Şahin Sinaria: “Ölülər”
əsərini dünya teatrında səhnəyə qoysaq,
böyük ajiotaj doğuracaq”
FRANSADA YAŞAYAN AZƏRBAYCANLI REJİSSOR: “DEPARDYENİN
AZƏRBAYCAN KİNOSUNUN İNKİŞAFI ÜÇÜN
HAVAYI İŞ GÖRƏCƏYİNƏ İNANMIRAM”
16 ilə yaxındır
ki, Fransada yaşayan və Paris Eksperimental Teatrında
çalışan azərbaycanlı rejissor Şahin Sinaria (Əliyev)
APA-ya müsahibə verib. Rejissor müsahibəsində Azərbaycan,
eləcə də Fransanın kino və teatrına nəzər
salıb. Soydaşımız artıq Fransa vətəndaşlığını
qəbul edib və bu addımından heç də peşman
deyil.
– Azərbaycana xoş gəlmisiniz.
Vətənə gəlişinizin məqsədi nədir və
burada özünüzü necə hiss edirsiniz?
– Gəlişimin səbəbi
anamı görməkdir. Bakıda insan özünü necə
hiss edə bilər? Şəhər çox dəyişib,
yollar salınır, ona görə mentalitet də tamamilə dəyişib.
Səfərim müddətində Mədəniyyət və
Turizm Nazirliyində də oldum və orada söhbətlər
apardıq.
– Şahin Sinaria adı
ictimaiyyətimizə bir o qədər də tanış
deyil... Neçə müddətdir Parisdə
yaşayırsınız və hansı teatrlarla əməkdaşlıq
edirsiniz?
– 1990-cı ildə
Sankt-Peterburqa “Lenfilm”də işləməyə getdim. Orada
bir film çəkdim, amma nümayişinə icazə verilmədi,
qadağa qoyuldu. Daha sonra Fransaya dəvət aldım. 1995-ci
ildə Fransaya köçdüm, indi orada yaşayıb
çalışıram. Fransada əsasən nəsr sahəsində
çalışıram – tərcümələr edir,
romanlar, pyeslər yazıram. İndiyədək Fransada 2
kitabım dərc olunub, 10-dək əsərim eksperimental
teatrlarda səhnəyə qoyulub. 2005-ci ildə Avropa ssenari
müsabiqəsinin qalibi olmuşam.
– Sözsüz ki, Azərbaycanla
Fransanın teatr və kinosu arasında köklü fərqliliklər
mövcuddur...
– Açığı desəm, Azərbaycan teatrını bir o qədər də yaxşı tanımıram. Fransada teatr tamamilə başqa cür inkişaf edib. Orada səhnədə hər şey etmək olar, hətta səhnəyə çılpaq çıxmaq belə... Bilirsiniz, hər teatrın öz qayda-qanunu var. Bu hərəkətlər eksperimental teatrına yaraşır. Azərbaycan teatrlarına gəlincə, Akademik Milli Dram Teatrının əsaslı təmir edilməsinə çox şad oldum.
– Səfəriniz müddətində Akademik Milli Dram Teatrında bir tamaşanın premyerasında da iştirak etdiniz. 95-ci ildən bu yana nə dəyişib? Bu tamaşa ilə beynəlxalq festivallarda təmsil oluna bilərik?
– Teatrın
xarici görünüşünə söz ola bilməz. Tam olaraq müasir standartlara
cavab verir. Nümayiş olunan “Sərgüzəşti-vəziri-xani
Lənkəran” tamaşasından çox xoşum gəldi.
Baxın, bu pyes şedevr bir əsər deyil, çox sadə
bir pyesdir. Bu əsərə belə yozum verməklə Vaqif
müəllim bu tamaşanı baxımlı etmək istəyib.
Əgər o əsər başqa cür səhnələşdirilsəydi,
inanın mənə, ona heç kim baxmazdı. Burada Vaqif
İbrahimoğlunun ideyaları açıq-aydın
görünür. Bəli, biz bu tamaşanı dünyanın
istənilən ölkəsinə aparıb göstərə
bilərik. Fransada teatra tamamilə ayrı cür
yanaşılır. Məsələn, Azərbaycan deyilsə,
çox insan tanımır, amma teatr gəlir kimi məlumat
verilsə, insanlar maraq göstərəcək. Eyni zamanda da
insanlar komediyaya daha çox gəlirlər, bu tamaşada da həm
komediya, həm sevgi məqamları var. Amma sözsüz ki,
tamaşa mütləq tərcümə ilə – titrlərlə
təqdim olunmalıdır.
