Mirzə və Əmirzadə
Tanınmış
tarixçi-alim Cəmil Həsənlinin “Azərbaycanda milli
dil uğrunda mübarizə” kitabını oxuyandan sonra XX əsrin
50-ci illərinin ortalarında ideologiya və mənəviyyat cəbhəsində
baş verən olayların əsas qəhrəmanlarından
biri-böyük yazıçı, ictimai-siyasi xadim və
ziyalı Mirzə İbrahimov gözümdə daha da yüksəldi.
Təbii ki, Mirzə
müəllimin dilimizin dövlət dili statusu qazanması
uğurundakı mübarizəsindən ümumi şəkildə
xəbərim vardı. Onun 1957-ci ildə çapdan
çıxan və poststalin dönəmindəki ictimai-siyasi
mühitin „mülayimləşməsinin” milli ucqarlar şəraitində
ilk təzahürlərindən biri sayılan „Azərbaycan
dili” kitabını birnəfəsə oxumuşdum. Lakin
doğrusunu deyim ki, ümumi təəssüratları və vətənpərvərlik
hisslərini bir tərəfə qoysam məsələnin dərin
qatlarına və bu konkret sahədə “Mirzə İbrahimov”
fenomeninin mühümlüyünə yetərincə bələd
deyildim.
Dünyanın qəribə
gərdişi sayəsində Nizami adına Ədəbiyyat
İnstitutunda birgə çalışdığımız
zamana qədər Mirzə müəllimi daha çox
kitablarından, mətbuatdan, həqiqətən də
hüdudsuz təsir bağışlayan çoxşaxəli fəaliyyətindən
tanımışdım.
İlk, lakin qiyabi tanışlıq
məktəb illərindən başlanmışdı. Həm
də təkcə Mirzə İbrahimovla yox. İndi bəzən
bəyənilməyən, əslində isə həqiqi sənət
baxımından bir sıra nailiyyətləri danılmaz olan
Azərbaycan sovet ədəbiyyatının əksər
nümunələrini o zaman oxumuşdum. Oxumuşdum və ədəbiyyatımızın
səmimiliyinə, humanizminə, həqiqətpərəstliyinə
inanmışdım. Bəlkə də o təəssüratı
pozmamaq, o əsərlər haqqında yaranmış ilkin və
xoş təəssüratı dəyişməmək
üçün Azərbaycan sovet klassikasının bir
çox nümunələrini sonradan, dünya ədəbiyyatı
kontekstində, yeni tələb və prinsiplərlə
gözdən keçirməyə çox da can
atmamışam. Amma etiraf etməliyəm ki, „Gələcək
gün” romanı yaddaşımda orta məktəb illərində
oxuduğum və təsirinə düşdüyüm ən
güclü əsərlərdən biri kimi
qalmışdı.
1971-ci ildə,
universitetin filologiya fakültəsinin birinci kursunda oxuyarkən
Mirzə müəllimi ilk dəfə üzbəsurət
gördüm. Anadan olmasının 60 illiyi münasibəti ilə
səhv etmirəmsə Akademik Dram Teatrda onunla görüş
keçirilirdi. O zaman biz-gələcəyin filoloqları belə
tədbirlərin heç birini buraxmırdıq.
Üstündən
onilliklər keçən həmin görüşün əksər
təfərrüatları yadımda deyil. Kimlərin
çıxış etdiyini, Mirzə müəllim
haqqında nə dediklərini xatırlaya bilmirəm. Bəlkə
də, 1971-ci ilin mətbuatını vərəqləsəm,
müəyyən məlumat tapmaq olar. Ancaq ən önəmlisi
yubilyarın çıxışı idi. Onun
danışdıqlarını isə indi də yaxşı
xatırlayıram.
Çünki həmin
çıxış az qalmışdı ki,
çağdaş Azərbaycan nəsrinin ən cazibədar və
koloritli simalarından saydığım Mirzə İbrahimov
haqqındakı təsəvvürlərimi yerli-köklü dəyişdirsin.
