“Azərbaycan teatrı ilə tanışlıq mənə mədəni və mənəvi zənginlik bəxş edəcək”

  

Türkiyənin ünlü iş və mədəniyyət adamı Yakup Almelek “525-ci qəzet” vasitəsilə Azərbaycan Mədəniyyətini ürəkdən salamlayır. İlk dəfə “Off Off Broadway”də səhnələşdirilən bir türk tamaşası olan “Biznesmen- İş adamı” adlı əsərinin videodiskini “525-ci qəzet”in oxucuları və Azərbaycanın bütün mədəniyyət-sənət və mətbuat dünyası ilə paylaşır. Almelek Türk teatr dünyasının Amerikada kəşf edilən bir önəmli dram yazarıdır. Mədəniyyət, sənət, təhsil xadimi və iş adamı Yakup Almelek Cümhuriyyətin ilk dövründə – 30-cu illərdə Ankarada dünyaya gəlib. Yenidən qurulan, demokratikləşən bir ölkədə kiçik Yakupun müvəffəqiyyətə doğru gedən yolu maraq doğurur. Çox dəyərli yazar, şair, tamaşalar müəllifi Yakup Almelek bizlərdən biridir, ancaq əldəki nailiyyətləri, əsərləri və yaradıcılıq əzmiylə bizlərə örnək olacaq bir insandır...

– Uşaqlıq dövrünüzdə də sanki bir böyük kimi, yetkinliklə hərəkət etmisiniz... Sizdən öyrənə bilərikmi, kimdir Yakup Almelek?

– 1936-cı ildə Ankarada dünyaya göz açmışam. 3 il sonra müharibə başladı. Müharibənin gətirdiyi ağrı-acıların bir qismini biz də ailəlikcə çəkdik. Çörəyin talonla paylandığını gördüm. Həmin o illər anamın da, atamın da bizləri yetişdirmək üçün necə mücadilə etdiklərinin şahidi oldum. Bütün bu sıxıntılara, çətinliklərə baxmayaraq kitab əllərindən düşmürdü. Hər ikisi davamlı mütaliə ilə məşğul olan insanlar idi. Bu xüsusiyyət uşaqlara da təcrübə və həssaslıq aşılayır. İllər keçsə də, kitab ailə üçün heç vaxt dəyərini itirməyəcək “sevimli əşyaya” çevrilir.

– Türkiyə Cümhuriyyətinin qurulub möhkəmlənən dövründə doğulan Yakup Almelekin gözündə Cümhuriyyət nəslinin bir fərdi olmanın üstünlükləri nələrdir?

– Mənim nəslimin ən böyük şansı Cümhuriyyət dövrünün nümayəndəsi olmaq, xüsusilə də Atatürkün rəhbərliyini görmək olub. Osmanlı İmperiyasından sonra Türkiyə Cümhuriyyəti müasirliyə qədəm qoyaraq, incəsənət aləmində də yeni-yeni uğurlar əldə etdi. Bunun üstünlükləri saysız-hesabsızdır. Əlifba dəyişikliyi, seçki islahatı və başqa yenilikçi addımlar...

– Mədəniyyət, təhsil və sənət sahəsinə yönlənməyinizdə ailənizin nə kimi rolu olub?

– Ailəlikcə mədəniyyət mərkəzlərinə gedərdik. Dünyaşöhrətli pianoçu İdil Bireti də ilk dəfə ailəmlə dinləmişəm. Teatrı da belə sevmişəm. Bu gözəl xüsusiyyətləri də məhz ailəmdəki mühitə borcluyam.

– Siz bu cür sənətə bağlı olduğunuz halda, rahat, zadəgan tipli yaşamı seçmək əvəzinə, təməli riyaziyyata bağlı bir təhsil alıb, İstanbul Universitetinin qapılarını açdınız. Ankaradan sonra mədəni sahədə İstanbuldakı fəaliyyətləri və inkişafı necə qiymətləndirərdiniz?

– Ankarada ailə daxilində həmişə iş həyatı ilə bağlı fərqli məqamlar görmüşəm. Atamın heç vaxt ticarətə marağı olmayıb. Bir-iki cəhdi də uğursuzluqla nəticələnmişdi. Bunun ardınca da o vaxtlar ən ciddi kitabxanalardan biri olan AKBA müəssisəsində çalışmağa başlamışdı. Mən isə iş həyatımla yanaşı, çox sevdiyim ədəbiyyata da laqeyd yanaşmırdım. Ancaq güzəran qurmaq naminə iqtisadi təhsil almağa qərar verdim. Və elə bu səbəbdən 1955-ci ildə ailəlikcə İstanbula köçdük. Atam ora çatar-çatmaz özünə iş tapdı. Mən də o vaxtkı adıyla desək, Yüksək İqtisad və Ticarət Okuluna getməyə başladım. Biz Ankara – paytaxt mühitindən gəldiyimiz üçün burada genişlənən sənət fəaliyyəti bizi daha da həvəsləndirdi. Bununla yanaşı, İstanbulda xüsusi teatrların yayılması bizlərə yeni həyəcan verdi.

– Təhsilinizlə yanaşı, həyat məktəbinizdə də öndəriniz olaraq sizi yetişdirən ustadlarınız kimlər olub?

– Dayılarım mənə ticari baxımından dəstək olublar, bilgi veriblər. Çətinliyə düşdüyüm zamanlarda da elə onlara müraciət etmişəm.

– İş və bitmək bilməyən sevimli sənət! Bu doyumsuzluğun altında nə gizlənir?

– Çox sevilən şeylər insanda doyumsuzluq yarada bilər. İş həyatı insanı və onun ailəsini dolanışıq baxımından təmin etdiyi kimi, mədəni fəaliyyətlər də insanda ruh yüksəkliyi yaradır.

