Müsahibə“Mənim təsəvvürümdə ideal azərbaycanlı daxilində millətçiliyini qoruyan, amma çox gözəl liberal görüntüsü olan insandır”

 

ORXAN AMAŞOV: “O YƏHUDİLƏR AZƏRBAYCANIN DOSTLARI CƏMİYYƏTİNƏ ÜZV YAZILDILAR”

 

Son illər xaricdə təhsil alan tələbələrimizin sayı artmaqdadır. Mövcud sahədə xüsusi dövlət proqramı da həyata keçirilir. Bəs bu tələbələrin qürbətdə günü necə keçir? Oradan Azərbaycan necə görünür? Böyük Britaniyada, Londonda (University College London – UCL) hüquq fəlsəfəsi ixtisası üzrə təhsil alan Orxan Amaşov həmin gənclərin Azərbaycanın inkişafında böyük rol oynayacağını söyləyir...

– İngiltərədəki azərbaycanlı tələbələrin günləri necə keçir?

– Azərbaycanlı tələbələrin həyatları əsasən universitet daxilində olur. Yeri gəlmişkən deyim ki, əsası 1826-cı ildə qoyulan UCL (University College London) Londonun ən qədim təhsil ocağıdır. Dünya reytinqində 4-cü pillədə qərarlaşan universitet anqlo-sakson məkanında unikal mövqeyə malikdir. Mənəvi atası Jeremy Bentham olan bu ali məktəb müxtəlif dövrlərin ən radikal mütəfəkkirlərini yetişdirib. İngiltərədə ilk dəfə tələbələri dini, cinsi, irqi və siyasi ayrı-seçkilik olmadan qəbul edib. UCL-in məzunları içərisində 30-dan çox Nobel mükafatçısı var.

Tələbələrin həyatında kitabxana çox mühüm yer tutur. Bəzən olur ki, onlar səhər saat 8-dən axşam saat 12-dək kitabxanada olurlar. Azərbaycanlı tələbələr İngiltərədə daxili resurslarını, imkanlarını daha aydın şəkildə görə bilirlər. Ölkələrində mövcud olan stereotiplərdən uzaqlaşırlar və bu, onlara peşəkar kimi irəliləməyə geniş imkan verir. Eyni zamanda, insan kimi təkmilləşmələrinə də səbəb olur. Yəni söhbət tək peşəkar deyil, insan kimi yetişməkdən, özünü tapmaqdan gedir. Ona görə də hesab edirəm ki, orada ünsiyyət qurduğum insanlar kifayət qədər xoşbəxtdirlər və proqressivdirlər. Əksəriyyəti ilə söhbətdə sanki bir işıq görünür. Vətənə liberal patriotik dəyərlərlə yanaşırlar. Bu, köhnə sxematik patriotizm deyil, daxildə anlaşılan və praktik fəaliyyətdə özünü göstərən düşüncə tərzidir.

– Tələbələrimiz diaspor fəaliyyəti ilə məşğul olmağa, Azərbaycanı o ölkədə tanıtmağa nə dərəcədə meyllidirlər? Bu istiqamətdə təşkilatlanıb, nə isə edə bilirlərmi?

– Müqayisəli yanaşsaq, ötən əsrin 90-cı illərində azərbaycanlı tələbələrin İngiltərədə, xüsusilə Londonda mövqeləri kifayət qədər zəif olub. Bizim yüksəlişimiz ilk növbədə 21-ci əsrin ilk onilliyinə təsadüf edir. İngiltərədə tələbələr təşkilatlanmağa meyllidirlər. Amma hansısa təşkilata üzvlük formal xarakter daşımır. Tələbələrimiz məsələlərlə bağlı sadəcə, diskussiya etmirlər. Çalışırlar ki, mövqelərini universitet elitasına çatdırsınlar və həmin elitada ölkəmiz barədə müsbət təsəvvür formalaşsın. Həmçinin yüksək intellektə sahib gənclər kimi tanınmağa çalışırlar ki, burada əsas məqsəd Azərbaycanı böyük ziyalı potensialına malik ölkə kimi təqdim etməkdir.

– Universitetdən kənarda Azərbaycanın problemlərini İngiltərə ictimaiyyətinə çatdırmaq üçün tələbələrimiz işlər görə bilirlərmi?

– Bir çox böyük təşkilatlarla işləyirik. Azərbaycanlı tələbələr bu yaxınlarda Xocalı faciəsinin ildönümü ilə əlaqədar Trafalqar meydanından Vestministrə qədər yol qət etdilər, etirazlarını aksiyaları ilə ortaya qoydular.

Müəllimlərimizlə çox yaxşı münasibətlərimiz var. Bundan yararlanaraq Xocalı soyqırımının gündəliyimizə salınmasına çalışırıq. Əgər tarix fakültəsində 20-ci əsrin tarixinə, o cümlədən soyqırımlarına dair xüsusi bölmə varsa, tələbələrimiz ciddi cəhdlə Azərbaycanla bağlı məqamların obyektiv çatdırılmasına çalışırlar. Təbii ki, bunu müəllimlərlə yaxşı münasibətlər quran tələbələr edə bilirlər.

