“ÜNS”–5 il: təqvimi vərəqləyərkən ...

 

Hər bir soyun nəsildən-nəslə keçən özünəməxsus ailə ənənəsi var. Bizim ailəmizdə isə təqvim vərəqlərinin kolleksiyasını toplamaq ənənəsi var. Bu ailə üzvlərinin hər biri ilə əlaqədar əlamətdar və həyatında iz salan, yadda qalan günlərin, təqvim vərəqinin saxlanmasıdır. Bəzən asudə vaxtlarımda mən şəxsi arxivimdəki bu təqvim səhifələrini araşdırmağı xoşlayıram. Çünki hər vərəqin arxasında o dövrdə yaşadığım gün, bir yadda qalan tarixçə, müəyyən bir ovqat durur. Son günlərin birində 2006-cı ili, 22 aprel, şənbə vərəqini görəndə həmin dövrə – yaradıcılıq və təqdimat həyəcanlı günlərə qayıtdım. Nərgiz xanımın yeni layihələrindən birində iştirak etmək təklifı, heykəl eskizlərinin seçilməsi, quraşdırılma işləri və nəhayət təqdimat. Xatirələrdən şölələnən ürək yanğısı və böyük zəhmətin nəticəsi olan uğurlu təqdimat. İxtisasca filoloq alim, elmlər doktoru, professor Nərgiz xanım Paşayevanın yüksək bədii-estetik zövqə və çoxşaxəli intellektə malik bir insan olması sirr deyil.

O, artıq neçə illərdir ki, elmi-pedaqoji və təşkilatçılıq fəaliyyəti ilə yanaşı ölkəmizdə və xaricdə bir çox mühüm mədəni layihələritanınmış sənət və elm adamlarının yubileylərinin beynəlxalq səviyyədə keçirilməsini təşkil edib, gənc istedadların tanınmasına şərait yaradıb. Reallaşdırılan bu layihələrin hər biri isə öz ssenarisi, quruluşu və özünəməxsus təqdimatı ilə fərqləndiyi üçün həmişə geniş marağa səbəb olur. Nərgiz xanımın 22 aprel 2006-cı ildə açılışı olan “ÜNS” yaradıcılıq səhnəsi layihəsinin də öz bənzərsizliyi ilə ədəbi-bədii ziyalı mühitində geniş əks-səda doğurdu.

Tanınmış şərqşünas-alim Aida xanım İmanquliyevanın xatirəsinə həsr edilmiş “ÜNS” yaradıcılıq səhnəsi bu illər ərzində ziyalılar üçün böyük töhfə – “yaşıl ada”ya çevrilib. Xoşbəxtlikdən mən də binanın yenidənqurma, bərpa və tərtibat işlərinin gedişinin şahidi və müəyyən mənada iştirakçısı da oldum. Bir gün emalatxanamda olarkən çoxdan işlədiyim, eskiz variantında olan bir neçə işim Nərgiz xanımın diqqətini cəlb etdi. 25-30 sm olan bu işlərin bəzisi plastilində (teatrın həyətindəki “Artist” heykəli), bəzisi isə gipsdə idi. Bir çox işə baxıb onların içərisindən şərti adları “Adəm” və “Həvva”, “Mütəfəkkir” və sonralar “Artist” adlandırılacaq üçünü seçən Nərgiz xanım, onları yeni layihəsi üçün böyütməyi xahiş etdi. Məni bu layihənin ideyası və məramı ilə tanış etdi və təklif etdi ki, vaxt tapıb bu tikintiyə baş çəkim. Elə o gündən də bizim iş birliyimiz başlandı. Söhbət əsnasında artıq mən özümçün onu da qət etdim ki, öz məramına görə bura adi teatr deyil, ziyalıların ünsiyyət ocağı olacaq. Bir şeyi də xüsusi qeyd etmək istəyirəm ki, yenidənqurma və bərpa işləri aparılan bu kiçik bina tikinti sahəsini deyil, daha çox yaradıcılıq emalatxanasını xatırladırdı.

