Qobustansənət toplusunun yeni sayı oxuculara təqdim olunub

 

Toplunun ilk səhifəsində ustad Aşıq Ələsgərin şeirləri verilib. Jurnalın bu sayında Rahid Uluselin “Mədəniyyətin klassika özəyi və meyarı”, Həşim Paşayevin “Əyyub Məmmədovun yaradıcılığında Qarabağ mövzusu”, Ziyadxan Əliyevin “Səttar Bəhlulzadə romantizminin fəlsəfəsi” adlı tədqiqat və təhlil yazılarına yer ayrılıb. Əli Kərimin 80, İsa İsmayılzadənin 70 illik yubileyi münasibətilə şairlərin xatirəsi toplunun “Anım” guşəsində yad edilib, Əli Kərimin “Mənim ömrüm” və “Muğamı dinləyirəm” , İsa İsmayılzadənin “Gözləyin, dünyaya qayıtmağım var” və “Füzuli zirvəsi” şeirləri oxuculara xatırladılıb.

Xanəndə Elnarə Abdullayeva ilə müsahibə maraq doğurur. İsrafil İsrafilovun “Milli teatr fəlsəfəsinin konsept müxtəlifliyi” yazısı Ədalət Vəliyevin “Teatr” kitabı haqqında təəssüratlar üzərində qurulub. Konya Səlcuq Universiteti Pedaqoji fakutləsinin magistratura tələbəsi Dərya Uzunun görkəmli rəssam Əzim Əzimzadə haqqında yazdığı “Əzim Əzimzadə məktəbi” məqaləsi də toplunun bu sayındadır. “Musiqi” bölməsində Günay Məmmədovanın “Naxçıvanın musiqi folkloru” yazısı öz əksini tapıb. Əməkdar artist Əjdər Həmidovla söhbət “Qafqazın Mister Bini” başlığı altında verilib. Əsəd Quliyevin əməkdar rəssam İsmayıl Məmmədov yaradıcılığı haqqında yazdığı “Rənglərin nəğməsi” adlı məqaləsi “Rəngkarlıq” guşəsindədir. Toplunun “Teatr” bölməsində Ələkbər Qasımovun “Kuklaları dilləndirən xanım, yaxud bir teatrın nağılı” yazısı var. Yazı Naxçıvan Dövlət Kukla Teatrının aktyoru Vəsmə Quliyeva haqqındadır. Esmira Nəzərlinin “Kaskadyorun bir günü”, Atababa İsmayıloğlunun “Döyülən qapıların sədası”, Tahirə Həsənzadənin “Avropalı səyyah və diplomatlar Təbriz şəhəri haqqında”, Paşa Əlioğlunun “Rəssam Yaqub İmdadian”, Vəfa Allahyarovanın “ Akvarel haqqında”, Kamil Əfsəroğlunun “Əfsanə qadın”, Məmməd Məmmədovun “Naxçıvan buzxanası”, Gülxani Pənahın “Misgər babaların misilsiz yadigarları” və başqa məqalələr də toplunun yeni sayında dərc edilib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 13 aprel.- S.7.