Yeri görünən Aydın
Əgər insanın
yaşını onun yaxşı əməllərinin sayı
ilə hesablamaq lazım gəlsəydi, bu siyahıda
yaxından tanıdığım insanlardan birinin – 42
yaşında dünyasını dəyişmiş Aydın Səlimzadənin
adını birincilər sırasında görmək istərdim.
Dünyaya sanki yaxşılıq etmək üçün gəlmişdi
Aydın. 1993-cü ilin sentyabr ayında bizim uzun illər
çalışdığımız “Elm və həyat”
jurnalına baş redaktor təyin olunanda Aydın Səlimzadə
Azərbaycan Elmlər Akademiyası prezidentinin mətbuat və
informasiya üzrə müavini vəzifəsində
çalışırdı. Ondan əvvəl isə
Akademiyanın “Elm” qəzetinin baş redaktoru olmuşdu. Biz də
Aydını “Elm” qəzetindən tanıyırdıq. Onun
baş redaktor olduğu 1989-1992-ci illərdə bu qəzet təkcə
Akademiya dairəsində deyil, eyni zamanda respublika səviyyəsində
sayılıb-seçilən qəzetlərdən biri
olmuşdu. Ona görə də Aydının bizim jurnala
baş redaktor təyin olunması hamının ürəyincə
oldu.
Tanrı Aydından heç nəyi əsirgəməmişdi.
O, gözəl alim, istedadlı jurnalist, mehriban və zəhmətkeş
ailə başçısı, qədirbilən övlad, ən
başlıcası da qeyrətli və xeyirxah bir vətəndaş
idi. Onun “Elm” qəzetində qazandığı uğurlar da məhz
zirvələrdə dayanan vətəndaş qeyrətinin bəhrəsi
idi. Çünki o dövrlər Qarabağ münaqişəsinin
ən qızğın çağları idi və haqq
sözü axtaran insanlar ən mötəbər elm
ocağının –Azərbaycan Elmlər Akademiyasının qəzeti
olan “Elm”in səhifələrində kəsərli yazılar
tapdıqlarına görə onun ətrafında daha sıx
birləşirdilər. Aydının cəsarətliyi ilə
akademiya rəhbərliyinin vətəndaşlıq mövqeləri
üst-üstə düşdüyünə görə həm
oxucuların, həm də Aydının bəxti gətirmişdi.
Xüsusilə, akademik Ziya Bünyadovun “Elm” qəzetində
verilən “Poçemu Sumqait” və akademik İqrar Əliyevin
“Naqornıy Karabax” yazıları qəzet çap olunana qədər
vərəqələr şəklində əldən-ələ
gəzirdi. Çünki bu yazılar xalqın qəsdən
unudulan tarixinin açıqlanmasına xidmət edən ilk
nümunələr kimi xalqın yaddaşını təzələyirdi.
Bu baxımdan ötən əsrin 90-cı illərinin demokratik
mətbuat orqanları arasında böyük nüfuz qazanan
“Elm” qəzeti Aydının ən uğurlu fəaliyyəti
kimi yaddaşlara həkk olundu. Aydın vətənə təkcə
qəzet vasitəsilə xidmət göstərmirdi.
O, eyni zamanda öz canı,
istidən də isti ürəyi ilə cəbhə bölgələrində,
qaçqın-köçkün düşərgələrində
olmağa can atır, onlara arxa durmağa
çalışırdı. Silahla-sursatla kömək etməyə
gücü çatmasa da, nurlu çöhrəsi,
ümidverici baxışları ilə kömək etməyi
bacarırdı Aydın. Xeyirxahlıq missiyası onun gündəlik
iş planının lap önündə dayanardı.
Redaksiyamıza ayaq açdığı ilk gündən
kiçik kollektivimizə sanki bir ümid
çırağı gətirmişdi. Üzündən nuru,
gözlərindən qayğıkeşliyi əskik olmazdı
onun. Onu həmişə harayasa tələsən görərdik.
