Ali təhsildə keyfiyyəti necə təmin etməli?

 

Son zamanlar Azərbaycan vahid Avropa məkanına inteqrasiya üçün strateji addımlar atır. Bura Avropa İttifaqı ilə geniş qarşılıqlı əlaqələr, 2005-ci ilin yazında Bolonya sazişinə qoşulma və digər addımlar daxildir. Proses çox məntiqidir – Azərbaycan tək yaşamaq üçün həddən artıq özəldir: qloballaşan dünyada ayrılaraq yaşasaq həm dünya, həm də ölkəmiz çox şey itirər. Belə görünür ki, Azərbaycanın Avropaya inteqrasiyası çox pozitiv və münasib bir prosesdir. Lakin daha çox millətin özünəməxsusluğu sahəsinə – ali təhsil ənənəsinin də aid olduğu mənəviyyat sahəsinə toxunulduqda (Bolonya prosesini nəzərdə tuturam) milli eyniləşmə üçün son əsasın itirilməsi qorxusu yaranır. Bu tamamilə izah edilə bilən bir qorxudur – o, lazımınca düşünülməmiş yeniliklərlə bağlı orqanizmin özünümüdafiə və dayanıqlılığını təmin edir. Azərbaycan Respublikası prezidentinin təsdiq etdiyi “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda qeyd olunur ki, cəmiyyətin tərəqqisi bütün dövrlərdə bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuş, mövcud tələbat təhsilin inkişafını sürətləndirmiş, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymuşdur. Həmin sənəddə həmçinin göstərilir ki, BMT XXI əsri “təhsil əsri” elan etmiş və yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında ali təhsilin rolu danılmazdır. Heç də təsadüfi deyil ki, bu sənəddə ABŞ, Yaponiya, Cənubi Koreya kimi ölkələrin bugünki səviyyəyə çatmasında maddi resurslardan daha çox təhsil sistemlərinin yetişdirdiyi insan kapitalının əvəzsiz rolu vurğulanır və həmin ölkələrdə inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisinin təxminən 70 faiz təşkil etdiyi bildirilir. Bax budur təkzibolunmaz həqiqət. Ulu öndərimiz demiş, təhsil millətin gələcəyidir. Bolonya deklarasiyasının əsas bəndlərindən biri hər bir ali məktəbdə təhsilin keyfiyyətinin təmini və ona nəzarət ilə əlaqədardır. Demək olar ki, vahid Avropa Ali Təhsil məkanının yaradılması bugün Azərbaycan ali məktəbləri üçün təhsilin səviyyə və keyfiyyətini diqqətlə nəzərdən keçirmək üçün ciddi səbəbdir. Bu çətin, lakin maraqlı bir yoldur, o, ali məktəblər, təhsil nazirliyi və hökumətin fəaliyyətinin bir çox aspektlərini yenidən dərk etməyi tələb edir. Lakin bu istiqamətdə addım Azərbaycan həqiqətləri şəraitində qərb sosial texnologiyasını tətbiq etməklə və onu öz məzmunu ilə doldurmaqla Azərbaycana Avropa məkanına inteqrasiyaya imkan verir. Təsadüfi deyil ki, ali təhsilin modernləşdirilməsinə həsr olunan forumlarda belə bir fikri eşitmək mümkündür ki, Azərbaycan ali məktəblərində Bolonya deklarasiyasını qərbə nisbətən “daha geniş başa düşürlər”. Bu da bizim özəlliyimizdir. Vahid Avropa Ali Təhsil Məkanına inteqrasiyaya gedən yol mütləq keyfiyyətin təmin olunmasından keçir. Dünya təhsil təcrübəsində keyfiyyətin təmin olunmasının daha çox üç modeli – İngilis, Fransız və Amerika modelləri diqqəti cəlb edib. İngilis modeli əsasən akademik göstəricilərin universitetdaxili qiymətləndirilməsini, Fransız modeli universitetxarici qiymətləndirilməni, Amerika modeli isə təhsil müəssisəsinin və təhsil proqramlarının müstəqil akkreditasiya orqanları