Zeynəb Kazımova: “Mətbuatla əlaqələrimiz qarşılıqlı işgüzar münasibətlərə söykənir”

 

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr və mətbuat xidməti bu sahədə ən fəal qurumlardan biri kimi tanınır

 

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr və Mətbuat xidməti universitetin ən gənc strukturlarındandır və 2008-ci ilin dekabrından fəaliyyətə başlayıb. Rəsmi olaraq şöbənin yaradılması haqqında universitet rektoru, professor Səməd Seyidov tərəfindən 2009-cu ilin fevral ayında sərəncam imzalanıb. Zeynab Kazımova 2008-ci ildən rektor Səməd Seyidov tərəfindən Azərbaycan Dillər Universitetində (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Z.Kazımova Azərbaycanda 2007-ci ildən fransız dilində yeganə mətbu orqan olan “Le Carrefour” qəzetinin təsisçisi və baş redaktorudur. Bunadək isə, o vaxtlar fransızca nəşr olunan “Az-Media” qəzetində əvvəl müxbir, sonra isə baş redaktor kimi fəaliyyət göstərib. Buna qədər isə, dövri mətbuatda, Dövlət Radiosunda və televiziyada çalışıb. Həmçinin Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin üzvüdür. 2004-cü ilin yayında birliyin Parisdəki baş ofisində fransız dilində yazı jurnalistikasından təcrübə keçib. Bundan başqa, ölkə daxilində jurnalistlər üçün keçirilən bir sıra seminar və treninqlərdə iştirak edib. Vaxtilə İnternyus təşkilatının kurslarında olub. Jurnalist Həmkarlar Təşkilatının təşkil etdiyi seminara da qatılıb. 2009-2010-cu illər ərzində Avropanın Brüssel Azad Universitetinin Avropaşünaslıq İnstitutunda siyasi elmlər üzrə bir illik elmi işçi statusu alıb.

