“Yazmaq ləzzəti digər ləzzətlərin əvəzedicisidi”

 

RZA BƏRAHƏNİ İLƏ SÖHBƏT

 

– Bir neçə günə Rza Bərahəni gələcək – dedi. Telefonu qaldıranda dostum, tanınmış şərqşünas Məsihağa Məhəmmmədinin çoxlu şeylər deyə biləcəyini təxmin eləsəm də, bunu gözləmirdim. Bir-iki ay əvvəl, elə vərdiş elədiyimiz görüşlərimizin, söhbətlərimizin bir neçəsində müxtəlif ədəbiyyat layihələri haqqında danışmışdıq, biri də bu idi ki, məşhur dünya yazıçılarının Bakıya səfərlərini və mühazirələrini təşkil edək, Nobel mükafatçıları vardı düşüncəmizdə, xəyal siyahımızda, məşhur yazıçı, həmvətənimiz Rza Bərahəni də.

– Sən onun bir neçə şeirini tərcümə edə bilərsən, türkcə olan kitabından. Gəlişi münasibətilə Sabir Rüstəmxanlı bir kitab nəşr etmək istəyir. Şeirləri, məqalələri, müsahibəsindən ibarət bir kitab olacaq.

– Sabir Rüstəmxanlı?!

– Hə, Sabir müəllimin dəvətiylə gəlirlər.

Rza Bərahəni 1935-ci ildə Təbrizdə kasıb, farsca bilməyən bir ailədə doğulub. Təbriz Universiteti ingilis dili fakültəsini bitirir. Türkiyədə ingilis ədəbiyyat üzrə doktorluq müdafiə etdikdən sonra İrana qayıdır. Hərbi xidmətdən sonra Tehran Universitetində ingilis ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslıqdan dərs deyir. Tehranda yalnız professor köməkçisi işləyib, ondan yuxarı qalxmasına imkan verməyiblər. İnqilabdan öncə ABŞ-ın və İngiltərənin nüfuzlu universitetlərində (Nyu York, Texas, İndiana,Yuta, Oksford) dərs deyib. İrana qayıdandan sonra, 1973-cü ildə, ümumən ədəbi-ictimai fəaliyyətinə görə, yazdığı “Hakim və məhkum mədəniyyət” məqaləsinə görə şah rejimi tərəfindən tutulub. İşgəncələrə məruz qalıb. 1976-cı ildə ABŞ Konqresində İranda milli haqlar və insan hüquqları ilə bağlı çıxış edib. İslam inqilabından sonra yenidən həbs edilib və Tehran universitetindən çıxardılıb. Hələ şah dövründə yazar həmkarları – Qulamhüseyn Saidi, Cəlal Ali-Əhməd, Əhməd Şamlu və başqaları ilə İran Yazıçılar Birliyini təsis edib. 1997-ci ildən Kanadada yaşayır. Toronto Universitetinin professorudur. 2000-2002-ci illərdə Kanada Pen təşkilatının sədri olub.

Rza Bərahəni İranda Avropa tipli ədəbi tənqidin banisidir və buna görə “İran ədəbi tənqidinin atası” kimi tanınır. Eyni zamanda o, İranda modern və postmodern ədəbiyyatın öncüllərindəndir. İndiyədək 20-dən çox romanı, bir o qədər də şeir toplusu çıxıb. Əsərləri ingilis, fransız, alman, rus, ərəb, türk, ispan, isveç və b. dillərə tərcümə edilib. İngiliscə orijinal əsərləri var. Bir çox əsərləri Markes, Nabokov, Oktavio Paz, Nazim Hikmət, Borxes, Şimborska kimi böyük dünya yazarları ilə eyni antologiyalarda yer alıb. “Nyu York tayms”, “Vaşinqton Post”, “Fiqaro”, “Mond”, “Taym” kimi nüfuzlu beynəlxalq nəşrlərdə haqqında yazılar dərc olunub. Ədəbi fəaliyyəti və insan haqları uğrunda mübarizəsinə görə bir çox beynəlxalq mükafatlar alıb. Dəfələrlə ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunub.

