Ağdaban müsibəti: narahat ruhlar, didərgin insanlar

 

Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndinin ermənilər tərəfindən bir gecənin içində darmadağın edilməsindən 19 il ötür. Erməni Silahlı Qüvvələri 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndini vəhşicəsinə yandırıblar, kənd erməni quldurları tərəfindən yerlə yeksan edilib. Ermənilər kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr veriblər, 67 nəfər öldürülüb, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Ağdaban kəndi Azərbaycanın dilbər guşələrindən biri olan dağlar qoynunda yerləşən Kəlbəcərin bir kəndidir. Təbii gözəlliyinə görə bu məkan hər kəsi heyran qoyan, ruhunu oxşayan ecazkar bir diyardır. Ağdaban kəndi Kəlbəcərdən 50 km aralıda dağlar qoynunda çox mənzərəli bir yerdəydi. Burada 130 ev vardı. Bu kənd Azərbaycanın çox məşhur kəndlərdən bir sayılır.

Xalqımızın iki böyük sənətkarı, Azərbaycan şifahi xalq ədəbiyyatında özlərinə məxsus yerləri olan, aşıq poeziyamızın yaranmasında, inkişafında, formalaşmasında böyük rolu olan Aşıq Qurbanın və Dədə Şəmşirin kəndidir. Elə hesab edirəm ki, bu kəndi görməyənlər də qiyabi olaraq tanıyırlar. Mən də həmin kənddə doğulub boya-başa çatmışam və nənəm Ceyran xanım aşıq Şəmşirin doğmaca bacısıdır.

Ulu babam Aşıq Qurban əsrin əvvəllərindən Dəmirçidam kəndindən buraya köçmüş, bu kənddə məskən salmışdır. Ağdaban və Çayqovuşan kəndləri ulu babalarımızın əsrlər boyu yaşadıqları ərazilər idi. Bu iki kəndi bir-birindən “Ardıclı boyun” adlanan bir dağ zolağı ayırırdı. Kəndlərin bütün idarə mərkəzləri, məktəbi, kənd klubu və mağazası Ağdabanda yerləşirdi.

Yadımdadır ki, kənd əhalisi ermənilərlə yaxşı münasibətdə idilər. O zaman kənd əhalisi mənfur qonşularımız ermənilərin öz daxillərində bizə qarşı necə kin saxladıqlarını fikirlərinə belə, gətirə bilməzdilər. Ancaq mənim babam ermənilər haqqında çox dəhşətli, ağrılı-acılı şeylər danışardı. O ermənilərin hiyləgər, yaltaq, qəddar olduqlarını dəfələrlə bizə deyərdi, onlarla həmişə ehtiyatlı olmağı tövsiyə edərdi. Biz isə babamızın danışdıqlarına o qədər də əhəmiyyət verməzdik, onun bizə söylədiklərinə bir nağıl, əfsanə kimi baxardıq, təəssüf ki!