Yazıçının dilindən eşitdiyim öz həyatı
ilə bağlı bir hadisə, türklər demiş, belə
xəyal qırıqlığı üçün zəmin
yaratmışdı. Əvvəla onu deyim ki, 60 yaşlı Mirzə
İbrahimov çox mötəbər görkəmli, xoş
simalı, yaraşıqlı kişi idi. Səliqə və
zövqlə geyinmişdi. Danışığından, hərəkətlərindən
özünə, öz gücünə, nüfuz və
etimadına əminliyi dərhal hiss olunurdu. Qulağa yatan
yumşaq səslə danışsa da, sözlərindəki qətiyyəti
sezməmək mümkün deyildi. Əslində buna mənəvi
haqqı vardı. 60 illik ömrünün qırx ilini daim
üzdə olmuşdu. Həqiqətən
bir insan həyatı üçün böyük sayılacaq
işlər görmüş, adını tarixə həkk
etmişdi. 34 yaşında Azərbaycan Elmlər
Akademiyasının on beş nəfərdən ibarət ilk həqiqi
üzvləri sırasında yer almışdı. Stalin
mükafatına layiq görülmüşdü. Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin sədri-ölkənin
formal prezidenti vəzifəsini daşımışdı. Gənc
deyiləcək yaşda Azərbaycan hökumətinin naziri
olmuşdu. Uzun illər Azərbaycan Yazıçılar
İttifaqına rəhbərlik etmişdi. Humanitar
intellektual fəaliyyətin, bədii
yaradıcılığın bütün sahələrində
Azərbaycanda və keçmiş Sovet İttifaqında, eləcə
də ölkə hüdudlarından kənarda yaxşı
tanınmış, yetərincə nüfuz
qazanmışdı. Mənsəb sahibi və kommunist olsa da,
xalqa bağlılığını heç zaman itirməmişdi.
Xruşşov volyuntarizminin başlanğıc mərhələsində
ana dilimizin dövlət dili kimi tanınması uğrunda
çətin, qeyri-bərabər mübarizənin
önündə getməkdən çəkinməmişdi.
Yaradıcılığı ilə millətə, milli qayə
və amallara xidmət etməyə
çalışmış, həlledici məqamda
sözünü deməyi susmaqdan üstün tutmuşdu. Yalnız vəzifə kürsülərində
oturduğuna, necə deyərlər, əli böyüklər
ətəyində olduğuna görə deyil, milli təəssübkeşliyinə
və mübariz xüsusiyyətlərinə, təmizliyinə,
nəcibliyinə, ədalət hissini itirmədiyinə görə
insanların ürəyinə yol tapa bilmişdi. Təbii ki, özü də bunun fərqində idi.
Şöhrətdən xumarlanmasa da, sadə adamlar
arasındakı nüfuzundan xəbərdar olduğu,
yaşadığı ömürdən məmnunluğu nəzərə
çarpırdı. Həmin axşam Mirzə müəllimin
danışdığı bir əhvalat yadıma görkəmli
nasirimiz Tağı Şahbazinin “Qayçı” hekayəsini
saldı. Hekayənin həyatiliyinə və həqiqiliyinə
bir daha inandım. Sən demə oxşar hadisə Zabrat qəsəbəsinin
imkanlı sakinlərindən birinin evində xidmətçilik
edən 9 yaşlı Mirzənin də başına gəlibmiş.
Doğrudur, onu yanar təndirə atmamışdılar. Sadəcə,
baxdığı qazlar qır gölünə
düşüb tükləri yararsız hala gəldiyindən
sahibsiz uşağı əvvəl yaxşıca
döymüşdülər. Sonra da nimdaş
yorğan-döşəyini qoltuğuna verib qışın
soyuğunda küçəyə atmışdılar.
Təndirdə yanmaqla
soyuqda donmağın arasında nəticə etibarı ilə
əslində böyük fərq yoxdur. Sığınmağa
allahdan başqa kimsəsi olmayan tənha və arxasız bir
körpə üçün qışın günü evdən
qovulmaq da ölümə bərabər idi. Amma kiçik Mirzə
ölməmişdi. Yeni qurulan Sovet hökuməti ona sahib
çıxmışdı. Uşaq evində
yaşamış, fabrik-zavod məktəbində oxumuşdu.
23 yaşında ilk rəhbər vəzifəyə göndərilmişdi.
