Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqilə bağlı mühüm işlər həyata keçirilib

 

2010-2011-ci tədris ilindən başlayaraq, ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunur. Büdcə vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər. Ali təhsil müəssisələrində dövlət sifarişi əsasında adambaşına maliyyələşmə mexanizminin tətbiq edilməsinin əsas məqsədlərindən biri ondan ibarətdir ki, bu qayda üzrə təhsil almaq hüququnun ən bilikli abituriyentlərin qazanması təmin edilsin.

Təhsil naziri Misir Mərdanov deyir ki, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə müzakirələr aparılıb, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı normativ sənədlər hazırlanıb. Nazirin sözlərinə görə, artıq, bu sahədə mühüm işlər həyata keçirilib. Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarı qəbul olunub, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilib. “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalar”ı təsdiq edilib, 2010-2011-ci tədris ilindən başlayaraq dövlət və özəl ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilib, 51 ali təhsil müəssisəsindən 35-i dövlət sifarişinin yerinə yetirilməsində iştirak edib, 16-sı isə iştirak etməyib. Ali təhsilin bakalavriat səviyyəsində dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul planı 10529 nəfər olduğu halda, dövlət sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul 9788 nəfər təşkil etmiş, nəticədə dövlət sifarişi 741 nəfər kəsrlə yerinə yetirilib: “Hazırda ali məktəblərə qəbul olunan 27612 tələbədən 9788 nəfəri dövlət sifarişi ilə, 17824 nəfəri ödənişli əsaslarla təhsil alırlar. Magistratura səviyyəsində dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul planı 2070 nəfər olduğu halda, dövlət sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul 1125 nəfər təşkil edib, nəticədə dövlət sifarişi 945 nəfər kəsrlə yerinə yetirilib. Təhsil Nazirliyində Təhsil, Maliyyə, İqtisadi İnkişaf nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin, Nazirlər Kabinetinin şöbə müdirinin, ali məktəb rektorlarının iştirakı ilə “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, təkliflər və qarşıda duran vəzifələr” haqqında kollegiya iclası keçirilib. Təhsil Nazirliyində Maliyyə Nazirliyinin məsul əməkdaşının iştirakı ilə ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan problemlər, onların həlli yolları və təkliflər” mövzusunda ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsi keçirilib. Dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali məktəblərlə Təhsil Nazirliyi, həmçinin ali məktəblərlə tələbələr arasında müvafiq müqavilələr bağlanılıb. 2010-cu ildə dövlət sifarişi üzrə kadr hazırlığının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi tərəfindən təsdiq edilib müvafiq bölgüyə əsasən Təhsil Nazirliyinə 6 081 933 manat məbləğində vəsait ayrılıb. Ayrılan vəsait bölgüyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına köçürülmüş və təyinatı üzrə xərclənilməsi ilə əlaqədar həmin ali məktəblərə tapşırıqlar verilib”. Nazir vurğulayıb ki, 2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə ali təhsil müəssisələrinin I kurs bakalavriat və magistratura səviyyələrinə qəbul olmuş tələbələrin təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 2011-ci ilin sonunadək tələb olunan vəsaitin ali məktəblər üzrə bölgüsü Maliyyə Nazirliyi tərəfindən təsdiq olunub və icra üçün Təhsil Nazirliyinə göndərilib. Təsdiq olunan bölgüyə əsasən 2011-ci ildə ayrılacaq vəsaitin təyinatı üzrə xərclənilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti ali məktəblərə müvafiq tapşırıqlar verilib. 2011-ci ilin I yarımili üçün ayrılmış və ümumi məbləği 9 122 900 manat olan vəsait Təhsil Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına köçürülüb. Ötən il keçirilən kollegiya qərarına əsasən Maliyyə, İqtisadi İnkişaf, Təhsil Nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məsul əməkdaşları və digər aidiyyəti şəxslər daxil olmaqla 13 nəfərdən ibarət işçi qrupu yaradılıb.

