“Sağlam budaqlar sağlam köklərdən su içib böyüyər...”

 

ZEMFİRA MƏHƏRRƏMLİ: “BU MƏNADA, HƏYAT VƏ YARADICILIQ YOLU, PEŞƏKARLIĞI, SƏNƏTƏ MÜNASİBƏTİLƏ SEÇİLƏN QƏLƏM SAHİBLƏRİ GƏNC JURNALİSTLƏR ÜÇÜN İSTİNAD MƏNBƏYİDİR

 

Zemfira Məhərrəmli, illərdən bəridir, istedadlı jurnalist, dəyərli yazıçı-publisist, mətbuatımızda öz yeri, mövqeyi olan qələm sahibi kimi tanınır. Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri olan Zemfira xanım media mühitində müasir ciddi jurnalistikanın təmsilçisi, imzası uzun illərdən bəri oxuculara tanış olan, sayılıb-sevilən həmkar kimi qiymətləndirilir. Onunla söhbətimiz jurnalistlik fəaliyyəti, yaradıcılıq yolu, habelə mətbuatımızın ötən dövrlə müqayisəsi, bugünkü durumu, problemləri barədədir. – Zemfira xanımı yaradıcı şəxs, əsl ziyalı, yaxşı insan və ictimai xadim olaraq, kifayət qədər yaxşı tanıyırıq. Bununla belə, həyatınızdakı, yaradıcılığınızdakı yenilikləri də xatırlatmaqla, lütfən, özünüz barədə danışın. Ənənəvi olsa da, jurnalistikaya gəlişinizdən başlayaq... – Hamımıza doğma olan, Azərbaycan aydınlarının yetişib formalaşmasında mühüm rol oynayan Bakıda ziyalı ailəsində doğulmuşam. Müəllim çörəyi ilə böyümüşəm. Təlim-tərbiyəmdə şəxsiyyət hesab etdiyim valideynlərimin, heç şübhəsiz, böyük təsiri, zəhməti var. Onların şəxsi nümunəsindən çox şey öyrənmişəm. C.Cabbarlının adını daşıyan, gözəl pedaqoji və ədəbi ənənələri olan, adlı-sanlı müəllimlərin dərs dediyi 187 saylı məktəbi bitirmişəm. Hüquqşünas olmaq istəsəm də, sonralar məni ahənrüba tək cəlb edən, öz cazibəsində saxlayan jurnalistikaya üstünlük verdim. Niyə məhz jurnalistika? Düşünürdüm ki, seçdiyim sənət, təbiətən yaradıcılığa meylli olduğumdan, ruhuma daha çox uyğundur. Dərk etdim ki, bu sənət özümün-özümlə mükalimələrim, fikirlərimin, duyğularımın ifadəsi, tərcümanı olacaq. Elə bu düşüncələrlə bir də xəbər tutdum ki, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirirəm. Bizə dərs demiş görkəmli ədib, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevi, mətbuatımızın klassiki, ustad jurnalist Nəsir İmanquliyevi ehtiramla xatırlayıram. Şirməmməd Hüseynov, Nurəddin Babayev, Famil Mehdi, Tofiq Rüstəmov, Yalçın Əlizadə, Nəriman Zeynalov və başqa bu kimi söz, qələm sahibləri sevimli müəllimlərimiz olub, bizə seçdiyimiz sənətin sirlərini öyrədiblər. Jurnalist kimi formalaşmağımızda bu insanların böyük əməyi olub. 1978-ci ildə jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib “Bakı” və “Baku” axşam qəzetlərində işə başladım. Bu qəzetlər həmin illərin ən nüfuzlu mətbuat orqanlarından idi, Nəsir İmanquliyevin təşəbbüsü, zəhməti ilə ərsəyə gəlmişdi və səmərəli fəaliyyət göstərirdi. 25-30 il əvvəl jurnalistika fakültəsi məzununun belə bir sanballı qəzetdə müxbir kimi fəaliyyətə başlaması elə də asan deyildi. Həyatımın bu xoş hadisəsi Nəsir müəllimin təklifi ilə baş vermişdi. O, Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə təyinat aldığımı biləndə məni rəhbərlik etdiyi qəzetlərdə işə dəvət etmişdi. Gözəl müəllim, əsl pedaqoq olan N.