Təbrik novellası

 

İlk öncə onu deyim ki, şəxsiyyət ikiləşməsindən bu yazıda söhbət belə getməyəcək, biz sadəcə bir bədəndə iki candan danışacağıq, biri Qulu, digəri Ağsəs: biri şairdi, digəri publisist.

Özü də həqiqətən quldu, dərgah quludu, mehrabını bildirməsə, üzə vurmasa da, Sözünün də, Səsinin də Ağı qaradan seçilir.

Onun ağappaq bir səsi var, özüm görmüşəm, ləkə götürməyən ağdı: televiziyadan, radiodan, hər yerdən duyulur. Hətta işğal altında olan torpaqlardan da gəlib bizə dəyir, əks-səda verib qayıdır. Qayalara çırpılan dalğalar kimi Qulunun Ağ Səsi bütün yazılarında o torpaqlardan gəlib, özünü buralara- insanlara, şairlərə, alimlərə çırpır, sonra da çarəsiz halda geri qayıdır: dalğalar qayanı zamanla zərrə-zərrə oyur, aparır... Bir çox şairlər kimi eynəyi var, eynəyinin altından, üstündən, qıraq-bucağından baxmağı, baxıb dodağının altında qımışmağı, qımışıb bir söz deyib, hamının qəşş elədiyi an ciddi sifət almağı var. Qulu tapmacaları sevir: “Nabran Novellası”nı oxusanız, nə vaxtsa sizdən soruşacaq: “Gördünmü nöqtəni hara qoymuşam?” Cəld cavab verin: “Sualın altına...”

 O dəqiqə dillənəcək: “Bıy, yadımdan çıxıb...

 Cəld nöqtəni sualın altından götürəcək, yerində qulp qalacaq, incə bir fincan qulpu, Ağsəsin bütün sualları qulpdu, Ağsəs sual verirsə, artıq qulp qoyub...

Ağsəs sualı necə vermək lazımdı, yaxşı bilir... Qulu Azərbaycan ədəbiyyatının “yalançı çoban”ıdı – nə şeirlərində, nə həyatında harda ciddi, harda qeyri-ciddi, harda şair, harda publisist olduğu bilinməz: heç özü də bilmir. Həyatda yalançı çobanlıq bir işə yaramasa da, ədəbiyyatda bu çox gözəldi: yazdıqları sakit, laqeyd və zərərsiz nümunələr olur- nə müsbət, nə də mənfi yüklü bir neytron. Oxu, hiss et, duy və imkanın varsa, sus! İçkilərə bənzətsək, Qulu kokteyl, tüstülərə bənzətsən, xəfif nargilədi. Ancaq onu içmək ya da çəkmək mümkün deyil – o hər kəsi içib-çəkib, dərindən bir köks ötürərək ahını vərəqlərə töküb: ancaq Qulu Füzuli deyil, ahı yandırmır, dondurur... Heç Nəsimidən gəlmə ənənələr də yoxdu onda: o özünə də sığır, hələ bəlkə bir az da kiçik gəlir özünə, buna görə oxuculardan da kömək istəyir. Yerə-göyə, başqa dünyaya, nə bilim mən cahana-mülkə ehtiyac yoxdu: o hələ də “özü boyda dünyadan” qaçmaqla məşğuldu, bu qaçhaqaçda başqa dünyalarla oynamağa vaxtı yoxdu. Qulu lirik əvəzlikləri sevmir, yəni Qulunun lirik məni, ya da səni yoxdu, Qulunun lirikasını əvəz etmək üçün yeni sintaksisə də ehtiyac yoxdu, bütün bu vəzifələrin öhdəsindən Qulu elə özü məharətlə gəlir. “Quş budaqda oxuyan kimi o da varaqda oxuyur”, xəbəri yoxdu ki, bircə elə varaqda oxuyan özüdü: indi hər kəs internet məkanının vizual ədəbiyyatında söz ardınca qırğılıq edirlər. Onunsa budağı varaqdı, onun ilhamı eynəyidi- gözünə taxdımı dünya tərsinə, insanlar gözünə görünür: Qulu gözünə görünən insanları sevir...

Bütün kişilər kimi “yalan”ın dadına baxıb, ağzını büzüb, indi şeirlərində və həyatında “həqiqət”i deyir deyəsən. Qulunun həqiqətləri o qədər faciəvidi ki, Zamzanın böcəyə çevrildiyini ilk dəfə eşidən oxucu kimi adam aldanır, elə bilir Kafkanın bu qeyri-adi hekayəsinə gülmək lazımdı, amma əslində elə deyil – Qulu həyatın da, ədəbiyyatın da, şeiriyyatın da kədərli bir lətifə olduğunu yaxşı bilir. Qulu ümumiyyətlə yaşamır, özünün dediyi kimi, o ölməməklə məşğuldu, buna görə də həmişə xətti də, özü də məşğuldu. Xətlərdən Qulunun şeirləri asılıb, amma Qulunun şeirləri qupqurudu, qurumağa ehtiyacı yoxdu. Qulunun şeirləri islanmaq üçün asılıb xətlərdən – onları göz yaşınla islatdınmı, istifadəyə hazırdı, oxumaq olar. Çünki Qulu bütün hisslərini qurutmamış yazıya tökmür...