Rza bəyin portretini tamamlamaq üçün onun başqa bir müsahibəsindən fraqmenti təqdim edirəm:

...Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: “Niyə tutqunsan?”. Mən hadisəni ona danışdım. Anamın mənə dediyi “Oğul, türkcə yaz!” – sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı. Sonra zəngi çaldı. Hamını – şagird və müəllimləri məktəbin həyətinə çağırıb sıraya düzdü. O, bizdən türk dilində soruşdu: “Türk dilində olan bu qəzeti kim yazıb yapışdırıb?”. 11 – 12 yaşım var idi. Mən qabağa çıxdım. Müavin mənə türkcə dedi: “Məgər deməmişdim ki, türkcə yazmayın?”. Dedim: “Bəli, deyibsiniz”. Yenə türkcə soruşdu: “Bəs niyə yazıbsan?”. Cavab verdim: “Mən farsca bilmirəm”. O, qəzeti yerə atdı. Sonra boynumun kökündən tutub başımı aşağı əydi. Türkcəmizdə mənə dedi: “Yala buraxdığın bu qəzeti”. Mən o qəzetin hamısını əvvəldən axıra qədər boyalarınadək yaladım...”

 Rza Bərahənini tanımağımda təsadüfi qəzet xəbərlərini kənara qoysaq, səbəbkar elə Məsihağa müəllim idi. Onun “Misdə qızıl” adlı kitabından bir essesini tərcümə eləmişdi və biz o esseni 2004-cü ildə “Dünya ədəbiyyatı” dərgisində çap eləmişdik. Bir az sonra isə Nizami adına Ədəbiyyat Muzeyində Londonda yaşayan həmvətənimiz şairə Nigar Həsənzadənin kitabının təqdimatında gərək ki, girişdə yazılardan birinin müəllifi kimi rastlaşmışdım Rza Bərahəninin adına. Sonra ABŞ-da, Kaliforniyada yaşayan həmvətənimiz İsmayıl Cəmili, Məsihağa müəllimlə üçlükdə olan söhbətlərimiz zamanı xeyli danışmışdıq onun haqqında...

Gərək ki, bir günə çevirdim Rza Bərahəninin 10 şeirini. “525-ci qəzet”in 8 oktyabr 2009-cu il sayında nəşr olundu. 5-6 gün sonra kitabda çıxdı, ümid edirəm, müəllifin özünə gedənədək təqdim olundu.

Çətinliklə görüşdük Rza Bərahəniylə. Proqramları, iş və görüş qrafikləri, türkiyəlilər demiş, çox yoğundu. Əsasən də protokol, rəsmi xarakterli görüşlərdi. Onunla birgə gələn İsmayıl Cəmili də ələ düşmürdü. Nəsə, birtəhər, İsmayıl bəylə dəqiqləşdirib “Ambassador” otelinə gəldik: mən, Sabutay, Rəbiqə Nazimqızı, Qismət.

Rza Bərahəni, İsmayıl bəy foyedə oturub çay içirdilər. Başqaları da vardı, yaxınlaşdıq, salamlaşdıq. Oturduq. Rza bəy qəzetdə şeirlərinin çıxmasından xəbərsizdi, düzü, niyə xəbər vermədikləri mənə təəccüblü gəldi. Rəsmi görüşlərin yazıçı üçün nə demək olduğunu bilirdim, qonaq qəbul edəndə də hiss eləmişdim bunu, xarici səfərlərdə də. Ona görə də ümumi söhbətlərə vaxt itirmədən keçid aldıq peşəkar fikirlərə...

 – Rza bəy, siz əsasən farsca, sonra da ingiliscə də orijinal əsərlər yazmış görkəmli yazıçı, şair və ədəbiyyatşünas olmaqla yanaşı, həm də bir müddət Kanada “Pen”inə rəhbərlik eləmisiz. Bu isə o deməkdir ki, qismən ədəbi təşkilatçılıq işiylə də məşğul olmusuz, cari ədəbi prosesləri və hadisələri bir başqa cür öyrənmisiz, izləmisiz. Azərbaycan müstəqilliyini yeni qazanmış bir ölkədir. Bizim yazmaqda da olmasa, elə bəlkə bir az onda da, onu dünyaya təqdim eləmək məsələsində sizin tövsiyələrə, fikirlərinizə ehtiyacımız var... Biz dünyadan nəyi əxz eləməliyik?

