DAK “Şəhidlik zirvəsiadlı tədbir keçirib

 

Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı dünən Atatürk Mərkəzində”Şəhidlik zirvəsi” adlı tədbir keçirib. Gənclər Təşkilatının sədri Seymur Həsənli tədbirin məqsədləri barədə söz açıb. Ölkəmizin müharibə şəraitində olduğunu bildirən S.Həsənli şəhidlərin rəsmi şəkildə dəfn olunmasının vacibliyini qeyd edib. O, bu məsələ ilə bağlı təkliflər paketi hazırladıqlarını diqqətə çatdırıb: “İyirmi faiz torpaqlarımız işğal altındandır. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Məhz elə buna görə də ölkəmiz şəhid verməkdə davam edir. Olar ki, hər gün ordumuzun əsgəri dünyasını dəyişir. Şəhid anasına məzar yerinin pul ilə satılması utandırıcı bir hadisədir. Bu cür hallara son qoyulmalıdır. Şəhidlərin dəfn olunması dövlət tərəfindən, yerli icra orqanları tərəfindən təşkil olunmalıdır. Məhz belə təntənəli şəkildə dəfn olunma mərasiminin təşkili vətənpərvərlik ruhunun daha da artmasına xidmət edir. Azərbaycan müharibə şəraitində yaşadığı üçün vətənpərvərlik ruhunun aşılanmasına böyük ehtiyac var. Əgər biz şəhidlərimizə lazımi diqqəti göstərsək, digər gənclərin də Vətən uğrunda mübarizə aparmasına əlavə stimul verərik”.

DAK-ın Qazaxıstan nümayəndəsinin rəhbəri Yəhya Əliyev isə şəhidlərin dəfn mərasimin dövlət tərəfindən təşkil edilməsi üçün bəzi təkliflər verib. Onun sözlərinə görə, şəhidə böyük qiymət verilməli və onun dəfn mərasimi təmtəraqla qeyd edilməlidir: “Mübariz İbrahimov bütün türk dünyasının qəhrəmanı kimi tanınmalıdır. Azərbaycanın hüquq-mühafizə orqanlarında, Müdafiə Nazirliyində şəhidlərin dəfn mərasimini təşkil edən şöbə yaradılmalıdır. Bu təcrübədən bir çox ölkələrin ordularında istifadə olunur. Hər bir hərbi hissədə ruhani xadim olan şöbə olmalıdır. Və bu şöbə şəhidin dəfn mərasiminin bütün xərclərini üzərinə götürməlidir. Şəhidin ailəsi borc edib ona ehsan verməməlidir. Biz bütün bu neqativ halların qarşısının alınması üçün təkliflər veririk. Azərbaycan ordusu çox peşəkar ordudur. Dövlət bu cür halların qarşısını almalıdır”.

Professor Məhəmməd Teymurlu da şəhidlərə qayğının daha da artırılmasını önə çəkib: “Biz şəhidlərimizi yüksək səviyyədə son mənzilə yola salmalıyıq ki, digər gənclər Vətən, dövlətçilik uğrunda canlarından keçməyə belə hazır olsunlar”.

 

 

AQİL

 

525-ci qəzet.- 2011.- 15 aprel.- S.5