– Akademik Milli Dram Teatrı
tamaşa hazırlamaq üçün xarici rejissorlarla əməkdaşlığı
planlaşdırır. Xaricdə yaşayan azərbaycanlı
mütəxəssis kimi Sizə niyə belə bir təklif
olunmur?
– Bilirsiniz ki, Azərbaycan
teatrının inkişaf proqramı təsdiq olunub. Bu proqramda
teatr və kinoda prodüserlərə geniş səlahiyyətlər
verilir. Mən özüm həm də kinorejissoram. Fransa tərəfindən
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə
ssenari təqdim edəcəyəm. Teatra gəldikdə isə,
dostlarım məsləhət bildilər ki, Milli Dram
Teatrında tamaşa hazırlayım. Amma mənə
teatrın rəhbərliyi dedi ki, artıq bu ilin planı dolub,
əlavə imkanları yoxdur. Gələn il məni dəvət
etsələr, gəlib tamaşa hazırlayaram. Bildiyimə
görə, İsrafil İsrafilov xarici rejissorlara görə
İtaliyaya, Rusiyaya gedir. Mənə hər hansı təklifin
olunmaması özümə də qəribə gəldi...
– Ümumiyyətlə,
Fransada Azərbaycan teatrının mövcudluğundan xəbərdardırlarmı?
– Fransada Azərbaycan
teatrını ümumiyyətlə tanımırlar, o ki
qaldı hansısa təsəvvürləri olsun...
– Uzun illərdir Fransada
yaşayırsınız, Azərbaycan teatrının təbliği
ilə bağlı hansısa addımlarınız olub?
– Təbii ki təbliğ
edirəm və bir neçə teatr mütəxəssisini
Fransaya dəvət etmişəm. Azərbaycan
yazıçılarından Elçin Əfəndiyevin, Cəlil
Məmmədquluzadənin, Ramiz Rövşənin, Rəşad
Məcidin əsərlərinirını tərcümə
etmişəm. Fransada Ayaz Salayevin, Bəxtiyar Xanızadənin,
Mehriban Zəkinin gecələrini təşkil etmişəm.
Qısası, Fransada Azərbaycan mədəniyyətinin,
teatrının, kinosunun, ədəbiyyatının təbliği
missiyasını öz üzərimə
götürmüşəm. Özüm aktyor kimi oynamasam da,
öz əsərlərimi bir çox teatrda səhnələşdirmişəm.
Parisdə “Teatr Düqar”, “Teatral” kimi bir çox eksperimental
teatrlarda çalışıram. Çox vaxt özləri mənə
sifariş verirlər. Əsərlərimi ya özüm səhnələşdirirəm,
ya da başqasına verirəm. Sözsüz ki, əsərlərimizi
səhnələşdirmək olar, amma buna da kömək
lazımdır. Məsələn, biz “Ölülər”i
hansısa dünya teatrında səhnəyə qoysaq, bu,
böyük ajiotaj doğuracaq. Mən bu əsəri çox
sevirəm. Bizim rejissorlar gəlsin orada tamaşa qoysunlar.
– Bəs bu illər ərzində
orada öyrəndiklərinizi Azərbaycanda tətbiq etmək,
ümumiyyətlə Vətənə qayıtmaq istəmirsiniz?
– Yox, qətiyyən
qayıtmaq fikrim yoxdur. 16 ildir ordayam və ora çox öyrəşmişəm.
Bilirsiniz, bizdən Fransada təhsil almaq üçün tələbələr
gəlir. Əvvəl bu ölkədə necə
qalacaqlarını düşünürlər, bir ildən
sonra isə geri qayıtmaq istəmirlər. Əgər Fransada
cəmi bir il yaşayan tələbə belə
qayıtmağa çətinlik çəkirsə, 16 ildən
sonra mən necə qayıdım? Orada incəsənət
insanına, teatr xadiminə verilən azadlıq burada yoxdur.
Sözün düzü, mən qayıdıb daha burada
yaşaya bilmərəm. Belə baxanda, Azərbaycan
Qafqazın ən inkişaf etmiş demokratik ölkəsidir.