– Mənim oxuduğum qədər bizim şeirdə forma baxımından iki müşkülümüz var. Biri budu ki, biz şeirlərdə hələ də vəzni özümüz düzəltmirik. Vəzn normalardan, qaydalardan oturuşur, onlara tabe olur, yoxsa adamın özündən, o normaları sındırmaqdan yaranır; əsas odur ki, bir adam dillə özü bir dənə kontrakt bağlaya, müqavilə bağlaya. Bu, çox-çox mühümdür. İkincisi budur ki, türk şeiri, həm İranda, həm burda, Türkiyəni demirəm a, hər şey tanış bir ehsasla deyilir. Bircə zərrə o yan-bu yan olmur, belədə bu, şeir deyil, sayılmır. “Convention”, qərardad pozulmur. Biz, siz qərardaddan istifadə edərik. Ən əvvəl ehsas, sonra da ritmlər, vəznlər. Şübhəsiz ki, qafiyə də var. Bəzi adamlar, şairlər ki, içəriləri çox-çox möhkəmdi, məsələn, Şəhriyar təkin, hissi çox güclüdür, zatında bir ironiya vardır, bu gün bir zadlar eləyə bilir. Məsələn, Şəhriyarın türkcə şeirlərinə baxasız: ”İtimiz qurd olalı biz də qayıtdıq qoyun olduq / İt ilə qol-boyun olduq...”...Xub, bu elə həmin “failatün failatün failatün”dü. Dibində bir düzənə bağlıdı. Amma biz buna baxanda, onun mənası bizim yanımızdadı. Cahani bir mənası yoxdu, universal mənası yoxdu.

– Bəşəri deyil, demək istəyirsiz.

– Bəşəri?

– Yəni, ümumbəşəri.

– Xub. Bu, bir müşküldü. Bu elə bir zaddı ki, mən bununla bağlı Şəhriyarın özüylə danışmışam. Bu, əlbəttə, gözəl bir şeirdir, amma... Ya qəzəlləri: “Mənsurvar mikeşədəm sər fəraze dar / Ey sağərane sərkeşe qəm sər fəraz kon”... Xub, gözəl düzəldibdi, yazıbdı, amma bu şeir də sənətə yaxındı. O şeir şeirdi ki, sənətdən çıxa, gedə onun o tərəfində dura. Şeir özü müstəqil şəkildə oluşa. Bizim şeirimizdə bunu əvvəlcə Nima yazıb. Hətta Nima da bunu tamamən eləyə bilməyibdi, vəzni dəyişə bilməyib, Mövləvidə olanları bir az istifadə eləyibdi.

Mövləvidə də bu bir qədər mexanikidi. Baxsaz, görərsiz ki, ilk beyt orqanikdi, amma sonrakı mexanikidi. Orqanik dediyim budu ki, bir şey özünü düzəltmiş ola. Fenomen ola, hadisə ola. Bu fenomendən, hadisədən istifadə eləməlisiz, o fenomenoloji mahiyyətdən yararlanmalısız və hər sətir o biri sətirdən fərqli olmalıdır... Əgər olsaydı, Mövləvi 3000 sətir yox, 250 sətir yazacaqdı. Onda da bir sətir o biri sətrin vəzninə möhtacdı. Sonrakı da digərinə. Vəzn ehtiyacı şeiri şeirlikdən salır.

– Bizim tanınmış şərqşünasımız Məsihağa Məhəmmədinin tərcüməsində mən sizin “Misdə qızıl” kitabından essenizi oxudum, daha doğrusu, onu “Dünya ədəbiyyatı” dərgisində 2004-cü ildə çap elədik. Yeri gəlmişkən, “525-ci qəzet”in şeirləriniz çap olunan, sizə təqdim elədiyim sayındakı haqqınızda olan giriş yazısını da, kiçik müsahibənizi də elə Məsihağa tərcümə və təqdim eləmişdi. Siz o yazınızda üç fenomenə toxunursuz: sufizm, sürrealizm və freydizm. Onları tutuşdurursuz, hətta birinci iksinin arasındakı oxşarlıqları müəyyən edirsiz. Sufilik, təsəvvüf ədəbi fakt kimi fiksə olunmaq baxımından sürrealizmdən çox-çox öncəki hadisədi. Bəs nədən kökü, özünəməxsus kodları daha dərində olan Şərq poeziyası Qərb şeiri kimi bu gün pərvəriş tapa bilmir?

– Biri budu ki, təsəvvüfün dildə yaratdığı normativ, şərti tərkiblərdən çıxmaq olmur, çətin olur. Halbuki təsəvvüf fəza açır beyində və onu eləmək olar ardınca. Mən sizə bir şey deyim. Məsələn, Həllac...

– Mənsur Həllac.

– Hə, Mənsur Həllacın barəsində mən bir dənə roman yazmışam. Onun birinci hissəsini mən 1965-ci ildə başladım yazmağa. 69-da qurtardım. İranda çap olundu. Lakin yayılmağa qoymadılar. Sonra da hamısını məhv elədilər. Amma o sonradan bir nəfərin doktorluq işinin mövzusu oldu. Sonra mən ikinci cildini də yazmalıydım. İkinci cildini mən 30 ildən sonra qurtarmışam. Və təzəcə qurtarmışam. İkinci cildin adı “Mənsur”du. Birincinin adı “Ayaz”dı ki, o özü danışır. Ayazın Mənsurla heç bir fərqi yoxdur.

