Fransada təhsil sistemi: müşahidələr və müqayisə nədən xəbər verir?

 

Təhsil Nazirliyi və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə martın 27-dən aprelin 3-nə kimi Nazirliyin əməkdaşları və təhsildən yazan jurnalistlər Fransada səfərdə oldular. Altı nəfərlik nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə, TSİİL-in kütləvi informasiya vasitələri ilə iş üzrə mütəxəssisi Sevinc Səfərova, “Azərbaycan müəllimi” qəzetinin baş redaktor müavini Sarvan İbrahimov, İctimai Televiziyanın departament direktoru Cəsarət Valehov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və “Exo” qəzetinin müxbiri Dilarə Əlizadə daxil idi.

Səfər Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması alt komponentinin icra planına əsasən həyata keçirilib. Səfərin əsas məqsədi isə Fransanın təhsili idarəetmə orqanlarının media qurumları və jurnalistlərlə qarşılıqlı əməkdaşlıq təcrübəsinin öyrənilməsi idi. Təyyarə Fransa vaxtı ilə günorta saat 2 radələrində Fransanın Charles de Gaulle hava limanına endi. Məlumat üçün bildirim ki, Charles de Gaulle hava limanı təkcə Fransanın deyil, dünyanın ən böyük aeroportlarından biridir.

 O, 1974-cü ildə inşa edilib. Aeroport Fransanın 18-ci prezidenti Charles de Gaullenin şərəfinə adlandırılıb. Aeroportun ərazisi 33 km2 sahəyə malikdir. 3 terminal və 4 uçuş-eniş zolağı var. Son illərdə qeydə alınan göstəricilərə əsasən, bir ildə aeroport vasitəsilə 55-60 milyon sərnişin daşınır və 520-560 min təyyarə eniş edir. Hava limanından qalacağımız otelə yol təxminən 25-30 dəqiqə idi. Yuxusuzluğa, yorğunluğa baxmayaraq, fürsəti əldən verməyib yol boyu Parisi seyr etməyə çalışırdım. Şəhər kənarında yerləşən hava limanının ətrafında gözəgəlimli, müasir tikililər yox idi. Yalnız şəhər mərkəzinə doğru irəlilədikdə tarixi binalar, qeyri-adi görünüşlü yaşayış evləri və ən əsası isə Parisin simvolu olan möhtəşəm Eyfel (Eiffel) qülləsi görünməyə başladı. Fransanın paytaxtı olması ilə yanaşı elm, mədəniyyət, sənət sahələrində də dünyanın öndə olan mərkəzlərindən biri kimi qəbul edilən Paris, təxminən 2000 illik bir tarixə malikdir. Səfər çərçivəsində görüşlərə martın 28-dən başlayacaqdıq. Ona görə də səfərimizin ilk günü, yəni martın 27-də bir qədər istirahət edib, yol yorğunluğunu almaq qərarına gəldik. Otelə yerləşib bir qədər dincəldikdən sonra həmin gün ancaq otelin ətrafında gəzməklə kifayətləndik. Martın 28-dən etibarən isə görüşlərə start verildi. Səfər çərçivəsində ilk görüş Parisin Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzində (CİEP) oldu. Mərkəz fransız dilinin tədrisində böyük təcrübəyə malikdir. Mərkəz Fransada və beynəlxalq miqyasda xarici dillərin tədrisi və həmçinin müxtəlif dillərin inkişafı və mübadiləsi siyasətini aparır, müxtəlif proqram mübadiləsini həyata keçirir. Müəllimlərin stajının artırılması, təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı proqramlarını icra edir və məktəbə yeni başlayanlara dilləri veb sayt üzrə tədris edilməsi işini təşkil edir. Bu iş mərkəzin Avropa və Şərq şöbələri tərəfindən həyata keçirilir. Mərkəz həmçinin dil üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi işlər görür. Sözügedən Mərkəz beynəlxalq səviyyədə o cümlədən Fransa da xarici dillərin tədrisinə böyük önəm verir. Beynəlxalq münasibətlərin daha da inkişafı üçün xarici dilləri bilən mütəxəssislərin mübadiləsini həyata keçirir. Mərkəz eyni zamanda Fransada gələn emiqrantlara da yaxından köməklik göstərir. Belə ki, onların uşaqlarının məktəbə böyüklərin isə işə düzəlməsinə yardımçı olur. Azərbaycanın nümayəndə heyətini qəbul edən Mərkəzin xarici nümayəndə heyətlərinin qəbulu şöbəsinin əməkdaşı D.Futşik fransız təhsil sisteminin əsas pillələri haqda ətraflı məlumat verdi. D.Futşik bildirdi ki, Fransada təhsil pulsuzdur. Ölkənin müasir təhsil sisteminin əsası 1880-1890-cı illərdə qoyulub və 6 yaşından 16 yaşınadək uşaqlar üçün icbari xarakter daşıyır.

