Bəkir Nəbiyev və Azərbaycan ədəbiyyatşünaslığı

 

Düzü akademik Bəkir Nəbiyev haqqında çoxdan yazmaq fikrindəydim. Çünki onun ədəbiyyatşünaslıq elmi sahəsindəki çoxşaxəli fəaliyyəti məni özünə yaxından cəlb etmişdi. Bu alimin elmi-nəzəri mülahizələrinə diqqət yetirdikcə adamda ona qibtə hissi yaranır. Müxtəlif səviyyəli elmi simpoziumlarda, məclislərdə mən bunun dəfələrlə şahidi olmuşam. Məlum olduğu kimi 2010-cu ildə Azərbaycan ictimaiyyəti akademik Bəkir Nəbiyevin 80-illik yubileyini geniş şəkildə qeyd etmişdi. O zaman mənim bu böyük alim barədə demək istədiklərim “Azərbaycanın elm xadimləri. Bəkir Nəbiyev- 80. Soraq kitabı”na düşməsə də, indi gecikmiş də olsa onu mətbuat səhifələrindən təbrik etməyi, haqqında az da olsa xoş söz deməyi borcum hesab edirəm. Odur ki, bu böyük alimin yaradıcı şəxsiyyəti ilə bağlı deyilənləri təkrar etməyib elmi istiqamətləri və prioritetləri haqqında danışacağam. Bəkir müəllimin bu sahədə xeyli keyfiyyətləri təqdirəlayiq olduğundan, onlardan bir neçəsini sadalamağa ehtiyac duyuram: 1. Bəkir müəllim etik davranışı, əxlaqi-tərbiyəvi dəyərləri ilə seçilən bir türk-ruhani ailəsində dünyaya göz açdığından böyük qardaşına— Əbu Bəkir Siddiqin şərəfinə qoyulmuş adın daşıyıcısına ləyaqətlə yiyələnib. Babasına, atasına, qohum-əqrəbalarına bu adı daşımaqla nəinki özünün, valideynlərinin, həm də nakam qardaşının adına bir nüfuz, hörmət gətirib. Daxili ədəb-ərkanı böyüklər, kiçiklər, hamı üçün örnəkdir. Valideyn üçün ən qiymətli şey övladın üzağlığıdır. Bəkir müəllim bir övlad kimi belə üzağlıq sahibidir. 2. Akademik Bəkir Nəbiyevin, fikrimizcə, üç müəllimi olub- valideynləri, həyatın özü, bir də sözün həqiqi mənasında böyük müəllimləri-M.A.Dadaşzadə, F.Qasımzadə, H.Araslı, C.Xəndan, Mir Cəlal Paşayev və b. Azərbaycan ədəbiyyatşünaslığında adları fəxarətlə çəkilən bu böyük alimlər həqiqətən də xoşbəxtdirlər. Bəkir Nəbiyev öz elmi fəaliyyəti ilə onların ruhunu daim şad etməkdədir. 3. Bəkir müəllim anın, dəqiqənin, zamanın məsuliyyətini dərindən dərk edən alimdir. Buna görə də onun yaradıcılığı məsuliyyətli, zəngin, dərin, çoxşaxəli və çoxaspektlidir. O, nəinki yüzlərlə elmi-publisistik məqalələr, həm də Azərbaycan, türk, rus, fars, ingilis dillərində çap olunmuş 50-dən yuxarı monoqrafik araşdırmalar müəllifi, neçə-neçə sanballı məcmuələr tərtibçisidir. Onun müxtəlif illərdə qələmə aldığı “Ədəbi düşüncələr”, “Tənqid və ədəbi proses”, “Roman və müasir qəhrəman”, “Azərbaycan ədəbiyyatı ” və s. kimi fundamental araşdırmaları bu alimi nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaxşı tanıdıb. 4. Akademik Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elmindəki yaradıcılığı bir neçə istiqamətdə getmiş və getməkdədir: Ədəbiyyat tarixi; Ədəbi tənqid; Ədəbiyyat nəzəriyyəsi; Tərcüməşünaslıq; Mətnşünaslıq və s. Təsadüfi deyil ki, onun Nəsimi, Firidun bəy Köçərli, Əhməd Cavad, Almas İldırım və b. haqqında olan sanballı monoqrafiyaları obyektivliyi, elmiliyi və konseptuallığı ilə yanaşı, həm də tarixi-ictimai xarakteri etibarı ilə yüksəkdə dayanır. Alimin ədəbi mülahizələri, tənqidi fikirləri əksini tapmış “Müasirlərimiz bədii ədəbiyyatda”, “Roman və müasir qəhrəman”, “Müasirlik və sənətkarlıq uğrunda” mövzusunda nəşr etdirdiyi monoqrafiyaları ədəbi tənqidimizin uğurları siyahısında ön cərgədə dayanmaqdadır. Bəkir Nəbiyev elmi-nəzəri müddəaları irəli sürüb onu sistemləşdirən tanınmış alimliyi ilə yanaşı, həm də metodist-praktik, pedaqoq kimi də fəaliyyət göstərməkdədir. Məsələn, onun orta məktəblərin V,VI,XI-ci sinifləri üçün yazdığı “Ədəbiyyat” dərsliyi kitabı təkrar-təkrar nəşr olunmaqla, bu gün də populyarlığını itirməyib. 