Mütəfəkkir

 

Azərbaycan mədəniyyəti tarixində danılmaz xidmətləri olan böyük şəxsiyyətlər çoxdur – Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza.

Bu sırada dayanan görkəmli şəxsiyyətlərindən biri də Anardır. Onun fəaliyyəti keçən əsrin 60-cı illərindən başlayır. Publisist, esseçi, ssenarist, dramaturq, alim, nasir – bunlar sadəcə gəlişigözəl sözlər deyil, Anarın həyatı, fəaliyyətidir...

Mədəniyyətimiz tarixində xüsusi yeri olan “Qobustan” incəsənət toplusu Anarın çoxşaxəli fəaliyyətinin bir hissəsidir. Ümummilli liderimiz H.Əliyevin “Qobustan” haqqındakı fikirləri çox dəyərlidir. H.Əliyev deyirdi: “... O vaxtlar “Qobustan” jurnalı həyatımızda çox böyük rol oynayırdı. Bizim bu milli dirçəliş, milli oyanış, milli özünütanıma prosesində “Qobustan”ın rolu çox böyük olubdur. Bunu o vaxtlar bəziləri bəlkə də dərk etmirdilər. Bəlkə indi də bəziləri o qədər də dərk edə bilmir. Amma mən bunların hamısını daim izləyirdim və hər bir belə tədbirin həyata keçirilməsi üçün lazımı şərait yaradırdım...”

Yeni sözlərin, terminlərin yaradılmasında, türk mənşəli sözlərin dilimizə gətirilməsində “Qobustan” toplusunun rolu əvəzsizdir.

Anarın yaradıcılığının mühüm bir qolunu kino təşkil edir: həm ssenarist kimi, həm də rejissor kimi. Yazdığı ssenarilərdə də, çəkdiyi filmlərdə də ağırlıq yenə tarixin, tarixi şəxsiyyətlərin tərəfində olur: “Dədə Qorqud”, “Ü.Hacıbəyov...”, “Qəm pəncərəsi”, “Cavid ömrü”, “Qobustan”, “Qədim Gəncə-Yeni Gəncə” “Bu – Səttar Bəhlulzadədir”, “Bu – Cavaddır..”

Anar dramaturgiyasında da fəlsəfi-etik problemlərin qoyuluşu və həlli baxımından da gözəl örnəklər yaradıb: “Şəhərin yay günləri”, “Sizi deyib gəlmişəm”, “Adamın adamı”, “Səhra yuxuları”...

 

lll

 

Anarın yaradıcılığının bir hissəsini tarixi şəxsiyyətlər haqqındakı esselər təşkil edir. O biri esselərin qiymətini azaltmadan “Anlamaq dərdini” xüsusi qeyd edərdim. Bu esse Mirzə Cəlil haqqındadır – anlamaq və anlanılmamaq barəsindədir...

Böyük şəxsiyyətlərin dərdləri də böyük olur: özləri anlayırlar, özlərini isə anlamırlar, ya da anlamaq istəmirlər...

 

lll

 

Anarın yaradıcılığının bir hissəsini də çağdaş ədəbiyyatımız haqqındakı fikirləri tutur. Bu yazılarda Anar təmkinli, obyektiv, qərəzsiz...tənqidçidir. Bu yazıların da əsas qayəsi istedadları qiymətləndirmək, onları yersiz və əsassız hücumlardan qorumaq, ədəbiyyatımızın bu günü və sabahıdır. Müxtəlif yaş nəslinə mənsub (indi artıq özünü tanıtmış və təsdiq etmiş yaradıcı insanları xatırlamaq kifayətdir...) bu insanlar çağdaş ədəbiyyatımızın tanınmış simalarındandır...

 

lll

 

İyirminci əsrdə Azərbaycan satirasının inkişafında iki mərhələ var: birinci mərhələ əsrin əvvəlində Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalıdır ki, ətrafına böyük şəxsiyyətləri toplaya bilmişdi. Keçən əsrin ikinci yarısından sonra isə satira yönümü Anarın “Molla Nəsrəddin-66”sı ilə bağlıdır. Bu mərhələ “zarafatla” başladı və “Yaxşı padşahın nağılı” ilə də qurtardı...

