Bir vətən dastanı

 

Gözəl səsi vardı Natiqin. Məlahətli, həzin, zil və bir az da yanıqlı. Həm də dürüst oxuyurdu, elə bil musiqi nəzəriyyəsini mükəmməl öyrənmişdi. Halbuki musiqinin heç bir sahəsi üzrə təhsil almamışdı. Qanından, canından gəlirdi bu şirin avaz, şaqraq zəngulələr. Şuşanın havasından udmuşdu, suyundan içmişdi, bərəkətli torpağının yetişdirdiyi möcüzəli nemətlərdən dadmışdı, xalq sənətçilərimizin, musiqi bilicilərimizin, muğam ustalarımızın oxumalarını dinləmişdi lap uşaqlıq çağlarından. Bunlar az idimi görəsən? Şuşanın özü möhtəşəm bir musiqi məktəbi, musiqi beşiyi idi. Səs isə Tanrının bəxşişidir. Qəlbindəki Vətən sevgisi kimi, valideynə ehtiram kimi, insanlara məhəbbət kimi, ailəyə sadiqlik kimi, dostluq, yoldaşlıq hissləri kimi. Əslində bunların heç biri sonradan qazanılma deyildi. Bu mümkünsüz bir şeydir. Bu ülvi hisslər yaranışdan insanla birgə doğulmalı, onunla bərabər yetkinləşməli, böyüməli, kamilləşməlidir. Elə Natiqdə olduğu kimi.

Yazımı Natiqin çoxşaxəli istedadının bir təzahüründən – oxuma məharətindən başlamağım bir müğənnidən bəhs edəcəyim anlamına gəlməsin. Oxucularda çaşqınlıq yaratmayım deyə bəri başdan vurğulayım ki, Natiq Şahmuradov qəhrəman bir oğuldur. 29 yaşında yumruq boyda ürəyindəki bitib-tükənməyən Vətən sevgisiylə, torpaq məhəbbətiylə böyük bir Vətən dastanı yaratmış, adını şəhidlik tariximizə əbədilik həkk etmiş bir qəhrəmandır. Natiq ziyalı ailəsində doğulmuşdu. Atası Əmirxan kişi təsərrüfatçı, anası Fayizə xanım isə müəllimə idi. Ailədə ilk övlad Natiq, sonra əkizlər Təranə və Namiq, sonbeşik isə Kəmalə dünyaya gəlmişdi. Sözün həqiqi mənasında mehriban bir ailə idi, bütün dəcəlliklərinə, şıltaqlıqlarına rəğmən aralarından su keçməzdi. Dalaşsalar da, mübahisə edərək biri-birlərinin kuklasını, maşınını qırsalar da həmişə bir yerdəydilər, sirləri bir, sözləri bir idi. Küçə savaşlarında ordu kimi möhkəm və birlikdə olurdular. Bir-birlərini müdafiə edirdilər. Ağzı bütöv idilər. Valideynlər onların sərgüzəştlərindən heç xəbər tutmazdı, ya da çox-çox zaman keçdikdən sonra eşidib bilərdilər. Həmin vaxt da kimsədən bir söz qoparmaq olardımı? Elə bil dövlət sirri idi, yasaqlanmışdı. Əslində elə onlar kiçik, həm də möhkəm dövlətlərinin – öz mənəvi dövlətlərinin azad vətəndaşları idilər. Bu dörd uşaq arasındakı mehribanlığa, səmimiyyətə həsəd aparanlar da az deyildi. Neçə illər sonra azğın müharibə onlar arasındakı nifaqı dağıtsa da, əbədiyyətə qovuşanların ruhları sağ qalanlar tərəfindən çox hörmətlə yad edilir, daim xatırlanır.

Natıq haqqında ilk dəfə onun bacısı – ikinci ali təhsil illərimin tələbə yoldaşı, az keçmiş ən yaxın dostluq əlaqələri qurduğumuz Gəncə şəhər Nizami rayonu Baş Polis idarəsinin qeydiyyat şöbəsinin rəisi Təranə xanımdan eşitdim. Vaxt-bivaxt Şəhidlər Xiyabanına tələsməsinin, orada ürəyini boşaldaraq şışkin gözlərlə, halsız vəziyyətdə dərsə qayıtmasının dəfələrlə şahidi olmuşdum. Yarasının hələ də təzə olduğunu, hər an qanı axacağını sövq-təbii duymuşdum. Amma bunu sevimli bir qardaş nisgili, uşaqlıq sirdaşının xəyala çevrilmiş varlığının daim onunla bərabər olması kimi düşünüb qəbul edirdim. Demə, Natiq bir elin oğluymuş, saysız-hesabsız qəhrəmanlıqları ilə, qanıyla adını Vətənimizin şərəf tarixinə əbədi həkk etmiş bir bahadır imiş.