Yadımdadı, şaxtalı bir qış günü, mığmığaların ifasından doymaq, özümü Qulunun yerinə qoymaq istədim. Üşüyürdüm, “özümü yandırdım.” Yuxum gəlmirdi, “Yuxu dərmanı” atdım. Ancaq yata bilmədim...

 Mən də qorxaq insanam, ona görə qorxaqların halına sevindim, daha qorxmadım – heç nədən, heç kimdən. Gördüm ki, dünyaya qalib gəlmək arzuma qalib gəlmişəm, ona görə qorxaqlıq adını almışam üstümə. Qalib olduğumu biləndə özümü fateh kimi hiss etdim, İskəndərdən bu yana nə qədər əzazil, Allahın bəlası, qamçısı, bıçağı var, yadıma düşdü... Fateh olduğumu hiss edən kimi, dünyanı almağım gəldi – “dünya Allahın dəyirmi masasıdı”, dünya ərkəsöyündü, şairə asidi, başa düşdüm ki, Dünyanı mənə verməzlər...

 Süleymana qalmayan dünya...

Peyğəmbərə verilməyən dünyanı kimdi şairə ya da yazıçıya verən? Dünyanı heç vaxt Şairə verməyiblər. Şairi də heç vaxt Dünyaya verməyiblər. Onlar həmişə bir-birinə həsrətlə baxıblar: Qulu Allahın masasına, Allahın nemətləri Quluya, ancaq Qulu özünün dediyi kimi, Allahın payı çoxdu, nə götürsən qazancdı deyib götürüb, özü götürüb... Bax, burdan anladım: Qulunun bacarığı eynəyindədi – qələmini əlindən alsan, faydası yoxdu, gərək eynəyini alasan. Çünki Qulunun şeirlərində qələmdən, mürəkkəbdən, hətta sözdən daha çox “göz” var, Qulu “görən” şairdi... Heç vaxt gördüyünü tam olaraq deməz Qulu, üç hissəyə bölər, yarısını şeir kimi yazar, yarısını esse, üçüncüsünü də bir özü bilər, bir də Allahı... Qulu o üçüncü hissəni Allaha bağışlayır, onu bir az da yuxarı qaldırmağa çalışır, deyir, bəlkə bir az da göyə qalxsa, göründü...

 O qədər Qu-Qu dedim, Simurq məni Məlikməmməd sandı, Yağış yağmağa başladı... İndi də Ağ-Ağ deyim, görüm nə yağacaq şəhərə, aprel ayında könlümə qar düşüb...

 Hə, Ağsəs, “qoşulub bu dünyanın quşuna, keçdi üstündən bir vaxt qatarı”: quşlar qaqqıldadıqca, saatlar tıqqıldadı, səsini başına, özünü şeirinə yazdı, getdi. Bilirsən də yəqin, quşların onlara qoşulan şeirlərdən xəbəri yoxdu, heç vaxt da olmayacaq. Durnalar Azərbaycan ədəbiyyatında onlara yazılan və qoşulan neçə şeir olduğunu bilmirlər, sərçələr də bilmirlər, qaranquşlar da, bayquşlar da: məncə bu da bir yazılmamış mövzudu, kədərli bir şair lazımdı bunu ağlasın... Amma sən ağlama, sənin göz yaşların o torpaqlarda qalıb, bilirəm, onları sənə bir gün qaytaracaqlar, bax onda baxacam ağlamağına. Ancaq sən onda da “burnunun suyunu gözündən axıtma”, sənin gözlərindən onda İsa axacaq, İsa bulağı...

Onsuz da gözümüzdən düşənlər ayağımızı sındırıb, gözümüzdə ağır çəkili zindan daşları var, sən bunu görə bildiyinə görə “göz”lü şairsən, sənin gözünün itiliyinə qartallar da həsəd aparır, şahinlər də...

Bilirəm, dəqiq bilirəm, bir gün, bir gözəl gün, bir qatar vaxt da ötəcək başının üstündən, bir də ayılacaqsan oturmusan bir düzdə, bir siqaret odlayıb, dərələrdə, dağlarda, yenicə salınan yaşayış yerlərində, qədim kəndlərin soyumuş məhəllələrində yenicə tüstülənən ocaqlara baxırsan, gözlərindən İsa bulağı süzülür və sən bir halovar çağırırsan, yamaclar dəli olub üstünə-üstünə gəlir... Onda məni xatırlayarsan, zəng edərsən mənə, ad gününü təbrik edəcəm...

 

 

Zərdüşt ŞƏFİ

 

525-ci qəzet.- 2011.- 16 aprel.- S.16.