Mirzə Cəlil “qorxa-qorxa” kimlərdən yazmadı?!

“Yaxşı padşahın nağılı” da baltanı kökündən vuran əsərdir!..

Bu əsər 1970-cı ildə yazılıb!..

 

lll

 

Azərbaycan ədəbiyyatında ekzistensializm fəlsəfi təlim və ədəbi-estetik cərəyan kimi, sistem halında Anarın yaradıcılığında öz əksini tapır. Gərgin və maraqlı süjet, hadisələr, xarakterlər əsasında insanın daxili dünyasının mürəkkəbliklərini, ziddiyətlərini açmaqla əks etdirmək çox böyük istedad, bilik və peşəkarlıq tələb edir.

Ekzistensializmin hansı müddəaları Anarın əsərlərində təsdiqini tapır?

1) Adamlar yalqızdır, tənhadır, qapalıdır, qarşılıqlı anlaşılmazlığa məhkumdur

2) İnsan simasız quruluşun qurbanıdır (faşizm, stalinizm, durğunluq, “demokratiya”... Elçin bunu “taun” adlandırır...)

3) İnsanlar özlərinin yaratdığı, ancaq nəzarətdə saxlaya bilmədikləri qurumlar, təsisatlar qarşısında köməksizdir.

4) Dünya, həyat mənasızdır.

5) Dünyanın qarmaqarışıqlığı və mürəkkəbliyi müqabilində zaman və məkan “qırıqlığı” mövcuddur.

6) Hər adam bütöv bir dünyadır, lakin bu dünyalar arasında əlaqə, körpü yoxdur.

7) Adamların ünsiyyəti zahiridir, ona görə də insan qəlbinin dərinliyinə nüfuz etmir. Bu səbəbdən də ünsiyyət yalqızlığı unutdurmur.

8) İnsanlar ölüm qabağı – bir anlıq “sərhəd situasiyasında” olurlar və həqiqəti dərk edirlər.

9) Əgər insan yalqızdırsa və dünyada yeganə dəyərdirsə, onda onun gələcəyi yoxdur və bu vaxt ölüm mütləqdir. Həyat o vaxta qədər mənalıdır ki, adamlar arasında əlaqə var.

10 ) Tale (qədər), qəza dəhşətlidir, qarşısıalınmazdır, həmişə insanın bir addımlığındadır. İnsanı hər yerdə ölümün nəfəsi müşayiət edir. Lakin fərdin düşdüyü şərait nə qədər sərt, məcburi olsa da, o, öz həyatını təhlükə qarşısında qoyaraq istədiyini etməkdə azaddır.

11 ) İnsanın dünyaya gəlişi, təsadüfi olsa da, onu mövcudluğundan əvvəlki reallıqla izah etmək olmaz. İnsan hərəkətlərindən, əməllərindən başqa bir şey deyildir.

12 ) Azadlıq əbədi, son günə qədər davam edən əbədi prosesdir. Azadlıq mütləq deyil – azadlıq azadlığa gedən yolun özüdür.

13 ) İnsanın mahiyyəti onun azadlığından asılıdır.

14 ) Azadlıq – insanın özünə qaytımaqla öz mövcudluğunu dərk etməsidir, “öz-özüylə görüş”üdür.

15 ) İnsanın xoşbəxtliyi, sevinci, kədəri müəyyən anlarla bağlıdır və həqiqət də elə budur

16 ) İnsan “olum-ölüm” qarşısında mütləq bir qərar qəbul etməlidir, birmənalı hərəkət etməlidir.

17 ) İnsan hər hansı bir seçimi etməkdə sərbəstdir.

18) İnsan özündən nəyisə gizlədə bilər, ancaq başqalarından gizlənmək olmaz. Başqaları – keçmiş bir an olmuş bir hadisəni, – o hadisəni ki, onda seçim etmisən, – sənin yadına sala bilər və ən pis, eybəcər cəhətlər üzə çıxar (“Macal” povestində Fuadın həyatı və gözləmədiyi anlarda keçmişinin “xatırladılması”) .

Deməli, “başqaları-cəhənnəmdir”.