Sadəcə olaraq, mən artıq Fransaya adaptasiya olmuşam,
yenidən buranın şəraitinə uyğunlaşmaq mənə
çətin olar. Mən artıq fransız dilində
düşünüb, o dildə də yazıram. Bilirsiniz, əsl
sənət adamı, yaradıcı insan çox həssas
olduğu üçün azadlıq arzusunda olur. Onun
azadlığına hər hansı formada təzyiq olursa,
dözə bilmir.
– Bilirik ki, Siz Azərbaycanda
yaşadığınız müddətdə filmlər də
çəkmisiniz və hətta bir filminizin nümayişi
qadağan da olunub. Azərbaycanda yenidən film çəkmək
istəmirsiniz?
– 2005-ci ildə Avropa
Ssenaristlər Fondunun elan etdiyi müsabiqədə qalib
seçilən ssenarini Bakıda Mədəniyyət və
Turizm Nazirliyinə təqdim etdim ki, bu ssenari əsasında
film çəkilsin. Təəssüf ki, ssenarimi burada qəbul
etmədilər.
– Bu, şəxsi ədavətdir,
yoxsa yaradıcı ədavət?
– Yox, nə şəxsidir, nə
də yaradıcı. Dedilər ki, xoşumuza gəlmədi və
mən də bunun səbəblərini bilirəm, ona görə
də getdim. Mənim heç kiminlə, kiminsə də mənimlə
heç bir ədavəti yoxdur. Heç kimdən
küsüb-inciməmişəm. Xoşlarına gələr,
burada yenə işləyərik, gəlməz, işləmərik.
Yəni məni bütün bunlar maraqlandırmır, artıq
mənim həyatım var və bu həyatdan çox
razıyam. Başqa şeylər var, onlar da özümdə
qalsa yaxşıdır...
– Fransada tanınmış
kino və teatr xadimləri ilə kimlərlə əlaqəniz
var?
– Əsas əlaqələrim
rejissorlarladır, aktyorlarla o qədər də əlaqəm
yoxdur.
– Yeri gəlmişkən, bir
müddət əvvəl məşhur fransız aktyoru Jerar
Depardye Bakıya gəldi və Azərbaycan kino sahəsinin
inkişafı üçün əlindən gələni edəcəyinə
söz verdi. Sizcə, Depardyenin bu sahədə bizlərə
köməyi dəyəcəkmi?
– Əslində inanmıram.
Çünki Depardye artıq kinodan daha çox biznesə aid
bir insandır. Onun bu gün iri şərabçılıq
müəssisəsi, restoran və neft biznesi var. O, kino ilə
hobbi kimi məşğul olur. Bakıdan qayıdandan sonra
onunla görüşüm oldu. Depardye dedi ki, Azərbaycandan tələbələr
gətirəcək, onlarla qısametrajlı filmlər çəkəcək.
Sözün düzü, mən ona inanmıram. Əvvəla,
yəqin ki, onun ermənipərəst biri olduğunu siz də
bilirsiniz. Bundan başqa, o, xeyirxah insan deyil. Mən inanmıram
ki, onun Azərbaycana bununla bağlı köməyi dəysin.
Ona görə də inanmıram ki, çətin ki, Depardye Azərbaycan
kinosunun inkişafı üçün havayı iş
görsün. Fikrimcə, olsa-olsa, bir gənci Fransaya aparıb
ona dərs verə bilər, vəssalam... Əslində bizim
öz rejissorlarımıza imkan yaradılsa, daha yaxşı nəticə
əldə oluna bilər. Azərbaycan xalqının
istedadlı insanları kifayət qədərdir. İstər
musiqidə, istər kinoda, istərsə də teatr sahəsində
kifayət qədər dünya miqyasında nəticələr
əldə edən soydaşlarımız var. Məsələn,
Elçin Musaoğlunun çəkdiyi “40-cı qapı” filmi
beynəlxalq festivallarda iştirak edir və mükafatlar
qazanır. Onun kimi insana imkan yaratmaq lazımdır ki, çəksin,
yaratsın. Yaxud da Ayaz Salayev. İstedadlı insanlardır,
ancaq ona yol açmaq lazımdır.
– Siz bilirsiniz ki, Azərbaycanda
kino xadimləri kinomuzun hazırkı vəziyyətindən
narazıdır?