5. Akademik Bəkir Nəbiyev Cənubi Azərbaycan ədəbiyyatının nümayəndələrinin (Şəhriyar, Hacı Sərraf Təbrizi, Cavad Heyət və b.) yaradıcılığına da diqqət ayırmışdı. Bunları sadalamaqda fikrimiz heç də Bəkir Nəbiyevin ədəbiyyatımız və ədəbiyyatşünaslıq elmimiz qarşısında xidmətlərini gözə çarpdırmaq yox, onun yorulmaz fəaliyyətinin kiçik bir hissəsinin maraqlı mənzərəsini yaratmaqdır. Bu mənzərədə, bizə elə gəlir ki, Bəkir Nəbiyevin iki istiqamətdə apardığı işlər daha monumental görünür. Onlardan biri ədəbiyyatlararası əlaqələrin öyrənilməsidirsə, digəri bədii tərcümə, tərcümə tarixi və nəzəriyyəsi ilə bağlı mülahizələridir. Bu baxımdan Bəkir Nəbiyevin “Ədəbi əlaqələrimizi gücləndirək”, “Böyük ədib M.Qorki”, “Rus poeziyasının günəşi (A.S.Puşkin)”, “Böyük Kobzar (Taras Şevçenko haqqında)”, “Cenni Herhardt”, “Parlaq səhifələr (N. Ostrovski haqqında)”, “Sənətkar ölmədi (M.Y.Lermontov haqqında)”, “Günahsız müqəssirlər(A.Ostrovski haqqında)”, “Ana torpağı” (Ç.Aytmatov haqqında)”, bundan başqa V.Mayakovski, İ.Tretyakov və başqaları ilə bağlı ədəbiyyatlararası əlaqələrə impuls verən məqalə və yazıları təqdirəlayiqdir. Söylədiklərimizlə yanaşı Bəkir Nəbiyevin elmi prioritetində bir sahə xüsusilə qeyd edilməlidir. Bu Bəkir müəllimin tərcümə məsələlərinə yetirdiyi diqqətlə bağlıdır. Burada K.Simonovun “Dostlar və düşmənlər” T.Sıdıkbekovun “Hekayələr”, Y.Trifonovun “Tələbələr”, N.V.Qoqolun povestlərinin Azərbaycan dilinə tərcüməsi, İ.V.Qonçarovun “Adi əhvalat” romanın, M.Qorkinin 15 cildliyinin, F.M.Dostoyevskinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi, “Bədii tərcümələrimiz haqqında”, ”Bədii tərcümə problemləri”(Azərbaycan yazıçılarının VI qurultayındakı məruzəsi) S.Rüstəmin seçilmiş əsərlərinin Moskvada nəşri haqqında”, “Tərcümə əsərlərinin dilinə diqqət yetirək”, ”Tərcümələr və onlardakı qüsurlar barədə bəzi qeydlər”, “Mütərcim Hüseyn Şərif haqqında”, X.Rzanın tərcümələri və s. tərcüməşünaslığın müxtəlif aspektlərini əks etdirmək baxımından orijinaldır. Burada biz Bəkir Nəbiyevin Azərbaycan Yazıçılarının VI qurultayında “Bədii tərcümələrimiz haqqında”etdiyi məruzə üzərində əsaslı dayanmaqla, onun bədii tərcümə sənəti, tərcümə nəzəriyyəsi və praktikasını dərindən bildiyini sübut edən məsələləri diqqət mərkəzinə çəkmək istəyirik. Bu iri həcmli məqalədə müəllif Azərbaycanda tərcümə tarixinə ekskursdan başlayaraq ta XX əsrin 70-ci illərinin ortalarına qədər bu sahədə olan uğur və qüsurlara nəzər salır, onları obyektiv araşdırır və müvafiq ümumiləşdirici fikirlər irəli sürür. Burada o, tərcümə tarixi, nəzəriyyəsi və praktikası ilə bağlı “Ən yaxşı tərcümə nədir?” ikinci dildə yaradılan əsərin oxucuda orijinalın oyatdığı təəssürata maksimum dərəcədə yaxın təsir oyada bilməsi ilə bağlamaqla, onu ideal tərcümə hesab edir, bəzən tərcümə nəzəriyyəçiləri ilə mübahisə edərək orijinalın ideya-bədii strukturunun tərcümə dilində canlandırılmasının, məntiqi dəqiqliklə bədii kamilliyin təcəssümünə riayət edilməsini mühüm tələb kimi ortaya qoyur. Eyni zamanda S.Vurğunun