Tələbələr arasında Heydər Əliyevin 88 illiyilə bağlı futbol yarışı başlayıb

 

Aprelin 16-da Bakı Dövlət Universitetinin (BDU) futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə universitetin 17 fakültəsi, eyni zamanda MDU-nun Bakı filialının tələbələri arasında futbol yarışının təntənəli açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov son illərdə ölkədə idmana göstərilən xüsusi dövlət qayğısından danışıb. Rektor bildirib ki, ümummilli liderin xatirəsinə həsr olunan futbol yarışları may ayında yekunlaşacaq və qalib müəyyən olunacaq.

A.Məhərrəmov əlavə edib ki, Avropanın “TEMPUS” proqramı çərçivəsində Bakı Dövlət Universiteti və İngiltərənin Westminster Universiteti arasında magistr pilləsi üzrə distant təhsilin reallaşmasına hazırlıq məqsədilə layihə təşkilatçılarının 19-20 aprel tarixlərində BDU-ya səfərləri gözlənilir. On bir nəfərlik nümayəndə heyətinin layihə koordinatoru İngiltərənin Westminster Universitetindən Nino Porakişvili, üzvlər isə bunlardır: “Westminster Universitetindən: Peter Lidirad, Keis Redvey, Peter Delves, Federika Oradini, Fransanın Breatgne Occidentale Universitetindən Jan Pyer Pennek, İtaliyanın L’Aqulia Universitetindən Covani De Qasperis, Guido Makçiarelli, Gürcüstanın Tiflis Dövlət Universitetindən isə Nina Kulikova, Marina Tevzadze və Paata Tsaqareişvili. Westminster Universiteti artıq layihənin reallaşması ilə bağlı şərtlərini açıqlayıb. Ekspertlər həmin şərtlərin Azərbaycana uyğun olub-olmadığı ilə maraqlanacaq və rəsmi görüşlər keçirəcəklər. Qeyd edim ki, Avropanın “TEMPUS” proqramının Biologiya fakültəsində I layihəsi İmmunologiya laboratoriyanın yaradılması olub”.

Rektor vurğulayıb ki, Amerikanın tanınmış politoloqu, Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun direktoru, professor Qordon Smit aprelin 24-28-də BDU-ya gələcək. Səfərdə məqsəd beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin tələbə və magistrantlarına müxtəlif səpkili mühazirələr oxumaqdır: “Məlumat üçün bildirim ki, bu il Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun 50 ili tamam olur. Bu münasibətlə adıçəkilən İnstitutun tanınmış alimləri və ictimai xadimləri müxtəlif ölkələrə səfər edərək mühazirələr oxuyacaq, konfranslar təşkil edəcəklər.

Səfir Riçard Volker tərəfindən 1961-ci ildə Beynəlxalq Araşdırmalar İnstitutu kimi qurulan Volker İnstitutu ABŞ-ın ikinci elmi-araşdırma mərkəzidir. İnstitutun direktoru Qordon Smit ABŞ-ın postsovet məkanında gedən siyasi proseslər üzrə aparıcı mütəxəssisi, bir çox elmi araşdırmalar və monoqrafiyaların müəllifidir”.

Sonra dövlət himni səslənilib və idman kafedrasının müdiri Akif Atakişiyev tədbirin proqramını elan edib. Tədbir konsert proqramı ilə davam edib, fakültələr arasında futbol oyunu izlənilib.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.-19 aprel.- S. 2.