“250 saylı məktəb Təhsil Nazirliyinin etimadını hər zaman doğrultmağa çalışır”

 

Məktəb insan həyatının ikinci dünyasıdır. Həm də elə bir dünyadır ki, hər kəsin taleyində, həyatında mühüm rol oynayır, əvəzsiz xidmətlərilə yaddaşlarda iz qoyur. Şagirdlərin taleyində, həyatında mühüm rol oynayan təhsil müəssisələrindən biri də Bakının Nizami rayonundakı 250 saylı orta məktəbdir. Məktəb 1972-ci ildən fəaliyyətdədir. Şagirdlərin yüksək səviyyədə təhsil alması üçün lazımi şəraitin yaradıldığı təhsil müəssisəsində tələblərə cavab verən sinif otaqları, maraqlı kitablarla zəngin kitabxana, müxtəlif fənn otaqları, idman zalı və meydança mövcuddur. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı çərçivəsində bu ildən məktəbdə “Elektron məktəb” layihəsinin tətbiqinə başlanılıb. Bununla əlaqədar olaraq məktəbə yüksək optik ötürücü olan kabel çəkilib, təhsil müəssisəsi sürətli internet xəttinə qoşulub.

 1993-cü ildən məktəbə Nazim Adıgözəlov rəhbərlik edir. Yüksək səviyyəli pedaqoji fəaliyyəti nəzərə alınaraq, N.Adıgözəlov 250 saylı məktəbə direktor təyin olunub. N.Adıgözəlov təhsilin inkişafına xidmət edən yeni ideyaları dəstəkləyən, işinə böyük məsuliyyət hissi ilə yanaşan direktordur. N.Adıgözəlov deyir ki, rəhbəri olduğu orta ümumtəhsil məktəbində 940 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə ümumilikdə 138 müəllim məşğul olur. Müəllimlərin 99 faizi ali təhsillidir. Hər bir şagirdi yüksək keyfiyyətli təhsillə təmin edən təhsil müəssisəsində elektron tədris kabinetləri fəaliyyət göstərir. Kabinetlərdə kimya, fizika, biologiya, ana dili, Azərbaycan tarixi və sair fənlər elektron resurslar vasitəsilə tədris edilir.