İmanquliyev jurnalistika fakültəsinin tələbələrinə dərs dediyindən onların qabiliyyətinə yaxşı bələd idi və gələcək jurnalistlərin yazılarının “Bakı – Baku”da dərc olunmasına kömək edir, geniş imkanlar yaradırdı. Ümid verən, ciddi yazıları ilə fərqlənənlər sadəlikdə böyüklüyün nümunəsini göstərən ustadın gözündən yayınmırdı. Bu diqqətə layiq görülənlərdən biri olduğum üçün fəxarət duyur və çalışırdım ki, etimadı doğruldum. Təkcə universitet müəllimlərim deyil, uzun illər eyni redaksiyada çiyin-çiyinə çalışdığım tanınmış qələm sahibləri – Şamil Şahməmmədov, Ağa Hüseynov, Dağbəyi İsmayılov, Fazil Rəhmanzadə, Ənvər Məşədiyev, Şükufə Tağızadə, mərhum Əhməd Rəşidov, Səfər Məmmədov, Çingiz Hacıyev və başqaları hörmətlə yanaşdığım, xatırladığım jurnalistlərdir. – Müxbir kimi fəaliyyətə başladığınız 70-ci illərin jurnalistikasını necə xatırlayırsınız? – Çalışdığım qəzetlər 1958-ci ildən nəşr edilən, imzalar içində imzası olan, populyarlığını itirməyən mətbuat nümunəsi idi. Bu qəzetlər gerçəkliyə sədaqəti, reallığı əks etdirməsi ilə seçilir, oxucusunu düşündürürdü. Nəsir müəllimin “Yazı yazın, səs salıb mis kimi cingildəsin” kəlamı bu gün də peşəkar jurnalistlərin dilində zərb-məsələ çevrilib. Deyərdi ki, publisist sözünün əhəmiyyəti onun müəyyən işi görməyə nə dərəcədə şövq edə bilməsi ilə ölçülür. Dərc olunan qəzet məqaləsinin əsas məqsədi, publisist sözünün qayəsi oxucunu nəyə isə çağırmaq və onu inandırmaqdır. Bizə inandırıcı, həyati yazmaq tövsiyə olunurdu. Redaksiyamızda hər həftə sonu keçirilən, qəzetçilərin “letuçka” adlandırdığı istehsalat müşavirələri əsl məktəb idi. Dərc olunmuş materiallarımız təhlil olunur, dəyərləndirilirdi. Təbii ki, aktual problemlərdən bəhs edən, dinamik hadisələrin mahiyyətini açan, reallığı əks etdirən yazılar təqdir olunurdu. Orfoqrafik səhvlərdən tutmuş dil-üslub yanlışlıqlarınadək heç bir xəta gözdən qaçmır, çözələnirdi. Çatışmazlıqların deyilməsi isə məsuliyyət hissini artırırdı. Təəssüf ki, indi redaksiyalarda belə təcrübədən, demək olar ki, istifadə olunmur. Bəzən bəsit, primitiv yazılar qəzet səhifəsinə çıxarılır. Dil-üslub qüsurları, orfoqrafiya səhvləri baş alıb gedir. Təcrübəsiz, naşı müxbirlərin yazıları oxunmadan qəzet səhifələrində özünə yer tapır. Mən hələ yoxlanmayan faktlara əsaslanan qərəzli yazılardan, reketçilərin işgüzar nüfuza xələl gətirən cızmaqaralarından danışmıram. Yaxşı deyirlər ki, sağlam budaqlar sağlam köklərdən su içib böyüyər, ucalar. Məhz bu mənada həyat yolu, yaradıcılığı, peşəkarlığı, sənətə münasibəti ilə seçilən qələm sahibləri gənc jurnalistlər istinad mənbəyidir. Düşünürəm ki, kütləvi informasiya vasitələrində çalışan həmkarlarımız jurnalist sənətinə heç bir xələl gətirmədən, qələminə xəyanət etmədən həqiqəti yazmalı, imzasına hörmət və məsuliyyətlə yanaşmalıdır. Mənsub olduğum dövrün media təmsilçiləri daha çox bu meyarlara əsaslanırdı. Doğrudur, sovet dövrünün jurnalistikası ideologiyaya xidmət edirdi. Təbii ki, hər bir kəs öz zamanının övladıdır. “Palaza bürün, elnən sürün” zərb-məsəli bu məqamda nə dərəcədə yerinə