19) İnsanların bir-birinə və cəmiyyətin insanlara total hücumu, təcavüzü özgələşməyə gətirib çıxarır.

20) İnsanın mövcudluğu, xarici aləmdən, mühitdən, başqalarından asılıdır.

21) İnsanın mövcudluğu, niyyət, arzu, istək, məqsəd və s. həyata keçirməyə yönələn fəaliyyətdir.

22) İnsanın özünü də əridib udan nəhəng dövlət mexanizmində elə qruplar var ki, onlar fərdi özünə tabe edir, insanı əridir və mexaniki bir hissəsinə çevirir. Bu isə insanda tənhalığa doğru meyl oyadır.

23) İnsan öz-özlüyündə tamamilə azaddan və özü öz ixtiyarındadır, lakin cəmiyyət hər vasitə ilə ona qarşıdır.

24) Fərdin azadlığı həm də obyektiv vəziyyətlərdən asılıdır. Könüllü olmayan hərəkətlər qeyri-əxlaqi, könüllü hərəkətlər isə əxlaqidir. Deməli, azadlıq həm də ölüm qorxusu keçirməyin üsuludur.

25) Elm bəşəri problemləri nəinki həll edir, əksinə onu kəskinləşdirir, çıxılmaz hala gətirir.

26) Eksiztensializmə görə, bilik, idrak heç də insan mövcudluğunun zəruri komponenti deyil, mövcudluq, həyat deyil, instinktlər vasitəsi ilə ifadə olunur. Yaşamaq üçün insan ətraf aləmlə özü arasında əlaqə yaratmalıdır. Bu əlaqəni yaratmaq üçün isə elmə ehtiyac yoxdur, bu əlaqə instinktlər vasitəsi ilə olmalıdır.

27) Ekzistensializmə görə, elm, texniki tərəqqi bəşəri mövcudluğun ilkin, təbii, saf halını korlayıb insanı dəyişdirir. İnsanla dünya arasında harmoniya pozulur. Müasir insan yeni mədəni sərvət yaratmır, o yalnız əşyalara sahib olmağa çalışır (“Şəhərin yay günləri” əsəri, Kərəm ləyaqətinin unudulması...)

28) Ekzistensializmə görə, varlıq mahiyyətdən əvvəldir.

J.P.Sartı “Ekzistensializm-humanizmdir” əsərində yazır: “Bu o deməkdir ki, insan əvvəlcə var olur, dünyaya gəlir, ancaq bundan sonra onun mahiyyəti müəyyənləşir. Ekzistensializmə görə, insanı ona görə təyin etmək olmur ki, o əvvəl-əvvəl heç nədir. O yalnız sonralar insan olur, özü də özünü necə yaradırsa, elə insan olur... ... İnsan var olur və o, özünün təsəvvür etdiyi kimi yox, olmaq istədiyi kimidir.

Ekzistensializmin birinci prinsipi budur...” (Tərcümə Anarındır. Anar. Əsərlər VI cild. Bakı, “Nurlan”, 2006, səh. 540)

29) Başqasını mühakimə etmək həm olar, həm olmaz. Ona görə olmaz ki, insan tam səmimiyyətlə aydın şüurla seçim edirsə öz xətt hərəkətini müəyyən edirsə, ona başqa seçim təklif etmək olmaz... Ona görə mühakimə etmək olar ki, insanın başqasının seçiminəhərəkətinə münasibət onun öz varlığını da müəyyənləşdirir.

30) İnsan daimi dəyər deyil, o, özünü yarada-yarada itirə-itirə insan olur.

31) “Yalnız bir ciddi fəlsəfi problemi var-intihar problemi. Yaşamağa dəyərmi, dəyməzmi, bu suala cavab vermək fəlsəfinin fundamental sorğusuna cavab verməkdir” (A.Kamyu)

32) “İntiharın səbəbləri çoxdur, ən çox aşkarda olanlarəsaslarından deyil...” (A.Kamyu)

33) İnsanın taleyi ömrü Sizif əməyi kimi faciəvidir.

34) İnsan yeganə varlıqdır ki, ölüm qorxusu ilə yaşayır, daim ölüm haqqında fikirləşir.