Məktəbdə həmçinin kimya, fizika, biologiya laboratoriyaları da var. N.Adıgözəlovun sözlərinə görə, məktəbin şagirdləri mütəmadi olaraq keçirilən müxtəlif intellekt yarışmalarında, müsabiqələrdə, olimpiadalarda fəal iştirak edirlər: “Bizim şagirdlər mütəmadi olaraq keçirilən fənn olimpiadalarında, bilik yarışlarında iştirak edir. Hər il də bu yarışların şəhər və ölkə turlarında müxtəlif yerlər tuturlar. Hər il ali məktəblərə keçirilən qəbul imtahanında məktəbin məzunları müvafiq balla ali məktəblərə daxil olurlar. Məktəbi bitirən məzunların çoxu tələbə adını qazanıb. Bizim məktəbin pedaqoji kollektivi şagirdlərin yüksək səviyyədə orta təhsil alması üçün səylə çalışır, əlindən gələni əsirgəmir. Biz çalışırıq ki, cəmiyyət üçün savadlı, intellektli və ən önəmlisi vətənpərvər gənclər yetişdirək. Rəhbəri olduğum məktəb Təhsil Nazirliyi tərəfindən ona göstərilən etimadı hər zaman doğrultmağa çalışır. Mən də bir direktor kimi işimi layiqincə icra etməyə və təhsil naziri Misir Mərdanovun mənə göstərdiyi etimadı doğrultmağa çalışıram”. N.Adıgözəlov vurğulayıb ki, ölkədə təhsil və bu sahənin inkişafı daim prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır, təhsilə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu gün Azərbaycan məktəblərində şagirdlərin yüksək səviyyədə təhsil alması üçün lazımi şərait yaradılıb. Bakıda, ölkənin bütün rayon və kəndlərində illərlə təmir edilməyən, tam yararsız, qəza vəziyyətində olan, təlim-tərbiyə üçün heç bir şəraiti olmayan məktəblərin yerində müasir standartlara uyğun yeni məktəb binaları inşa edilib. Təmirə ehtiyacı olan təhsil müəssisələrində əsaslı təmir-bərpa işləri aparılıb.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində minlərlə şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Məktəbəqədər təhsil müəssisəsi olmayan yaşayış məntəqələrində yeni müəssisələrin inşası ilə bağlı isə Nazirlik tərəfindən İnvestisiya proqramı hazırlanıb: “2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin 1-ci siniflərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanılıb. Ölkənin 14 rayonunda 1-ci siniflərdə fənn kurikulumlarının tətbiqi vəziyyətinin monitorinqi aparılıb. Azərbaycanın əksər orta məktəbləri hətta ucqar rayonlarda fəaliyyət göstərən təhsil müəssisələri belə kompüter avadanlığı və müasir texnologiya ilə təmin edilib. İstedadlı uşaq və gənclərin aşkara çıxarılması və onlarla iş sahəsində tədqiqatlara başlanılıb, ölkənin 21 bölgəsində 32 pilot məktəbi yaradılıb. Proqrama uyğun olaraq ümumtəhsil məktəblərinin müəllimləri üçün istedadlı uşaq və gənclərlə fəaliyyətin xarakterik xüsusiyyətlərinə həsr edilən ixtisasartırma tədbirləri həyata keçirilib. İstedadlı şagirdlərin təhsil aldığı lisey və gimnaziyaların ali təhsil müəssisələri ilə işgüzar əlaqələrinin yaradılması istiqamətində lisey və gimnaziyalar müvafiq ali məktəblərə təhkim olunub. Lisey, gimnaziya və məktəb-liseylərin maddi-tədris bazasının möhkəmləndirilməsi, o cümlədən bu tip məktəblərin şəbəkəsinin genişləndirilməsi sahəsində də ciddi işlər görülüb. Azərbaycanın təhsil sisteminin inkişaf edərək, beynəlxalq standartlara uyğun səviyyəyə gəlib çatmasında nazir Misir Mərdanovun xüsusi rolu var”. Təhsil sistemində gedən islahatlar haqqında danışan N.Adıgözəlov qeyd edib ki, təhsil sistemində islahatların həyata keçirilməsində əsas məqsəd Azərbaycanın təhsil sistemini dünya təhsil sistemi standartlarına uyğunlaşdırmaq və müasir nailiyyətlərin tətbiqinə şərait yaratmaqdı. İslahatların düşünülmüş şəkildə həyata keçirilməsi Azərbaycanda təhsilin səviyyəsinin xeyli yüksəlməsinə, səmərəliliyin artırılmasına zəmin yaradıb: “1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” 1999-cu ildən başlayaraq növbəti 15 il üçün ümumi təhsilin inkişaf strategiyasını müəyyənləşdirib. Bu gün Azərbaycan təhsilində Təhsil Nazirliyi tərəfindən tətbiq edilən yeniliklər, təhsilin təkmilləşdirmə strategiyası məktəb nailiyyətlərinə təsir edən bütün sahələr üzrə innovativ yanaşmalara əsaslanır. Bura kurikulumun tətbiqi, təlim strategiyaları, qiymətləndirmə metodları, təlim mühiti və icmaların təhsilə cəlb olunması, idarəetmə və müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi kimi sahələr daxildir. Dünya Bankı ilə son 10 ildə təhsil sahəsində səmərəli əməkdaşlıq və həyata keçirilən uğurlu islahatlar nəzərə alınaraq, Azərbaycan təhsil sahəsində uğur qazanan ölkə kimi müəyyənləşdirilib, Dünya Bankı tərəfindən digər ölkələr üçün nümunə kimi qəbul edilib, bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi tövsiyə olunub. Əgər əvvəllər təhsil islahatları sahəsində təcrübə öyrənmək üçün xarici ölkələrə təlim səfərləri edirdiksə, indi Dünya Bankının tövsiyəsinə əsasən xarici ölkələrdən Azərbaycana təlim səfərləri nəzərdə tutulub. Azərbaycan təhsil sahəsində həyata keçirilən yeniliklər baxımından həm bir sıra postsovet, həm də region ölkələrini hiss olunacaq dərəcədə qabaqlayıb. Rusiyada təhsil sistemində yeniliklər etmək məqsədilə şagirdlərin nailiyyətlərinin kompleks qiymətləndirilməsi, məktəblərin geniş zolaqlı internet şəbəkəsinə qoşulması, əlverişli məktəb mühitinin yaradılması, təhsil müəssisələrinə maliyyə müstəqilliyinin verilməsi, inkluziv təhsil üzrə 5 illik proqramın qəbul olunması və sair məsələlərlə bağlı müvafiq qərarlar verilib.

