Dil mədəniyyətisəhnədə ekrandamövzusu müzakirə olunub

 

Aprelin 5-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə “Dil mədəniyyəti – səhnədə və ekranda” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov dil mədəniyyəti mövzusunun aktual olduğunu deyib. Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli “Ədəbi tələffüz məsələləri” mövzusunda çıxış edərək dildə gedən proseslərə nəzər salıb. O bildirib ki, dildə gedən proseslər danışıldığı qədər faciəli deyil: “Müəyyən narahatlıqlar var. O da Azərbaycan mediasında çalışan bəzi insanların ədəbi dilə hörmətsizliyi ilə bağlıdır. Çox açıq şəkildə hiss olunur ki, bu gün mediada çalışanların xeyli hissəsi Azərbaycan ədəbi dilindən, onun normalarından xəbərsizdir. Radiolarda DJ-lərin dili ilə bağlı biabırçı vəziyyət var. DJ-lər dili zibilləyirlər. Çox arzu olunardı ki, media, televiziya rəhbərləri və Milli Televiziya və Radio Şurası bu məsələyə diqqət yetirsinlər”. Qulu Məhərrəmli telekanallardakı dublyajın aşağı səviyyədə olduğunu da söyləyib. Dəyirmi masada media eksperti Zeynal Məmmədli “Bədii dilin normalaşdırılması”, Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının baş müəllimi Könül Axundova “Bədii qiraətin səciyyəvi xüsusiyyətləri” mövzusunda çıxış ediblər.

 

 

525-ci qəzet.- 2011.- 6 aprel.- S.7.