35) Cəmiyyət insanı hər dəqiqə udmağa hazırdır, onun fəaliyyətini əlindən alır, arzularının həyata keçməsinə imkan vermir. Lakin insan cəmiyyətdə yaşamağa məcburdur müəyyən əxlaq normalarını qəbul etməlidir.

36) Hər bir insanın daxili əxlaqı var (Təhminə deyir: “... Mən elə hesab edirəm ki, insanın öz daxili əxlaqı olmalıdır əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdurkim bilim dedi, fikirləşdi”)

37) Həyat, dünya mənasızdır. Dünyada heç nəyi dəyişmək mümkün deyil. Həyat-ölümə aparan yoldur...

 

lll

 

Keçən əsrin 90-cı illərində yazılan əsərlərdə isə təsvir olundu ki, insanlar bu dünyada qəribdirlər. Onların doğma yerləri yoxdur. Dünyamehmanxanadır, müvəqqəti gecələmə dayanacağıdır. Bu mehmanxananın harada olmasının da elə bir əhəmiyyəti yoxdur. İnsan hər yerdə qeyri-insaniliklə, təzyiq təqiblə üzləşir, başqalarıcəhənnəmdir hətta sən özün qədər qaçsan da bu cəhənnəmdən qurtara bilmirsən...

Otel otağı”, “Qırmızı limuzin”, “İlin fəsilləri, yaxud qovluğun içindəkilərəsərlərindən çıxan əsas nəticələr bunlar idi...

 

lll

 

Ora-bura səpələnmiş fikir düşüncələrimi müəyyən ardıcıllıq üzrə, bir mətn daxilində toplayarkən gördüm ki, elə bu qarmaqarışıqlığın özündə bir sistem varbir-birindən çox-çox uzaq anımların qəribə yumağı, bilaixtiyar, özün bilmədən bir-birinə qarışıb mozaik olsa da, mənim daxili dünyamın, hiss duyğularımın hadisələrə qiymət verməyimin müəyyən mənada dəqiq mənzərəsini yaradır. Bu gün mənə çox-çox sadəlövh görünməyinə baxmayaraq, bəzi vaxt ölmüş fikirlərimi verirəm. Ona görə ki, fraqmentlər şəklində olsa da, yalnız mənə aid olan fikir düşüncələrimdənöz daxili dünyamdan üz döndərib heç nəyi danmaq, inkar etmək istəmirəm. Bəlkə həm ona görə ki, insan ÖzüyləGecə Həmsöhbətiylə ünsiyyətlə, təsəvvür edilməyən dərəcədə səmimi olur. Əgər ümumiyyətlə, bu dünyada sonadək səmimi olmaq mümkündürsə. Özü sən bu səmimiyyəti başqalarıyla bölüşürsənsə...” (Anar. Əsərləri. III cild, Bakı, “Nurlan” 2004, səh. 426)

Bu qeydlər AnarınGecə düşüncələri”ndəndir. Burada yazıçınınGecə Həmsöhbətiyləünsiyyətində çox mətləblərdən danışılır – Allah, insan (lar), tarix, ədəbiyyat, şəxsiyyətlər, hadisələr...

Bizim yaradıcı şəxsiyyətlərin fəaliyyətini hissələrə bölməyimiz (publisist, ssenarist, esse, dramaturgiya, kino...) şərtidir. Əgər insanın şəxsiyyəti bütövdürsə, onun yaracıdıcılığı (bütün həyatı fəaliyyəti) da şəxsiyyətinin bütövlüyünü tamamlayır...

Məncə, Anarın bütün yaradıcılığı ilə bərabərSizsiz”, “Mübarizə bu gün var”, “Kərəm kimiGecə düşüncələrionun daxili dünyasının ifadəsi, dünyagörüşü, dünya, insan, hadisələrə... yanaşma, qiymətvermə baxımından da dəyərlidir...

İlk qələm təcrübələrindən bu günə qədər sətilrlərin arasından böyük bir yazıçı, ictimai-siyasi xadim. Azərbaycanı hər zaman hər yerdə ləyaqətlə təmsil edən bir mütəfəkkir boylanır, buAnardır...

 

 

Sabir BƏŞİROV,

fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 13 avqust.- S. 25.