Z.Kazımova deyir ki, o, ixtisasca beynəlxalq jurnalistdir: “Uşaqlıqdan jurnalist olmaq istəyi ilə bu peşəni seçdiyimə görə bir müddət aktiv jurnalistikaya qoşulmasam da, bu, mənim taleyimdə həmişə həlledici rol oynayıb. Orta məktəb illərində Azərbaycan dili və ədəbiyyatına olan marağım və daimi mütaliəm nəticəsində həmişə inşalardan əla qiymətlər alardım. 1994-cü ildə Qazax rayonu Daş Salahlı kənd 1 saylı orta məktəbi bitirdikdən sonra həmin il M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşam. Bizim fakültədə üç ixtisas qrupu üzrə qəbul vardı: Beynəlxalq hüquq, beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika ixtisası. Mən orta məktəb illərində jurnalistikaya böyük maraq göstərirdim, fəal şagird olduğuma görə bu tez zamanda əks-səda doğurmuşdu və oxuduğum məktəbdə mənə jurnalist deyirdilər. Qeyd edim ki, o zamanlar bu, mənim ən çox eşitmək istədiyim kompliment idi və bundan çox xoşbəxt olardım. Məhz Jurnalistika fakültəsinə deyil, başqa bir yerə qəbul olmağım məni məyus etmişdi. Lakin çox keçmədi ki, bu məyusluğumu unutdum və hətta belə olmasından sevindim. Həmin dövrdə Jurnalistika fakültəsinin bir sıra aparıcı müəllimləri də daxil olmaqla, belə bir mübahisə gedirdi ki, beynəlxalq jurnalistika deyilən bir termin mövcud deyil və niyə bu ixtisas məhz jurnalistika fakültəsində yox, başqa bir fakültənin daxilində açılıb. Bu məsələ ilə bağlı biz tələbələr də mübahisələr edirdik. Dediyim kimi, mən hər zaman arzulamışdım ki, jurnalistika fakültəsinə daxil olum. Sonralar mən bu arzuma çatdım. Həmin aparılan “savaşlar”ın nəticəsində bizim ixtisasımız bu fakültənin tərkibinə verildi və mən magistraturanı Jurnalistika fakültəsində oxudum. Baxmayaraq ki, artıq bu fakültəyə platonik məhəbbətim qalmamışdı. Daha sonra Bakı Slavyan Universitetinə dissertanturaya qəbul olundum. Qarabağ münaqişəsi Fransa mətbuatında” mövzusunda araşdırma aparmışam. Bugünədək BSU-nun “Ölkəşünaslıq” elmi-tədqiqat laboratoriyasının elmi işçisiyəm. Bir müddət BSU-da Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi çalışmışam. Hazırda analoji kafedrada Dillər Universitetində müəllimliyimi də davam etdirirəm. Onu da qeyd edim ki, Azərbaycanda 2007-ci ildən fransız dilində yeganə mətbu orqan olan “Le Carrefour” qəzetinin təsisçisiyəm və baş redaktoruyam. Bunadək isə, o vaxtlar fransızca nəşr olunan “Az-Media” qəzetində əvvəl müxbir, sonra isə baş redaktor kimi fəaliyyət göstərmişəm. Buna qədər isə, dövri mətbuatda, Dövlət Radiosunda və televiziyada çalışmışdım. Həmçinin Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin üzvüyəm, Azərbaycan şöbəsinə rəhbərlik etmişəm. 2004-cü ilin yayında birliyin Parisdəki baş ofisində fransız dilində yazı jurnalistikasından təcrübə keçmişəm. Elə həmin ilin noyabrında təşkilatın Afrikada Burkina Faso Respublikasında keçirilən 36-cı illik konfransında iştirak edərək Azərbaycanı təmsil etdim. Qeyd edim ki, Qafqaz ölkələri içərisində yeganə nümayəndə jurnalist Azərbaycandan idi və bu barədə xoş xatirələrim var. Fransanın Burkina Fasodakı o vaxtkı səfiri bizimlə görüşündə azərbaycanlı jurnalistin iştirakına xeyli təəccüblənmişdi. Hətta mənə “sizin ölkə buradan çox uzaqdadı, sən gəlib hara çıxmısan?” – deyə zarafat etmişdi. Bundan başqa, ölkə daxilində jurnalistlər üçün keçirilən bir sıra seminar və treninqlərdə iştirak etmişəm. Vaxtilə İnternyus təşkilatının kurslarında olmuşam. Bu yaxınlarda Jurnalist Həmkarlar Təşkilatının təşkil etdiyi seminara da qatılmışdım. 2009-2010-cu illər ərzində Avropanın Brüssel Azad Universitetinin Avropaşünaslıq İnstitutunda siyasi elmlər üzrə bir illik elmi işçi statusu almışam. Keçən il bununla bağlı araşdırma aparmaq üçün iki aylıq həmin universitetdə olmuşam. 2008-ci ildə Azərbaycan Dillər Universitetində İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti yaradılarkən rektorumuz, hörmətli Səməd Seyidov tərəfindən bu işə dəvət olunmuşam və bunu həyatımda ən uğur gətirən bir hadisə sayıram”.