Təmir ərəfəsində mən tez-tez xalq arasında “Alimlər evi” kimi tanınan binaya bitişik tikintiyə gedir, Nərgiz xanımla heykəl fiqurların harada duracağımı yerindəcə müzakirə edirdik. Çünki onların durduğu yerlə daşıyacaqları ideya üst-üstə düşməli idi. Burada nəyin harada dayanacağı, şəkillər qalereyası, zalın quruluşu ciddi müzakirələr obyekti idi. Belə müzakirələrin nəticəsində “Adəm” və “Həvva” əsərləri ümumi bir ad – “İlk səhnə” (I akt), “Mütəfəkkir” isə “Dahilik iddiası ilə” adını qazandılar. “ÜNS” yaradıcılıq səhnəsi bütövlükdə çox düşünülmüş şəkildə planlaşdırılıb. İlk baxışdan həm foye, həm səhnə və tamaşaçı salonu yığcam və xudmani görünür. Lakin bu bir görüntüdür. Yaruslu foye eyni zamanda tutumlu bir sərgi salonu, ziyalıların, sənətsevərlərin sevimli məkanına çevrildi. Mən hesab edirəm ki, istər interyer və eksteryerin tərtibatı, istər burada keçirilən hər hansı bir tədbirin uğuru bilavasitə Nərgiz xanım Paşayevanın irsi yaradıcılıq istedadı və intellekti ilə bağlıdır. Deyirlər ki, teatr asılqandan başlayır. Nərgiz xanım burada da stereotipi sındırdı. Kiçik həyətlə foye həmahənglik təşkil edir. Tamaşaçı, daha doğrusu, mən bura gələnləri qonaq adlandırardım, kiçik darvazadan içəri daxil olan kimi milli və eyni zamanda ümumbəşəri ideyalarla, mədəniyyət və incəsənətlə ünsiyyətə girir. Çünki Nərgiz xanımın layihəsinin leytmotivini, məhz Aida xanım İmanquliyevanın yaradıcılıq qayəsini təşkil edən mədəniyyətlərin dialoqu, “Şərq və Qərb: ortaq mənəvi dəyərlər”, elmi-mədəni əlaqələr ideyası təşkil edir. “ÜNS”-ün bu məramı ötən beş il ərzindəki hər bir təqdimatında – yaxın və uzaq xaricdən dəvət edilən teatr truppalarının maraqlı tamaşalarında və öz yaradıcılıq axtarışlarında, milli və qərb musiqi axşamlarında əksini tapıb və bura gələnlərə əsl sənət sevinci bəxş edib. Məhz bu səbəbdən sənətsevərlərin vaxtaşırı görüşdüyü “ÜNS” yaradıcılıq səhnəsi təkcə ziyalılarımız üçün deyil, bütövlükdə Azərbaycanın vizual mədəniyyəti üçün əvəzsizdir. Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, məni təkcə bir tamaşaçı və heykəltəraş olmaqla yanaşı, bir pedaqoq kimi də sevindirən bir cəhət var.

 Bu da bilavasitə Nərgiz xanım Paşayevanın irsi yaradıcılıq istedadı və intellektinin məhsulu olan “ÜNS”-ün interyer və eksteryer tərtibatından tutmuş, burada keçirilən hər hansı bir tədbirin bir örnək kimi müasir cəmiyyətimizin və gənclərimizin bədii-estetik zövqünün formalaşmasında oynadığı əhəmiyyətli roludur. Bu gün respublikamızda genişmiqyaslı tikinti-quruculuq işləri gedir, teatrlar da təmir edilir və yenidənquraşdırma işləri aparılır. Lakin, etiraf edək ki, istər öz bədii-estetik tərtibatına, istər öz qayəsinə görə vaxtaşırı sənətsevərlərin görüşdüyü “ÜNS” yaradıcılıq səhnəsi – “bu kiçik, yaşıl ada” ziyalılarımız üçün doğma ocağa çevrilib. Mən Nərgiz xanım Paşayevaya və onun rəhbərlik etdiyi “ÜNS” yaradıcılıq səhnəsinə yeni uğurlar arzulayır və burada maraqlı görüşləri səbirsizliklə gözləyirəm.

 

 

Fuad Salayev

 

525-ci qəzet.- 2011.- 9 aprel.- S.11.