tərəfindən qiymətləndirilməsini nəzərdə tutur. Bütün bu modellərlə yanaşı düşünürük ki, təhsilin keyfiyyətinin idarə olunması sisteminin yaradılması isə yeni idarəetmə texnologiyalarının tətbiqidir. Əsas diqqət texnoloji proses kimi keyfiyyətin idarə olunması sisteminin tətbiqinə yönəldilir, məqsəd isə universitetin əsas iş proseslərində keyfiyyətli təhsili təmin edən mexanizmin yaradılmasıdır. Keyfiyyətin ümumi idarəsi (menecmenti) – bu yalnız idarəetmənin effektli metodu deyil, hər şeydən əvvəl, dünyagörüşü, insanlar arasında idarəetmə sistemi, təşkilat fəlsəfəsidir. Ona görə də keyfiyyətinin idarə olunması sisteminin tətbiqi yalnız bütün əməkdaşların bu prosesi anlaması əsasında mümkündür. Keyfiyyətinin idarə olunmasının əsasında Keyfiyyətin Ümumi İdarəsinin ardıcıl hərəkəti prinsipi dayanır, yəni “planlaşdır-et-öyrən-qiymətləndir-hərəkət et-təkmilləşdir”. Bunları ümumiləşdirsək keyfiyyətin idarə olunmasının aşağıdakı prinsiplərini müəyyən etmiş olarıq: – proseslərin menecmenti; – ictimaiyyət qarşısında məsuliyyət; – istehlakçı tərəfə meyllilik; – nəticə və məqsədə çatmağa doğru meyllilik; – əməkdaşların cəlb edilməsi, iştirakı və motivə edilməsi ; – korporativ əməkdaşlığın inkişafı; – əməkdaşların daimi təlimi, innovasiyalar; – qətiyyətli rəhbərlik. Fikrimizcə, bu prinsiplər arasında prioritet olanlar proseslərin menecmenti, korporativ əməkdaşlığın inkişafı, savadlı-kompotent əməkdaşların cəlb edilməsi, iştirakı və motivə edilməsi, istehlakçı tərəfə meyllilikdir. Bəs keyfiyyətin ümumi idarəsinin əsas elementlərinə nələri aid etmək olar? Düşünürəm ki, bunlar aşağıdakılardır: – təşkilatın bütün əməkdaşlarının işə cəlb olunması, –“rəhbər- tabe olan” arasında qarşılıqlı əlaqənin yeni prinsipi, – səlahiyyətin yuxarıdan aşağı, yəni güclü bənddən orta bəndə və bu ardıcıllıqla verilməsi, –yaxşı işə görə yeni mənəvi və maddi stimul, –yeniliklərin qəbulu üçün psixoloji maneələri aşma. Ali məktəbin konkret kollektivi öz işinə görə məsuliyyət götürür. Bu, korporativlik universiteti xaricdən vadar edilən sərt dağıdıcı fəaliyyətlərdən də qoruyur. Hər bir ali məktəb – texniki, pedaqoji və ya klassik universitet keyfiyyətin ümumi idarə prinsiplərini öz spesifik şərait və xüsusiyyətləri ilə uyğunlaşdırır. Bu tamamilə doğrudur, belə ki, qərbdə yaranan yeni sosial texnologiyaları tətbiq edərək Azərbaycan universitetləri hər şeydən əvvəl öz unikal ənənələrini – onilliklər ərzində yaradılan təkrarolunmaz humanitar mühit və mənəvi atmosferi saxlamağa çalışır. Təhsildə keyfiyyətinin idarə olunması sistemi həmişə proseslərin strukturunun qurulması və texnologiyasının yaradılması ilə əlaqəlidir. Bu gün Respublikamızda bu işə həm klassik və həm də pedaqoji universitetlər cəlb olunub. Burada biz ali məktəb kollektivinin sosial psixoloji iqlimində dəyişikliklər əsasında yeni sosial texnologiyaların üzə çıxmasını gözləyə bilərik, belə ki, universitetin “intellektual məhsulunun” keyfiyyəti birbaşa olaraq onun “buraxılmasında” iştirak edənlərdən, universitetin əməkdaşlarından asılıdır. Ali təhsildə keyfiyyətin idarə olunması sahəsində mövcud vəziyyəti təhlil edərək ölkəmizdəki ali məktəbləri təhsildə keyfiyyətin