– Gəlin bir qədər dəqiqləşdirmə aparaq. Mənsur deyəndə Mənsur Həllac nəzərdə tutulur, düzdü?

– Bəli.

– Bəs, Ayaz kimdi? Yaxud nədi?

– Mahmud və Ayaz yadınızdadı?

– Yox, Ayaz, yox. Tarixi personaj kimi yox. Mahmud, yəni Sultan Mahmud?

– Bəli, Ayaz Mahmudun quluydu. Gözəl qulamıydı. Məşuquydu. O zaman məşuqi-cismaniydi. Bir cür ki, fars ədəbiyyatı hərəkət edir, o Mövləvidə gəlir olur məşuqi-mənəvi.

– Şəmslə Mövlananı nəzərdə tutursuz.

– Bəli. Mən gəlmişəm, üç adamı qoymuşam bir-birinin yanına. Biri Sultan Mahmuddu. Biri Ayazdı. Biri də Mənsurdu. Bunlar tarixdə həmzaman deyildilər. Mənim romanımda həmzaman olurlar. Mən bunları müxtəlif yerlərdən götürmüşəm, ayrı bir məkanlarda, ayrı bir halətlərdə şəxsiyyət vermişəm. Düzdü ki, Mahmudla Ayaz bir zamanın adamlarıdır. Amma Mənsur başqa zamandadı, ayrı bir şəhərdədi. Bununla bərabər, Sultan Mahmudun dövründə Həsəni dara çəkiblər, tikə-tikə ediblər. Mənsurla ondan da 100 il əvvəl o işi görüblər Bağdadda. Ondan da 100 il qabaq Babəki Samirədə eyni cürə ediblər. Babək bu baxımdan, demək olar, simvoldu. İlk adamdı ki, o cür asıblar, tikə-tikə ediblər. Bu mühüm bir hadisədi. Mənim işim budu ki, müxtəlif zamanlarda baş verən bu hadisələri düşünəm. Sonra ayrı əsləhələr qabağa gəlibdir. Əvvəl qılıncla boyun vurmaq olub. Sonra...

– Gilyotin...

– Müasir dövrdə gülləylə adam vurmaq. Dara çəkmək. Bunların üzərində çox diqqət eləmişəm ki, bunları biz nə cür yaza bilərik. Biz bu dövrdə yaşamışıq. Biz irfan oxumuşuq. İrfan bir dənə açılışdı islamda. Yəni, siz ayrı bir yer açırsız, o yerdə təxəyyüllər-zadlar başlayırlar əməl eləməyə. Xub, təxəyyül bir ayrı yerdə də əməl eləyibdir bir ayrı cür. Məsələn, biri budu ki, biri bir xanımla toy edir, xub, məlumdu ki, toy edəndə nə baş verir. Biri də budu ki, toy eləmir, amma yenə də həmin şey baş verir. Mahmud sarayda elə eləyə bilir ki, Ayaz təqribən xalqın qabağında eşqini ona göstərir. Bu eşq özü də nəmənədi? Homoseksual bir eşqdi. Amma hər adam bu işi görə bilməz. O, şah ola-ola bu işi görür. Yəni, haramla məhrəmiyyətin ikisinin arasında bu işi görür. Fəza açılmaq üçün ədəbiyyatda biz bu tabuları gərək qayçılayaq. Biz bu tabuları qayçılamasaq, əcayib bir vəziyyətə düşəcəyik. Məsələn, əgər bir nəfər adam Ayaz vəziyyətində olmuş olsa, onu kim yazacaqdır?! Bu, Azərbaycanın həqiqi faciəsini açır, bunu təəssüf ki, heç kim yazmayıb. Mənim qəhrəmanım Ayazın 2000-dən çoxdur yaşı. Bu, roman içində üç romandı həm də. Xaricdə, Fransada çap olundu. Yazdılar ki, bu, bəşəriyyətin vəziyyəti ilə bağlı bəyanatdır. Senzuralar tarixində nadir, heç olmamış hadisəydi ki, roman 35 il əvvəl yazılır, çap olunmur, 35 il sonra isə özgə dildə çap olunur. Özü də bu romanı yazıldığı dilin daşıyıcısı yox, başqası yazır.

– Burda həm də senzuranın həqiqi üzü açılır. Sən demə, məsələ millətdə, xalqda yox, mətləbdə imiş.