 Dövlət, eləcə də özəl təhsil müəssisələri mövcud olan Fransada məktəblilərin təxminən 20 faizi özəl orta təhsil müəssisələrində oxuyur. Həm dövlət, həm də özəl təhsil müəssisələri üçün bütün məktəb proqramlarını dövlət təsdiq edir. Həmçinin müsabiqə və imtahanların keçirilməsi də dövlət tərəfindən təmin olunur. Bakalavriat dərəcəsi səviyyəsinədək diplomların verilməsi hüququ yalnız dövlətə məxsusdur. 1959-cu ildən bəri özəl təhsilə dövlət tərəfindən yardım edilir. Ölkədə hər 9 özəl məktəbdən 8-i bu yardımdan yararlanır. Özəl sektorda çalışan müəllimlərin əməkhaqqı və təhsil xərclərini də dövlət ödəyir. Fransanın təhsil sistemi məktəbəqədər təhsil (6 yaşınadək), ibtidai təhsil (6-11 yaş), orta təhsil (11-18 yaş) (orta təhsilin sonunda bakalavriat diplomu verilir. Bu diplom imtahansız universitetə qəbul olmaq hüququ verir): “Müxtəlif pillələrdə təhsilin təşkili və məzmunu, 30 ildən artıqdır ki, həyata keçirilən islahatlarla müşayiət olunur. Aparılan islahatlar təhsilin demokratikləşdirilməsini və onun inkişaf etməkdə olan cəmiyyətin ehtiyaclarına yönəldilməsini təmin edir. Fransada son illərin əsas təhsil islahatları aşağıdakılardan ibarətdir- 3 yaşından 5 yaşınadək uşaqlar üçün məktəbəqədər uşaq müəssisələri şəbəkəsinin inkişafı, ibtidai məktəblərdən kolleclərə keçid imtahanlarının ləğv edilməsi, təhsildən geri qalan şagirdlər üçün adaptasiya siniflərinin yaradılması, xüsusiləşdirilmiş və ibtidai məktəbdən kollecə qədər qruplara bölünmə olmadan təhsilin ümumi sütununun təşkili, təhsilin ödənişsiz olması, yeni fənlərin tədris proqramına daxil edilməsi”. D. Futşik bildirdi ki, məktəbəqədər uşaq müəssisələri – “ana məktəbləri” 3 yaşından 6 yaşınadək uşaqları qəbul edir. Fransada məktəbəqədər təhsil icbari olmasa da, faktiki olaraq 3-6 yaşında olan bütün uşaqlar uşaq müəssisələrinə gedirlər.

