini birnəfəsə oxudum. Amma iç dünyama Elvinin “Cavidi gözləyənlər” yazısı daha çox toxundu. Pərvini mütaliə etdikdə onun müşahidə qabiliyyətinin güclülüyünə qibtə etdim. Tez-tez şagirdlərim Mövludla bağlı sual verirlər. Onun son dövrdəki pessimizmi hardandır görəsən? Nərminə dərs deyərkən hərdən onu anlaya bilmirdim. Yuxarı siniflərdə inşa yazılarında özünü mənə tanıtdı. Yazılarında mövzulara fərqli bir baxış vardı. Həmin inşalarda Nərmini kəşf edirdim. Sonda, hər birinizə tövsiyəm: mütaliənizi daha da genişləndirin. Ümid edirəm bu zaman sizin istedadınız özünü daha əlverişli şəkildə göstərəcək”. Bir-birindən maraqlı çıxışlarla davam edən tədbirdə müəllimlər Vaqif Hacıyev, Rəhilə xanım və başqaları da öz sözlərini dedilər.

Tədbir iştirakçılarından İlqar Fəhminin özünün dediyi, ən çox sevdiyim “Təngnəfəs ayrılaq” şeiri isə xüsusi qeyd edilməyə dəyər. Daha sonra Pərvin, Qismət, Zərdüşt Şəfizadə də çıxış edərək öz ürək sözlərini bildirdilər. Yekun olaraq Rafael Hüseynov danışdı: “Fikirləşirsən ki, yeni şeir yazmaq mümkün deyil. Ancaq mümkündür. Bu insanlar sözü hiss edirlər, şairlik də ordan başlanır. Burda olan və olmayan bir çox gənc ədəbiyyatçılarımız var. Bu gənclərdən hansının böyük yazıçı, şair olacağı taleyin işidir. Amma bunların ən üzdə olan cəhəti ondan ibarətdir ki bunların içində mənəviyyat var. Onlar söz ilə oynayırlar. Bunların əyləncəsi, dincliyi ədəbiyyatdır. Bunun özü gözəldir”. Tədbirin sonunda Rəşad Məcid hər kəsə öz təşəkkürünü bildirərək, bu gün burada hamının ruhən rahatlıq tapdığını dedi: “Bu gün Rafael müəllimin səsləndirdiyi fikirləri gənclər həmişə yadda saxlayacaqlar və bu fikirlərin onlara böyük köməyi olacaq. Elə bilirəm ki, gənclər Kürdəmirdə keçirilən bu görüşü heç vaxt unutmayacaqlar”.

 Şəhərin stress yüklü həyatından bir neçə saatlıq da olsa ayrılıb Kürdəmirə gəlmək, burada oxucularla tanış olmaq, təbii ki, bizim hər birimiz üçün olduqca böyük dəstək və sevinc idi. Kitab oxucularının azlıq təşkil etdiyi bir dövrdə səni hansısa rayonun sakininin oxuması, düşünürəm ki, hər bir yazıçı üçün böyük stimuldur. Kim bilir, bəlkə elə bu yazını indi tanımadığım bir dağ kəndində kimsə oxuyub “Kaş bizim rayona da gələrdilər” – deyir. Məhz belə oxucular üçün həvəsdən düşməməyə və yola davam etməyə dəyər...

 

 

Yeganə CANSAİL

 

525-ci qəzet.- 2011.- 2 aprel.- S.29.