İstər akademiyanın, istər redaksiyanın, istər ətrafındakı
insanların və yaxud da ailəsinin problemi olsun, fərq etməzdi
onun üçün. Hamısına eyni qayğı, eyni diqqətlə
yanaşardı.Və hər bir işin uğurlu nəticəsi
də onu eyni dərəcədə sevindirərdi... Cəbhə
bölgələrindən qayıdanda tez redaksiyaya baş
çəkər, öz təəssüratlarını
bölüşərdi. Bizə təklif edirdi ki, istəsəniz,
gələn dəfə sizin də getməyinizi təşkil
edə bilərəm. Doğrusu, Aydınla söhbətdən
sonra insan özündə qəribə bir yüngüllük
hiss edirdi.
Aydın yaşca bizim
hamımızdan kiçik olsa da, özünü o qədər
səbirli, müdrik göstərirdi ki, ən çətin
işlərin də tezliklə düzələcəyinə
böyük ümidlər yaranırdı. O vaxtlar maliyyə
çətinliyi üzündən “Elm və həyat”
jurnalı nəşrini dayandırmaq məcburiyyətində
qalanda Aydın Səlimzadənin özü kimi mərd və
xeyirxah dostlarının yaxından köməkliyi nəticəsində
jurnalın ildə bir nömrəsi çıxsa da, nəşri
dayanmadı. “Sponsor”, “təsisçi” sözlərinin təzə
dəbə düşdüyü həmin illərdə
Aydın bizə məsləhət gördü ki, əgər
redaksiyanın jurnalist kollektivi təsisçilər
sırasına qoşulsa, jurnalın bağlanmaq təhlükəsi
aradan götürülər. Aydın Səlimzadənin
uzaqgörənliklə verdiyi bu təklif vaxtında həyata
keçirildiyinə görə, jurnalın bağlanmaq təhlükəsi
ötüşdü. Elə həmin ildən başlayaraq, Azərbaycan
Elmlər Akademiyasının Rəyasət Heyəti ilə
yanaşı, Arxeologiya və Etnoqrafiya İnstitutu və bir də
“Elm və həyat” jurnalının jurnalist kollektivi bu günədək
jurnalın təsisçiləridir. Aydın Səlimzadə
1979-cu ildən Elmlər Akademiyasının Tarix İnstitutunda
işlədiyinə görə akademiyada çalışan
insanların çoxunu yaxından tanıyırdı. Onun dəyər
verdiyi insanlar sırasında akademik Ziya Bünyadovun, akademik
Eldar Salayevin, tarix elmləri doktoru, Arxeologiya və Etnoqrafiya
İnstitutunun direktoru Arif Abbasovun adlarını tez-tez eşidərdik.
Aydının insanları yaxşı tanımaq və
onları yetərincə qiymətləndirmək qabiliyyəti
də sanki bir tanrı vergisi idi. Aydından sonra ötən
illər ərzində biz akademik Ziya Bünyadov və
akademiyanın müxbir üzvü Arif Abbasovun simasında onun
zənnində yanılmadığının canlı
şahidləri olduq. Aydın əmək fəaliyyətinə
lap gənc yaşlarından başlamışdı. Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil
aldığına görə, universiteti bitirənə qədər
doğulduğu İsmayıllı rayonunda fəhləlikdən
müəllimliyə qədər bir təcrübə məktəbi
keçmiş, həyatın çox üzünə
yaxından bələd olmuşdu. İlk məqalə və
şeirlərini də elə o vaxtlar çap etdirmişdi.
O, Tartix İnstitutunun
aspiranturasına qəbul olunandan sonra Moskvada Etnoqrafiya
İnstitutunda təcrübə keçmiş və
1986-cı ildə Minsk şəhərində “Sumqayıt
şəhəri əhalisinin formalaşması və millətlərarası
mədəni-məişət əlaqələri”
mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri
namizədi alimlik dərəcəsi almış, “Palıd
vüqarı”, “Su səmtinə axar” kitabları və yüzlərlə
məqaləsi çap olunmuşdu. Əvvəllər
Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat
və incəsənət” qəzetində və “Azərbaycan”
jurnalında ədəbi işçi vəzifəsində
çalışmışdı. Məqalələri respublikanın
nüfuzlu mətbuat orqanlarında tez-tez çap olunduğuna
görə, imzası yaxşı tanınırdı.