– Londonda erməni tələbələrlə həqiqətlərimizin yayılması istiqamətində mübarizə necə gedir?

– Ermənilərlə çox gərgin mübarizə gedir. Əlbəttə, uzun illər bu məsələdə geri qalmışıq. Xüsusilə sovetlər birliyi dönəmində ABŞ və Avropa ölkələrində yaşayan ermənilər mövqelərini kifayət qədər möhkəmləndirməyi bacarıblar. Həmin erməni tələbələrin çoxu heç erməni dilində yaxşı danışa bilməyib, sonradan öyrəniblər. Ancaq onlar Ermənistanla bağlı inandıqları məqamları universitetlərdə professorlara çatdırmağa çalışıblar və ali məktəblərdə Erməni Mərkəzi yaratmaq istiqamətində iş aparıblar. Məsələn, Londonda SOAS Universitetində Erməni Mərkəzi fəaliyyət göstərir. Biz buna əks addım kimi UCL-də Azərbaycan Mərkəzinin yaradılmasına çalışırıq.

Hesab edirəm ki, son 7-8 ildə ermənilərlə rəqabətdəki geriliyi azaltmışıq və indi demək olar ki, bərabər səviyyədə mübarizə aparırıq.

– Azərbaycan xaricdən necə görünür?

– Ölkədə yaşayarkən hər şey sənə toxunur. Hadisələrə, proseslərə real, soyuq qiymət verə bilmirsən. Kənardan isə müsbət və mənfi keyfiyyətləri daha dəqiq görürsən. Kənardan baxanda Azərbaycan mənim üçün özünü təsdiqləmək qabiliyyəti ilə seçilən, bir növ özünü tapmaqda olan, problemlərini həll etmək üçün ciddi daxili resurslara sahib ölkə kimi görünür.

– Səncə, xaricdə təhsil alan tələbələr Azərbaycanın inkişafı üçün nə verə biləcəklər?

– Çox şey edə bilərlər və artıq fayda verməyə, imkanlarını ifadə etməyə başlayıblar. İlk növbədə sualınızın cavabı baxımından açar rolunu oynayacaq bir məqama toxunmaq istərdim. İngiltərədə universitet sistemində müəllimlərlə tələbələr arasında münasibətlər çox fərqli qurulub. Müəllimlər tələbələrə tələbə yox, daha çox opponent kimi yanaşır, baxışlarının onlar tərəfindən tənqidinə çox sevinirlər. Çünki gözəl başa düşürlər ki, mövqelərinin gələcəkdə işıqlandırılması və həyati qüvvə əldə etməsi üçün tələbələrin tənqidi mütləqdir. Məsələn, mənə universitetdə dünyanın bu sahə üzrə ən böyük mütəxəssisləri dərs deyirlər. Professor Dvorkin bu sahənin böyük mütəxəssislərindən biridir. O, öz müəllimi Hartın nəzəriyyəsini tənqid edərək, özü bir məktəb formalaşdırıb. Hart buna çox sevinib. Hart 20-ci əsrin birinci yarısının ən böyük hüquqşünasıdır. Dvorkin isə 20-ci əsrin ikinci yarısının ən böyük hüquqşünasıdır. Onlar arasında məşhur Hart-Dvorkin debatı var. Bu, hüquq fəlsəfəsinin mərkəzi mövzusudur. Məsələn, mənim tezisim Dvorkinin əsərinin tənqidinə yönəlib və bunun üzərində işləyirəm. Professor Dvorkin bu barədə eşidəndə çox sevindi və ona tənqidi yanaşdığımız üçün təşəkkür etdi.

Mənə elə gəlir ki, biz Azərbaycanda mövcud istiqamətdə lazım olan səviyyəyə çatmamışıq. Ola bilsin, universitet səviyyəsində bu cür tənqidlərdən qorxuruq. Amma belə tənqidlərin arealı artmağa doğru gedir. Məncə, xaricdə oxuyan, opponentlik, mübarizə mühitindən bəhrələnən insanlar inkişafları üçün çox prinsipial rol oynayacaqlar. Təbii ki, burada individual məqam da var. Ola bilsin ki, o tələbələrin müəyyən qismi həmin keyfiyyətlərini sonradan fərqli, bizim üçün məqbul olmayan istiqamətə yönəldəcəklər. Amma o keyfiyyətlər lazımi istiqamətə yönələndə, o tələbələr Azərbaycan üçün sərvət olacaqlar.

– Necə hesab edirsiniz, xaricdəki tələbələrimizin əksəriyyəti sonradan Azərbaycana qayıdacaqlarmı? Müşahidələriniz nə göstərir?