Daha sonra həyat yoldaşı Sevinc xanımın yanıqlı xatirələrini dinlədim onun barəsində. Tərtəmiz, ülvi bir sevgi hekayəti: Dəfələrlə Kərkicahandan Xankəndinə kimi payi-piyada gəlmişik. Ayaqlarım qabar edirdi, ayaqqabıları da əlimə götürərək əl-ələ düşürdük yolların canına. O, mahnı oxuyardı – “Gecələr”i, “Dalğalar”ı, “Xatırla məni”ni. Mənə də ona qoşulmağımı təkid edərdi. Səsim onunku kimi məlahətli olmasa da, mən də zümzümə edərdim. Bizimçün dünya bundan ibarət idi. 1987-ci ilin payızı. Qayğısız, arzularımızın aşıb-daşdığı günlər. Amma arxamızca müharibənin qara kabusu gəzirmiş, xəbərimiz yox. Bizi daban – dabana izləyən müharibənin dəhşətləri, xoşbəxtliyimizə diş qıcayan düşmənin beş addımlığımızda olması ağlımıza belə gəlməzdi...

Natiq Şuşa şəhər polis idarəsinə yenicə işə düzəlmişdi. Asayişin keşiyində durmaq, əhalinin təhlükəsizliyini təmin etmək vəzifə borcu idi. Amma bu borcun məsuliyyətini üstələyən daha ali, daha güclü bir hiss, duyğu da vardı. VƏTƏN SEVGİSİ, TORPAQ SEVGİSİ. Bunun üzərinə vətəndaşlıq təəssübü, bir oğul kimi Vətən qarşısında özünü təsdiqləmək istəyi də gəlirdi. Və bütün bunların fövqündə Natiq Vətənin çağırışına ilk qoşulanlardan oldu.

Şahmuradov Natiq Əmirxan oğlu 1963-cü il avqust ayının 14-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olmuşdur. 8 illik təhsilini Kərkicahanda, orta təhsilini isə Xankəndində almışdır. 1980-1981-ci illərdə Rusiya Federasiyasının Sevastopol şəhərində hərbi xidmət keçmiş, Vətənə döndükdən sonra sürücü işləmişdir. 1987-ci ildə Xankəndi polis idarəsində işə düzəlmiş, ermənilərlə döş-döşə çalışmışdır. 1989-cu ildə Mərdəkan Milis məktəbinə daxil olmuş və 1991-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Öz xahişi ilə təyinatını Azərbaycanın dilbər guşələrindən olan Şuşaya almış, orada sahə müvəkkili kimi fəaliyyətini davam etdirmişdir. Polis leytenantı N.Şahmuradov Kərkicahan, Qaybalı, Şuşa, Nəbilər bölgələrində dəfələrlə qanlı döyüşlərdə iştirak etmişdir. Yenicə hərbi xidmətə başlayan əsgərlərə döyüş təlimlərinin keçilməsindən tutmuş onlara silahla davranma qaydalarını, müdafiə tədbirlərini və s. həvəslə öyrədirdi. O, heç bir zaman tək özünü düşünməyib. Dəfələrlə həyatını təhlükə qarşısında qoyaraq darda olan döyüş yoldaşlarının köməyinə getmiş, onlara dayaq durmuşdur. Natiq keçirdiyi saysız döyüşlər zamanı qəhrəmanlıqlar göstərmiş, yaralıları vuruş meydanından çıxarmaqla neçə-neçə insanı ölümün pəncəsindən qurtarmışdır. Seyid, Teyyub, Ramiz... bu gün həyatda qalmalarına görə, taleyin bu cür gərdişinə görə Natiqə minnətdardırlar. Kəndlərimizin ermənilər tərəfindən işğal olunacağını duyan kimi dinc əhalinin – qocaların, qadın və uşaqların əməliyyat zonasından köçürülməsini təşkil edirdi. Ona duaçı olurdular, uzun ömür, can sağlığı, firavan həyat arzulayırdılar. Amma duaların qəbul olunacağını hələ heç kəs bilmirdi. Həm qorxmaz, həm də soyuqqanlı idi. Bu da ona döyüşlərin ən qızğın çağında belə ayıq başla, aydın düşüncə ilə hərəkət etməyə imkan verirdi. Tədbirli idi, düşməni yendirməkdən ötrü fəndlər işləyib hazırlayırdı. Nəticə həmişə uğurlu olurdu. Düşmənin neçə tankını, topunu, döyüş texnikasını məhv etmişdi. Qalibiyyətlə başa çatdırdığı döyüşlər qəhrəmanlıq dastanı kimi dillərdə dolaşardı. Təbiətən nikbin və incə yumor hissinə malik olan Natiq ən çətin anlarda döyüş yoldaşlarını ruhlandırmağı, onlardakı həyəcanı qovmağı bacarırdı. Zarafatından qalmazdı. Şirin dili, şən atmacaları ilə hərənin könlünü bir cür alırdı.