A.S.Puşkinin “Yevgeni Onegin”in tərcüməsində şeiriyyətin necə uğurla saxlanılmasına, S.Vurğunun böyük yaradıcı tərcüməçilik istedadını dəlillərlə göstərməsinə, R.Rzanın V.Mayakovski poeziyasının ümumi ruhunu adekvat yaratmasına, Ə.Cəmil, Ə.Kürçaylı, T.Bayram, B.Musayev kimi tərcümə bahadırlarının sənətinə verdiyi nəzəri və praktik qiymət Bəkir Nəbiyevin bu sahənin bilicisi fikrini təsdiqləyir. Azərbaycanda tərcümənin tarixi, nəzəri, praktik və metodoloji problemlərinə səriştəli mütəxəssis kimi yanaşan Bəkir Nəbiyev M.Arif, C.Əzimov, Ə.Ağayev, M.Sultanov, H. Babayev, C.Məmmədov, F.Vəlixanova və b. bu kimi nəzəriyyəçi və praktiklərin fəaliyyətini konkret fakt və materiallar əsasında öyrənərək fikir söyləyərkən, hay-küylü təriflər demək yox, obyektiv mülahizələr ortaya qoymaqla çalışır, mütəxəssislər üçün məktəb rolunu oynayır. O, haqlı olaraq müşahidələrə əsaslanmaqla mütərcim zəhmətini yerə vuran inkar ruhlu tənqidin mütərcimin nəzəri və praktik səviyyəsinə müsbət təsir edə bilməyəcəyini vurğulayır və tərcümə nəzəriyyəçilərini mütərcimin nəyə müvəffəq olduğunu, yaxud uğursuzluğunu konkret faktlara söykənərək üstünlük verir. Bəkir Nəbiyevin elmi yaradıcılığı tanınmış Azərbaycan alimlərinin (C.Xəndan, Ə.Dəmirçizadə F.Qasımzadə, A.Zamanov, M.İbrahimov, H.Araslı, Ə.Şərif, M.Cəfərov və b.), şair və yazıçılarının (M.Dilbazi, B.Vahabzadə, B.Azəroğlu, N.Xəzri, Anar, Elçin, C.Novruz, F.Qoca, T.Bayram və b.) diqqət mərkəzində olmuş, onu dövrümüzün istedadlı ədəbiyyatşünası adlandırmışlar. Məsələn, prof. Ə.Şərif bu alim haqqında yazır: “Onun hər məqaləsi intellektinin yaradıcı axtarışında və inkişafında yeni addım olmaqla, həm də filologiya elminə və Azərbaycan ədəbi tənqidinə layiqli töhfə kimi qiymətləndirilməlidir.” Prof. M.Paşayevin söylədikləri isə bu alimin yaradıcı portretinin ştrixlərini daha mükəmməl yaratmaq baxımından qiymətlidir: “... Bəkir Nəbiyev müasir ədəbi prosesi diqqətlə izləyən bir tənqidçi kimi tanınır... onun əsərlərinin ikinci hissəsində müasir roman və müsbət qəhrəman, nəsrimizdə konflikt və xarakterin ifadə tərzi, psixoloji təhlil kimi yaradıcılıq problemlərinə dair mülahizələrində yorulmaz bir tədqiqatçının əməyi ilə yanaşı fəal bir tənqidçinin təfəkkürü də özünü göstərir.” Akademik Bəkir Nəbiyevin yazdığı əksər əsərləri dilimizin zəngin xüsusiyyətlərindən yararlanmaqla qələmə alınmış, aydın, rəvan və səlis dilə malik olmaqla, metodoloji baxımdan konseptuallığı və sistemliliyi ilə fərqlənməkdədir. Bəkir müəllimin əsərlərində bir qayda olaraq ədəbiyyat və ictimai həyat, ədəbiyyatda xəlqilik, bəşərilik və müasirlik, realizm, estetika, ana dili, bədii tərcümə və s. kimi məsələlər dərindən öyrənilir. Bəkir müəllim ədəbi irsi toplamaq, onu geniş təqdir etmək, tərtib prinsipləri ilə bağlı tənqidi mülahizələr söyləmək, bu prinsipləri müasir tələblər səviyyəsinə qaldıraraq həll etmək, ədəbi irs toplayıcılarının fəaliyyətindəki məhdud xüsusiyyətləri təsnif edərək, qüsurları çəkinmədən göstərə bilən istedadlı alim kimi son yarım əsrdə yaranmış və inkişaf etmiş ədəbiyyatşünaslığımızın aparıcı siması kimi dəyərləndirilməkdədir. Akademik Bəkir Nəbiyev bu gün də ədəbiyyatşünaslığımızın inkişafı naminə yorulmadan çalışmaqdadır. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları diləyirik.

 

 

Nizami TAĞISOY

 

525-ci qəzet.- 2011.- 20 avqust.- S. 11.