– Müşahidələrimə görə, əksəriyyət geri qayıdacaq. Çünki gözəl başa düşürlər ki, Azərbaycan onlar üçün ideal ölkədir. Ona görə ideal ölkədir ki, burada onlara tələbat var. Əgər London hüquqşünaslar bazarında rəqabətə daxil olursunuzsa, sizin qalib gəlmək şansınız Azərbaycandakından azdır. Bu, məsələnin praqmatik tərəfidir. Digər tərəfdən, səmimi şəkildə demək istəyirəm ki, oradakı mühitdə bizimkilər kifayət qədər azərbaycanlılaşır. Onlar sanki daxillərinə qayıdırlar. Başa düşürlər ki, bir azərbaycanlı kimi mənsub olduqları dövlətçilik Bakıdan idarə olunur. Bu, qırılmaz əlaqə yaradır və çox prinsipial məqamdır. Bu ideya yalnız o insanlarda yüksək daxili azadlıq ruhuna malik şəxslərdə formalaşır. Həmin ruh isə liberal patriotizmə gətirib çıxarır. Bunu yüksək səviyyəyə çatmış, azadlığı anlayan və dövlətə münasibəti olan insan icra edə bilər. Mən gənclərdən bunu gözləyirəm. Hesab edirəm ki, onların əsaslı qismi Azərbaycana qayıdacaq və ölkəmizin inkişafında rol oynayacaqlar.

Bir məqamı da vurğulayaraq deyim ki, bəzi azərbaycanlılar başqa millətlərin daxilində özlərini unudurlar. Bu, çox ciddi məsələdir. Hər bir fərdin müəyyən məqamda Azərbaycan üçün etdiyi əməl qlobal nəticələrə səbəb ola bilər. Həmişə yoldaşlarımla danışanda da onlarda Azərbaycan haqqında liberal, inkişafa meylli ölkə təsəvvürü yaratmağa çalışıram. Bu, çox böyük effekt verir. Mənim İngiltərədə oxuyan bir qrup yəhudi dostum var idi, İngilis Yəhudi Cəmiyyətinin üzvləri idilər. Azərbaycanla çox maraqlanırdılar. Onlara bildirdim ki, Azərbaycanda antisemitizm yoxdur, bu sahədə çox irəli getmişik, ölkəmizdə yəhudilərə münasibət çox müsbətdir, ümumiyyətlə, tolerant xalqıq.Bir müddətdən sonra gördüm ki, həmin yəhudilər Azərbaycanın Dostları Cəmiyyətinə üzv yazılıblar. Onların Dağlıq Qarabağ məsələsinə münasibəti də daha çox balanslaşıb. Ona görə də hər intellektual şəxsin bu istiqamətdə praqmatik mövqeyi olmalıdır. Təəssüflər olsun ki, müəyyən problemlər də görürəm. İnsanlar bəzən inanmırlar ki, onların atacaqları addım hər hansı nəticəyə səbəb ola bilər.

Yeri gəlmişkən, Qərbdə millətçiliyə münasibət çox mənfidir. Amma millətçilik deyəndə nasizmdən söhbət getmir. Söhbət millətini sevməkdən gedir. Mənim təsəvvürümdə canlandırdığım ideal azərbaycanlı daxilində millətçiliyini qoruyan, amma çox gözəl liberal görüntüsü olan insandır. Bu insan dünyanın gedişini anlayır, qlobal dəyərlərlə danışır, amma daxilindəki millətçiliyini də saxlayır. Dünyanı idarə edən böyük xalqlar da məhz bu psixoloji struktura malikdirlər. Onlar çox gözəl bilirlər ki, müəyyən məqamlarda güzəştə getmək olmaz. Məsələn, biz bilirik ki, Dağlıq Qarabağ məsələsində güzəştə gedə bilmərik. Çünki torpaq yenidən yaranmır. Ona görə də millətçi olmalı, öz liberal görkəmimizi də saxlamalıyıq.

– Əsl tələbə sualı: xarici mətbəxə uyğunlaşa bilirsiniz, yoxsa Azərbaycan mətbəxi üçün darıxırsınız?

– London çox kosmopolit şəhərdir. Hətta orada yaşayan etnik qrupların sayına görə Nyu-Yorkdan da kosmopolitdir. Ona görə də orada istənilən mətbəxi tapa bilərsiniz. Azərbaycan mətbəxi Türkiyə və İran mətbəxinə yaxın olduğundan Londonda həmin mağazalardan o ərzaqları ala bilərsiniz. Amma mən bununla belə, müəyyən qidalarda sönüklük hiss edirəm. Azərbaycanda olduğu kimi dadlı gəlmir. Londonda mətbəxlə bağlı xüsusi problem yaşamıram, amma Azərbaycandakı kimi sağlıqlı qidalanmıram. Sərbəstliyə, oxumağa görə çox vaxt sağlamlığının qeydinə qalmırsan. Səhər saat 9-dan axşam saat 9-a kimi kitabxanada olursansa, hansı qidanı qəbul etməyin səni maraqlandırmır. Çalışırsan ki, tələbatını ödəyəcək nə isə yeyəsən.

 

 

Ramiz MİKAYILOĞLU

 

525-ci qəzet.- 2011.- 12 aprel.- S.2.