Gənc yazar Yeqzar CəfərlininƏli Fəhmi dünyasıkitabı işıq üzü görüb

 

Azərbaycanın tanınmış ziyalılarından olan ədəbiyyatşünas, şərqşünas alim Əli Fəhminin həyat və yaradıcılığından bəhs edən “Əli Fəhmi dünyası” adlı kitabın təqdimatı olub. Təqdimatda çıxış edən ziyalılar Əli Fəhminin həyat və yaradıcılığına qısa ekskurs edib, onunla bağlı xatirələrdən söz açıb, kitabın ərsəyə gəlməsini müsbət qiymətləndiriblər.

Kitabın müəllifi Yeqzar Cəfərli Əli Fəhminin yalnız adını eşitdiyini deyərək, bu işə onun əlyazmaları, haqqındakı xatirələrlə tanış ola-ola başladığını bildirib: “Bu əvəzsiz şəxsiyyətin yaradıcılığı ilə yaxından tanış olunca, onun gəncləri daim ruhlandırması, “sən məndən də çox bilirsən” deyərək gənclərdə öz qüvvələrinə inam yaratması məni ruhlandırdı. Mənə bu məsuliyyətli işə girişməyə cəsarət verdi”.

 Y.Cəfərlinin sözlərinə görə, cəmi 56 il yaşayan, lakin özündən sonra unudulmaz xatirələr qoyan Ə.Fəhmi olduqca ləyaqətli və şərəfli ömür yaşayıb: “Qurani-Kərimin, İslam dini ehkamlarının, Şərq poeziyasının, əruzun və muğamın gözəl bilicisi olub. Bu gün Əli Fəhmi onu tanıyanların xatirəsində belə yaşayır”.

 Müəllif Azərbaycan ədəbiyyatında klassik poeziyanı, əruzu gözəl bilən alimlərimizin çox olduğunu, ancaq onların heç birinin Qurani-Kərimi, İslam hüquq və şəriət məktəblərini Əli Fəhmi qədər dərindən bilmədiyini deyib.

Qeyd edək ki, kitabın müəllifi Yeqzar Cəfərli Azərbaycan Universitetinin filologiya fakültəsinin 3-cü kurs tələbəsidir. İngilis və ərəb dillərini bilən Y.Cəfərli ölkə mətbuatında onlarla məqalənin müəllifidir.

 

 

525-ci qəzet.- 2011.- 7 aprel.- S.7.