Ağıllı, ehtiyatlı və bacarıqlı
olduğundan həyatının sonuna kimi estafeti əldən
verməmişdi. Daim üzdə qalmağı
bacarmışdı. İndiki gənclərin ali təhsili
başa vurduğu dövrdə – 24 yaşında tamaşaya
qoyulan ilk pyesi “Həyat” böyük əks-səda
doğurmuşdu. Əslində onun üçün
böyük həyata vəsiqəyə çevrilmiş,
müəllifinin qarşısında çox qapıları
taybatay açmışdı. İnkişaf
üçün geniş imkanlar açıldığı hərəkətli
1930-cu illərdə dərhal diqqəti çəkə
bilmişdi. Leninqradda aspirantura bitirib dövrünə görə
sanballı elmi iş müdafiə etmişdi. Həmyaşıdlarının
hələ əməlli-başlı müəllim stajı
qazana bilmədikləri yaşda maarif naziri olmuşdu. Bir
sözlə, qısa müddətdə ölkənin həm
siyasi, həm də ədəbi-mədəni elitasında
özünə etibarlı mövqe qazanmışdı. Və
bunların hamısına öz ağlı, biliyi, zəhməti
sayəsində nail olmuşdu. Bura qədərki Mirzə
müəllimə, təbii ki, böyük rəğbətim
vardı. Həyatın çıxdaş etmək istədiyi
tənha və arxasız gəncin birdən-birə bu qədər
uğur qazanmasına sevinməmək olmurdu. Onun
timsalında “heppi end”in – xoşbəxt sonluğun təkcə
nağıllarda yox, həyatda da mövcudluğu,
mümkünlüyü bir daha aşkara
çıxmışdı. Hadisələrin sonrakı
gedişi isə mənim yeniyetməlik təsəvvürlərimə
görə Mirzə müəllimin mötəbər
görünüşü, sanbalı və siqləti ilə
bir araya sığmırdı. Deməli, məsələ belə
olmuşdu. Maarif naziri kimi kabinetində
çalışdığı günlərin birində rus
katibəsi içəri girib “Mirzə Əjdəroviç,
ananızla bacınız gəlib, qəbul otağında
gözləyirlər” – demişdi. Mirzə müəllim, təbii
ki, diksinmişdi. Çünki anasını çox erkən
yaşda itirmişdi. Bacısı isə yerli-dibli
olmamışdı. Odur ki, arada bir anlaşılmazlıq
olduğunu demişdi. Məsələyə aydınlıq gətirmək
üçün katibəni geri qaytarmışdı. Bir
neçə dəqiqədən sonra təkrar geri dönən
xanım “ana” ilə “bacının” Zabrat qəsəbəsindən
gəldiklərini əlavə etmişdi. Məsələnin
nə yerdə olduğunu anlayan Mirzə müəllim
“qohumlarını” içəri
çağırmışdı. Soyuq qış
axşamı qıra batmış qazlara görə onu yun
çubuğunun altına salan, sonra da küçəyə
atan qadın girdiyi kabinetin mötəbərliyini, kabinet
sahibinin sanbalını görəndə əvvəlcə bir
anlığa çaşmışdı. Sonra
özünü ələ alıb Mirzə müəllimin
boynuna sarılmışdı. Yanındakı gənc
qızı göstərərək qətiyyən utanıb
sıxılmadan “Bacındır, – demişdi. –Gətirdim ki,
qardaşını tanısın, kim olduğunu bilsin”.
Doğrudur, bir azdan məlum olmuşdu ki, “ana” ilə universitet
bitirmiş “bacı” sadəcə görüşməyə gəlməyiblər.