– Həyat yoldaşınız Ester Almelek də sizin kimi öz sənətinə bağlı insandır. Almelek Sanat Qalereyası da bambaşqa bir dəyərə malikdir. 20 ili arxada qoyan bu müvəffəqiyyət hekayəsini bizlərə xülasə şəklində açıqlaya bilərsinizmi?

– Ailə qurduğumuz zaman həyat yoldaşımın xüsusilə rəsm sənətinə marağının şahidi oldum və şərait yaranan kimi Almelek Sənət Qalereyasını yaratdıq.

– Ailə şirkəti, ailə qalereyası, ailənin övladları, mədəniyyət və sənət... Övladlarınızı da bu minvalla tərbiyələndirmisiniz?

– Mən uşaq vaxtı yaşadıqlarımı öz övladlarıma da aşılamağa çalışdım. Onları incəsənət sahəsində çalışmağa sövq edim. Qızım bu gün İzmirdə, 9 Eylül Universitetində mədəniyyət tarixindən dərs verir. Oğlum da ticarət və sənaye şirkətində baş müdirdi. Övladlarım musiqiyə də xüsusi həvəs göstərirlər, özlərinin bəstələri var.

– Köşə yazılarınız, qısametrajlı filmlər, tamaşalar, musiqi mətnlərilə Yakup Almelek öz oxucularına bu fərqli sahələrdə nələri izah etməyə çalışır?

– Ədəbiyyat ürəkaçan bir məşğuliyyətdir. Təbii ki, yazarkən oxucuya nəsə çatdırmağa səy göstərirsən. Bu da oxucunun qavramaq, götürmək qabiliyyətinə görə dəyişir.

– Teatr istəyi sizin üçün dərin bir bağlılıqdır. Amma nəyə görə məhz teatr?

– Çünki teatr həyatın böyük bir hissəsidir. Şekspirin dediyi kimi həyat böyük bir səhnədir. Pərdə açıldığı zaman o səhnəni və orada özünü görürsən. Mən də yazarkən özümün və başqalarının xəyalından keçənləri nümunə götürürəm. Və beləcə, gerçəkliklə təmasda olmaq istəyirəm. Oxuculara da bu hissi daddırmaq arzusundayam.

– Tamaşalarınızda ən çox hansı mövzulara üstünlük verirsiniz?

– Əsasən iş həyatı ilə bağlı mövzular diqqətimi daha çox çəkir. Şübhəsiz ki, bunun başlıca səbəbi mənim də iş dünyası içində olmağımdır.

– Əsasən nələri hədəfə alırsınız? Tamaşa qəhrəmanlarınız kimlərdir? Sizə bənzər qəhrəmanlardır, yoxsa daha çox təsəvvürlərinizdə, xəyalınızda canlandırdığınız insanlardır?

– İnsanları hədəfə alıram. Qəhrəmanlar isə həqiqi də ola bilər, xəyali qəhrəmanlar da. Bu günə qədər yalnız təsəvvürlərimdən yararlandığımı desəm, yanılmış olaram.

– Türkiyədə çeşidli teatrlarda tamaşalarınız səhnələşdirilib. Rejissorların yozumunu necə qiymətləndirirsiniz?

– Rejissorların yozumunda tamaşaya bağlılıq hiss olunur, bu da məni olduqca məmnun edir.

– Ardınca bir röyanız gerçəyə çevrildi. Dünyanın teatr nəbzinin vurduğu “Off Off Broadway” teatrında tamaşanız səhnələşdirildi... bu proses necə gerçəkləşdi? Bu müvəffəqiyyəti addım-addım təsvir edə bilərsinizmi?

– Tamaşalarımın dünyanın hər yerində səhnələşdirilə biləcəyinə və böyük marağa səbəb olacağına əmin idim. “Off Off Broadway” teatrında Richmond Shepard truppası da bu ilki mənə yaşatdı. İndi də bir çox fərqli ölkələrdən məlumatlar alıram. Bunlardan biri də çox məşhur Azərbaycan teatrı tərəfindən reallaşdı.

– Premyera günü və sonrakı günlər həyəcanlı olub... Axı ilk dəfə bir türk sənətçinin əsəri bu mərtəbəyə ucalmışdı. İlk olmaq – Teatr və kinonun World Trade Centerinədə. Bu necə bir duyğudur?

– Mən deyərdim ki, bu tayı-bərabəri olmayan qeyri-adi bir duyğudur. Tamaşanız oynanılır və siz də bunu seyr edərkən mərhələ-mərhələ, olub-keçənləri yada salıb qürur duyursunuz.

– Biz də bu müvəffəqiyyətinizi Azərbaycan teatr dünyasına daşıyaraq, sizi və əsərlərinizi tanıtmaq istədik. Doğrusu, sizi Bakıda hansı tamaşayla görəcəyimizi səbirsizliklə gözləyirəm. Siz Bakıya və Azərbaycan teatrına dair nələr deyə bilərsiniz?

– Azərbaycan teatrı ilə tanışlıq mənə mədəni və mənəvi baxımdan zənginlik bəxş edəcək. Ürəyimdən bunlar keçir: Bakıya gəlmək və orada mümkün olduğu qədər çoxlu tamaşa izləmək. Hətta bundan əlavə, Azərbaycan musiqisi və rəsm əsərləri ilə də yaxından tanış olmaq istəyirəm. Düşünürəm ki, bu, mənim üçün çox yaddaqalan, dəyərli təəssürat olacaq.

- Uğurlarınız daimi olsun. Təşəkkürlər, hörmətli Yakup Almelek!

 

 

525-ci qəzet.- 2011.- 2 aprel.- S.16-17.