Natiq həyatsevər insan idi. Romantik duyğular sahibiydi. Dostlarıyla, sevdikləriylə gəzib-dolaşmağı, təbiətin qoynunda dincəlməyi xoşlayardı. Onunla kimsə darıxmazdı. Yaşamın hər anını dəyərləndirməyi, yaddaqalan etməyi bacarırdı. Gözündən heç nə yayınmazdı. Onun nəzərində insanlarla bərabər, gülün, çiçəyin, ağacın, quşun, ceyranın və sair bir anlamı vardı. Tanrının bütün yaratdıqlarından zövq almağı bacarırdı. Çünki gözəl, sevgiylə dolu qəlb sahibiydi. Burada ancaq yaxşı hisslərə, xoş niyyətlərə yer ola bilərdi.

Valideynlərinə yerdəki tanrısı kimi sitayiş edir, qardaş və bacılarını allahın ən qiymətli bəxşişi kimi qəbul edirdi. Valideynlərinin onu evləndirmək təklifi lap ürəyincə olmuşdu. Çünki artıq həyat seçimini etmişdi. Sevimli bacısı Təranənin tələbə yoldaşı Sevinclə istəkli idilər. Söz verib əhd-peyman bağlamışdılar. Böyüklərin xeyir-duasıyla 1987-ci il iyulun 5-də evlilik həyatına qədəm qoydular, Ağdamda böyüyüb boya-başa çatmış Sevinci tar-qavalla Kərkicahana gəlin gətirdilər. 1988-ci ilin 22 martında ilk nübarları Fərid dünyaya gəldi. İki il sonra ailənin sevimlisi Günel. Natiqə ailə xoşbəxtliyinin beşcə ilini dadmaq nəsib oldu. Bunun da bir qismi Mərdəkanda təhsil illərinin payına, bir qismi də döyüş meydanlarına düşdü. Nə sevimli ömür-gün yoldaşından, nə ciyərpalarında, nə sonsuz məhəbbətlə sevdiyi valideynlərindən, nə də ki, uşaqlıq dostu və sirdaşı olan qardaş və bacılarından doya bildi. Onları yetərincə sevməyə, onlara vaxt ayırmağa, qulluqlarında durmağa, şıltaqlıqlarından sevinməyə imkanı olmadı. Çünki qəlbində fırtına kimi tüğyan edən bir sevgi vardı, bulaq kimi qaynayan bir həsrət vardı – Vətən sevgisi, torpaq həsrəti. “Torpaqlarımızı yağı düşməndən təmizləməyincə rahatlıq tapmayacam, lazım gələrsə son damla qanımadək vuruşacam”. Natiq bu çağırışını ermənilərin torpaqlarımıza ilk hücumu zamanı etmişdi və bütün döyüşlərində devizi olmuşdu. Ömrünün son anınadək. 1992-ci il mayın 8-dək. Şuşanın sahə müvəkkili idi. Polis işçilərini də başına toplayıb səngərlərdə möhkəm mövqe tutmuşdular. Qardaşı Namiq də, bacısı Təranənin həyat yoldaşı Tahir də onunla bərabər döyüşürdü. 1988-ci ildən birlikdə Şuşanın müdafiəsindəydilər.