M.Mərdanovun dediyinə görə, yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün ali məktəblərin dövlət sifarişi üzrə kadr hazırlığında iştirakı üçün bərabər imkanlar yaradılıb, abituriyentlərin, həmçinin dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin seçim imkanları artırılıb, dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün ali məktəblərə vəsait ayrı-ayrı xərc maddələri ilə deyil, bir xərc maddəsi ilə ayrılmış və bu vəsaitlərin xərclənilməsində ali məktəblərin səlahiyyətləri artırılıb. Dövlət ali məktəblərinə əvvəlki illərdə dövlət hesabına qəbul olmuş və II, III və IV kurslarda bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin xərclərinin ödənilməsi məqsədilə bu il üçün nəzərdə tutulan vəsait 4 xərc maddəsi üzrə proqnozlaşdırılıb. Maliyyə Nazirliyi ilə aparılmış danışıqların nəticəsi olaraq 2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün ötən ilin sentyabr-dekabr ayları üzrə dövlət ali təhsil müəssisələrinə ayrılmış vəsait Maliyyə Nazirliyinin müvafiq əmrinə əsasən ilin sonunda dövlət büdcəsinə silinməmiş və növbəti ilə keçirilib, 2010-11-ci tədris ilində dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olan və təhsil haqlarından azad olunan məcburi köçkün tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi ilə bağlı təklifə Maliyyə Nazirliyi tərəfindən müsbət yanaşılıb və bu məqsədlə prezidentin sərəncamı və Nazirlər Kabinetinin qərarı layihələri hazırlanıb. Təhsil naziri bildirib ki, yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə dövlət sifarişi üzrə tələbə qəbulu gözləniləndən az olmuş, ödənişli əsaslarla tələbə qəbulu isə artıb, bu da həmin ali məktəblərin büdcədənkənar gəlirlərinin artmasına səbəb olmuş və müəyyən xərclərin, əsasən əməkhaqqı xərclərinin büdcədənkənar gəlirlər hesabına ödənilməsinə zərurət yaradıb. Bu səbəbdən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla ali məktəblərin 2011-ci ilə büdcədənkənar vəsaitlər üzrə icmal gəlir və xərclər smetasında əməkhaqqı üzrə vəsaitin artırılması nəzərdə tutulub. Eyni zamanda 2011-2012-ci tədris ilində ödənişli əsaslarla tələbə qəbulunun nəticələrindən asılı olaraq əməkhaqqı xərc maddəsi üzrə büdcədənkənar xərclərin həcminin cari ildə əlavə olaraq yenidən artırılmasına ehtiyac yaranıb. Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar ali məktəblərə 2011-ci ildə büdcə vəsaitlərinin müvafiq olaraq yuxarı kurslar üzrə 4 xərc maddəsi və dövlət sifarişi üzrə I kurslar üçün isə 1 xərc maddəsi üzrə ayrılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla 2011-ci ilə ali təhsil müəssisələrinin büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetası 6 xərc maddəsi üzrə təsdiq olunub:

 “Təqdim olunan məlumatlardan göründüyü kimi dövlət sifarişinin yerinə yetirilməsində iştirak edib dövlət ali məktəblərinin 2011-ci il ərzində xərcləri əsasən aşağıdakı 3 istiqamət üzrə əldə edilən vəsaitlər hesabına maliyyələşəcək”. Nazir dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin nəzərinə çatdırıb ki, əvvəlki qaydada dövlət büdcəsindən bakalavriat səviyyəsində II, III və IV kurslar, magistratura səviyyəsində II kurslar üçün ayrılan vəsaitlərin həcminə yalnız əməkhaqlarının, təqaüd məbləğlərinin, kommunal xidmət haqlarının və sair bu kimi digər xərclərin artımı ilə bağlı yenidən baxıla bilər. Digər hallarda il ərzində bu vəsaitlərin həcminin artırılması mümkün olmayacaq. Bu səbəbdən ali məktəblər tərəfindən mövcud resursların daha rasional istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir. Bu kimi tədbirlərə paralel və lüzumsuz kafedraların, fakültələrin bağlanılması, artıq ştatların ixtisar olunması, əlavə xərclərə yol verilməməsi, kommunal xərclərə qənaət edilməsi və sair aiddir: “2010-cu ilin yekunlarının ilkin təhlili göstərir ki, dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi ilə bağlı ayrılmış vəsait bir sıra dövlət ali təhsil müəssisələri tərəfindən ilk növbədə müdafiə olunmuş xərc istiqamətlərinə deyil, digər istiqamətlərə istifadə olunub. Dövlət büdcəsindən məqsədli ayrılmış maliyyə vəsaitinin bir sıra ali təhsil müəssisələri tərəfindən düzgün idarə edilməməsi 2010-cu ilin sonunda əməkhaqqı və təqaüdlər üzrə borcların yaranmasına səbəb olub. Cari ildən başlayaraq ali təhsil müəssisələrinə bu məqsədlə ayrılan büdcə vəsaitlərinin, həmçinin büdcədənkənar gəlirlərin ilk növbədə müdafiə olunan xərclərə və prioritet istiqamətlərə yönəldilməsi zəruridir”. Təkliflərə gəlincə M.Mərdanov qeyd edib ki, dövlət sifarişi üzrə kadrhazırlığının yerinə yetirilməsi məqsədilə ayrılmış vəsait əksər ali məktəblərdə yalnız əməkhaqqı və təqaüd xərclərinin ödənilməsinə kifayət edir. Bu da dövlət sifarişi üzrə keyfiyyətli kadr hazırlığının təmin edilməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına və saxlanılmasına şərait yaratmır. Digər tərəfdən dövlət sifarişi üzrə hər bir təhsilalana düşən xərclərin miqdarı təsdiq olunduqdan sonra, yəni 2010-cu ilin sentyabrında tələbələrə, doktorantlara ödənilən təqaüdlərin məbləğləri, eyni zamanda cari ildə su və kanalizasiya xidmətləri ilə bağlı kommunal xərclərin dəyəri artıb. Qeyd olunanlara əsasən dövlət sifarişi üzrə hər bir təhsilalana düşən xərclərin miqdarına yenidən baxılması və bu məbləğlərin artırılması vacibdir: “Bir sıra oxşar və eynitipli ixtisaslar üzrə təsdiq olunmuş bir təhsilalana düşən təhsil xərclərinin miqdarı arasında kəskin fərqlər mövcuddur. Məsələn, instrumental ifaçılıq üzrə bu məbləğ 7000 manat, xalq çalğı alətləri ifaçılığı üzrə isə 1500 manat müəyyənləşdirilib. Bəzi hallarda isə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilərkən bir sıra ixtisasların spesifikası nəzərə alınmayıb. Məsələn, “Uçuş mühəndisliyi” ,“Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” və digər bütün texniki mühəndislik ixtisasları üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı eyni məbləğdə müəyyənləşdirilib. Oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yenidən baxılaraq uyğunlaşdırılmalıdır. Dövlət sifarişi üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarının vaxtaşırı indeksasiyası aparılmalıdır. Dövlət əhəmiyyətli ixtisaslara dövlət sifarişi ilə qəbulla bağlı müsabiqə ballarının müəyyənləşdirilməsinə fərdi yanaşılmalıdır. Ali məktəblərin bəzi ixtisaslarına olan inhisarçılığın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi zəruridir. Dövlət sifarişi üzrə müsabiqə ballarının ixtisas qrupları üzrə deyil, eyniyönümlü ixtisaslar üzrə müəyyənləşdirilməsi məqsədəmüvafiqdir. Ali məktəblərin ayrı-ayrı ixtisaslarına ödənişli əsaslarla qəbul üzrə təhsil haqlarının həmin ixtisasa dövlət sifarişi üzrə müəyyənləşdirilmiş təhsil xərclərinin miqdarının 60 faizindən az olmayaraq müəyyənləşdirilməlidir. Tələbə statusu qazanmış şəxslərə güzəştli təhsil kreditlərinin verilməsi ilə bağlı müvafiq Qanunun qəbul edilməsinə ehtiyac vardır. Büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetalarının təsdiq edilməsi, il ərzində büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin dürüstləşdirilməsi prosedurlarının sadələşdirilməsi, bu səlahiyyətlərin ali məktəblərə və Təhsil Nazirliyinə verilməsi məqsədəmüvafiqdir. İlin sonunda büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət büdcəsinə silinməməsi və bu vəsaitin növbəti ilə keçirilməsi vacibdir. Dövlət ali təhsil müəssisələrinə tələbə qəbulunun planlaşdırılması və tələbələrin yerləşdirilməsi zamanı dövlət sifarişi üzrə və ödənişli əsaslarla təhsil alan tələbələrin sayı arasında mütənasibliyin yaradılması qaydaları hazırlanmalıdır. Özəl ali məktəblərin dövlət sifarişində iştirakı stimullaşdırılmalıdır”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 23 aprel.- S.14.