Hansısa bir xahişləri
var. Hətta söhbətin bu yerinə qədər də mən
qəlbən Mirzə müəllimlə idim. Xeyli müddətdən
sonra baş tutan və qəddar “ananın” minnətçi
qiyafəsində meydana çıxdığı
görüşü onun təntənəsi sayırdım. Birdən
öz dilindən eşidəndə ki, üzünə üz
tutub yanına gəlmiş yaşlı qadına “Qışın
günü məni döyüb evdən qovanda oğlun
deyildim, indi oğlun olmuşam?”- tipli sözlər deyib, nədənsə
özümü birtəhər hiss etdim. Yəqin ki, bu bir tərəfdən
gəncliyə xas romantizmin, o biri tərəfdən də həyatda
çox şeyi hələ çəhrayı rəngdə
görməyimin nəticəsi idi. Məhz həmin hisslərin
təsiri altında bu məqamda Mirzə müəllimdən
yamanlığa yaxşılıq gözləyirdim. Pislikləri
unutmasını, bəlkə də məcburiyyət
üzündən yanına gəlmiş qadınla yumşaq
davranmasını istəyirdim. Yəqin Mirzə müəllim
istəsəydi ortalıqda şahidi olmayan bu hadisənin sonunu
özü bildiyi şəkildə təsvir edərdi. Lakin,
görünür, yaradıcılığında olduğu
kimi davranışında da gerçəkliyə sədaqətdən
uzaqlaşmağı məqbul saymamışdı. Bir müddət
sonra həyatın bir rəngdən ibarət
olmadığını başa düşdüm. Yalnız
yaxşılıqları deyil, pislikləri də heç vaxt
unutmamağın zəruriliyini anladım. Həqiqəti deməyib
özün əzab çəkməkdənsə, içini
yeməkdənsə qadınlığına-kişiliyinə
baxmadan pis adamı məqamında yerində oturtmağın
daha doğru, həm də fərdlərin və cəmiyyətin
mənafeyi baxımından daha faydalı olduğunun fərqinə
vardım. Amma onu da əlavə edim ki, Mirzə müəllim
“anasına” neçə illərdən bəri ürəyində
qövr eləyən sözləri desə də,
“bacısının” məsələsinə laqeyd
qalmamış, ona əlindən gələn köməyi
göstərmişdi. Mirzə İbrahimovla bağlı gənclik
təcrübəsizliyinin və romantik duyğuların
yaratdığı xəyal qırıqlığı isə
çox tezliklə unuduldu.
Yanlış təsəvvürlərin
dağılmasında Mirzə müəllimin həm əsərlərinin,
həm də şəxsiyyətinin böyük rolu oldu. Həm
də etiraf edim ki, müasir Azərbaycan ədəbiyyatının
bu görkəmli nümayəndəsini bir insan və vətəndaş
kimi yaxından tanımağımda və dərin hörmət
bəsləməyimdə Mirzə İbrahimovun
publisistikası onun dramaturgiya və nəsr əsərlərindən
heç az önəmli olmamışdı.
Bizim tələbəlik
dövrümüzdə Yasamaldakı 5 saylı çörək
zavodunun yaxınlığında universitet kitabxanasının
filialı yerləşirdi. Ora bəzən Şərq
kitabları fondu da deyirdilər. Həmin fondda biz tələbələr
üçün əlçatmaz olan çoxsaylı nəşrlərlə
bir sırada 1945-1946-cı illərdə Cənubi Azərbaycanda
çıxan qəzetlərin, “Vətən uğrunda”
jurnalının komplektləri də saxlanırdı. Mirzə
müəllimin həmin dərgilərdə çap olunan və
yaxın tarixi keçmişin təəssüratlarını
özündə əks etdirən İran mövzusundakı
yazılarının yanğısı, az qala fiziki şəkildə
hiss olunan iztirab və ağrısı indi də
yaddaşımdan silinmir.
Bu yazıların müəllifin
10 cildlik külliyyatına düşüb-düşmədiyini
bilmirəm. Eyni zamanda Azərbaycanın cənubunda
soydaşlarımızın məruz qaldıqları həqarətləri,
onların milli duyğularının, dil, adət-ənənə
və mənliklərinin fars şovinistləri tərəfindən
alçaldılmasını bu dərəcədə təsirli
və yanıqlı şəkildə anladan başqa ədəbi-publisist
nümunələri də təsəvvürümə gətirmirəm.
Cənubda keçirdiyi qısamüddətli, lakin gərgin və
maraqlı dövr həm yazıçı, həm də
ictimai-siyasi xadim kimi Mirzə İbrahimovun bütün gələcək
həyatına öz silinməz möhürünü
vurmuşdu. Bu aylar “Gələcək gün”ü və
İran publisistikasını ərsəyə gətirmişdi.
Bu aylar milli dil uğrunda Azərbaycanın cənubunda uduzulan
mübarizənin şimalda qələbəyə qədər
davam etdirilməsi məsələsində ona stimul
vermişdi. Bu aylar yaradıcılıq həyatının son
diqqətəlayiq nümunələri olan “Cənubi Azərbaycan
ədəbiyyatı antologiyası”nın və “Cənubi Azərbaycan
ədəbiyyatı tarixi”nin meydana çıxmasında həlledici
rol oynamışdı. Mirzə İbrahimov XX əsr Azərbaycan
ədəbiyyatı tarixinə nasir, dramaturq, tərcüməçi,
tənqidçi-ədəbiyyatşünas, publisist kimi daxil
olmuşdur. Bu sahələrin hər birində dövrün və
janrın yüksək tələblərinə cavab verən əsərlər
yaratmışdı. Yarandığı zaman kontekstində
janrından asılı olmayaraq onun hər əsəri
özünün yenilikçi ruhu, problemlərin qoyuluşunda
və həllindəki cəsarətli müəllif
mövqeyi, xalqın tarixi taleyi ilə sıx
bağlılığı ilə seçilirdi.