Z.Kazımovanın sözlərinə görə, rəhbəri olduğu xidmət ölkə KİV-i ilə səmərəli əməkdaşlıq edir: “Bizim fəaliyyətimiz hazırda bir sıra analoji strukturlar üçün baza rolunu oynayır. Çünki məhz ADU-da Mətbuat xidməti işinin iş prinsipləri artıq digər ali təhsil müəssisələri tərəfindən tətbiq olunmağa başlayıb. Məhz ADU-nun Mətbuat xidmətinə göstərilən qayğı, universitet rəhbərliyinin media ilə işləmə prinsipi də bu gün artıq ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən tətbiq olunmağa cəhd göstərilir. Bu ilk növbədə rəhbərliyin peşəkar jurnalistləri bu vəzifəyə irəli çəkməklə özünü büruzə verir. Artıq bu struktura diqqət artırılır, ADU kimi digər universitetlər də jurnalistlərə diqqət göstərməyə başlayıblar və mətbuatla əlaqələrə önəm verməyə çalışırlar. Bunu biz mətbuatdan da izləyirik. Bu cəhdlər bizi çox sevindirir. Adətən bizdən öncə və sonra yaradılan analoji xidmətlər öz işlərini yalnız mətbuatla əlaqə və müəyyən mənada təbliğat üzərində qurublar. Bizim şöbə isə, universitetin mətbu orqanı olan “Poliqlot”un nəşrinə cavabdehdir, digər tərəfdən, universitetin veb səhifəsinin yenilənməsi, bununla bərabər, tədbirlər zamanı protokol xidmətinin yerinə yetirilməsi işlərini də həyata keçirir. Bu da təsadüfi deyil. Çünki universitetdə protokolla bağlı məsələlər çox vacib işlərdir. Xüsusilə də əcnəbi qonaqların, müxtəlif ölkələrin nümayəndələrinin tez-tez bizim ali təhsil ocağına gəlişi bunu zəruri etmişdir. Bu vəzifənin bizim şöbəyə tapşırılması ADU Mətbuat xidmətinin bir neçə işin öhdəsindən uğurla gəldiyinin bariz sübutudur. Buna görə də deyə bilərəm ki, ali təhsil müəssisələri içərisində bizim mətbuat xidməti öz çoxşaxəli fəaliyyəti ilə fərqlənir”.

Z.Kazımova deyir ki, Azərbaycan Dillər Universitetinin Mətbuat xidməti ən fəal, KİV-lə sıx əməkdaşlıq edən mətbuat xidmətlərindən biridir: “Bizim əsas prinsipimiz KİV-lə əlaqələrimizi peşəkar səviyyədə qurmaqdır. Bizim üçün sifarişli yazılar yazdırmaq, bayağı təbliğat metodları qəbuledilən deyil. Biz öz vəzifəmiz və səlahiyyətlərimizi bilir və bu çərçivədə əməkdaşlığa üstünlük veririk. Bunu bizimlə işləyən KİV nümayəndələri də gözəl bilirlər. ADU bu gün ölkədə nüfuzuna görə irəlidə olan bir ali təhsil ocağıdır. Bu nüfuz, ictimaiyyətin rəğbəti bizim fəaliyyətimizdə əsas amillərdir. Hər bir universitetin, ümumilikdə müəssisənin mətbuat xidməti onun “çəkisini” göstərir. Biz müəssisə olaraq maraqlıyıq ki, bizdən yazılsın, öz fəaliyyətimizi ictimaiyyətə çatdıraq, cəmiyyət bu haqda məlumatlı olsun”.

Z.Kazımova bildirib ki, ictimaiyyətlə əlaqə onların KİV-lə əlaqələrinin əsas tərkib hissəsidir. “Media məhz ictimaiyyətlə əlaqələrin qurulmasında vacib rol oynayır. Media ali təhsil ocaqları ilə cəmiyyət arasında informasiya əlaqəsini təmin edir. Cəmiyyətin hərəkətverici qüvvəsi sayılan gənclərin çoxsaylı axın etdiyi universitetlər üçün bu amil əhəmiyyətlidir. Mətbuat xidməti isə bu işin əsas icraçısıdır. Çünki Mətbuat xidməti ictimai rəyin formalaşmasında çox iş görür.