təmin edilməsi texnologiyasının tətbiqinə görə bir neçə qrupa bölmək olar: 1) beynəlxalq keyfiyyət sertifikatı alan ali məktəblər; 2) öz keyfiyyət sistemini təsdiqləməyə hazırlaşan ali məktəblər; 3) öz keyfiyyət sistemini yaradan, lakin onun təsdiqlənməsinə can atmayan ali məktəblər 4) keyfiyyət sisteminin ayrı-ayrı elementlərinin tətbiqinə başlayan ali məktəblər 5) bu prosesə yenicə yaxınlaşan ali məktəblər. Maraqlıdır ki, təsdiq edilmiş keyfiyyət sistemlərinin mövcudluğu həmişə onun ali məktəbdə doğrudan da fəaliyyət göstərməsini təsdiq etmir. Bundan başqa, öz keyfiyyət sistemini təsdiq etmək və ya etməmək isə ali məktəbin öz işidir. Təhsilin keyfiyyətindən danışdıqda, onu təmin edən dörd əsas faktoru ayırmaq lazımdır: 1) təhsilə qoyulan sərmayənin həcmi 2) müəllimlərin səriştəliliyi-kompotentliyi 3) abituriyentlərin səviyyəsi 4) təhsilin məzmunu Mövcud vəziyyəti uzun uzadı təhlil etmək, problemləri uzun-uzadı sadalamaq olar. Bircə məsələ hamımıza gün kimi aydındır ki, mübahisəsiz olaraq regionun intellektual və mənəvi potensialını özündə cəmləşdirən universitetlər təhsilin keyfiyyəti ilə vəziyyəti dəyişə bilərlər. Burada da keyfiyyətin idarəsi texnologiyasından istifadə etmək vacibdir. Keyfiyyətin İdarəsi Sisteminin yaradılması üzrə işləyən bütün ali məktəbləri iki qrupa bölmək olar: 1) Keyfiyyətin İdarəsi Sisteminin yaradılması üçün neçə il cəhd edən ali məktəblərdə ümumilikdə az şey edilmişdir, ən yaxşı halda Keyfiyyətin İdarəsi Sisteminin hər hansı bir elementlərindən istifadə olunur, sistemin özü isə yoxdur. Keyfiyyət məsələsi ilə məşğul olan qrup daha çox nəzəriyyəyə meylli olur, kurslarda təlim keçir və ya kurslar açaraq digərlərini öyrədir. Belə ali məktəblərdə Keyfiyyətin İdarəsi Sistemi kağız üzərində mövcud olan diaqram və sxem formasında olur. 2) Keyfiyyətin İdarəsi Sistemi texnologiyalarının real tətbiq olunduğu ali məktəblər. Keyfiyyətin İdarəsi Sisteminin yaradılmasında özünün və digər ali məktəblərin təcrübəsini təhlil edərək bu prosesin aşağıdakı əsas problemli məqamlarını nəzərə almaq lazımdır: a) Top menecerlərin, yəni rektor, prorektorun Keyfiyyətin İdarə Sisteminin tətbiqində zəruri real marağı. b) Beyinlərin cəlb olunması problemi, yəni top menecerlərin, təhsilin keyfiyyətinin təmin olunması texnologiyasının ilk olaraq rəhbərlərin yeni bilikləri, intellektual texnologiyaları mənimsəməli olduqlarını başa düşmələridir. Bu həm maddi xərc, həm də mənəvi sərf (əslində sonuncu qanunauyğun olaraq daha çətindir, çünki dünyagörüşünün dəyişilməsi məsələsidir) tələb edir. c) Rəhbərlik üslubunun dəyişdirilməsi. Texnologiyaların tətbiqi, eyni zamanda ali məktəbin idarə üslubunun avtoritar elementlərinin texnoloji elementlərlə əvəz edilməsi deməkdir. Bir qayda olaraq təşkilatlarda prosesi tənzimləmək işini qabaqcıl idarəetmə texnologiyalarını mənimsəyən insanlar başlayır. Və ən əsas problem – Prosesi başlayanların keyfiyyət ideyasını başa düşənə qədər keyfiyyət sisteminin tətbiqi ilə məşğul olması məsləhət deyil. Bu ən vacib məsələdir. Keyfiyyət Sisteminin tətbiqinin başlanğıcında yaxşı ideoloji işin yoxluğu bu proseslərin ali məktəblərdə illər boyu zəif effektli olmasının əsas