“Böyük terrorun” tüğyan
etdiyi dövrdə meydana çıxan “Böyük demokrat”
kitabı Cəlil Məmmədquluzadə şəxsiyyətini
və irsini zərərli təftişlərdən qorumaq
baxımından bir sipər rolunu oynamışdı. “İnqilab
beşiyində” – Leninqradda namizədlik dissertasiyası kimi
müdafiə olunan bu əsər stalinizm ideologiyası şəraitində
bütövlükdə “Molla Nəsrəddin” ədəbi məktəbi
üçün indulgensiya sənədinə
çevrilmişdi. Bir sıra dünya dillərinə tərcümə
edilən “Gələcək gün” romanı müxtəlif
ölkələrdə yüz minlərlə insanın fars
şovinizminin Azərbaycan türklərinə qarşı dəhşətli
cinayətləri barədə məlumat əldə etməsində
mühüm mənbəyə çevrilmişdi. “Közərən
ocaqlar” dramında ilk dəfə bütün tərəddüd
və faciələri ilə Nəriman Nərimanovun –
özünün və millətinin məhdud imkanları ilə
böyük güclərə qarşı mübarizə
aparan ziyalının, dövlət adamının yeni, fərqli
baxışdan portreti yaradılmışdı. Son
böyük əsərində – təəssüf ki, başa
çatdıra bilmədiyi “Pərvanə” romanında müəllif
yenidən Nərimanov fenomeninə qayıtmış, yeni
ictimai münasibətlər sisteminə daxil olmuş XIX əsr
Azərbaycanının canlı, monumental mənzərəsini
yaratmışdı. Orta əsrlərin böyük Azərbaycan
şairi Nəsiminin 600 illik yubileyi ərəfəsində onu
türkmən ədəbiyyatının klassiki elan etməyə
çalışan türkmən qardaşlarımızın
qarşısına da akademik Mirzə İbrahimov
çıxmışdı. 1973-cü ildə Moskvada (!) bu məsələ
ətrafında keçirilən müzakirələrdə
böyük fəhm və hazırcavablıqla
qonşularımızın haqlı olmadıqlarını,
eyni zamanda azərbaycanlı Nəsiminin bütün
türk-islam və dünya mədəniyyətinə məxsusluğunu
sübuta yetirmişdi. Bir sözlə, rəhbər
simaların, ideoloji xətlərin dəyişdiyi onilliklər
boyu Mirzə İbrahimov fəxri adlarının və
reqaliyalarının tələblərindən daha çox qəlbinin
səsinə qulaq asmışdı. Özünüqoruma
instinktini heç zaman yaddan çıxarmasa da, xalqı və
dili, tarixi və mədəniyyəti uğrunda mübarizədən
çəkinməmişdi.
Yaradıcılıq dairələri
ilə daha geniş təmas imkanlarının
yarandığı 1980-ci ildən sonra müxtəlif ədəbi-ictimai
tədbirlərdə Mirzə müəllimi sıx-sıx
görürdüm. Ara-sıra əvvəlcə aspirantı,
sonra isə elmi işçisi olduğum Ədəbiyyat
İnstitutuna gəlir, Elmi Şuranın, yaxud Müdafiə
Şurasının iclaslarında iştirak edirdi. Kəskin
mübahisələrin, fikir toqquşmalarının
yarandığı məqamlarda onun əsaslı,
ölçülüb-biçilmiş
çıxışları, yaxud sərrast replikaları
münaqişənin qarşısını alırdı. 1981-ci
ildə, Azərbaycan Yazıçılarının VIII
qurultayında respublika rəhbəri Heydər Əliyevin bir
sıra tanınmış yazıçılara, o cümlədən
də Mirzə İbrahimova bildirdiyi haqlı, tutarlı iradlar
da aradan otuz ilə yaxın vaxt keçməsinə baxmayaraq
indiki kimi yadımdadır.