Məlumdur ki, informasiya texnologiyalarının inkişafı yazılı KİV-i bu günədək sıxışdırıb çıxara bilməyib. Qəzetlər isə bu sahədə daha çox mühüm əhəmiyyətə malikdir. Demək olar ki, hər gün ADU haqda hansısa bir məlumat azı bir qəzetdə mütləq öz əksini tapır. Gündəlik informasiya agentliklərinə göndərdiyimiz məlumatları isə deməyə ehtiyac yoxdur. Universitetimizdə keçirilən tədbirlər mütəmadi televiziyalarda işıqlandırılır, xəbərlər xidməti ilə əməkdaşlıq edirik. Bizim üçün hər söz bir xəbər, hər xəbər isə, bir məlumatdır. Bizim əlaqələrimiz ölkə KİV-i ilə çox arzu olunan səviyyədədir, çünki bu gün bizim Mətbuat xidməti öz yerini tutub. Artıq jurnalistlər ADU Mətbuat xidmətini tanıyırlar. Mətbuatla əlaqələrimiz daha çox qarşılıqlı işgüzar münasibətlərə söykənir. Biz hər bir KİV-in, hər bir jurnalistin sorğusunu cavablandırırıq və ya əlaqədar şəxslərlə birləşdiririk. Məhz mətbuat xidmətinin vasitəçilik işini yerinə yetiririk. Jurnalistlərlə daha çox tədbirlər zamanı görüşürük, çalışırıq ki, onlar məlumatsız qalmasınlar. Bu əməkdaşlığımız getdikcə səmimi tanışlığa çevrilir. Düşünürəm ki, bu, bizim uğurumuzdur”.

Z.Kazımova vurğulayıb ki, ADU Mətbuat xidməti KİV ilə əlaqələrə böyük önəm verir, bu istiqamətdə hər zaman işgüzar və peşəkar yönümdə işləməyə çalışırlar: “Əslində ali təhsil müəssisəsinin nəzdində Mətbuat xidməti şöbəsi olaraq ilk fəaliyyətə başladığımız zamanlar təəccüb də doğurduğu məqamlarla rastlaşırdıq. Düzdür, bizdən öncə istər dövlət, istərsə də özəl ali təhsil müəssisələrində belə strukturlar vardı. Lakin onların fəaliyyəti ətalət vəziyyətində idi. Mətbuat xidməti adlanmasına baxmayaraq bu strukturlar media ilə əlaqələri çox zəif şəkildə qurur ya da qeyri-peşəkarcasına fəaliyyət göstərirdilər. Lakin ADU-da bizim şöbə yaradıldıqdan sonra bir növ, baryeri sındırdıq, bəzi stereotipləri qırdıq. Yəni həmkarlarımız artıq Dillər Universitetində onlara kömək edəcək, istiqamətləndirəcək, lazım gəlsə, onlarla birgə işləyəcək bir komandanın olduğunu bildilər. Universitet haqda yazmaq istəyən, rəhbərliklə müsahibə və ya hansısa məsələ üçün fikir öyrənmək üçün, necə deyərlər, “dağa-daşa çıxmağa” ehtiyac yoxdur. Ona görə də bu gün bizim Mətbuat xidməti öz birinciliyini saxlayır və bu, bizim uğurumuzdur. Bu isə ilk növbədə, ADU-nun rəhbərliyinin bizim işimizi yüksək qiymətləndirməsi və mediaya olan münasibətinin göstəricisidir. Səməd Seyidov hər zaman KİV-ə açıq rektor olduğu üçün, bizim üçün də bu əlaqələrin qurulmasında hər zaman dəstək göstərib. Rektorumuz tərəfindən Mətbuat xidmətinin fəaliyyətinin səmərəli təşkili üçün şöbəmizə hər cür şərait yaradılıb. Ona görə deyə bilərəm ki, bizim xidmətin qazandığı uğurlarda S. Seyidovun uzaqgörənliyi və media ilə düzgün işləmə prinsiplərini bilməsi böyük rol oynayıb. Bunu da biz öz fəaliyyətimizdə göstərməyə çalışırıq”.

Z.Kazımovanın dediyinə görə, mətbuatda ölkədə fəaliyyət göstərən universitetlərin, o cümlədən Dillər Universitetinin fəaliyyətinin işıqlandırılma səviyyəsi onu qane edir: “Əsas amil odur ki, ali təhsil ocağı özü nə dərəcədə maraqlıdır ki, onun fəaliyyəti şəffaf şəkildə ictimaiyyətə çatdırılsın. Universitetimizin rektoru, hörmətli Səməd Seyidov hər zaman öz çıxışlarında vurğuladığı kimi, Dillər Universiteti açıq universitetdir. Aparılan islahatlar, həyata keçirilən yeniliklər məhz ali təhsilimizin yüksəlməsinə, onun Avropa təhsil məkanına inteqrasiyasına xidmət edir. Lakin hərdən bu məsələni universitet rəhbərliyinin reklamı ilə qarışdırırlar. Bəzən müxtəlif yazılarda hansısa rektorun həyat və yaradıcılığı haqda darıxdırıcı məlumatlar yaymaqla, mətbuat xidməti öz işini bitmiş hesab edir. Lakin universitetin mətbuat xidməti şəxsi reklama deyil, ali təhsil müəssisəsinin fəaliyyətinə önəm verməlidir”.