Aydın Səlimzadə “Elm və həyat” jurnalının
baş redaktoru olduğu iki ilə yaxın bir müddətdə
redaksiyada heç bir gün də olsa səhərdən
axşama qədər oturmamışdı. Amma o, işlərinin
çoxluğuna baxmayaraq, nəinki jurnala aid problemləri həll
etməyə çalışar, eyni zamanda əməkdaşların
məişət problemlərini həll etmək
üçün də əlaqədar idarələrə, vəzifə
sahiblərinə zəng etməkdən, kömək istəməkdən
çəkinməzdi, bir sözlə, hamının dərdini
özününkü hesab edərdi. Mənzilində telefonu
olmayana telefon çəkdirər, zəhmətinin
müqabilində fəxri adı olmayana ad verilməsi
üçün təqdimat yazar, jurnalın çapına
köməklik üçün “pullu” idarələrin
müdirlərinə məktub göndərərdi...
Aydının qəribə xüsusiyyətlərindən biri
də hamını özünə doğma hesab etməsiydi.
Heç yadımdan çıxmaz, bir dəfə Elmlər
Akademiyasının Rəyasət Heyətinin binasında tədbir
keçirilirdi. Aydın bizi də dəvət etmişdi. Tədbir
qurtarmamış Aydin Ülkər xanımla mənə
yaxınlaşıb xəbərdarlıq etdi ki, tez
çıxmayın, sizinlə işim var.
Tədbir sona yetəndən
sonra elə oradaca ayaqüstü qəlyanaltı verirdilər.
Biz sağollaşmaq üçün Aydını axtaranda bir
də gördük Aydın əlində bir sini şirniyyatla
bizə yaxınlaşdı. “Hə, bunlar sizin
üçündür, nə lazım olsa, yenə gətirərəm”-
deyib aralandı. Bir qədər keçməmiş yenidən
əlində nəsə gətirib gəldi. Sonra bildik ki, onun
dediyi “iş” elə bu imiş. Doğrusu, Aydının bu diqqət
və qayğıkeşliyi bizi həm sevindirdi, həm də
çox təəccübləndirdi. Onun həmin hərəkətini
indi yada salanda ürəyimizdən keçən kövrək
hissləri sözlə ifadə etməkdə çətinlik
çəkirəm.
Aydının “Elm və həyat”a
münasibəti kollektivə yeni ruh gətirmişdi. Yeri
düşəndə ailəsindən, övladlarından –
qızı Aygün və oğlu Ayazdan fəxrlə söhbət
açan Aydın ev alana qədər çəkdikləri əziyyətlərin
müqabilində indi xoşbəxt həyat sürdüklərini
xüsusi vurğulayar, ona köməklik göstərmiş
insanların adlarını minnətdarlıqla çəkərdi.
Haqqın yorulmaz müdafiəçisi olan Aydın Səlimzadə
kiminsə haqqının tapdandığını görəndə
açıqca müdafiəyə qalxar və axıracan
mübarizə aparardı. O vaxtlar eşitmişdim ki, Binəqədi
rayonunda yerləşən 20 saylı Uşaq
poliklinikasının baş həkimi haqsız olaraq tutduğu
vəzifəsindən azad olunanda, poliklinikanın
işçilərinin bu haqsızlığa etirazından xəbər
tutan Aydının yaxından köməkliyilə (onun həyat
yoldaşı da həmin poliklinikada tibb bacısı işləyirdi)
aradan xeyli müddət keçməsinə baxmayaraq, həmin
baş həkim öz işinə bərpa olunmuşdu. Yeri gəlmişkən,
onu da qeyd etmək istəyirəm ki, Aydının vəfalı
ömür-gün yoldaşı Rübabə xanımın
dözüm və zəhmətkeşliyi sayəsində
övladlarının hər ikisi ali təhsil almış,
qızı Aygün həkim, oğlu Ayaz isə
hüquqşünas ixtisasına yiyələnmiş, Aygün
ailə həyatı qurmuş və ana olmuşdur.Yəqin ki,
nəvələr də öz valideynləri kimi Aydın Səlimzadənin
şərəfli adı ilə daima fəxr edəcəklər.