Yadımdadır ki, mərhum
Heydər Əliyevin çıxışı dövrün
sovet reallıqları baxımından kifayət qədər kəskin
və cəsarətli idi. O, Füzulinin Kərbəladakı
türbəsinin uçurulmasından sadəcə öz
qurultayları çərçivəsində şikayətlənməklə
işlərini bitmiş sayan ünlü Azərbaycan
yazıçılarına (Mirzə İbrahimov o zaman Asiya və
Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin
sədri idi. Mərkəzi ofisi Moskvada yerləşən bu
beynəlxalq təşkilata Azərbaycan nümayəndəsinin
rəhbərlik etməsi ilk növbədə Heydər Əliyevin
keçmiş SSRİ rəhbərliyindəki nüfuzu sayəsində
mümkün olmuşdu) daha fəal və cəsarətli
olmağı tövsiyə edirdi. Onlara beynəlxalq təşkilatları,
dünya ictimaiyyətini ayağa qaldırmağı məsləhət
görürdü. Moskvadakı İraq səfirliyinə,
Bakıdakı İraq konsulluğuna gedib ölkə
diplomatları qarşısında mədəni vandalizmə
son qoymaq tələbi ilə çıxış etmələrini
istəyirdi. Başqa bir detal da çox diqqət çəkici
idi: Heydər Əliyev Moskva təmsilçilərinin
də iştirak etdikləri bu qurultayda Azərbaycan
ziyalılarından Livandakı qarışıqlıqlar
zamanı öz soydaşlarına sahib çıxan erməni
həmkarlarından nümunə götürməyi tələb
edirdi. Əslində bu bir xəbərdarlıq idi. Çox mətləblərdən
agah olan, amma sovet reallığı şəraitində
hər şey barəsində açıq danışa bilməyən
ölkə başçısı həmvətənlərini,
ilk növbədə isə ictimai fikrə istiqamət verən
yaradıcı ziyalıları ayıq-sayıq olmağa, milləti
səfərbər etməyə çağırırdı.
Aradan altı il keçəndən sonra –Dağlıq
Qarabağa əsassız erməni iddiaları ilə
bağlı ilk tələblər səslənəndə biz
bu uzaqgörən xəbərdarlığın arxasında nələrin
dayandığını anladıq. Yaşının
ötgün çağına, tez-tez xəstəliklərlə
üzləşməsinə baxmayaraq Mirzə müəllim
Dağlıq Qarabağ münaqişəsinin, ermənilərin
Azərbaycana əsassız ərazi iddialarının gündəmə
gəldiyi həmin dövrdə də mübarizədən kənarda
qalmadı. Keçmiş SSRİ Ali Sovetinin deputatı,
Ümumittifaq miqyasında tanınan
yaradıcı şəxsiyyət və ictimai xadim kimi əlindən
gələni etdi. 1989-cu ilin iyun ayında Azərbaycan və
Ermənistan ziyalılarının xalqımızın fəlakətlərində
çox böyük və mənhus payı olan
M.S.Qorbaçovla görüşündə Mirzə müəllimin
iştirakı və çıxışı
isə, fikrimcə, onun son döyüşü, bəlkə də
yetmiş illik sovet keçmişindən əbədi
ayrılışı idi. Ən diqqət çəkici məqam
isə rus dilini iyirmi yaşından sonra öyrənən Mirzə
İbrahimovun məntiqi düşüncə və
faktların gücü ilə bəlağətli demoqoqiya
ustası kimi tanınan, dildən pərgar olan
Qorbaçovu susdura bilməsi idi.
Həmin o həyəcanlı və
səksəkəli 1989-cu ildə artıq yaşı səksənə
yaxınlaşmaqda olan Mirzə İbrahimov həyatının
son, bəlkə də ürəyinə daha çox yatan gərəkli
və sevimli vəzifəsində işləyirdi. Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri idi. Şöbənin
yaradılmasının, eləcə də
Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı
üzrə katib vəzifəsinin təsis edilməsinin təşəbbüskarı
da özü olmuşdu. Nisbətən gec
formalaşdığından bu şöbə İnstitutun digər
strukturları kimi beşinci mərtəbədə deyil,
Poliqrafiya-Nəşriyyat idarəsi üçün
ayrılmış dördüncü mərtəbədə
yerləşirdi. Şöbənin cəmisi bir otağı
vardı və otuz yaşından bəri
böyük-böyük kabinetlərin sahibi olmuş Mirzə
müəllim işçiləri ilə birlikdə həmin
otaqda otururdu. Bir gün şöbənin işçisi Elmira
xanım (indi Milli Məclisin deputatı, tanınmış
yazıçı-publisist Elmira Axundova) zəng vurub Mirzə
müəllimin mənimlə danışmaq istədiyini dedi. Həmin
dövrdə İnstitutun elmi işlər üzrə direktor
müavini idim. Bir dəqiqə sonra telefonda Mirzə müəllimin
yumşaq, amma inamlı səsi eşidildi. Salam və əhvalpürsanlıqdan
sonra üzərində işlədikləri Cənubi Azərbaycan
ədəbiyyatı antologiyasının növbəti cildi ilə
bağlı bəzi məsələlərə
aydınlıq gətirmək üçün
görüşümüzə ehtiyac yarandığını
dedi və nə zaman boş olacağımı soruşdu.