düşür, deyə bilmərəm. Amma onu qeyd edim ki, bizim nəslin jurnalistlərində axtarıcılıq, tədqiq etmək, yaradıcı yanaşmaq, mövzunu öyrənib sonra yazmaq, faktları dəqiqləşdirmək, müəllif müdaxiləsi, yanaşması ilə fərqlənmək meyli, ən başlıcası isə məsuliyyət hissi daha güclü idi. Həmin illərdə KİV öz maarifləndirmə funksiyasını daha mükəmməl yerinə yetirirdi. Təəssüf ki, indi hamı yazar olub. Rahat kabinetlərdə əyləşib, necə deyərlər, ala dağdan, qara dağdan yazan, aranı dağa, dağı arana aparan, fantaziyasını işə salıb, bilmədiyi məsələlərdən gap edən, qızışdırıcı mövqedə duran müxbirlərin ciddi jurnalistikaya heç bir aidiyyəti yoxdur. – Sizin imzanız, mətbuatda çalışdığınız uzun illər ərzində, özünə hörmət, oxucuya ehtiram prinsipinə söykənən yazılarla tanınıb. Yazılarınız, xüsusən publisistik əsərləriniz daim diqqəti cəlb edib. Nədən publisistikaya üstünlük vermisiniz? – Sənədli faktların danılmaz gücünə əsaslanan publisistika oxucunun diqqətini daha tez cəlb edir, ona müəllifin mövqeyində durmağı, onunla həmfikir olmağı aşılayır. Ədəbi yaradıcılığın xüsusi növü olan publisistika həyat hadisələrini əks etdirir. Günümüzün reallığının doğurduğu hadisələrlə, olaylarla həmahəng hərəkət etmək publisistikanın ən səciyyəvi cəhətidir və bu xüsusiyyət onu ədəbi janrlar sırasında önə çıxarır. Məhz bu baxımdan publisistikaya üz tutmuşam. Publisistlər dövrün salnaməsini yaradan qələm sahibləridir. Publisistika üçün ən səciyyəvi cəhət cəmiyyətdə gedən proseslərin mahiyyətinin, gerçəkliyin obyektiv surətdə əks etdirilməsidir. – Düçar olduğumuz Qarabağ müharibəsinin tüğyan etdiyi illərdə siz də qaynar nöqtələrə, ön xəttə yollanırdınız, cəbhə reportajlarınız dərc olunurdu. Hazırladığınız yazılarda bir nikbinlik vardı, xoş ovqat yaradırdı, oxucularınıza sabahkı günün daha yaxşı olacağına, qələbəyə inam aşılanırdı. Hərb mövzusunda çap etdirdiyiniz, ürək yanğısı ilə qələmə aldığınız kitablarla artıq özünüzü yazıçı kimi təsdiq etdiniz. Digər ziyalılar kimi, xalq yazıçımız, “General” romanının müəllifi Hüseyn Abbaszadə də cəbhə kitablarınızı yüksək dəyərləndirmişdi... – Xalqımız üçün ağrı-acılı, qanlı-qadalı olan illərdə bir sıra həmkarlarım kimi, mənim də yaradıcılığımın səmti, axarı, mövzusu dəyişdi. Buna səbəb erməni millətçilərinin öz havadarlarının köməyi ilə doğma torpaqlarımızı işğal etməsi, oğul və qızlarımızın Vətən savaşına qalxması oldu. Bir jurnalist kimi, kənarda qala bilmədim. Qarabağ müharibəsinin dəhşətləri, yurd yerlərimiz uğrunda döyüşlərə atılan Vətən müdafiəçilərinin, şəhidlərimizin hünərini, şücaətini qələmə almaq əsas amalım oldu. Hərbi hissələrdə, səngərlərdə, hospitallarda gördüyüm, söhbət etdiyim döyüşçülər haqqında, ayrı-ayrı insan taleləri barədə sənədli hekayələrim, portret oçerklərim yaranırdı. 1997-ci ildə “Döyüşə qızlar gedir” adlı kitabım çap olundu. İki il sonra “Qarabağda savaş var” kitabım İstanbulun “Turan” yayın evində işıq üzü gördü. 