– Bəli, bilirəm. Ancaq bu,
sizin daxili siyasətinizdir, bunun mənə aidiyyəti yoxdur.
Fransa vətəndaşı ola-ola gəlib burada sizlərə
vəziyyəti nəql etmək mənim üçün
düzgün olmaz.
– Bəlkə Sizin hər
hansısa fikriniz həqiqətən də kinomuzun bu durumdan
çıxmasına səbəb olar?
– Mən heç də belə düşünmürəm və sözümün Azərbaycan kinosunu harasa apara biləciyinə inanmıram. Əslində bu problemin kökündə nələrin dayandığını, hansı problemlərin mövcud olduğunu hamımız bilirik. Əvvəla, pul məsələsini həll etmək lazımdır. Fransada ildə 200-dək film çəkilir. Bunlardan 150-si uğurlu alınmasa da, heç olmasa, 40-50-si yüksək keyfiyyətdə alınır. Bu böyük rəqəmdir. Azərbaycanda il ərzində bütün filmlərə ayrılan ümumi vəsaitə Fransada uzağı bir ortabab film çəkmək olar. Digər tərəfdən, Fransada, ümumiyyətlə, Avropada ifrat dərəcədə azadlıq var. Orada elə şeylər var ki, Bakıda qadağandır. Fransada deyilmir ki, bunu etmək olmaz. Bir də, Azərbaycanda yalnız bura aid olan ssenarilər çəkilir. 2005-ci ildə Bakıda ssenarimə görə dedilər ki, burada Azərbaycan barədə məlumat azdır. Orada elə şey yoxdur, istəyirsən Fransanı söy, pislə, sənə heç kim qadağa qoya bilməz. Yəni, mentalitet məsələləri də var...
– Siz orada azərbaycanlı rejissor kimi təqdim olunursunuz, yoxsa artıq Sizi özününküləşdiriblər?
– Mən oranın rejissoruyam,
amma harada anadan olduğumu soruşanda – Azərbaycan deyirəm.
Hər zaman deyirlər – əsli Azərbaycandan olan Şahin
Sinaria.
– Buradan baxanda bizə elə
gəlir ki, Fransada istedadlı insanlara, kino və teatr sahəsi
ilə məşğul olanlara ayrıca bir yanaşma və
diqqət var. Eyni zamanda onlar maddi baxımdan elə təmin
olunurlar ki, həyatlarından çox razıdırlar...
– Doğru təxmin etmisiniz.
Fransada hər bir rejissor və aktyor müqavilə əsasında
pul alır. Orada çoxdandır ki, əmək haqqı
sistemindən istifadə olunmur. Ssenarimin birinə görə
60 min avro verilmişdi, bu, hələ ən minimumudur. Ancaq
burada ssenariyə görə 60 min avro kim kimə verər?
Orada qanun var və hamı o qanunla razılaşır. Göstərilir
ki, 60 min almalısan və onu alırsan, daha imtina edəsən,
götürməyəsən, bu, mümkün deyil.
Eşitmişəm ki, mədəniyyət və incəsənət
xadimləri üçün ölkə
başçısı xüsusi təqaüdlər təsis
edib. Bu da onu göstərir ki, Azərbaycanda da vəziyyət
pis deyil.
– Azərbaycanımızın
bu gün ən böyük problemi Dağlıq
Qarabağdır. Əlinizdə çox gözəl fürsət
var və Dağlıq Qarabağ problemi ilə bağlı
ssenari yazıb film çəkə bilərsiniz. Belə bir
fikriniz varmı?
– Fikrimcə, bu günə kimi Dağlıq Qarabağ problemi yetəri qədər işıqlandırılıb. Çoxsaylı bədii və sənədli filmlər çəkilib. Sözsüz ki, bu, hər birimizin qəlbimizdə çox böyük bir yaradır. Mən bu məsələ ilə bağlı prosesi izləyirəm. Bu yaxınlarda Fransa prezidenti Nikola Sarkozi bildirdi ki, Dağlıq Qarabağ azərbaycanlılarındır və Azərbaycana qaytarılmalıdır. Bu da ermənilərin çox böyük qəzəbinə səbəb oldu. Artıq şükürlər olsun ki, Qarabağ münaqişəsinə dair düşüncələr dəyişib. Bəlkə də bu mövzunu filmdə istifadə etmək olar.
525-ci qəzet.- 2011.- 16 aprel.- S.19.