– Mirzə müəllim,
siz niyə əziyyət çəkirsiniz? – deyə həqiqətən
də heyrətləndim. – Beş dəqiqədən sonra
aşağıya, otağınıza gələrəm. Lakin
həmsöhbətim sanki bu sözləri eşitmirmiş
kimi:
– Yaxşı, onda
danışdığımız kimi sabah saat 12-də
görüşürük. – dedi. Mirzə müəllimin
etiraz qəbul etməyən tonundan başa düşdüm
ki, ədəbiyyatımızın canlı korifeyinə,
ağsaqqal akademikə ehtiramımı göstərmək
üçün indi yanına getməyim yersiz
çıxacaq. Sabah düz deyilən vaxtda Mirzə müəllim
otağıma gəldi. Cild üzərindəki işlə
bağlı yaranmış suallar ətrfında geniş
müzakirə apardıq. İş məsələsi başa
çatandan sonra dünənki söhbətimizin üzərinə
qayıdıb dedi:
–Bilirəm ki, xətrimi
istəyirsən. Ümumən, İnstitutdakı cavanlardan
razıyam. Mərifətli, bilikli uşaqlardır.
Ağsaqqalların hörmətini saxlayırlar. Sənin
özünə gələndə isə gərək burada rəhbər
vəzifə tutduğunu heç vaxt yaddan
çıxarmayasan. Onu da bil ki, vəzifənin
böyüyü, kiçiyi olmur. Bütün bunları
görə-görə gəlmişəm. Dünən
telefonla danışandan sonra aşağı, bizim otağa
düşsəydin, bunu heç kim başqa cür
yozmayacaqdı. Amma mən razı ola bilməzdim.
Çünki həmişə subordinasiyanı gözləmək
lazımdır. Rəhbərin rəhbər yeri
olmalıdır. Ruslarda bir “panibratstvo” sözü var. Yəqin
mənasını bilirsən. Ciddi iş görülən
yerdə gərək panibratstvo olmasın. Yoxsa ara
qarışıb məzhəb itər. Sənə də məsləhətim
budur ki, İnstitut daxilində tay-tuşlarınla həmişə
rəsmi münasibət saxla. İşdən sonra hara gedərsiniz
– ayrı məsələdir. Burada isə hamı sənin
İnstitutda ikinci adam olduğunu bilməli, qəbul etməlidir.
O zaman vəzifə baxımından ən yaxşı halda
özümü inzibatçılıq və rəsmiyyətçiliyin
o qədər də mühüm rol oynamadığı
institut direktoru postunda təsəvvür edə bilərdim. Sonralar taleyin qəribə gərdişi ilə
müstəqil dövlətimizin mühüm nazirliklərin
birinin başçısı vəzifəsini tutanda, üstəlik
də mərhum Heydər Əliyev kimi böyük şəxsiyyətin
və dövlət adamının rəhbərliyi altında
işləyəndə Mirzə müəllimin ilk
baxışdan adi görünən bu məsləhətini
dönə-dönə xatırlayırdım...
Mirzə müəllimin
həyatının böyük bir hissəsi Azərbaycan
Yazıçılar İttifaqı ilə bağlı
olmuşdu. 1934-cü ildə bu yaradıcılıq təşkilatının
əsası qoyulandan həyatının son günlərinə
qədər həm Bakı, həm də Ümumittifaq səviyyəsində
onun fəaliyyətində yaxından iştirak etmişdi. Təbii
ki, İttifaqın yaşlı və orta nəsildən olan
üzvlərinin hər birinin Mirzə müəllimlə
bağlı bir xatirəsi olmamış deyil. Şahidi
olmamışam. Danışırlar ki, Yazıçılar
İttifaqına rəhbərlik etdiyi dövrdə İdarə
Heyəti iclaslarının birində bəzi
yazıçılar təşkilatın rəhbəri Mirzə
İbrahimovu kəskin tənqid edirmişlər. Rəyasət
heyətində oturan Mirzə müəllim
çıxışlara diqqətlə qulaq asır,
qarşısındakı dəftərçəyə qeydlər
edir, arabir də ağzına nə isə atırmış. Bayaqdan
oturduğu yerdən buna göz qoyan xalq
yazıçısı Bayram Bayramov söz alıb tribunaya
qalxır. Üzünü həmkarlarına tutaraq deyir.