– Xub.

– Kim bilir bəlkə bundan sonra çıxdı.

– İranda? Yox, ola bilməz belə şey. Burda ola bilər. Amma mən istərdim ki, burda “Mənim ölkəmin sirləri”ni çap eləsinlər. Tabular orda çoxdu. Qafamızda da çoxdu. Qabaqda da danışdıq... Biz bu tabuları sındırmalıyıq ki, hər kəs özünü yaza bilə. Elə deyil? Biz bunu heç vaxt yazmayacağıq, adam özü yazmasa. Bu özü yazmağın özündədi mətləb. Bəzi kəlmələr vardır ki, biz işlətmirik. İndi biz bu kəlmələri dildə varsa işlədək, ya işlətməyək? Biz əxlaqa görə kəlmələri iki hissəyə bölmüşük. İşlədə bildiklərimizə və bilmədiklərimizə. Yaxşı, əgər bu işlədə bilmədiyimiz kəlmələr dilimizdə varsa və biz onları törədən əməlləri eləməmişiksə, o kəlmələr hardan gəlib? Və hardadılar? Biz o kəlmələrdən ləzzət alırıq, ya almırıq? Mənim etiqadım budur ki, biz o kəlmələrdən ləzzət aparırıq.

Amma biz məhrəm adamların yanında o kəlmələri işlədirik. Məhrəm olmayanların yanında onları işlətmirik. Amma minə min o kəlmələri heç vaxt kənara qoya bilmərik. Mən kəlmələri deyirəm a... Nəticədə bir baxış meydana gəlibdir ki, o da liberalizmdi, təsvir azadlığıdı. Mən yalnız bir az şişirdilmiş, mübaliğəli şəkildə dedim ki, biz məhrəmanə sayılan kəlmələrdən istifadə eləmirik, hərçənd eşqbazlıq edən iki nəfər o məhrəmanə kəlmələrdən istifadə edir. Yəni, əslində biz bir məhrəmiyyət xaini olmuşuq.

–Çoxlu maraqlı şeylər dediz. Yəqin ki, söhbət həmin kəlmələrin yazılı ədəbiyyatda istifadəsindən gedir, elə həyatdakı kimi, həyatda olduğu kimi ədəbiyyatda da uyğun, adekvat yerindəki istifadəsindən. Düz başa düşürəm də sizi? Çünki əks təqdirdə, həm həyatda, həm də elə ədəbiyyatda həmin məhrəmanə dediyiniz kəlmələrin başqa vaxtlarda, deyək ki, eşq zamanı yox, istifadəsi yalnız söyüş demək olacaq.

– Xub...Düzdü...Amma biz heç söyüş kimi də yazmırıq onları. İstifadə eləsək belə. Halbuki onlar bədənin bir üzvləridirlər... Bir ayrı hadisələr də vardır ki, bizim başımıza gəlir və biz onları yazmırıq, amma bizim içimizdədir; xiyabanda yol gedəndə görürük ki, kiməsə pis şey deyəndə qədəmlərimiz yeyin gedir, ya yavaş gedir, bir yerdə dururuq, baxırıq, görürük ki, həmin kəsə piş dedilər, biz bunları yazmamışıq. Bu fəzalar özlərinin yazılmasını, açılmasını gözlər. Bu yazmadığımız şeylər keçirlər bizim şüuraltımıza. Biz həmişə təmayüllərimizin başına vurmuşuq.

– Ədəbi təmayülləri nəzərdə tutursuz, ya...?

– Yox, şəxsi təmayülləri nəzərdə tuturam. Və nəticədə biz xəstəyik, absurdçuyuq, narahatıq... Bir gün qəribə şəkildə qəmginik, amma bilmirik niyə. Səbəbi o içəridəki məsələlərdi. Və bizim də həyatımızda nə Marks olub, nə Hegel olub, özü də ondan qabaq, nə Freyd olub, nə Yunq gəlibdi, nə Derrida gəlibdi, heç kəs gəlməyibdi bizə desin ki, o içərini nə cürə yaza bilək. Mən romanımda o içərinin yazıçısıyam. İndi o ikinci hissədən, ikinci romandan sonra üçüncünü də yazmağı düşünürəm.

– Kimdi sizin sevdiyiniz Avropa yazıçıları?