Göz-gözü görmürdü, toz-duman aləmi bürümüşdü. Natiq cəhənnəmi xatırladan bu vuruş meydanında döyüşçüləri durmadan ruhlandırırdı ki, arxadan kömək gələcək, azğın düşməni gəldiyi məkanacan qovub çıxardacağıq. Şuşa türməsini açıb dustaqları buraxmışdı, hamıya silah paylamışdı. Elə mövqedəydi ki, həbsxanaya doğru irəliləyən erməniləri bir-bir vurub sıradan çıxarırdı. 10-20-30... Sayını kim bilirdi ki... Amma avtomatının gülləsi qurtardı, bir-iki dəqiqə gözlədi, sursat gətirən olmadı. Hirslə ayağa qalxıb “Güllə gətirin!” – deyə çığırdı. Düşmən snayperi də bayaqdan onları ot kimi biçib-tökən döyüşçüyə marıtlamışdı. Elə Natiqin başını səngərdən yuxarı qaldırması bəs edirdi erməni faşistlərinə. Bu azmış kimi meyitini götürməyə can atırdılar. Əgər yeznələri Tahir olmasaydı bu çirkin məqsədlərinə də nail olacaqdılar. Polis işçisi olan Tahir vaxt itirmədən işini görə bilmişdi. Kiçik qardaşı Namiq də eyni ilə onun yolunu gedirdi. İkisi də Sevastopol şəhərində hərbi qulluq keçmişdi. Şuşa Kənd Təsərrüfatı texnikumunun məzunu, Slavyan Universitetinin ikinci kurs tələbəsi idi. Şuşadakı “Qarabağ” mehmanxanasının təsərrüfat müdiri işləsə də, ermənilər tərəfindən ciddi nəzarətə götürülən su anbarından Şuşa əhalisinə su daşıyırdı. Həm də vuruşurdu. Ata babası Soltan bəyin nəslindən olduğundan qeyri-adi cəsarət, şücaət sahibiydi. Ermənilərin başına oyun açırdı. Natiqin ölüm xəbərini eşidən kimi idarə etdiyi su maşınıyla onun döyüşdüyü yerə tələsmiş, elə yoldaca erməni quldurları onun maşınını yandırmışlar. Amma bu günədək onun nə ölüsünü, nə də dirisini görən olub. Bir gündə Şahmuradovlar ailəsinə ikiqat faciə üz verir. Dağ vüqarlı, elin, ən başlıcası şuşalıların güvənc yeri olan iki igid şahinimiz Vətən yolunda canlarından keçir. Biri şəhid olur, biri də itkin düşür.

Amma ailədə onlardan savayı əli silah tutan, düşmənlərin gözünün odunu almış cəsur, qoçaq Tahir də vardı. Qayınlarının qisasını alacağına and içmişdi. Zeynalov Tahir Bahadur oğlu da əslən Kərkicahandan idi. İqtisad Universitetinin dördüncü kurs tələbəsi idi. Polis sıralarına daxil olmuşdu. Şuşanın işğalından sonra Ağdərə polisinin sıralarında Vətənin müdafiəsinə qalxmışdı. 1991-ci il dekabrın 28-də Kərkicahan uğrunda gedən döyüşlərdə böyük qardaşı Osmanı itirir. Üç nəfər əzizinin, doğmasının itkisi azğın düşmənə nifrətini birə-on artırır. Qaybalı, Xəlifəli, Şuşa, Kərkicahan, Ağdərə döyüşlərində qəhrəmanlıq tarixi yazır. 1992-ci il noyabrın 9-da Ağdərənin müdafiəsi zamanı şəhid olur. Məzarı Ağdamın “Şəhidlər Xiyabanı”ndadır.

Avqustun 14-də Vətənimizin azadlığı və istiqlaliyyəti uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş igid eloğlumuz Şahmuradov Natiq Əmirxan oğlunun 48 yaşı tamam olur. Bu illərin yalnız 29-nu yaşamaq fürsəti qazanmış Natiqin sonrakı doğum günləri onsuz qeyd edilir. Vəfalı ömür-gün yoldaşı, övladları, valideynləri, bacıları, qohum-əqrəbası, dostları tərəfindən. Onun “Şəhidlər Xiyabanı”nda uyuyan məzarı hər zaman gül-çiçəyə qərq olur. Dostları, onu sevənlər ruhuna daim ehtiramla yanaşırlar, məzarını ziyarətgaha çeviriblər.

Natiqin Vətən dastanı bununla bitmir, onun boyları Natiqin qəhrəmanlıqlarının sayı qədərdir. Bunları isə sayıb qurtarmaqla bitmir. Bəzən bir döyüşdə göstərilən igidlik, şücaət dastanlara çevrilib tarix boyu yaşayır. Natiq isə belə yaddaqalan, tarixin qan yaddaşına çevriləcək onlarla döyüş keçirib, hamısını da qalibiyyətlə başa çatdırıb. Yalnız sonuncudan başqa – Şuşanın müdafiəsi zamanı Natiq yüzlərlə igid əsgərimiz, polis işçimiz kimi bu döyüşdə aciz qaldı. Arxaları möhkəm olmadı, güvənc yerləri zəif oldu. Bununla belə geriyə bir addım da olsun atmadılar, düşmənin bağrını yara-yara, gözlərinin içinə nifrətlə baxa-baxa irəlilədilər. Ayaqdan düşənədək irəlilədilər, son nəfəslərinədək düşmən üstünə getdilər. Düşmən onları yenə bilmədi. Onlarsız Şuşaya sahib oldular. Hələ ki...

 

 

Əntiqə QONAQ

 

525-ci qəzet.- 2011.- 13 avqust.- S. 28.