–Yoldaşlar, gərək bir-birimizə qarşı belə
amansız olmayaq. Bu kürsüyə çıxanlar yeri gəldi,
gəlmədi Mirzə müəllimi tənqid edir. Amma
heç kim onun nə vəziyyətə
düşdüyünü nəzərə almır. Belə
olmaz! Bayaqdan bəri fikir verirəm. Siz
danışırsınız, Mirzə müəllim də
dalbadal dilinin altına validol qoyur...
Mirzə müəllim gülümsəyib
qələm yoldaşının sözünü kəsir,
ovucunu açıb “validolu” hamıya göstərir. –Narahat
olma, Bayram, hərdən ağzıma kişmiş atıram. Nədən
bu epizodu xatırladım? Bu əhvalat hətta pritça da
olsa, Mirzə İbrahimovun xarakterindəki nikbinliyi, mübarizə
əhvali-ruhiyyəsini, çətinliklər
qarşısında qorxub-çəkilməmək əzmini dəqiq
əks etdirir. Və bir də kiçik təsadüflərdən
tutmuş ciddi məsələlərə qədər hər
yerdə acının gözünə bir az şirinlik qatmaq məharətindən
xəbər verir. Əks təqdirdə həyat eşqini və
insanlara inamı itirmədən uzun ömrü sona qədər
sıxılmadan, əyilmədən yaşamaq mümkün
olmazdı.
Mirzə müəllim
qarışıq zamanda (Qacar səltənətinin qürub
çağında) Azərbaycanın cənubunda – Sərab
şəhəri yaxınlığındakı kiçik bir
kənddə dünyaya gəldi. Eynən qarışıq bir
dövrdə də (SSRİ-nin süqutu və müstəqilliyimizin
əzablı doğuluşu zamanı) Azərbaycanın
şimalında – Bakıda həyata gözlərini yumdu. Lakin bu
iki səksəkəli, qarışıq çağ
arasında aydın məqsədi, düz məramı ilə
seçilən, amalı xalqa və mədəniyyətə
xidmət olan uzun, faydalı və məhsuldar bir
yaradıcı insan ömrü yaşadı. Dilimizin və mənəviyyatımızın
keşiyində dayandı. Siyasi cəhətdən olmasa da (hərçənd
bu istiqamətdə də az zəhmət sərf etməmişdi)
mənəvi cəhətdən Azərbaycanın cənubu ilə
şimalını biri-birinə yaxınlaşdırmağa,
millətimizin fikir və niyyət birliyini qorumağa, möhkəmləndirməyə
çalışdı. Valideynləri yəqin ki, gələcəkdə
onun savadlı, bilikli olmasını arzulayıb adını
Mirzə qoymuşdular. Bilindiyi kimi, ərəb mənşəli
“mirzə” sözü fars dilində iki məna
daşıyır. O, adın əvvəlində gələndə
(Mirzə Fətəli, Mirzə Cəlil) “bilikli, savadlı
adam”, adın sonunda işlənəndə isə (Bəhmən
Mirzə, Xosrov Mirzə) əsil-nəcabətli, əmirdən
doğulan-əmirzadə mənasını verir. Mirzə
müəllimin böyüklüyü və xoşbəxtliyi
adının hər iki mənasını şəxsiyyətində,
yaradıcılığında, həyat yolunda birləşdirə
və doğrulda bilməsində idi. Hadisələrlə zəngin
həyatı boyu o, öz xalqının həm söz deyəni
– mirzəsi, həm də ən müxtəlif səviyyələrdə
ləyaqətli təmsilçisi – seçkin şəxsiyyəti,
əmirzadəsi olmağı bacarmışdı.
Vilayət QULİYEV
525-ci qəzet.- 2011.- 16 aprel.- S.14-15.