səbəbidir. Son olaraq onu qeyd etmək lazımdır ki, Ali təhsil sistemində rəqabətli mübarizəyə hazır ali məktəblərlə digərləri arasında sərhəd gündən-günə daha aydın görünməkdədir. Bugün Ali təhsil menecerləri üçün ali təhsil problemini həll etmək sanki riyaziyyatçı üçün Ferma teoremidir-çətin, lakin hədsiz dərəcədə maraqlı bir iş. Vacib olan odur ki, gərək problemin həllinə düzgün yanaşasan, strategiya yaradasan və doğrudan da işlə məşğul olasan. Bir məsələni də yaddan çıxarmaq olmaz ki, ali təhsil haqqında müasir diplom statusunun dəyəri düşür. Bu gün işə götürən təcrübəsiz ali təhsil məzununu deyil, iş təcrübəsi olan mütəxəssisi böyük məmnuniyyətlə işə dəvət edir. Bəs nə etməli? Ali təhsildə keyfiyyəti necə qaldırmaq olar? – Hal-hazırda təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluq genişlənir. Bu, təkcə Azərbaycanın deyil, Amerikanın, Avropanın, hətta Çinin problemidir. O, inkişaf etmiş təhsil sisteminin mövcud olduğu və iqtisadiyyatın strukturunun tez-tez dəyişdiyi hər yerdə yaranır. Səbəb ondan ibarətdir ki, əmək bazarı çox dinamik inkişaf edir, mütəxəssislərə yeni tələblər yaranır, hətta “mütəxəssis” anlayışı da dəyişir. Təhsil isə təbiətcə mühafizəkardır. Universitetlər, məktəblər öz ənənələrini, vərdişlərini, standartlarını saxlamağa çalışırlar. Demək uyğunsuzluq qaçılmazdır. Sadəcə onu dramatikləşdirmək lazım deyil. Bu gün ali məktəb məzunlarının çoxunun öz ixtisası üzrə işləməməsi təbii tendensiyadır. Lakin əgər belə uyğunsuzluq çox böyükdürsə, problemlər başlanır, işə götürən şikayətlənir, təhsilin paralel sistemləri yaradılır – kadrların hazırlanması üçün korporativ proqramlar, hətta korporativ universitetlər, beləliklə də diplom rəsmiyyətə çevrilir, peşəkar hazırlıqdan daha çox sosial status simvolu olur. Məsələ təhsil sistemini əmək bazarının dəyişən şəraitinə yaxınlaşdırmaqdır. Biz daha yaxşı olar ki, “fərdi təhsil trayektoriyası”na keçək. Yəni birinci kurs tələbəsi ən əvvəldən harada işləyəcəyini, nə ilə məşğul olacağını, öz karyerasını necə quracağını nəzərə alaraq öz trayektoriyasını müəyyənləşdirir. O, kursları, seminarları özü seçir və alacağı biliyə görə özü məsuliyyət daşıyır. Bu əlbəttə ki, ideal vəziyyətdir, lakin hələ ki, bizdə heç bir yerdə tətbiq olunmur. Bolonya prosesinin aşkar faydasına baxmayaraq, onun tələblərini tam qəbul etmək XX əsrin sonunda ali təhsil sisteminin əsaslandığı ənənələrin demək olar ki, əksəriyyətindən əl çəkmək deməkdir. Bolonya prosesi qanun deyil, fəaliyyət üçün bələdçidir. Əgər Bolonya prosesinə rəsmi tələblər yığını kimi baxsaq, belə tələbləri mexaniki olaraq tətbiq etsək, yaxşı heç nə əldə etmək mümkün olmayacaq. Ümumilikdə, Bolonya prosesi kifayət qədər demokratikdir – hər bir ali məktəb özü üçün müəyyənləşdirməlidir ki, bu prosesdə hansı miqyasda və formatda iştirak edəcək. Vacib olan başqa bir məsələdir –XXI əsr təhsili XX əsr təhsilindən fərqlənəcək və Azərbaycan bu sahədə da digər inkişaf etmiş ölkələrdən geri qalmamalıdır.

 

 

Əfqan ABDULLAYEV,

professor, Azərbaycan Dillər Universiteti

İngilis dili fakültəsinin dekanı,

ABŞ Dövlət Departamenti Senator

Fulbrayt mükafatları sahibi

 

525-ci qəzet.- 2011.- 8 aprel.- S.5.