– Avropa yazıçılarından 4-5 nəfər var, hər kəs düz-əməlli yazıçı olmaq istəyirsə, onları mütləq oxumalıdı. Mənim nəzərimcə, Prust, Coys, Folkner, Virciniya Vulf, Nabokov, Borxes. Bunlar bir xəzinədi. Məsələn, Borxesdə çox-çox qabarıq bir məsələ xanımlardı. Biz qadınları anlatmamışıq, qadınlar da özlərini anlatmayıblar. Necə anlatmamışıq? O vaxt ki, homoseksual cərəyanlar gəlibdi qabağa, oğlanı arvad təkin tanıtmışıq, arvada oxşayan təkin, kişi deyil demişik. Anlatmanın özü belə gündəmdə deyil, biz onun içərisinə girməmişik. Niyə? Özümüzdən qorxuruq. Siz özünüzdən qorxursuz ki, hər zadı bəyan eləyəsiz. Mən özümdən, özümü olduğum kimi bəyan eləməkdən qorxuram. Bir senzura var ki, bunu dövlət düzəltmir, icma, camaat, ictimaiyyət düzəldib, tarix düzəldib, dövlətə, bizə, hamıya zorla qəbul elətdirib. Biz azadlıqda eşqbazlıq edirik, olsun xanımımızla, məşuqumuzla. Amma bir yerdə fizioloji məsələləri qorxuyla bəyan edirik. Yəni, senzuradan keçirib bəyan edirik.

– Demək istəyirsiz ki, ədəbi riyakarlıq yaranır, konflikt yaranır.

– Burda riyakarlıq yaranır, xub, biz burda dili riyakarlığa aludə və alət edirik. Biz bir suala qəti cavab verməliyik, yazaq, ya yazmayaq? O şey ki, xəlvətdə insanların beynini deşir, o yazılmalıdı. Biz indi sizinlə adi qaydada söhbət edirik. Xəlvət deyil. Amma ayrı situasiyalar var. Məsələn, bir adam gedir düşür zindana. Giriftarlıq tapır. Aylarla, yox, illərlə qadın görmür, qız görmür, onun zehnindən nələr keçir? Hər kəs bunu yazmasa xaindir. Bu nə gerçəklikdir? Onun barəsində hər kəs təhlil yazmaz. Çünki bizi bağlayıblar öz içimizə, biz də öz içimizə vəfadar qalmışıq. Və bir şəkildə ki, elə bil o bizim şəxsiyyətimizdir. Bizim şəxsiyyətimiz o şey deyil ki, biz müdam onların narahatlıqlarını çəkirik.

– Maraqlı məsələlərə toxunduz, icazə verin...

– Mən heç vaxt bu məsələlərlə bağlı belə bəhs açmamışam, ona görə fikrimi yaddan çıxmamış tamamlamaq istəyirəm.

– Buyurun,buyurun, davam edin, bizə də maraqlıdı.

– Ona görə biz bunu ya gərək bir yerdə sındıraq, cürətimiz ola sındıraq. İçərimizi yaza bilmirik. Deməli, məsuliyyəti çiynimizdən atırıq, bunu uşaqlarımızın çiyninə qoyuruq ki, gəlsin, yazsın hisslərimizi. Yəni, bizi əcaib bir təqdirə bağlayıblar. Ona görə bizə bundan boyun qaçırmaq lazımdı. Odur ki, bizi sürürlər, at görmüsüz də, o cürə. Bu həm şeirdə, həm romanda da belədi. Özü də vacib deyil ki, hər romanda məhz cinsi məsələlər olmalıdı. Yox. Bu məsələ ümumiyyətlə orqanik şəkildə olmalıdı. Məsələn, Henri Millerdə bu mexaniki şəkildə baş veribdi.

– Hansı əsərini nəzərdə tutursuz?

– Məsələn, “Əqrəb”... Bunlar mexaniki olub. Amma böyüklüyü budu ki, o məsələləri yazmağa cürət edibdi.

– Yəni, siz bu mənada Prustun tərəfindəsiz, o, bu məsələləri orqanik yazıb.

– Amma Prust da bu məsələləri mülayimcəsinə yazıbdı. Məsələn, heç vaxt bir dənə pərdə arxasını yazmayıbdı. Prust sadəcə heteroseksuallığa qarşılıq başqa şeyin olduğunu qoyubdu, ola bilsin daha orqanik yazıbdı. Amma başqaları vardı. Məsələn, Elen Siksu.

– Kim?

– Elen Siksu. Fransalı qadın yazardı, mənim də dostumdu. Fövqəladə bir yazardı. O insanın içini yazıbdı. O dili insanın içindəki dəyirmanda əzə-əzə fərz edin ki, ortaya çıxardır, dilin cinsiyyətini müəyyən edir. Yox, onda dil cinsiyyəti bəyan eləmir. Dil özü cinsiyyətdi. Kəlmənin özü həm aşiqdi, həm məşuqdu, həm eşqdi...Vacibdi ki, onu oxuyasız... Yaxud Virciniya Vulf... Düzdü, o zadın, kimin təsiri altında yazıbdı...o...?