Rusiyanın təhsil sistemində 2010-cu və sonrakı illər üçün tətbiq edilməsi nəzərdə tutulan bu yeniliklər Azərbaycan təhsilində 1999-cu ildən həyata keçirilməyə başlanıb və artıq tətbiq olunan bu yeniliklərdən müsbət nəticələr də əldə olunub”. Direktor vurğulayıb ki, Azərbaycanın ümumi təhsil sistemində məzmun islahatları “Kurikulum islahatları”adı altında aparılır. Məzmun sahəsində yeni siyasətə görə başlıca diqqət şagirdlərdə idraki bacarıqların, ilk növbədə, təhlil, tətbiq və dəyərləndirmə bacarıqlarının, nitq və ünsiyyət mədəniyyətinin, müstəqil qərar qəbuletmə və tədqiqatçılıq qabiliyyətinin formalaşdırılmasına yönəldilir, verilən biliklərin zəruriliyi, həyatla bağlılığı, bilavasitə inkişafa, dünyagörüşün genişlənməsinə xidmət etməsi ön planda saxlanılır. Tədrisdə yeni milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda dərsliklərin tətbiqi uşaqları düşünməyə, düzgün nəticə çıxarmağa vadar edir. Kurikulumda fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında müəyyən olunub və əsas diqqət nəticəyə nail olunduğunu göstərmək üçün şagirdin nümayiş etdirməli olduğu fəaliyyətlərə yönəldilib. Bu, bacarıqlar şəklində müəyyən olunan standartlar və bunların yerinə yetirilməsini təmin edən alt-standartlar sistemi vasitəsilə ifadə olunur. Məzmunun belə müəyyənləşdirilməsi şagird fəaliyyətinin ardıcıl olaraq izlənilməsinə, onların nailiyyətlərinin müntəzəm qiymətləndirilməsinə imkan yaradır. Təlim prosesi ilə gözlənilən nəticə arasında əks-əlaqə mexanizminin qurulması təmin olunur: “Həyat bilgisi” fənni fərdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fəndir. Başqa fənlərdən fərqli olaraq “Həyat bilgisi” fənni konkret bir elmin əsaslarını öyrətmir. Bu fənn ümumtəhsil məktəblərində tədris olunan təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir. Bu cür geniş əhatə dairəsinə malik olan fənn şagirdlərin həyati əhəmiyyət kəsb edən bilik, bacarıq və vərdişlər qazanması üçün onları ən zəruri praktik işlərin həyata keçirilməsinə istiqamətləndirir, milli və bəşəri dəyərlərə yiyələnmələrinə, şəxsiyyət kimi formalaşmalarına kömək edir. “Həyat bilgisi” fənninin şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi mənəvi dəyərlərin formalaşdırılmasında, onlarda mühakimə yürütmək, öz nöqteyi-nəzərlərini sərbəst ifadə etmək, onu arqumentləşdirmək, öz hüquqlarını qorumaq və başqalarının hüquqlarını müdafiə etmək vərdişlərinin yaranmasında mühüm rolu vardır. Fənnin təlimində şagirdlərin təhsili, tərbiyəsi və inkişafı məsələləri üzvi surətdə əlaqələndirilir. Onlar “Həyat bilgisi”nin köməyi ilə əxlaqi yetkinlik, saflıq, düzlük, əqidəlilik, ədalətlilik, dözümlülük, tolerantlıq, özünə və başqalarına hörmət kimi yüksək mənəvi dəyərlərə yiyələnirlər. Dərslərin kurikulum əsasında keçilməsi gələcəyin kamil vətəndaşları olacaq uşaqların zəngin bilik xəzinəsinə yiyələnməsinə şərait yaradır. Azərbaycan təhsil sistemində dünya təhsil sistemi standartlarına uyğun müasir nailiyyətlərin tətbiqi ilə nəticələnən bu kurikulum sisteminə məhz Misir Mərdanovun nazir kimi fəaliyyəti sayəsində başlanılıb”. N.Adıgözəlovun sözlərinə əsasən, Azərbaycanda təhsil tarixində ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən yeni qiymətləndirmə sistemi tətbiq olunur. Ölkənin bütün ümumtəhsil məktəbləri və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilir. Yeni qiymətləndirmə sistemi Təhsil Nazirliyi tərəfindən hazırlanan və 2009-cu ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında həyata keçirilir. Yeni qiymətləndirmə sistemində şagird nailiyyətlərinə kompleks yanaşılır, onun əvvəlki illərdə və buraxılış sinfində nəticələri nəzərə alınır: “Orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada aparılan imtahanlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, obyektivlik və şəffaflığın təmin olunmasına xidmət edir. Qiymətləndirmə sahəsində yeni sistemin tətbiqi, müəllimlərin, məktəb rəhbərlərinin və şagirdlərin məsuliyyətini artırıb. Bu cür qiymətləndirmə şagirdin 11 illik orta təhsil səviyyəsini doğru və düzgün təyin etməyə kömək edir. Tətbiq olunan bu yeni qiymətləndirmə sistemi ekspertlər tərəfindən mükəmməl bir sistem kimi qiymətləndirilir. Mən bunu təhsil tarixində tətbiq olunan ən mühüm islahatlardan biri hesab edirəm. Bir direktor kimi imtahanların təşkilindən və gedişindən çox razıyam. Hər il hər şey təhsil Nazirliyi tərəfindən çox yüksək səviyyədə təşkil edilir”. N.Adıgözəlov əlavə edib ki, orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada aparılan imtahanlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, obyektivlik və şəffaflığın təmin olunmasına xidmət edir.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 9 aprel.- S.10.