Təhsil Nazirliyi nümayəndələrinin və jurnalistlərin Fransaya səfərinin yekunları müzakirə olunub

 

Dünən Təhsil Nazirliyində Təhsil Nazirliyi və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə martın 27-dən aprelin 3-nə kimi Təhsil Nazirliyinin əməkdaşları və təhsildən yazan jurnalistlərin Fransaya tədris səfərinin yekunlarına dair hesabat iclası keçirilib.

İclasda çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə bildirib ki, altı nəfərlik nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə, TSİİL-in kütləvi informasiya vasitələri ilə iş üzrə mütəxəssisi Sevinc Səfərova, “Azərbaycan müəllimi” qəzeti baş redaktorunun müavini Sarvan İbrahimov, İctimai Televiziyanın Gənclər, elm və təhsil departamentinin direktoru Cəsarət Valehov, “525- ci qəzet”in müxbiri Sevinc Qarayeva və “Exo” qəzetinin müxbiri Dilarə Əlizadə daxil olub. Səfər Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması alt komponentinin icra planına əsasən həyata keçirilib. Səfərin əsas məqsədi isə Fransanın təhsili idarəetmə orqanlarının media qurumları və jurnalistlərlə qarşılıqlı əməkdaşlıq təcrübəsinin öyrənilməsi idi. Fransa təhsilinə dair statistik rəqəmlər haqda məlumat verən B.Hüseynzadə deyib ki, ötən il dövlət büdcəsindən təhsilə ayrılan vəsait 60 milyard avro təşkil edib. Onun sözlərinə görə, Fransada fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin sayı 66 172, şagirdlərin ümumi sayı 12 milyona yaxındır. Ümumtəhsil məktəblərində çalışan müəllimlərin sayı isə 852 902-dir. Dövlət ümumtəhsil məktəblərinin sayı – 54 923, dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin sayı 712 453, özəl ümumtəhsil məktəblərinin sayı 11 249, özəl ümumtəhsil məktəblərində çalışan müəllimlərin sayı 140 449-dur. B.Hüseynzadə vurğulayıb ki, Fransada fəaliyyət göstərən universitetlərin sayı 83, ali mühəndislik institutlarının sayı 215, ali ticarət, idarəetmə və maliyyə institutlarının sayı 220, ali məktəblərdə çalışan müəllimlərin sayı 92 400, tələbələrin sayı 2 232 000. Fransada hər il bir tələbəyə düşən vəsaitin həcmi isə 11 800 avro təşkil edir: “Fransada təhsilin idarəolunması ilə bağlı 2 nazirlik fəaliyyət göstərir. Bunlar Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyi və Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyidir. Hər iki nazirliyin mərkəzi aparatında 3 500 işçi çalışır. Büdcə vəsaitlərinə qənaət edilməsi məqsədilə hər iki nazirliyin bir neçə struktur bölməsi ortaq fəaliyyət göstərir. Nazirliklərin departament direktorları nazirlərin təqdimatı əsasında ölkənin Baş naziri tərəfindən təyin olunur. Departamentlərin nəzdindəki şöbələrin rəhbərləri hökumətlə razılaşdırıldıqdan sonra nazir tərəfindən təyin edilir. Ali məktəblərin rektorları (prezidentləri) seçki əsasında müəyyənləşdirilir. Ölkədə təhsilin idarəolunması üzrə 30 Akademiya (yerli təhsil idarəetmə orqanları) fəaliyyət göstərir. Akademiya rektorlarını ölkə prezidenti təyin edir. Ötən il Fransada dövlət büdcəsindən təhsilə 60 milyard avro vəsait ayrılıb. Dövlət büdcəsinin xərclərində ilk yeri təhsilə ayrılan vəsait tutur”. B. Hüseynzadənin dediyinə görə, Fransada məktəb direktorlarını təhsil naziri təyin edir. Orta məktəblərdə müəllimlərin əməkhaqqı onların iş stajından, diplomunun dərəcəsindən və hansı yaşlı uşaqlara dərs deməsindən asılı olaraq 1500-3300 avro arasında dəyişir. Orta məktəblərin 17 faizi özəldir. Özəl məktəblərdə çalışan müəllimlərin əməkhaqlarını da dövlət ödəyir. Əksər orta ümumi təhsil müəssisələrinə internetə giriş imkanı verilmir. 2007-ci ildə qəbul edilmiş tədris proqramına əsasən informatika məcburi fənn kimi keçirilir. Tam orta təhsilin sonunda məzunlara bakalavriat diplomu (attestat) verilir. Tam orta təhsil pilləsində oxuyanların 85 faizi bakalavriat diplomu ala bilirlər. Bu diplom ali məktəblərə imtahansız qəbul olmaq hüququ verir. B.Hüseynzadə qeyd edib ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliklərinin strukturuna daxil deyil. Bu müəssisələr bələdiyyələrin, yerli icra hakimiyyəti orqanlarının, kilsələrin və sair tabeliyində fəaliyyət göstərir. 4 aydan 2 yaşadək uşaqlar körpələr evinə cəlb olunur. 2-6 yaşlı uşaqların təlim-tərbiyəsi isə “ana məktəblər”də aparılır. Fransada məktəbəqədər təhsil icbari olmasa da, faktiki olaraq 2-6 yaşında olan bütün uşaqlar uşaq müəssisələrinə gedirlər. “Ana məktəblər”də bir uşağa düşən vəsait 5370 avro təşkil edir. Onun sözlərinə əsasən, Fransada ibtidai təhsilə 6-11 yaşlı uşaqlar cəlb olunur. İbtidai məktəbdə oxuyan şagirdlərə evə tapşırıq verilmir. İbtidai təhsil dövründə sinifdə bütün fənləri bir müəllim tədris edir. B.Hüseynzadə əlavə edib ki, səfər çərçivəsində nümayəndə heyəti Fransa Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyi, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin Qiymətləndirmə, planlaşdırma və səmərəliliyin təhlili idarəsində, “Le Monde” qəzetinin redaksiyasında, TV5 Monde telekanalında, Fransa Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyi, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin Kommunikasiya İdarəsində (DELCOM) olub.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 9 aprel.- S.20.