Ağdaban faciəsi ermənilərin planlı törətdikləri soyqırım aktı, Azərbaycana qarşı iki əsrdən çox aparılan millətçilik və təcavüzkarlıq siyasətinin davamı idi. Azərbaycan informasiya blokadasında olduğundan ermənilərin törətdikləri bu dəhşətli cinayətləri dünya ictimaiyyətinə çatdıra bilmədik, əksinə, ermənilər bu faciənin guya onlara qarşı törədildiyini bəyan etdilər. Ağdaban və Çayqovşan kəndlərini ermənilər tərəfindən ciddi təhlükələr gözləməsinə baxmayaraq, bu kəndlərin müdafiəsi üçün heç bir tədbir görülməmişdi. Əliyalın əhali Allah ümidinə qalmışdı, çətin və qorxulu günlər keçirirdi, hər an təhlükəylə üz-üzəydi. Silahsız gənclər növbə ilə keşik çəkirdilər ki, təhlükədən dərhal xəbər tutub, camaatı məlumatlandırsınlar. Həmin gecə Ağdabanın keşiyində duran gənclər – Məmmədov Ziyəddin Əlqəmə oğlu, Məmmədov Tural Qara oğlu, Hümbətov Qorxmaz Mustafa oğlu, Məmmədov İsfəndiyar Lətif oğlu, Qasımov Riayət, Hüseynov Hidayət Saleh oğlu növbədə idilər. Ermənilər səhərin ala-toranlığında, qəfil basqın etdiklərindən, gözətçilər hətta yerlərindən tərpənməyə imkan tapa bilməmişdilər. Quldurlar onları tutaraq, ağır işgəncələr verib qətlə yetirmişdilər. Azğın ermənilər Ağdaban kəndinin yuxarı məhəlləsində yaşayan bizim tarix müəllimimiz Kərimov Sovetin evinə soxularaq onun evdə  ağır xəstə yatan oğlu Kərimov Əbülfəti yatdığı yerdəcə güllələmişdilər. Əbülfətin anası Kərimova Qəmər öz oğlunu müdafiə etməyə çalışanda, ermənilər onu da güllələyib, hər ikisinin cəsədinə od vurub yandırmışdılar. Bundan sonra isə qalan ailə üzvlərini girov götürüb özlərilə aparmışdılar. Güllə səsləri eşidən kənd sakinləri öz evlərini tərk edərək kəndin yaxınlığındakı meşəyə qaçaraq, gizlənmişdilər. Quldurlar kəndin mərkəzində ruhi xəstə olan 35 yaşlı Məmmədov Musanı yaxalayırlar, onun əl-qolunu bağlayaraq ot tayasının üstünə qoyub, diri-diri yandırmışdılar. Oğlunun harayına gələn Məmmədova Həyat Yolçu qızı da eyni cinayətin qurbanı olmuşdu. Alıyev Camal Haqverdi oğlu və onun balaca qızı Ülviyyə, 70 yaşlı Hümbətova Fatma Qaraca qızı, 67 yaşlı Bağırov Mir Əbdül Seyid Məmməd oğlu, 90 yaşlı Qocayev Bəkir Qurban oğlu, onun həyat yoldaşı 80 yaşlı Qocayeva Zeynəb Seyid Məmməd qızı və 30 yaşlı Qurbanov Qulu Şabər oğlu, 80 yaşlı Qocayev Qara Qurban oğlu erməni canilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi. Bu faciədən xəbər tutan bir qrup Kəlbəcər sakini – Almasov Tağı Sultan oğlu, Almasov Şahid Tağı oğlu, Qabilov Sədrəddin Qədir oğlu, Həsənov Natiq Məhəmməd oğlu, Bayramov Çingiz Xanlar oğlu, Bağırov Vidadi Yusif oğlu, Süleymanov Azad Cəmil oğlu, Abbasov İsgəndər Asif oğlu, Əliyev Misir Pənah oğlu bir yük maşınında Ağdaban və Çayqovşan kəndlərinin harayına gəlmiş, Ağdabanın yaxınlığında təpədən dırnağadək silahlı ermənilərlə rastlaşmış və gülləboran edilərək, öldürülmüşdülər. Qonşu Kərəmli kəndindən oraya gələn Məmmədov Məhəmməd Mamoy oğlu isə Dədə Şəmşirin məzarı yaxınlığında qətlə yetirilmişdi.

Bu hadisələri heç cür unuda bilməyən Ağdaban və Çayqovşan kəndlərinin, eləcədə bütün Kəlbəcərin yurdsevər insanları öz doğma yerlərinə qayıtmaq həsrətilə, qaçqınlıq, didərginlik həyatı yaşayırlar.

Kəlbəcər, Ağdaban həsrətini ürəyində ağrı kimi daşıyan vətənpərvər ziyalımız, hörmətli şair, publisist və el ağsaqqalı Qəmbər Şəmşiroğlu ilə bir görüşümüzdə gördüm ki, yurd itkisi onu hər kəsdən artıq yandırır. O, Kəlbəcər haqqında ürək yanğısı ilə danışaraq, Ağdaban və Çayqovuşan kəndlərinin sakinlərinin başına açılan müsibətlərdən, əhaliyə tutulan divandan dərdli-dərdli söz açdı. Atası Dədə Şəmirin, babası şair Qurbanın, qardaşı Əkbərin, eyni zamanda ermənilər tərəfindən qətlə yetirilən iki əmisinin (Bəkir Qurban oğlu, Qara Qurban oğlu) qardaşı oğlunun (Qulu Şabər oğlu), maması (bibisi) qızının (Fatma Qaraca qızı), bacısı Çimnazın və digər qohumlarının məzarlarını ziyarət etmək arzusu ilə yaşayır.

Oxucularla bölüşdüyüm bu misralar məhz yurd itkisinin, doğma el-obanın didərgin düşməsinin təsirilə yaranıb:

 

Ağdabanın talanından perikib,

Ruhu fəğan edir Dədə Şəmşirin.

Elsiz görüb öz viranə yurdunu,

Ruhu fəğan edir Dədə Şəmşirin.

 

Yaman imiş bu həsrətin dənizi,

Gül tək solub anaların bənizi,

Çəmənimdə, çiçəyimdə qan izi,

Ruhu fəğan edir Dədə Şəmşirin.

 

Mir Abbas,o yurdu kim yad eyləyir?

El dərdi sinəni bərbad eyləyir.

Çağırıb haraya, fəryad eyləyir,

Ruhu fəğan edir Dədə Şəmşirin”.

 

Ulu babalarımızın perik düşmüş ruhları bizim hamımızı bütün Azərbaycanı, bütün yurdsevərləri birliyə səsləyir, düşmən əsarətində qalan torpaqlarımızı azad etməyə, qətlə yetirilən soydaşlarımızın, o cümlədən Ağdaban və Çayqovuşan sakinlərinin qanını yerdə qoymamağa çağırır!

 

 

Mir Abbas AĞDABANLI

 

525-ci qəzet.- 2011.- 12 aprel.- S.7.