Aydınla son görüşümüz 1995-ci ilin mart
ayının əvvəlində jurnalın redaksiyasında
olmuşdu. Adəti üzrə həmin gün də redaksiyaya
tələsə-tələsə gəlmişdi. Amma nə qədər
tələssə də, onun ayaqüstü söhbətləri
bir xeyli çəkdi. Ona çay içməyi təklif edəndə
“oruc tuturam, indi rayona gedirik, gəldim ki sizinlə
sağollaşım, bayramınızı əvvəlcədən
təbrik edim, inşallah, qayıdandan sonra birlikdə çay
içərik”,- dedi. Sonra isə üzünü “Elm və həyat”ın
baş redaktor müavini Ülkər xanıma tutaraq, “Sizə
hələlik “Qızıl qələm” mükafatı verəcəklər,
qalanlarına da sonra baxarıq” deyib hamıyla
sağollaşdı... Amma martın 9-da işə qayıdanda
eşitdiyimiz dəhşətli xəbər bizi də
Aydının doğmaları qədər sarsıtdı.
Aydın bizimlə görüşməyə gələ bilməsə
də, biz onun doğulduğu cənnətməkan
İsmayıllıya gözüyaşlı yola
düşdük. Öz maşını ilə bizi
İsmayıllıya aparan Dilqəm adlı dostu yolboyu
Aydının xeyirxah işləri haqqında o qədər
danışdı ki, elə bil Aydın bizim üçün
daha da doğmalaşdı. Amma Aydının nurlu
çöhrəsini bir daha görə bilmədik. O bizi
özünə yaraşmayan bir qiyafədə-kəcavə tək
bəzədilmiş tabutda qarşıladı. Eşitdiyimiz
ilk səs isə ana-bacı naləsi oldu. Mart ayının əvvəli
olmasına baxmayaraq, hava Aydının özü kimi
mülayim və işıqlıydı. Cənazə yerdən
qaldırılan zaman təbiətin göstərdiyi bir
möcüzəni isə yəqin ki, heç vaxt unutmayacam.
Göy qurşağının al-əlvan şüaları
arxasından büllur kimi yerə çilənən
yağış damcıları sanki YARADANın öz sevimli bəndəsinə
göndərdiyi axırıncı töhfəsi idi ...
Aydınla vidalaşıb Bakıya qayıtdıqdan
sonra onun haqqında hazırladığım yazıları
(“İş yoldaşımızın xatirəsi”, “Yerin
görünəcək, Aydın”) redaksiyanın kollektivi
adından “Elm və həyat” jurnalında və “Mühakimə”
qəzetində çap etdirmişdim. İndi isə “Elm və
həyat” jurnalının 50 illik yubileyinin keçirildiyi bu
günlərdə tez-tez yada saldığımız hörmətli
həmkarımız Aydın Səlimzadəni bir daha
xatırlamağı və xatırlatmağı özümə
borc bildim. Çünki bu yubiley tədbirlərinin
önündə dayanmağa haqqı çatan çox dəyərli
bir insanın – tarixçi alim, şair, yazıçı-publisist,
əvəzsiz xeyirxahlıq mücəssəməsi Aydın Səlimzadənin
yeri görünür...
Maral POLADOVA,
“Elm və həyat” jurnalının
məsul katibi
525-ci qəzet.- 2011.- 29 aprel.- S.6.