Z.Kazımova vurğulayıb ki, media ilə uğurlu əməkdaşlıq üçün mətbuat katibindən çox keyfiyyətlər tələb olunur, bunun ən əsası peşəkarlıqdır: “Mətbuat katibi çox məsuliyyətli və vacib vəzifədir. Çünki bizim işimizdə qarşılıqlı əlaqə prinsipi var. Mətbuat katibi menecment işini aparmağı bacarmalıdır. Bunun üçün isə, təşəbbüskarlıq lazımdır. Çünki KİV-lə əməkdaşlığın əsasında bunlar başlıca meyar kimi dayanır. Mətbuat xidməti təmsilçisi həm təmsil etdiyi qurumun mənafeyini unutmamalı, həm də həmkarlarla işgüzar əməkdaşlığı qorumalıdır. KİV-lə əməkdaşlığın əsasında peşəkarlıq keyfiyyətləri başlıca meyar kimi dayanır. Əksər KİV nümayəndələri bu məsələdə çox tələbkardırlar və biz də bunu mütləq nəzərə almağa çalışırıq. Amma hərdən qeyri-peşəkar səviyyəli, təmsil etdiyi KİV-in adını doğrultmayan media nümayəndələrilə də rastlaşırıq. Belə ki, mətbuat konfransları zamanı hətta bəzən müxbirin verdiyi sualın cavabını da almadan mikrofonu götürməyini görmüşəm. Müəyyən etik normalara riayət etməyənlər də var. Bütün bunlara baxmayaraq, biz peşəkar jurnalistlərlə hər zaman yüksək səviyyədə öz işimizi qurmağa can atırıq. Mətbuat xidməti rəhbəri əslində təmsil etdiyi qurumun nümayəndəsidir və məhz həmin qurumun “tərəfində durur”. Təsadüfi deyil ki, mətbuat katibinə “qurumun sözçüsü “ deyirlər. Amma əgər hansısa müxbir və ya yazar səhvə yol verirsə və bu, tənqidə məruz qalırsa, pislənirsə, yenə də xidmətin təmsilçisi daha çox əziyyət çəkir. Yəni “qızıl orta”nı saxlamaqla, Mətbuat xidməti təmsilçisi həm təmsil etdiyi qurumun mənafeyini unutmamalı, həm də həmkarlarla işgüzar əməkdaşlığı qorumalıdır”.

Z.Kazımovanın sözlərinə əsasən, universitetlərin ictimaiyyətlə əlaqələri çox vacibdir. Mətbuat xidməti strukturu həm də bilavasitə bu əlaqələrin qurulmasına xidmət edir: “Çünki Mətbuat xidməti strukturu məhz müəssisənin, bizim misalda, Universitetin ictimaiyyətə açılan və ictimaiyyətin aça biləcəyi “qapı” rolunu oynayır və onu belə dəyərləndirmək olar. Bu qarşılıqlı münasibətlərin inkişafında isə medianın rolu danılmazdır. Məhz bu zaman müəssisə ilə KİV-in əlaqəsi zəruri bir amil kimi ortaya çıxır. Digər tərəfdən, bütün müəssisələr öz fəaliyyətini məhz KİV-in köməyilə ictimaiyyətin nəzərinə çatdırır. Görülən işlər, həyata keçirilən islahatlar, baş verən yeniliklər KİV-in diqqətindən kənarda qalmır və ictimaiyyətin diqqətinə çatdırılır.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 10 avqust.- S. 2.