“Ana məktəbləri”ni çox vaxt fransız təhsil sisteminin ən böyük uğuru hesab edirlər. Məktəbəqədər təhsil müəssisələrində siniflər, tədris prosesi yaxşı təşkil edilib, uşaqların hərtərəfli inkişafı üçün lazım olan bütün amillər nəzərə alınıb. Uşaqlar müvafiq tədris materialları əsasında öyrədilir, bir çox faydalı bilikləri mənimsəyir və ünsiyyət vərdişlərinə yiyələnirlər. Bu məktəblərdə uşaqlar üç yaş qrupuna bölünür. Birincisi, 3 yaşından 4 yaşınadək uşaqların oynadıqları və danışmaq vərdişlərinə yiyələndikləri qrupdur. İkincisi, 4 yaşından 5 yaşınadək uşaqların yapma, rəsm və digər praktik vərdişlər, eləcə də şifahi ünsiyyət vərdişlərinə yiyələndikləri qrupdur. Üçüncü böyük qrup isə 5 yaşından 6 yaşınadək uşaqları əhatə edir. Burada uşaqlar oxu, yazı və hesablama vərdişlərinə yiyələnirlər. Onun dediyinə görə, Fransada qəbul edilmiş orta təhsil sistemi özlüyündə üç qrupa bölünür – ibtidai məktəb (5 illik təhsil), kollec (4 il), lisey (3 il). Adətən bu təhsil müəssisələri bir-birindən ayrı yerləşirlər. İbtidai məktəb və kollec məcburi xarakter daşıyır. İbtidai məktəb 6 yaşdan 11 yaşadək davam edir. İbtidai məktəbdə dərslər (saat 9-dan 12-dək və saat 14-dən 17-dək) həftədə dörd gün (27 saat) davam edir. Çərşənbə günü, şənbə günü nahardan sonra və bazar günü uşaqlar istirahət edirlər. Bu günlər ərzində uşaqlar maraqlarına uyğun olaraq müxtəlif idman və bədii dərnəklərdə məşğul ola bilərlər. Fransada ibtidai məktəbdə oxuyan şagirdlərə evə tapşırıq verilmir. İbtidai təhsil dövründə sinifdə bütün fənləri bir müəllim tədris edir: “İbtidai təhsil almış bütün şagirdlər kolleclərdə oxuya bilərlər. Kollecdə təhsil, hər biri 2 il olmaqla iki dövrə bölünür- müşahidə dövrü, istiqamətləndirici dövr. Müşahidə dövrünə VI və V siniflər daxildir. Bu dövrdə tədris prosesi orta təhsilin baza elementlərini təqdim etməklə, ibtidai təhsili tamamlayır. Bütün uşaqlar kollecə daxil olur, bərabər tədris proqramı üzrə dərs keçir və mütləq şəkildə müəyyən olunmuş xarici dillərdən birini öyrənirlər. İstiqamətləndirici dövrə ümumi təhsilin IV və III sinifləri, eləcə də texniki təmayüllü kolleclərin IV və III sinifləri daxildir. Bu mərhələdə uşaqlar ikinci xarici dili öyrənməyə başlayır və əlavə olaraq latın, yunan və ya digər dilləri seçə bilirlər. III sinfin sonunda şagirdlər imtahan verir və kolleci bitirmələri haqda şəhadətnamə alırlar. Kollecin III sinfindən sonra şagirdlər təhsillərini ya peşə (2 illik), ya da ümumtəhsil liseylərində (3 illik) davam etdirə bilərlər. Ümumtəhsil liseyi 3 il ərzində bakalavriat diplomu almaq üçün buraxılış imtahanına hazırlayır. Fransızların qısaca “Bak” adlandırdıqları orta təhsil haqqında bu diplom böyük əhəmiyyətə malikdir (Azərbaycanda verilən ali təhsilin bakalavr diplomundan fərqlənir). Bu diplom məzunlara imtahansız universitetə qəbul olmaq imkanı verir. Kolleci bitirdikdən sonra şagirdlər təhsillərini 2 illik peşə liseylərində də davam etdirə bilərlər”. Görüş zamanı çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə D.Futşikə Azərbaycanın təhsil sistemi, təhsil siyasəti, təhsilin bütün pillələri üzrə təsdiq olunan Dövlət Proqramları barədə ətraflı məlumat verdi. B.Hüseynzadə bildirdi ki, Azərbaycanda şagirdlərin yüksək səviyyədə orta təhsil alması üçün lazımi şərait yaradılıb. Səfər çərçivəsində ikinci görüş isə Fransa Təhsil, Gənclər və Assosiativ Həyat, Ali Təhsil və Elmi Araşdırmalar nazirlikləri, Qiymətləndirmə, Planlaşdırma və Səmərəliliyin təhlili İdarəsinin əməkdaşları ilə oldu. Görüş zamanı Qiymətləndirmə, Planlaşdırma və Səmərəliliyin təhlili İdarəsinin müdiri Alən Lopez bildirdi ki, rəhbəri olduğu şöbə təhsil sahəsində statistik informasiya sisteminin qurulması və idarə olunmasını təmin edir və Fransa Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyi və Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin informatika və menecment sistemlərində işlətdiyi kataloq və nomenklaturalar üzrə məsuliyyət aparır. O, Təhsil Nazirliyinin digər idarələrinin xahişi ilə təhsil sisteminin bütün aspektləri üzrə qiymətləndirmə, sorğular və tədqiqatlar proqrammı hazırlayır, həyata keçirir. Eyni zamanda həm məktəb təhsilinin, həm ali təhsili və elmi tədqiqatları maraqlandıran statistik məsələlərlə bağlı, bu idarə Ali Təhsil və peşə inteqrasiyası üzrə Baş İdarəyə və İnnovasiya və Tədqiqatlar Baş İdarəsinə dəstək verir və əksinə. Təcrübə və məsləhət funksiyası ilə bağlı, bu şöbə, Milli və regional səviyyələrində tədbirlərin səmərəliliyini, ardıcıllığını təmin edir. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə isə A.Lopezə Azərbaycanda tətbiq olunan qiymətləndirmə sistemi haqda ətraflı məlumat verdi.

 

 (ardı gələn sayımızda)

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 6 aprel.- S.7.