– Coysun.

– Hə, Coysun. Amma o, qadın səsiylə yazıbdı. Biz gərək o fəzaları tapaq. Təbiidi ki, bu məmləkət, bizim məmləkət də kommunist düşüncələrinin təsiri altında qalıbdı. Kommunizm isə heç vaxt bu fəzalara varid olmayıbdı. Bunlar nə Lenində, nə Trotskidə yoxdu, prinsip olaraq. Məsələn, zindanda olan adam öz qadınını da, uşağını da tez-tez arzulayır. Mən iki-üç dəfə zindanda olmuşam...

– Biz bilirik bunu.

– Və bir dəfə zindanda bir cavan oğlan vardı, onu edama məhkum eləmişdilər. O adam hətta bir dəfə gecə hazırlaşmışdı tövbə eləməyə, tövbəsini qəbul eləməmişdilər. Bir gün gecə gördüm ki, masturbasiya edir. Yəni bir cürə səy edir ki, özünü razı sala. Bir adam ki, iki saatdan sonra edam olacaq. Bu, maraqlıdı. Və bütün bunları yazmaq lazımdır, gizlətmədən. Yazmaq ləzzəti digər ləzzətlərin əvəzedicisidi, əvəzedicisi olmalıdı.

– Siz daha çox nəsrdən danışdız, hərçənd bizim sizin “Misdə qızıl” yazınızla bağlı sualımız açıq qaldı. Amma yanlış xatırlamıramsa, sizin o yazınızda Remboya simpatiyanız hiss olunurdu. Elə şeirlərinizdən də bunu hiss elədim, yaxınlığınızı da. Eləysə, gəlin sizin poeziyada sevdiklərinizdən danışaq... Konkretləşdirim. XX əsr ingilisdilli poeziyada kimlər sizin üçün önəmlidi? Yaxud fransızlardan, almanlardan, italyanlardan, bir sözlə Avropa poeziyasından.

– Mənim fikrimcə, Rembo çox mühümdü. Rembodan da mühüm Hölderlindi.

– Alman şairi.

– Bir qadın vardı, çoxlu ədəbiyyatçıların müəllimi olmuşdu...

– Hertruda Stayn?

– Bəli.

– Hə, çoxlarına, hətta məncə daha çox nasirlərə ciddi təsir eləmişdi. Yanılmı-ramsa, Heminquey ondan üslub dərsləri almışdı, ilk eksperimental hekayələrini oxumuşam onun, o dərslərin təsiriylə yazılmışdı, olduqca maraqlı və öyrədiciydi... Buyurun, davam edin, zəhmət olmasa.

– Bir şair də vardı, biz onun siyasi görüşlərinə müxalifik...

– Ezra Paund?

– Hə, Ezra Paund.

– Eliotun ustad dediyi adam.

– Bəli. Ezra Paund mənim nəzərimcə, o şairdi ki, ondan çoxlu şeylər öyrənmək olar. Hertruda Staynla Paund fərqli ədəbiyyatlardır. Mən bir romanımda “Azadə xanım” deyə, Hertruda Stayndan bəhs etmişəm.

– Hansı romanınızda?

– “Azadə xanım və yazıçısı”nda. Mən Eliotdan tərcümə də eləmişəm. Düzdü, “Waste Land”i mən tərcümə eləməmişəm. Amma bu əsər qəribə bir modern əsərdir.

– “Çılpaq torpağ”ı nəzərdə tutursuz?

– Hə, “Çılpaq torpaq”. Bu şeirdə bir neçə cərəyan birləşib. Bir başqasını doğurub.

– Sintetiklik var, belə demək istəyirsiz?

– Bəli, sintetiklik var, amma tədayi üstündə. O şeir tədayilər məcmuəsidi. İntəhası, bir var siz tədayini subyektiv şəkildə edəsiniz, bir də var obyektiv surətdə edəsiniz. Tədayi gözəldi. Bizim qafiyə-filanla işimiz olmaz, bizim ədəbiyyat tədayi ilə yazılar.

– Tədayi, yəni xatırlama, assosiativlikmi?