2003-cü ildə isə Qarabağ trilogiyasının “Qırx qız dastanı” adlanan üçüncü hissəsini çap etdirmək mənə nəsib oldu. Bu əsərlərdə və sonralar Sankt-Peterburqda işıq üzü görmüş “Karabaxskaya voyna: srajalis i jenşinı”, habelə ingilis dilində çap etdirdiyim “Garabagh war witnessed by women” adlı kitablarımda düşmənə qarşı ölüm-dirim savaşına qalxan, kişilərlə çiyin-çiyinə döyüşən, torpaqlarımızın iniltisinə hay verən Azərbaycan qızlarının hünərindən bəhs olunub. Sonralar “Ötür durna qatarı”, “Bir ömürdə yaşanan üç həyat”, “Pedaqoji mətbuatda tərbiyə problemi” və digər kitablarımı oxucuların ixtiyarına vermişəm. – Müstəqillik illərində sovet mətbuatının ideoloji pərdələri çəkilir, jurnalistlərin də əməyi daha iri planda görünürdü. Həmin illərdə siz bir alim kimi, pedaqoji sahədə tədqiqatlarınızla yanaşı, yurdumuzun səsinə səs verən qələm sahiblərinin sırasında silsilə cəbhə reportajları yazdınız, qaçqın, köçkün soydaşlarımızın dözülməz həyatını, ehtiyaclarını qələmə aldınız... – Sadaladığınız mövzularda silsilə yazılarımı yaradıcılığımın ikinci, həm də ən mühüm mərhələsi sayıram. İctimai mövzularda qələm nümunələri ərsəyə gətirən həmkarlarımızın əməyi dəyərləndirilir, mükafatlara layiq görülürdü. Onların sırasında mən də “Qızıl qələm”, Həsən bəy Zərdabi, Sara Xatun, “Dan ulduzu”, “Araz”, “Qarabağ” ali mükafatlarına, Salatın Əsgərova adına diploma layiq görülmüşəm. Milli mətbuatımızın 135 illiyi ərəfəsində ölkə prezidentinin sərəncamı ilə mətbuatda uzun illik səmərəli fəaliyyətimə görə “Tərəqqi” medalı ilə mükafatlandırılmışam. Bu dövlət mükafatını, həmçinin jurnalist təşkilatlarının, müxtəlif ictimai qurumların adı çəkilən ödüllərini yaradıcılığıma verilən yüksək qiymət hesab edirəm. – Artıq 10 ilə yaxındır ki, siz nüfuzlu bir qurum olan İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının mətbuat xidmətinin rəhbərisiniz, təcrübəli mətbuat katibi kimi tanınırsınız. Təmsil etdiyiniz struktur KİV-ə açıq olan mətbuat xidmətlərindəndir və dəfələrlə rəy sorğularında bu baxımdan fərqləndirilib. Bu uğurların əldə olunmasında təbii sizin səyləriniz böyükdür. Bütün bunlara necə nail olursunuz? – Bu gün bütün dünyada insan hüquq və azadlıqlarına önəm verilir. İnsan hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə yaradılmış Ombudsman təsisatının informasiya xidmətini və ictimaiyyətlə əlaqələrini qurmaq məsuliyyətli işdir. Ölkəmizin ilk Ombudsmanı öz fəaliyyətində ictimaiyyət və KİV-lə əlaqələrə mühüm yer verir. Təbii ki, informasiya sahibi olaraq, mətbuat xidmətimiz təsisatın məqsəd və məramlarının, təşəbbüslərinin KİV-ə çatdırılmasında, ictimaiyyətlə bu qurum arasında körpü yaradılmasında mühüm rol oynayır. Biz çevik informasiya kanalları ilə sıx əməkdaşlıq edir, jurnalistlərin diqqətini Ombudsmanın əsas fəaliyyət istiqamətlərinə yönəldirik. Qurulmuş səmərəli əlaqələr nəticəsində təsisatımız mediaya və vətəndaş cəmiyyətinə daim açıqdır. Qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, əməkdaşlığın daha mobil formalarını axtarıb tapmaq, yeni ünsiyyət körpüləri yaratmaq fikrimizi daim məşğul edən məsələlərdəndir.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 17 avqust.- S. 4.