–Bəli. Məsələn, Hafizdə bu, bir az vardır: “Mehre to əksi bər ma nəyəfkənd / Ayineruya, ah əz delət, ah...” “Mehr” sözünün altı-yeddi mənası var... “Əks”in də...Elə bil şeir bu günləri deyilibdi...”Mehr bizə səni əks eləmədi”. Biri budu ki, biz bu mənaları nəzərə alaq. İkinci səslərdi. “Ah” öz yerində, amma ”a”lar gözəldi.

– Alliterasiya.

– Hə. Və o səs sırasına bir dənə “u” qoysaydınız, şeir xarab olacaqdı. Hafiz bunu edə bilirsə, Sədi edə bilmir.

– Bizim şairlərdən kimi oxumusuz?

– Bəxtiyar Vahabzadəni...

– Hiss edirəm danışmaq istəmirsiz... Bizdə son illər Orxan Pamuku çox oxuyurlar, oxumaqdan daha tez-tez misal göstərirlər. Yəqin ki, oxumusuz əsərlərini. Fikrinizi bilmək istərdim.

– Bəli, bir şeylər oxumuşam. Yaxşı yazardı. Siyasi tərəflərini qırağa qoysaq, yaxşı yazardı.

– Qayıdaq şairlərə, bəs Sepehri?

–Mənim Sepehri barəsində məqaləm var. Onun bir şeiri vardı, ona şərh vermişəm. O şeirin üzərində bir texnika var, adı “mizənəbim”di (mise en abime), ona izahat vermişəm. “Mizənəbim” o çini kasalardı. Bir kasadı, onun altında bir kasadı, onun da altında başqa bir kasadı.

–Rus matryoşkaları kimi.

– Yeddi dənə alt-alta... Ümumiyyətlə, “Məsnəvi” və “Min bir gecə” təfəkkürü maraqlıdı, bir şey bitməmiş o biri başlayır... “Xaneye dust kocast?”... Sepehridi də... “Dər fələq bud ke porsid səvar, aseman məksi kərd”... Gedərsən ondan soruşarsan, sonra ondan soruşarsan və dibdə ondan soruşarsan: “Xaneye dust kocast?”... “Dostun evi hardadı?”... Beləcə şeir fırlanır əvvələ, əvvəldən də dibə. O biri şeirləri ehsasatdı ki, orda müəyyən obrazlar yerbəyer olublar. Yerbəyer olan isə təxəyyül deyil. Təxəyyül o şeydi ki, bir şey sanki təsadüfən deyilib.

– Gözlənilməzlik, qırıqlıq yəni.

– Hər gözəl söz şeir deyil. Şamluda gözəl sözlər çoxdu. Amma təxəyyül daha gözəldi və ədəbiyyat üçün daha vacibdi. Bir dəfə İranda, qadınım, iki oğlum maşında, bir yerlərdən gəlirik. Mən alkoqol qəbul eləmişdim. Saxladılar məni. Gecəydi. Başını maşından içəri saldı, iyi hiss elədi. Dedi, ailəni taksi ilə yola sal (gecə 12-də Tehranda taksi olmaz ki), maşını da özün çək qırağa. Nəsə, maşını qırağa çəkdim. Düşdüm. Mənim nəfəsimi qoxuladı, dedi ki, pah, pah, əcəbdi. Dedim ki, içməmişəm, yolda gələndə darvazanın yanında bir yoldaş saxladı, görüşdü, gördüm bir cür birtəhərdi, onun qoxusudu qalıb məndə. Dedi ki, sən şairsən? Dedim, bəli. Dedi ki, elə mən də şairəm və beləcə qurtulduq.

– Rza bəy, şair demişkən, bir azdan Sabir Rüstəmxanlı bizi Həllac Mənsur kimi asacaq, tapşırıb ki, sizi yormayaq. Odur ki, bir şeir oxuyun farsca, öz şeirinizi.

– Gərək otel odasından kitab götürəm.

– Səhərdən xeyli xub əzbər şeirlər oxuyurduz, ingiliscə, farsca. Bir qısa əzbər bildiyiniz şeirinizi oxuyun, lütfən.

– Ruye bərgi

to neveşti: bağ.

Ruye yek qətreye barane doroşt

mən neveştəm:

dərya dərya dərya dərya.

Və dər an ləhze zəni

çeşmhayəşra

be kəbutərha bəxşid.

(Bir yarpağın üstünə

sən yazdın: bağ.

Bir iri yağış damlasının üstünə

mən yazdım:

dəniz dəniz dəniz dəniz.

Və o an bir qadın

gözlərini

göyərçinlərə bağışladı.

 

 

Səlim BABULLAOĞLU

 

(Tərcümə: Məsihağa Məhəmmədi)

 

525-ci qəzet.- 2011.- 9 aprel.- S.26-27.